Cavid Fərzəli. Gözlərim gecəyə danışır səni (ŞEİR)

Cavid Fərzəli. Gözlərim gecəyə danışır səni (ŞEİR)

Səndən ötrü çox üzgünəm...
Ürəyində aydın bir səs olmaq istəyirəm; 
Səni hər duyduğumda,
hər susqun kəlməmdə.

...Yolunda, ayaqlarımı basdırıram qaranlıqların çiynində,
bütün divarların gözün oyuram
pəncərə şəkillərində.

...Qollarımda yuxusu yoxmuş pəncərələrimin, 
bax, gözlərim gecəyə danışır səni.
Qaranlıqlar çapır divarlarımı
sənə doğru yel atına minən çırağımda...

...Bilirsənmi, sənsiz yaşamaq doğma bir yalana uymaqdır, 
doğma bir ürəkdə qışı salmaqdır.

Əlləri saralmış bu payızda
bütün rənglərdə sevirəm səni.
Qoy sevgidən əl açsın küçələr,
qoy dizi qanasın yağışların.
Çünki
Günəş qopan tərəfimiz aydınlıq saçar...
Çünki
sənə olan eşqim hər tabutdan,
bir göz açar...