Cəlil Cavanşir. Mən vaz keçdim... (ŞEİR)

Cəlil Cavanşir. Mən vaz keçdim... (ŞEİR)

mən vaz keçdim, oğlum

tərk edilmiş, xaraba evlər kimi bomboşam,
gecələr bayquş ulayır çardağımda.
heysiz və heç kəssiz qalmaqdan,
atılmaqdan və unudulmaqdan
yorulmuşam.
boşam. 
indi də sən gedəcəksən, bunu çoxdan duymuşam...
səni qəzəbin böyüdəcək, oğlum...

mən vaz keçdim, qızım

bəlkə çox pis ata oldum, bəlkə də çox laqeyid.
saçlarını daraya bilmədim, sənə nağıllar danışmadım,
gedişinə mane olmadım, 
qalmağına çalışmadım.
atasını sevməyən bütün qızlar kimi,
nifrətinlə böyüyəcək qaranlığın
səni qaranlıqlara tərk edirəm, qızım...

mən vaz keçdim, qadınım

səndən aldıqlarım bir ovuc xatirədir,
qalsın ciblərimdə, 
xatirələr yavanlığıdır təklərin.
bir ömürlük azuqədir gülüşlərin.
sonu ayrılıqlıdır bu qəfil gəlişlərin.
sonuncu fiti səslənir qatarın,
sonuncu vaqondan əl edəcəm, baxarsan.
gedirəm, darıxarsan?
səni günahlarınla baş-başa buraxıram, qadınım
mən günahlarımla gedirəm.
bilirəm, darıxmayacaqsan bilirəm.

mən vaz keçdim, oğlum!
mən vaz keçdim, qızım!
mən vaz keçdim, qadınım!