"Lap uşaq vaxtımdan beləyəm" - MÜSAHİBƏ

Britni Spirs: "Mən yenidən xoşbəxtəm, sağlamam və səbirsizlikə gələcəyə baxıram"

Britni Spirs məşhur Amerika müğənnisidir. 2005-ci il Qremmi Mükafatının laureatıdır ("Toxic" mahnısına görə). Amerika musiqi tarixində albomları ən yaxşı satılan səkkizinci qadın müğənnidir.

Bütün bu müddət ərzində o, mətbuatla ünsiyyətdən qaçırdı. Amma özünün sevimli jurnalı üçün Britni bir istisna etdi. Müğənni "OK!” jurnalına həyatındakı kəskin dəyişikliklərdən, valideynləri ilə münasibətlərindən və oğulları ilə keçirdiyi hər bir dəqiqənin onunçün nə qədər vacib olmasından səmimi danışdı. Britni bizi özünün bahalı Beverli-Hilzz evində təklikdə qoyarkən, gözümüzə ilk olaraq, müxtəlif rəsmlərlə bəzədilmiş soyuducu dəydi. Həmin rəsmlərdən birində: "Anacan, mən səni sevirəm”. Digərində isə, "Pasxa bayramın mübarək, anacan” deyilir. Biz ikinci mərtəbəyə qalxan pilləkan görürük, amma ora elə beləcə qalxmaq mümkün deyil: bütün qapılar kip bağlanmışdır. Qarşı tərəfimizdə idman zalı görünür, orda divarlar sarı-qırmızı rənglərə boyanıb və içində qantellər, kanatlar var. Pəncərədən isə böyük bir hovuz görünür. Qoruyucu vasitələrlə təchiz edilmiş bu hovuz məxsusi olaraq uşaqlar üçündür. Nə zamansa bu böyük ev bir böyük əyləncə gecəsini xatırladırdı. İndiysə buralar uşaqlar üçün əsl cənnət məkandır. 

Müğənni iki illik fasilədən sonra müsahibə verməyə elə-belə razılaşmadı: o, bütün bu müddət ərzində yaşadıqlarını danışmağa hazır olduğunu hiss etdi. Britni bir neçə dəfə pərəstişkarlarına təkrar etmişdi ki, həyatında, səhhətində, qohumlarla münasibətində müsbət dəyişikliklərə nail olmaqçün, keçdiyi enişli-yoxuşlu yollardan danışmaq istəyir. Məxsusi olaraq "OK!” jurnalının xahişi ilə Britni müsahibə üçün özünün bir çox unikal şəkillərini gətirdi, bu fotolar ailə arxivi üçün nəzərdə tutulub.

"Gəlin, ən yaxşı şəkilləri birlikdə seçək, yaxşı?” – o, gülümsündü. Bu müddət ərzində Spirsin nə qədər çox dəyişdiyini və nə qədər yüksəldiyini qiymətləndirmək üçün, gəlin bir daha onun necə aşağı düşməsini xatırlayaq. Onun 2004-cü ilin sentyabrında ərə getdiyi Kevin Federlaynla boşanması və oğulları Şon Preston və Ceyden Ceymsə qəyyumluq uğrunda barışmaz mübarizəyə başlamaları Britnini dəhşətli vəziyyətə salmışdı. Bunu yüzlərlə paparassi bizə hər gün bütün incəliklərinə qədər çəkdiyi şəkillərlə nümayiş etdirirdilər. Onun sağlamlığı günbəgün, saatbasaat pisləşirdi. Hansısa məqamlarda isə onun övladlarına real təhlükə yaranmışdı...

Bütün bunlar isə Britninin 2008-ci ilin yanvarında xəstəxanaya yerləşdirilməsi ilə nəticələndi. Bu zaman məsələyə onun 56 yaşlı atası Ceyms Spirs müdaxilə etdi. O, Britnini məcbur etdi ki, həkimlərin və vəkillərin məsləhətlərini dinləsin. Atasının köməyi ilə Britni tədricən vəziyyətdən çıxmağı bacardı.

Biz artıq bu barədə eşitmişik ki, Britni və Kevin yalnız ötən ay öz oğullarını necə böyüdəcəkləri ilə bağlı razılaşıblar. Federlayn əvvəlki kimi uşaqların rəsmi qəyyumudur, amma Britni tez-tez uşaqlarla görüşməyə izacə almağa nail oldu. Hal-hazırda o, öz övladlarıyla bazar ertəsi və çərşənbə günü birlikdə olmaq hüququna malikdir, sonra isə cümə günü və şənbə günortalar onlarla görüşə bilər.

Bizim bu gün gördüyümüz Britni ünsiyyətdə olduğumuz ötənilki Britnini xatırladır. O, əvvəlki kimi gözəl fiziki formadadır və hətta səsyazma studiyasındakı işinə də qayıdıb. Amma bizim sezdiyimiz ən vacib cəhət o oldu ki, Britni həqiqətən sakitləşdi və bütün bu dəhşətlərin artıq keçmiş olduğunu anladı.

Kult.az dünya şöhrətli müğənni Britni Spirsin "OK!” jurnalına müsahibəsini diqqətinizə təqdim edir:

- Oğullarınla keçirdiyin gün adətən necə olur?

- Onlar mənimlə birgə yuxudan oyanırlar və mən dərhal onlar üçün səhər yeməyi hazırlamağa başlayıram. Oğullarım mənim bişirdiyim blinçiklərdən ötrü sinov gedirlər!

- Mürəbbəli blinçik?

- Yox, sadəcə sosiskalı blinçiklər. Sonra biz gəzməyə çıxırıq. Gündüzlər isə onlarla birlikdə idmanla məşğul olmağı sevirəm, məsələn, üzgüçülük. Gündüz saat üçə qədər onlar mütləq yatmalıdırlar, sonra isə mən onlarçün kitab oxuyuram.

- Övladların üçün oxuduğun ən sonuncu kitab hansıdır?  

- Berenstein Bearsın uşaq hekayələri və ya maşınlarla bağlı hekayələr – bu, mütləqdir! (gülümsəyir.)

- Artıq indidən onların könlünə maşın düşüb?!  

- Hətta təsəvvürünə belə gətirməzsən, nə dərəcədə! Mənsə "Maşınlar” filminə indiyədək azı yüz dəfə baxmışam.

- Övladların hansı oyunları daha çox sevirlər?

- Ümumiyyətlə, biz xüsusi olaraq oyun oynamırıq. Ən çox kitab oxumağı və rəsm çəkməyi sevirik. Bir də onlar evin yanında öz oyuncaq maşınları ilə oynamağı çox sevirlər.

- Sən onlar üçün mahnı ifa edirsən?

- Əlbəttə ifa edirəm. Hətta mən öz yeni albomum üçün bu yaxınlarda mahnı da yazmışam, həmin mahnı belə adlanır: "Mənim körpəm”. Çox yaxşı mahnıdır.

- Onlar artıq səninçün mahnı da oxuyurlar?

- Adətən mən mahnı oxumağa başlarkən, onlar dərhal mənə qoşulurlar. 

- Sən onlara üzməyi xüsusi olaraq öyrədirsən? 

- Onlar hər ikisi artıq sudan qorxmurlar və həmişə hovuza tullanırlar. Amma Cey-Cey bir az fərqlidir. Adətən Preston hovuza tullanır, Cey-Cey də ona baxıb, tullanmaq istəyir, amma bir qərara gələ bilmir. Və qışqıra-qışqıra mənə tərəf gəlir: "Anacan, anacan!”

- Onlar hələ ki, bir otaqda yaşayırlar?

- Yox, onların ayrıca otaqları var, hər iki otaq mənim otağımın yanındadır.

- Oğlanlar artıq öz geyim-keçimlərinə fikir verirlərmi?

- Hə, Preston artıq başlayıb... O, köynəklər və çəkmələr seçir və hər gün nə geyinmək istədiyini mənə deyir.

- Sən artıq onların ad gününə nəsə xüsusi bir hədiyyə hazırlamısan? (Ceydenin sentyabrın 12-də 2 yaşı, Prestonun isə 14 yaşı tamam olur – Red.)

- Mən belə düşündüm ki, yaxşısı budur ənənəvi bir bayram keçirim. Bir neçə dostum var, onların da övladları var, mən onları dəvət etmək istərdim. Mənim fikrimcə, yuxarı-aşağı 15-20 nəfər olarıq, çox olmaz. İstərdim ki, hamı ev dondurmasından yesin, - mənim atam dondurmanı hamıdan yaxşı hazırlayır.

- Övladlarının artıq indidən məşhurlaşması səni narahat etmir ki? Bəlkə onlar da şou-biznesə qatılacaqlar?

- Əgər özləri bunu istəsə və bununçün bacarıqlarının olması aşkarlansa niyə də olmasın?! Amma mən özüm onları bu sahəyə daxil olmağa məcbur etməyəcəm.

- Sən çox yemək hazırlayırsan, yoxsa bu, sənin sahən deyil?

- Mən qulluqçu ilə birlikdə xeyli yemək bişirirəm.

- Hansı yeməkləri sevirsən? 

- Düyü ilə bişmiş toyuq. Oğullarım isə daha çox mənim spagettilərimi sevirlər. Nəyəsə görə onlar daha çox mənim hazırladığım spagettiləri sevirlər, nəinki atalarının evində onlara verilən spagettiləri.

- Sən spagettiyə xüsusi olaraq nə əlavə edirsən ki?

- Bütün məsələ sousdadır. Mən sadəcə sousu sevgiylə hazırlayıram.

- Yeri gəlmişkən, tez-tez televizora baxırsan?

- Düzünü desəm, nadir hallarda baxıram. Mən əslində çox məşğulam, xüsusən də oğullarımla görüşərkən. Biz evdə olmaqdan daha çox, təmiz havada gəzməyə üstünlük veririk.

- Bəs kinoteatra sakit gedə bilirsən?

- Hərdən gedirəm, elə bu yaxınlarda "Mamma Mia”-ya baxdıq – bu film mənə çox küt təsir bağışladı. Amma "Hancock” filmi xoşuma gəldi!

- Övladlara tərbiyə verməkdən savayı hansı işlər həyatda sənin üçün önəmlidir?

- Mən indi bütünlüklə fikrimi yeni albomumu yazmağa cəmləmişəm, buna görə də studiyadan çıxmıram.

- Evi özün yığışdırırsan, yoxsa bunu etmək üçün başqa adamlar tutursan? 

- Əlbəttə yğışdırıram! Əgər evdə bütün işləri qulluqçu görəsi olsaydı, onda dəli olardım. Bəs onda nə iş görəcəkdim? Mən evdə yır-yığış etməkdən, tozları silməkdən, ümumiyyətlə, səliqə-səhmana fikir verməkdən həzz alıram...

- Ana olandan sonra belə oldun, yoxsa?

- Yox, lap uşaq vaxtımdan beləyəm. Anam mənə belə tərbiyə verib. Həmişə evdə özüm yır-yığış edirdim.

- Bəs indi hansı musiqiləri dinləyirsən? Ən çox sevdiyin müğənni kimdir?

- Rihannadan çox-çox xoşum gəlir, o, çox gözəldir. Daffi də xoşuma gəlir. Madonnanın yeni albomu isə mənim qəlbimi fəth etdi.

- Bugünki durumunu necə səciyyələndirərdin?  

- Mən yenidən xoşbəxtəm, sağlamam və səbirsizlikə gələcəyə baxıram.

Tərcümə: Ramil Rahiboğlu
Qaynar.info