Bu gün Qara Qarayevin doğum günüdür

Bu gün Qara Qarayevin doğum günüdür

Bu gün Azərbaycanın görkəmli bəstəkarı, SSRİ xalq artisti, Sosialist Əməyi Qəhrəmanı Qara Qarayevin doğum günüdür.

"Report" xəbər verir ki, dünya şöhrətli mərhum bəstəkarın 97 yaşı tamam olur. Bu münasibətlə bu gün Qara Qarayev anılacaq, onun əsərlərindən ibarət konsert proqramı tamaşaçılara təqdim ediləcək.

Qeyd edək ki, Qara Qarayev 1918-ci ildə Bakıda məşhur həkim-pediatr Əbülfəz Qarayev və Sona İskəndər qızının ailəsində anadan olub. Qara Qarayev nəslində özünü musiqi sənətinə həsr eləmiş ilk adamdır. Ata tərəfi Abşeronun Fatmayi kəndindən, ana babası İskəndər bəy Axundov isə Şamaxının məşhur nəsillərindən olub.

Qara Qarayev 1930-cu ildən Azərbaycan Dövlət Konservatoriyası yanında musiqi texnikumunda professor Georgi Şaroyevin fortepiano sinfinin tələbəsi, 1935-ci ildən isə Azərbaycan Dövlət Konservatoriyasında bəstəkarlıq və Azərbaycan xalq musiqisinin əsasları siniflərinin tələbəsi olub. Qara Qarayev dahi Üzeyir bəy Hacıbəylinin sinifində təhsil alıb.

Qara Qarayevin "Leyli və Məcnun" simfonik poeması, "Yeddi gözəl" və "İldırımlı yollarla" baletləri dünya səhnələrində dəfələrlə səhnəyə qoyulub. Qara Qarayev 1982-ci il mayın 13-də Moskva şəhərində dünyasını dəyişib. Məzarı Bakıda - Fəxri Xiyabandadır. 

Edebiyyat.biz