Cavid Fərzəli. Əlləri boğulur yağışların... (ŞEİR)

Cavid Fərzəli. Əlləri boğulur yağışların... (ŞEİR)

Adam həmişə üşüyən
tərəfindən qışa düşür.
Əlləri qar olur bəyaz gününün.

Sevdiklərinin üzündə yağışa dönür,
sınıq qanadlarında çırpınır qəlbi,
sevmədiyi yolda sevilir adam.

Sənə sığınanlar güclü edər səni.
Göz yaşını gizlədiyin qədər
özgə bir yol sevməz səni.

Hər səhər pəncərəmdə göz açan küçələr,
Qucaqlayır azadlıq həsrətini.
Ağzına su almış buludların vətənində, 
Başını yerə dikmiş ağacların edamında.

Yanımda, əlləri boğulur yağışların
ürəyi səssiz qalır bu şəhərin. 
Amma içində hamı xoşbəxtdir,
Göz yaşın qurudan üstünə qaçır bu şəhərin.

Bilirəm, əllərim ölü çıxacaq burdan 
sevilmək ölümü unutmaq imiş, 
İməkləmək isə əllərimizin uşaqlığın.

Adam tərk edildiyi üçün deyil,
gərək olduğu yerlərə
dönə bilmədiyi üçün ölür.
Eyni duman arxasında,
Eyni sevda başında.

Kim işığa yuva olmadı,
Kim qaranlığı çöldə qoymadı.
Hamının sevgisi bir boydadı,
Ayrılığın üzü soyuqdur bu şəhərdə.

Soyuğa bürünən pencəyim,
Əyni yalın küçə,
Bir də göz yaşlarım arxadır mənə.

Bu şəhərin küçələri fahişəliyindən deyil,
Xəyanətindən ölür.
Sən də bel bağlama çiçək vaxtı yağışlara....