Cavanşir Yusifli:

Cavanşir Yusifli: "Bəzi tənqidçilər termin cəngəlliyində ilişib qalıblar" - MÜSAHİBƏ

Tanınmış tənqidçi Cavanşir Yusifli ilə müsahibəmiz qısa və lakonik alındı. Görünür arada belə də danışmaq lazımdır. Cavanşir bəy bizi maraqlandıran suallara özünəməxsus şəkildə cavab verdi. Qısa müsahibənin girişini də qısa eləyib mətləbə keçsək, yaxşı olar. Beləliklə bu günki müsahibimiz ədəbiyyatşünas-tənqidçi Cavanşir Yusiflidir.

- Bu yaxınlarda "Milli Kitab Mükafatı”nın 20-liyi, sonra 10-luğu hazırlandı. Bu siyahılardan razısınızmı?

- Milli Kitab Mükafatı son zamanların ən dəyərli hadisələrindəndir. Son müsabiqənin ekspertlərinin adı əvvəlcədən açıqlanmışdı. Siyahılarda (həm iyirmilik, həm də onluq) müəyyən çəp yerlər var. Mübahisə də etmək olar. Lap kəskin tənqid də etmək olar. Ancaq onluqda ilk bir neçə yerdə ən yaxşı əsərlərdir və buna çox sevinirəm.

- Ümumiyyətlə, bu müsabiqənin Ekspertlər Şurası və jüri üzvlərinin heyəti sizi qane edirmi?

- Hər hansı müsabiqənin ekspertlər, yaxud münsiflər heyəti mükafatın təsisçisi tərəfindən seçiləndə buna hörmətlə yanaşmaq lazımdır. Bir də ki, ekspert kimi mexanizatorları seçməyiblər ki? Ancaq, başqa cür anlamayın, obyektivliyi təmin etmək üçün tərkibi hər il dəyişmək lazımdır, kiminsə vicdanına yox, mükəmməl şəkildə yaradılan mexanizmin düz işləməsinə arxalanmaq lazımdır. Ekspertlərə əməkləri müqabilində yəqin ki, cüzi haqq verilir, demək ekspertin qonorarından tutmuş digər kiçik texniki məsələlərə qədər hər şey zamanla təkmilləşə bilər.

- Mətbuatda tez-tez belə fikirlər səslənir ki, bizim ədəbiyyatımız Biləcəridən o yana keçə bilmir. Bu problemin həlli yolunu nədə görürsünüz?

- Bu məşhur sualınızı əvvəl anlamadım, sonra Uğurlu Fəxriyə sordum, dedi ki, Biləcəri artıq arxada qalıb, marşrut Müşfiqabadda qədər çəkilib…

- Prezident sərəncamı ilə çap olunan 150 cildlik "Dünya Ədəbiyyatı Seriyası”nı izləyirsinizmi? Tərcümələrin səviyyəsi barədə fikirlərinizi bilmək istərdik.

- İzləyirəm. Kitabların satışı abunə ilədir. Əvvəlki buraxılışlarla müqayisədə iş, məncə keyfiyyətli icra edilir. Redaktorlar vicdanla çalışırlar. Bəzi əsərləri təkrar tərcümə etdirmək olardı. Ancaq nəzərə alsaq ki, tərcümə məktəbimizin gücü hələ azdır, iş mexanizmi çevik deyil, bundan bir elə böyük uğur gözləməyə dəyməz.

- Çağdaş Azərbaycan ədəbi tənqidində yazılarını diqqətlə izlədiyiniz, fikirləri ilə hesablaşdığınız hər hansı bir yazar varmı?

- Gənc və idealist adamların sualları qəribə olur. Çağdaş ədəbi tənqid, içi mən qarışıq zəifdir, dünya ədəbiyyatının təcrübəsini, filoloji mətnləri yetərincə bilmir, sonra – stolumuzun üstündə mükəmməl və bir neçə ədəbiyyat tarixi yoxdur, Azərbaycan tarixi yoxdur və "yoxdur” sözünü o qədər sıralamaq olar ki, indiki durumda bir neçə tənqidçinin yetişməsinə belə təəccüb etməliyik. Tənqidin vəziyyətini təqribən belə çeşidləmək olar: bəzi tənqidçilər ədəbiyyatımızı yaxşı bilir, ancaq müasir düşünə bilmirlər, bəziləri isə, xüsusən cavanlar, ən müasir texnologiyaları bilsələr də, çox zaman hansı ədəbiyyatı tədqiq etdiklərini unudurlar. Vaxtilə Əli Kərimin "Qaytar ana borcunu" kitabında Rəsul Rzanın çox gözəl ön sözünü oxumuşdum və mənə güclü təsir etmişdi. Ancaq şairin 50 illiyində rəhmətlik Xudu Məmmədovun qısa nitqini dinlədim – gözəl üslubla, dərin ağıl, dərin fəhmetmə qabiliyyəti ayrı-ayrı şeylərdir. Xudu Məmmədovun ədəbiyyat haqqında epizodik fikirlərini deyə biləcək tənqidçi yoxdur. Bəzi tənqidçilər yaşlansalar da, termin cəngəlliyində ilişib qalıblar, onlar mətni yox, öz komplekslərini araşdırırlar. Bu acı həqiqətdir.

- Azərbaycan Yazıçılar Birliyinin qarşıdan gələn qurultayından nələr gözləyirsiniz?

- Heç nə.

- Sizcə ədəbiyyata dövlət qayğısı olmalıdırmı?

- Məncə ədəbiyyat dövlətə qayğı göstərməlidir!

- Sizinlə müsahibəyə gələndə tənqidçi Əsəd Cahangirdən də sizə bir sual verməsini xahiş etdik. Əsəd bəyin sualı bir qədər qəribə olsa da, cavablandırmağınızı istərdik: Cavanşir Yusifli niyə istedadlı adamlara nifrət edir?

- Gəl mənə bu qədər nifrət eləmə,
Nifrətin çevrilib məhəbbət olar…

Bu, məhəbbət şeiridir. Əsəd nifrətdən danışır. Nədənsə, Əsədlə sorğu aparanda mənimlə rastlaşmırsınız. Yuxarıdakı sualınızın yeri burda görünür: bu adamlara hökmən qayğı lazımdır! Özü də hərtərəfli qayğı! Nə isə, kim necə düşünür, özü bilər, ancaq gəlin bu sualı belə bir şeirlə tamamlayaq:

Metronun yaylı qapıları
Adam var bu qapıları açar,
Bir az
saxlayar, deyər:
"Birdən,
Arxadan gələnə dəyər".
Bəzən
heç dönüb baxmaz da
Heç özü bilməz də
Kimdir: dostdur,
yoxsa düşmən.
Qapını yavaş-yavaş
buraxar əlindən.
Eləsi də olur ki,
Tələsik özünü içəri soxur,
Elə bil
Heç arxada adam yoxdur.
Kimliyi yazılmayıb ki,
insanların alnına.
Qapılar
Açılır, örtülür,
Gah sürətlə,
gah asta;
Gah bu geniş dünyaya,
gah da yerin altına.

Şeir Əli Kərimindir.

Söhbətləşdi: Mövlud Mövlud
ANN.Az