Charles Aznavour-un Ermənistanı qarışdırmış müsahibəsi

Charles Aznavour-un Ermənistanı qarışdırmış müsahibəsi

""Genosid” sözünə tüpürmək istərdim. Məhz bu sözün deyilməsiylə əlimizə nə keçəcək? Qoy kütləvi qırğın desinlər. Keçmişdə baş verənləri unutmaq olmaz, amma irəliyə doğru addımlamaq lazımdır"

 Erməni mənşəli fransız müğənni və aktyor Charles Aznavour-un "Nouvelles d’Arménie” dərgisinə verdiyi müsahibə qısa müddətdə Ermənistanda və Diasporada geniş səs-küyə səbəb olub.

Charles Aznavour 2004-cü ildə Ermənistan rəhbərliyi tərəfindən "Ermənistanın milli qəhrəmanı” adına layiq görülüb. 2009-cu ildən başlayaraq Ermənistanın İsveçrədəki səfiri və BMT-dəki daimi nümayəndəsi olub.

O öz müsahibəsində bütün stereotiplərə qarşı çıxış edir, həmçinin Ermənistanın Türkiyə ilə münasibətləri iflic vəziyyətinə salan "Genosid” iddialarını tənqid edir.

Müsahibədən bir qədər öncə o, fransız telekanallarının birində çıxış edərək Türkiyə hakimiyyətinə müraciət etmişdi. Görəsən onun türklərə uzanan əllərini sıxan tapılacaqmı?

- Həmin müraciətdən sonra özünüzə yeni dostlar tapdınızmı?

- Baş verən bütün bu hadisələr artıq məndə ikrah oyadır. Bu işlərdən heç nə qazana bilməyəcəyik. Düşmənlərimiz yaddaşında "erməni məsələsi” ilə bağlı məlumat saxlayan hər kəsin ölməsini gözləyəcək, bununla da mövzu qapanacaq.Gəlin görək bu gün hansı ölkələr "Erməni Məsələsini” dəstəkləyir? Heç biri! Bircə Fransa soyqırımı tanıdı, bundan başqa heç nə.

Bu şeylərlə haraya gedib çıxacağıq? Bütün bu müddət ərzində əziyyət çəkən yenə də Ermənistandır, Ermənistan - hər gün, hər saat boşalan Ermənistan. Bir az da vaxt keçsin, Ermənistan boş bir balıqqulağına dönəcək... Bunun kimə faydası var? Üç varlı qulduramı? Üç mafiozamı? Bəs dünyanın dörd yanına səpələnmiş yüz minlərlə yoxsul erməninin halına kim yanacaq? Bütün bunları düşündükcə narahat oluram, özümdən çıxıram.

Bütün bunlar Türkiyəyə "genosid” sözünü yedirtmək üçündürmü? Ermənistan böyük təhlükə qarşısındadır, insanlarsa "genosid”ə ilişib qalıblar. Bilmirəm bunun ölkənin tərəqqisinə nə təsiri olacaq? Belə məntiqlə hara gedib çıxacağıq? Görün bu sözlərimə görə məni tənqid edənlər kimlərdir?

Onlar özləri Ermənistan üçün nə ediblər? Mən siyasi xadim deyiləm, siyasətdə çox şeydən xəbərim yoxdur, ancaq bircə şeyi dəqiq bilirəm: xilas olunmuş bir parça vətənimiz ikinci dəfə ölüm ayağındadır. İnsanlarsa terminlərə ilişib qalıb...

- Axı, siz özünüz bu məsələnin müzakirəsi üçün gərgin fəaliyyət göstəribsiniz, Senatda "erməni soyqırımı”nın inkarının cinayət sayılması haqda qanun layihəsinin qəbul edilməsində qismən də olsa sizin də əməyiniz olub. Siz Senat qarşısında çıxış edibsiniz...

- Nə dəyişdi ki?

- Siz nümayişlərdə iştirak edibsiniz...

- Nə dəyişdi?

- Siz mətbuatda məqalələrlə çıxış edibsiniz...

- Nə dəyişdi? Bütün bunlar nəyə gətirib çıxardı, bizə nə verdi? Gəlin gerçək vəziyyəti metrlə ölçək, görək "A” nöqtəsindən yola çıxaraq neçə millimetr irəliləmişik? SIFIR!

- Doğrudan heç bir millimetr də irəliləmədiyimizi düşünürsünüz?

- Heç iynənin ucu qədər də. Bundan sonra da hərəkət etməyəcəyik. Heç vaxt! Aradabir məni Türkiyəyə dəvət edirlər. Hələ bir dəfə Türkiyənin xarici işlər naziri tətilimi keçirmək üçün məni evinə dəvət etdi.

Onda gəlin, onlardan nə tələb edəcəyimizi müəyyənləşdirək. Amma biz hansısa tərəflərin marağına xidmət edən siyasi oyunlar oynamamalıyıq. Mənə qalsa heç növbəti prezident seçkilərində Ermənistanda kimin seçiləcəyi vecimə deyil. Mən ancaq sərhədlərin açılmasını və ölkənin bir qədər nəfəs almasını arzulayıram.

- Siz bütün dünyaya bu arzuylamı müraciət edirsiniz?

- Bəli. Mən türklər haqda müsbət tonda danışıram. Onları maraqlı bir xalq hesab edirəm. Bircə Türkiyə ermənisi də tapmazsınız ki, türkləri sevməsin. Ola bilsin, türk dövlətinin onlara münasibəti, siyasəti xoşlarına gəlməsin, amma onlar həmişə türk xalqından razıdırlar. Mənim məqsədim bir yolla tərəqqiyə yetişməkdir.

- Bəs 2009-cu ildə Sürixdə türklərlə imzalanmış protokolların pozulması sizi məyus etdimi?

- Onlar bu gün axşam imzalandı, sabah axşam qüvvədən düşdü. Mən məyus olmadım, çünki məhz belə olacağını gözləyirdim. Niyə? Hələ türklərlə imzalanmış heç bir müqavilə təsdiq edilməyib. Hər dəfə hansısa bir məqamda onlar müqavilədən imtina edirlər və bundan sonra çar-naçar qalırsan. Onların indiki strateji mövqeləri belə davranmalarına imkan verir.

Onlar özlərini güclü sayırlar, buna uyğun olaraq nadirən güzəştə gedirlər. Bəs biz neynəməliyik? Şəxsən mən heç nə etməməyin tərəfdarıyam. Məndən daha heç nə gözləmək lazım deyil... heç bir şey. Bütün bunlar məni bezdirib. Gücümü boşuna sərf etmək istəmirəm. Türk xalqına həmişə yalançı həqiqətləri təbliğ ediblər. Deməli, elə bundan başlamaq lazımdır, onlara əsl həqiqətin fərqli olduğunu demək lazımdır.

- Hər iki tərəfi razı salmaq üçün çox ağıllı olmaq lazım deyilmi?

- Hə, sadəcə ağıllı. İş görmək lazımdır, təşəbbüskarlıq lazımdır. İndi mən sizə bir sual verim: neçə müddətdir türklər bizim Türkiyədəki dədə-baba yurdlarımızda yaşayırlar? Görün almanlar heç Elzas-Lotaringiyanın adını ağızlarına alırmı? Biz (fransızlar) isə daha Rur adlı torpağımızdan əlimizi üzmüşük. Gərək ağıllı olasan və gerçək durumu qavrayasan. Mən hələ daha da irəli gedərəm. Tutaq ki, onlar bizə torpaqlarımızı qaytardılar, kim gedib orda yaşacaq? Heç kim. Gəlin ayıq baxaq. Ölçüb-biçək.

- Siz necə düşünürsünüz, Ermənistan höküməti vəziyyəti dərk edib, atacağı addımları dəqiq bilirmi?

- Buna şübhə edirəm. Növbəti dəfə görüşəndə onlarla bu mövzuda danışacam. Onların rəyini öyrənmədən nə isə addım atmaq istəmirəm. Ancaq düşünürəm ki, onların əsas hədəfi sərhədlərin açılmasıdır. Hardasa söz davası gedir, amma konkret yerlərdə, konkret insanlar blokadadan əziyyət çəkir.

- Bağışlayın, sizə elə gəlmirmi ki, ermənilərin kütləvi mühacirətinin səbəbi, xalqın inamını tükədən indiki hakimiyyətdir? Hələ bura həll olunmamış Qarabağ problemini qatmıram. Sizcə bu məsələdə güzəştə getmək lazımdırmı?

- Əlbəttə. Ermənistanda xalqın vəziyyətini yaxşılaşdırmaq üçün heç bir addım atılmır. Əksinə. Mən orda ağalıq edən iyrənc mafiozlardan xəbər tuturam. Camaatı elə vəziyyətə salıblar ki, kəndli öz torpağını əkib-becərə bilmir, acından ölür. Mafiyanın nümayəndələrini yığıb güllələmək lazımdır. Mafioz olmaq istəyirsən? Get başqa ölkəyə, orda özünə mafiya qur, nə edirsən et. Mafiyalara qapılarını açan o qədər ölkələr var ki. Ancaq gərək öz ölkənin içində, öz xalqının başında mafiyanın at oynatmağına göz yummayasan!

- "Erməni məsələsi” ilə bağlı mövqeyiniz necədir?

- Mən razılıq əldə edilməsini istəyirəm. İstəyirəm türklər 1915-ci ildə baş verənləri qəbul etsinlər. Ancaq "genosid” sözünə tüpürmək istərdim. Məhz bu sözün deyilməsiylə əlimizə nə keçəcək? Qoy kütləvi qırğın desinlər. Keçmişdə baş verənləri unutmaq olmaz, amma irəliyə, ümüdə doğru addımlamaq lazımdır.

- Bəs, Qarabağ münaqişəsi ilə bağlı nə düşünürsünüz? Ermənistana ən çox təhlükə hardan gəlir, Türkiyədən, yoxsa Azərbaycandan? Siz nə təklif edirsiniz?

- Bu ümumi paketin bir hissəsidir. Bu normaldır. Gərək Qarabağla bağlı vicdanlı olaq. Stalin Qarabağı Azərbaycana hədiyyə edənə qədər kimə məxsus idi? Digər tərəfdən Qarabağ Ermənistanın olub, ya yox? Yox, o, suveren ərazidir. Mən düz deyirəm ya yox?

- Demək istəyirsiniz güzəştə getməliyik?

- Xeyr, Qarabağın eynilə Azərbaycan və Ermənistan kimi suveren ərazi olduğunu qəbul etməliyik. Bəlkə mən utopikəm?

- Bu mövqedən çıxış edərkən, əvvəlcədən erməni hakimiyyəti ilə razılaşıbsınızmı?

- Mən erməni hakimiyyəti ilə nə vaxt danışsam, həmişə deyirlər ki, sən haqlısan. Amma onlar heç nə eləmirlər. Eyni şey Fransaya da aiddir. Hakimiyyətlərlə danışmağın mənası yoxdur. Hansı hakimiyyət olursa olsun, hamısı bir şeydir. Bizim sözümüzlə Fransanın nə isə edəcəyinə inanmıram. Hamısı əbəsdir, çünki Türkiyə Fransa üçün vacib partnyordur. Onlar Türkiyəni gözardı edə bilməzlər.

- Yeni konsert turnenizdən razı qaldınızmı?

- Çox razı qaldım. Çoxlarına yerini göstərdim. Haqqımda pis şeylər yazanlar, indi çarəsizlikdən böhtana əl atırlar, daha az tənqid, daha çox böhtan yazırlar. Necə olur olsun, onlar heç vaxt qazandığım uğuru mənə bağışlamayacaqlar. Bəlkə mən öləndən sonra bağışlayalar. Ancaq mən ölməyə hazırlaşmıram. İstəyirəm Ermənistanın xalqım üçün bir şeylər etdiyini görüm. Orda xalq yavaş-yavaş ölüb getməkdədir. Hökümət deyir ki, indi ölkədə 3,6 milyon əhali var, amma bu doğru deyil.

Özünüz görəcəksiniz azca vaxt keçsin, ölkədə cəmi 1,8 milyon adam qalacaq, sonra da 1 milyon, onlar da mafiyanın əlində. Bəs ölkəmizdə kim yaşayacaq, çinlilərmi? İstərdim hər bir erməni özündən soruşsun: əcdadlarımızın torpağı qarşısında borcum nədir, bu borcumu boynumdan atsam, yaxud qəbul etsəm ölkəm nə qazanacaq? Bax onda, o başa düşəcək ki, heç nəylə məşğul olmur. Gördüyünüz kimi çoxlu suallar verirəm.

- Yeri gəlmişkən, ermənilərə "ayılın” demək istərdinizmi?

- Onlarda bəzi hissləri oyatmaq lazımıdr. Türklərdə də həmçinin. Bu xalqlar xeyirxah iradəylə silahlansalar öz aralarında hər şeyi həll edəcəklər.

- Siz Ermənistanın hər üç prezidenti ilə tanışsınız. Onlarla bu mövzuda danışa bilirsinizmi?

- Xeyir, bu mənlik deyil. Onlar xeyirxah adamlardılar, ancaq bəzən vəziyyət elə gətirir ki, qərarlarını dəyişməli olurlar. İstənilən halda, heç vaxt onların heç biri mənə "yox” deməyib! Bəlkə də desəydilər daha yaxşı olardı. İndi erməni olmaq necə bir şeydir? Bilmək istərdim. Diaspora tərkibində fəaliyyət göstərən erməni olmaq nə deməkdir? Məclislər təşkil etmək və başqa məclislərdə iştirak etmək, mağaza sahibi ola-ola genosiddən dəm vurmaqmı? Budurmu erməni olmaq? Bu çox-çox azdır.

Söhbətləşdi: Ara Toryan

26.09.2012

Oxu Zalı