Cavanşir Yusifli. Sənə qədər və səndən sonra... yağan yağış...

Cavanşir Yusifli. Sənə qədər və səndən sonra... yağan yağış...

nə vaxtsa hamımızın ürəyi belə döyünüb
hamımız da unutmuşuq həmin vaxtı
amma dünən Allah üzümə baxdı
ürəyimin divarları yumulub açılınca
saydım - kirpiklərini ...


2000-ci illərdə ədəbiyyata gələnlər arasında Rəbiqə və Jalə intonasiyası və poetik temperamenti etibarı ilə xüsusi olaraq seçilirlər. Bu seçilmə onlar haqqında ayrıca danışmağa, fikrimcə əsas verir. Əvvəlcə onu deyim ki, bu ədəbi nəsil çapın və digər bu kimi "azadlıqların” bolluğuna düşsələr də, dövranın qarışıqlığı, dünya çapında ictimai, siyasi, ideoloji... konyukurun baş alıb getməsi və hər şeyin əsasına çevrilməsi və bütün bunların insana qənim kəsilməsi və sair ayrıntı və cəhətlər bir növ onların yaradıcılıq imkanlarını boğur və çeşidli problemlər yaratmaqdadır.

Yuxarıda Rəbiqədən nümunə gətirdiyim şeir onların hamısının poetika axtarışlarını səciyyələndirən görüntü sayıla bilər, yəni bu insanlar qələmə aldıqları mövzunun içində hər şeydən öncə nəyi görmək istəyirlər və nəyi görə bilirlər? Burda mən növbəti izahlara getməkdən vaz keçib Rəbiqənin öz düşüncəsinə istinad vermək istərdim: "...Mən bilmirəm şeir niyə yazılır. Heç o barədə də düşünmürəm ki, onu oxumaq kimə və nəyə lazımdır. Bu yəqin ki, ovqat məsələsidir, çox zaman düşünürəm ki, şeir ağrıkəsicidir, sadəcə həkimlər özləri də bu barədə bilmirlər. Məsələn, dostlarımdan biri deyir, uzunmüddətli deklamasiya onu boğaz ağrısından xilas edib. Amma bu kitabdakı şeirlər, böyük ehtimalla ucadan oxunmaq üçün deyil, onları öz-özünə pıçıldamaq olar. ”

Məncə, Rəbiqənin şeirlərinin ümumi - iksir, aşkarlayıcı rol oynayan xassəsini məhz bu məqamda axtarmaq olar. Onun poetik obrazı pıçıltıların içindən doğur, bəlkə elə bu keyfiyyətinə görədir ki, bir metaforanı bəlləyən keyfiyyəti ardıcıl oxunun məntiqində tapmaq mümkündür. Bu pıçıltıdan açan obraz olsun ki, hər bir şeirdə rastlanmasın, sənə vəd etdiyini bu mətnin içində görməyəsən, ancaq məhz mətnlərin ard-arda, yaxud simmetrik, yaxud asimmetrik... oxunuşu həmin obrazın ayrı-ayrı "ləçəklərinin” görünməsinə səbəb olur. Diqqət yetirin: "ürəyimin divarları yumulub-açılınca saydım kirpiklərini...” - ilk baxışdan bir anın içində baş verən hadisədir, amma prinsip etibarı ilə bu, müəyyən prosesin nəticəsidir, elə bir prosesin ki, Rəbiqənin bütün şeirlərində bunun açıq-aşkar izləri var və görünür, poetik obrazın ifadəsində yuxarıdakı cəhətlərin hər ikisi mühüm rol oynayır. Ona görə də Rəbiqə əslində, xüsusi nəzərə çarpan, altından xətt çəkilməli, adi təsəvvürləri aradan qaldıracaq nəsə yazmağa cəhd göstərmir, sözlər, söz sırası, obrazlar, müqayisələr, təşbehlər quruluş və struktur etibarı ilə sadədir, yəni burada mübarizə daha çox forma ilə müəllif arasındadır, başqa sözlə, Novalis demişkən: "...sənətkar yaratdığı əsərə məxsus olsa da, əsər ona aid deyil...”.

Rəbiqənin bu parçasına da diqqət yetirin:

Eşidilməz başqa səslər
Nəğmələrim uçan yerdə.
Görüşəcəyik bir səhər
Göylə yer qovuşan yerdə.


Yaxud Jalənin "Yağış” şeirinə:

"Mən anamın ilkiyəm
Yağış, kəs, yağış kəs…
Ağzı qara tülküyəm
Yağış kəs, yağış kəs…”
Əlimi nə vaxtdı
tutmuşam
yanaqlarımın altına…
Yağış kəs, yağış kəs…
Mən yenə də
anamın ilkiyəm axı,
Tanrım, unutdun yoxsa?
Yaşıma-başıma,
"ölüm ver” yalvarışıma,
səndən, ondan qaçışıma
fikir vermə,
hesab elə
körpəyəm hələ.
Yağış kəsən kimi
gizləndiyi yerdən çıxıb
göyqurşağının ardınca
dünya boyu yüyürməyə,
qəhqəhə çəkib gülməyə,
bir kəpənək uçuşuna
onun qədər sevinməyə
hazır,
məsum bir körpəyəm…
"Yağış kəs, yağış kəs…”


Bu şeirlərdə bəzi obrazları və xüsusi cəhətləri istisna etməklə, təbiətə qovuşma, təbiətlə nəfəs alma, başqa sözlə, fərdi plandan vaz keçib ümumiyə qovuşma cəhdi güclüdür, yəni fərdi ifadə planında, - kəskin nəzərə çarpan obraz və epitetlərlə seçilmə bu gənclərin poetika axtarışlarında əsas deyil, baxmayaraq ki, onların poetik ovqatı bəzən ifrat dərəcədə intim və başqası üçün qapalı keyfiyyətlər də qazanır.

"...Əlimi nə vaxtdı tutmuşam yanaqlarımın altına...” - bu obraz ifadə planı (üslub-!) etibarı ilə nə qədər fərdi və fərqli olsa da, ümumi poetik ovqat müstəvisində təbiətin bağrından qopan gizli səslərə qulaq kəsilmə, şeirə bu səslərin pıçıltısını hopdurmağa can atmaq onların yaradıcılıqlarında ümumi xətdir. Bir cəhəti də xüsusi olaraq vurğulamaq lazım gəlir. 2000-ci illərdə ədəbiyyata gələn gənclərin mətnlərində yaxın və uzaq ənənə ilə münasibətin forması da dəyişib. Səməd Vurğundan və ya Rəsul Rzadan sonra dünyaya gələn şairlərin müəyyən qismində bədii mətnlər az qala bütünlüklə onların yaradıcılığını əhatə edən sitatlardan hörülürdü. Buna görə ədəbi prosesdə müəyyən qeyd-şərtlə dəstə və qrup halında iştirak edən müəllifləri fərqləndirən ilkin cəhət onların hansı poetik sitatlara üstünlük verməsi ilə ölçülürdü. İndi Rəsul Rzanı inkar edənlərin şeirlərində onun sitatlarını açıq və gizlin şəkildə görmək mümkündür. Səməd Vurğunun və Rəsul Rzanın obrazları bütün XX əsr boyu semantika baxımından az qala son nöqtəsinə qədər, son imkanına kimi genişləndi, bu şairlərin poetik istismarı milli poetik düşüncənin sınırlarını genişləndirmədi, hardasa onu izah etdi, paralel mənalar yaratdı, bəlkə bu ayrıntıya görədir ki, bizdə ənənəyə qarşı çıxma ehtirası bu qədər güclüdür. Və fikrimizcə, bu hal təkcə XX əsrdə gedən proseslərə şamil edilə bilməz. Məhəmməd Füzulidən sonra XVII - XVIII əsrlərə qədər Füzuli şeirindən verilən sitatlar (aşkar və gizli planda), onun kimi yazmaq və ondan fərqlənmək ehtirası ədəbi prosesin əsas istiqamətlərini müəyyənləşdirirdi. Bu obyektiv mənzərə iki mininci illərdə ədəbiyyata gələn şairlərin yaradıcılığında fərqli keyfiyyətdə meydana çıxır, əvvəla onların mətnlərində dediyimiz sitatlar yoxdur, onlar bu mətnlərdə sadəcə tarix kimi qavranılır, əsas oppozisiya isə mətnlə təbiət, müəlliflə bədii forma arasındadır. Bu məqamda Novalisin "Fəlsəfə fraqmentlərini” tam şəkildə oxumaq yerinə düşər: "...Antikliyin və bütün mükəmməl və bitmiş şeylərin yaradılmasına çox da inanmayın. Onlar, əziz dostun gecə vaxtı sevgi obrazını yaratması, yaxud canlandırmasl anlamında yaradılıblar, necə ki, çınqı naqilə toxunmaqla və ya ulduz gözümüzün önündə hərəkət baş verdikcə yaranır. Yaradılan nəsnə hər bir hərəkət əlaməti ilə məkanca ölçülə bilməyən məsafəyə qədər sənətkardan uzaqlaşır. Sənətkar son cizgi ilə onun yaratdığının ondan necə ayrılıb qopduğunu, onların arasında məna uçurumunun yarandığını görür və əmin olur ki, bu uçurumun arasından ancaq təxəyyül keçə bilər. Elə bu anda, yəni əsərin tam şəkildə yaradanın şəriksiz malına çevrilə bilmə fürsəti yarananda, əsər, yaradanla müqayisədə başqa və fərqli məna kəsb edir. Sənətkar şüursuz vasitəyə çevrilir. Bu mənada sənətkar öz əsərinə aid olsa da, əsər ona məxsus deyil.”

Bu sadalanan ayrıntı və cəhətlər Rəbiqə və Jalənin şeirlərinin aparıcı xassəsinə çevrilir. Təsvir edilən proseslərin nəticəsi onların gerçəkliyə baxış bucaqlarında müəyyən ümumi cəhətlərin formalaşmasına da səbəb olub. Bu zaman çərəyində yazılan mətnlərdə gerçəklik "tərs proyeksiya” üsulu ilə təsvir edilir və yadda qalır. Poetik mətndə "gizli məna” qəfil yada düşür, mətndə təsvir edilənlərin "tərsi” kimi təqdim edilir və məlum təsəvvürlərlə ziddiyyət təşkil edir. Jalənin "Payız yarpaqları” silsiləsindən bir şeirinə baxın.

"Unudum, İlahi!”deyib
yalvarmaq üçün
əllərini açarsan Tanrıya,
yağış soyuq dimdiyiylə
ovcuna-ovcuna döyər:
"Məni unutma!”
Allahdan qaçıb
məsciddə gizlənməkdi
səni unutmaq üçün
payıza sığınmaq…

Rəbiqədə:

ŞƏKİL

Bir, iki, üç.
Bir az güc.
Bir mismar,
Bir də çəkic.
Çərçivə lazım deyil,
Yerini gözəl bilir bu şəkil -
Oturmaqdan yorulub,
Sakitcə divarında dayanacaq.


Jalədə:

Ürəyimdəkilərə…
Ürəyə yaxın adamların
Ürəyə zərbəsi ağır olur,
bilirdin…
Bilə-bilə vurdun.
Ey, siz, ürəyimin içində
məskən salanlar,
Şəkilləri divara yavaş mıxlayın…