Cavid Fərzəli. Qadın əllər... (ŞEİR)

Cavid Fərzəli. Qadın əllər... (ŞEİR)


*
Ayaz altında dilənən, qadın əllər,
dilənmək ömür payın deyil sənin...
Qoy, günəşə əl açan kölgələr
ayaqlarına düşsün.

...Bu halından
küçələr qəpiyinə sığmaz,
bu yaşıl adamlar isinməz sənə.

Çölləri uçuq diyarda 
bütün yuvaların gözü kordu üstümə.
Ciblərim acından ölür belə...
Bu dərdə söykənən saat
hər anımı yeyir belə.

Bilməmişəm...
bu şəhərdə faişə sevgilər bakirəymiş, qadın taleyində cəmi bir dəfə uduzurmuş.
Çünki kişilik dilənçidir,
çünki kasıblıq əl toxunmayan faişə sevgisidir.

...Sənə bir az da yaxın durdum.
Allahı dilənən ovuclarının üstünə küçələrin qarğışı yağmasın deyə,
yoxsul küçələrdən didərgin
düşməsin ayaqlarımız.

Bağışla, göz qoya bilmədim o miskin gününə sənin.
Yüz yol kəsiyindən döndü yurdun, yuvan.
Əllərin sağırlığından günaha batdı.

...indi ürəyini qəpik-quruşa xərcələyən xoşbəxtlik gülləyir ovuclarını, 
gözü quru yağışlar öpür əllərini.

Kaş qulaqlarımız duyduğunu ürəyimiz eşidə, 
sənə dilənməyi öyrədən dillərdə susam. Ovucları yerlə bir olan, 
ömürünə, gününə gələm.

Heyif vətənə oxşayan tərəfindən...
İndi sənə yanmaq atılmış ömür yaşamaqdır, qadın əllər..!
Daha bel bağlama oğlun yazına,
qızın qışına.
Ağaclar hər fəsil itirdikləri yarpaq üçün yaşayar ömrünü...