“Charlie Hebdo”nun ofisindəki qətliam...” - Slavoy Jijek

“Charlie Hebdo”nun ofisindəki qətliam...” - Slavoy Jijek

Sloveniyalı marksist sosioloq, filosof Slavoy Jijek Parisdə "Charlie Hebdo” satirik jurnalının redaksiyasına olan hücum haqda və sonrasında başlayan genişmiqyaslı müzakirələrə, səsləndirilən fikirlərə dair öz mövqeyini açıqlayıb. Böyük Britaniyanın "New Statesman” jurnalına yazdığı məqalədə Jijek hadisəyə daha ətraflı yanaşılmalı olduğunu vurğulayıb. O, tolerant yanaşmaq adı ilə hadisənin ört-basdır edilməsi və yola verilməsi əvəzinə, məsələni geniş müzakirə etməyin tərəfdarıdır. 

1949-cu ildə Lyublyana şəhərində doğulan Slavoy Jijek fəlsəfə doktorluğunu Lyublyanada alıb. 

Daha sonra isə Paris Universitetində psixoanaliz oxuyub. 

Lyublyana Universitetində və Sloveniyada araşdırmaçı mütəxəssis kimi fəaliyyət göstərən Jijek, eyni zamanda, dünyanın bir çox tanınmış universitetlərində dərs deyir və müasir fəlsəfənin ən ciddi fiqurlarından biri kimi qəbul olunur. 

Slavoy Jijekin məqaləsini təqdim edirik. 

"Charlie Hebdo” jurnalının ofisindəki qətliamın hamımızı şoka saldığı bir vəziyyətdə düşünmə cürətini göstərməyin əsl vaxtıdır. Əlbəttə, cinayətləri azadlıqlarımıza qarşı edilmiş hücum kimi dəyərləndirib, istisnasız qınamalıyıq. Ancaq "Charlie Hebdo” müsəlmanları gərəkli olandan daha çox aşağılayır və qıcıqlandırırdı” fikirlərini də yaxına buraxmamalıyıq. Təkcə bu bəşəri həmrəylik pafosu yetərli deyil, daha irəlisini düşünmək lazımdır. Bu düşünmənin ("Üçüncü dünya ölkələrində bərbad qətliamlara imza atmış biz qərblilər kimik ki belə davranışları qınayaq” kimi söhbətlər) günahın ucuz yolla nisbiləşdirilməsi ilə heç bir əlaqəsi yoxdur. 

Bir çox qərbli liberal solçunun "İslamafobiya”dan əziyyət çəkdiklərinə dair patoloji qorxuları ilə də, ümumiyyətlə, heç bir əlaqəsi yoxdur. Bu saxta solçuların dediyinə görə, İslam dininin hər cür tənqidi, Qərb İslamafobiyasının bir nümunəsi olaraq qınanmalıdır. Təxminən, Salman Rüşdini müsəlmanları qıcıqlandırdığına görə ittiham edib, onun haqqında çıxarılan ölüm hökmünə görə də  özünün məsuliyyət daşıdığını deyənlər kimi... 

Bu reaksiyanın nəticəsi olaraq hamının gözləməli olduğu şey: Qərbli liberal solçular özlərində olan günahı daha da qabartsalar, müsəlman fundamentalistlər də onları İslama qarşı nifrətlərini gizlətməyə çalışan ikiüzlülər olaraq ittiham etməyə başlayacaq. Bu qarşılaşma supereqo paradoksunu mükəmməl şəkildə yenidən yaradır: qarşındakının səndən istədiklərinə nə qədər boyun əyərsənsə, o qədər də günahkarsan. Yəni İslama nə qədər tolerant yanaşsan, onun sənin üzərindəki təzyiqi, təxminən, bir o qədər yüksələcək. Simon Jenkinsin yanvarın 7-si "The Guardian”dakı məqaləsində yazdığı "Bizim işimiz hadisəyə lazımından artıq reaksiya verməmək, hadisələrin davamını çox reklam etməməkdir. Hər bir hadisəyə arxada qalmış qorxunc qəza kimi yanaşmalıyıq” sətirlərindəki mülayimlik çağırışının da, buna görə kifayət etmədiyini düşünürəm. "Charlie Hebdo”ya edilən hücum, sadəcə, "geridə qalmış qorxunc qəza” deyildi. Açıq şəkildə dini və siyasi gündəm yaratdı və bu baxımdan da, əslində, böyük bir xəttin bir hissəsi idi. Əlbəttə, onun nəzərdə tutduğu kor-koranə İslam düşmənliyinə qapılmaqdansa, lazımından çox reaksiya verməməliyik, amma bu sözünü etdiyimiz xətti də açıq şəkildə müzakirə etməliyik. 

Terrorçuların qəhrəman intiharçı fanatiklər olaraq şeytanlaşdırılmasından daha çox ehtiyacımız olan şey, bu şeytanlaşdırma mifinin çirkli tərəflərini ortaya çıxarmaq, ifşa etməkdir. Çox uzun müddət əvvəl Fridrix Nitsşe Qərb sivilizasiyasının necə "Son insan”a doğru getdiyini qavraya bilmişdi – heç bir istəyi  və ya bağlılığı olmayan, hissiyyatsız bir canlı. Xəyal qurmağa aciz, həyatdan bezən bu adam heç bir riski gözə almaz. Sadəcə, rahatlıq və təhlükəsizlik axtarar. Bu da digərinə qarşı bir tolerantlıqdır: "İndi və sonra üçün bir az zəhər: bu, özü ilə şirin yuxu gətirəcək. Sonda da yaxşı ölüm üçün daha çox zəhər. Onların gündüzlər üçün də, gecələr üçün də zövq aldıqları kiçik şeyləri var, amma sağlamlığı da unutmurlar. "Son insan” "Xoşbəxtliyi kəşf etdik” deyər, onlar da göz qırparlar. 
Tolerant Birinci Dünya və ona qarşı radikal reaksiya arasındakı ayrı-seçkilik, artıq açıq-açıq hər cür maddi və mədəni zənginlik içində uzun və rahat bir həyat sürməklə, həyatını aşan bir davaya həsr etmək şəklində görülə bilər. Bu tam olaraq Nitsşenin "passiv” və "aktiv” nihilizm arasındakı qurduğu ziddiyyət deyilmi? 
Biz qərblilər Nitsşenin "Son insan”ıyıq. Axmaqcasına gündəlik zövqlərə basdırılmış vəziyyətdəyik. Müsəlman fundamentalistlər isə hər şeyi etməyə hazırdırlar. Özlərini fəda edə biləcəkləri bir döyüşə girişmiş vəziyyətdədirlər. Uilyam Batler Yeytsin "İkinci gəliş”i bu düşdüyümüz vəziyyəti çox yaxşı əks etdirir: Ən yaxşılar hər cür inancdan məhrum, ən pislər isə istəkli bir şiddət içərisindədirlər”. Bu, qanı çəkilmiş liberallarla, istəkli fundamentalistlər arasındakı gündəlik ayrı-seçkiliyin mükəmməl təsviridir. "Ən yaxşılar” artıq özlərini hər hansı bir şeyə həsr etməyə aciz, "ən pislər” isə irqi, milli, dini, cinsi bir fanatizmə qurşanmış vəziyyətdədirlər. Bəs terrorçu fundamentalistlər bu təsvirə həqiqətən uyurmu? 

Tibet buddistlərindən Amerika Amişilərinə qədər bütün saf fundamentalistlərin ümumi bir çatışmayan tərəfi var: peşmanlıq və qısqanclığın yoxluğu, inancsız insanların həyatına dair dərin laqeydlik. Bu günün qondarma fundamentalistləri həqiqətə gedən doğru yolu tapdıqlarına inanırlarsa, niyə inancsız insanların təhdidi altında olduqlarını hiss edir, niyə onları qısqanırlar ki?! Bir buddist qərbli hedonist biri ilə qarşılaşanda onu heç vaxt qınamaz. Sadə şəkildə desək, hedonistin xoşbəxtlik axtarışının uğursuzluğa məhkum olduğunu fikirləşər. Həqiqi radikalın əksinə, qondarma fundamentalistlər – terrorçular inancsız insanların günah dolu həyatından ciddi şəkildə təsirlənir, o həyat tərzinə heyran olur, hətta qibtə edirlər. İnsan günahkar biri ilə döyüşərkən özünün şeytana uymağa olan meyili ilə döyüşdüyü hissinə qapılır.   

Yeytsin diaqnozunun bugünkü vəziyyəti açıqlamağa çətinlik çəkdiyi nöqtə də budur: terrorçuların həqiqi bir inanc əskikliyindən ortaya çıxan şiddət istəyi. Bir müsəlman həftəlik bir satira jurnalında çıxan karikatura ilə təhdid olunduğunu hiss edirsə, inancı nə qədər kövrəkdir? Radikal İslami terror, terrorçuların özlərinin üstün olduqlarına dair inanclarından və yaxud mədəni-dini kimliklərini qlobal istehlak sivilizasiyasının hücumlarından qorumaq məqsədindən qaynaqlanmır. Fundamentalistlərlə bağlı problem bizim onlara yuxarıdan-aşağı baxmağımız deyil, onların özlərini aşağıda görməsidir. Buna görə də bizim özümüzü üstün görmədiyimizə dair siyasi-həqiqətpərəst təminatlarımız onların daha da əsəbiləşməsi ilə nəticələnir. Problem mədəni fərqlər (yəni onların milli mədəniyyətlərini qoruma cəhdi) deyil, əksinə, problem fundamentalistlərin, onsuz da, bizim kimi olmaları, fərqinə belə varmadan bizim standartlarımızı özününküləşdirmiş olmalarındadır. Paradoksal şəkildə fundamentalistlərdə çatışmaya şey "irqçilik”dir. Yəni özlərinin üstün olduqlarına dair inanc. Müsəlman fundamentalistlərin bugünkü eniş-çıxışları Valter Beynaminin "Faşizmin hər yüksəlişi məğlubiyyətə uğramış bir inqilabın sonrasında gəlir” təsbitini doğruldur. Faşizmin yüksəlişi Solun uğursuzluğudur. Eyni zamanda, solun hərəkətə gətirə bilmədiyi bir potensialın, bir narazılığın olduğuna sübutdur. Eynisi bu günün "İslamafaşizmi” üçün də keçərli deyil? Bütün bunlar radikal İslamçılığın yüksəlişi, müsəlman ölkələrdə sekulyar solun geriyə çəkilməsi ilə paralel baş vermədimi?  

2009-cu ilin yazında Taliban Pakistanın Svat vadisini nəzarət altına alanda "The New York Times” Talibanın "bir qrup zəngin torpaq sahibi olan ağalarla, torpaqsız kəndlilər arasındakı dərin sinfi ziddiyyətlərdən yararlandığını” yazdı. Yaxşı, əgər elədirsə, bir halda ki, kəndlilərin pis vəziyyətindən "faydalanan” Taliban "böyük ölçüdə feodal olmağa davam edən Pakistanın qarşı-qarşıya olduğu risklərə diqqət çəkdi”, bəs Pakistandakı və ABŞ-dakı liberal demokratları oxşar şəkildə bu ağır vəziyyətdən "faydalanmaqdan” və torpaqsız kəndlilərə kömək etməkdən nə çəkindirirdi? Təəssüf ki, həqiqət belədir: Pakistandakı feodal güclər liberal demokratiyanın "təbii müttəfiqləridir”... 

Bəs liberalizmin köklü dəyərlərinə nə oldu? Azadlıq, bərabərlik və s. Paradoks budur ki, liberalizmin özü fundamentalist hücumlardan qoruna biləcək qədər güclü deyil. Fundamentalizm liberalizmin qüsurlarına qarşı bir reaksiyadır. Əlbəttə, saxta və uydurma bir reaksiyadır. Buna görə də liberalizm onu hər dəfə yenidən yaradır. Öz başına buraxsan, liberalizm, tədricən, özü öz məzarını qazar. Onun əsas, köklü dəyərlərini xilas edə biləcək yeganə şey yeni bir "Sol”dur. Bu köklü mirasın ayaqda dura bilməsi üçün liberalizm radikal solun qardaş dəstəyinə möhtacdır. Fundamentalizmi məğlub etməyin, ayaqlarını qoyduğu yeri tamamilə təmizləməyin yeganə yolu budur. Paris cinayətlərini düşünmək tolerant bir liberalın özünü bəyənmiş şəxsi ehtiyaclarını kənara qoyub liberal tolerantlıqla fundamentalizm arasındakı münaqişənin saxta münaqişə olduğunu qəbul etməyi gərəkli edir. Bir-birini yaradan və varlığını davam etdirmək üçün bir-birinə möhtac olan iki qütbün yaratdığı – sonsuz çevrədir. Maks Horkhaymerin hələ 1930-cu illərdə faşizm üçün dediyi sözlər – kapitalizmi tənqid etməkdən çəkinənlər faşizm mövzusunda susmalıdırlar – bu günün fundamentalizminə də tətbiq edilməlidir: liberal demokratiyanı tənqid etməkdən çəkinənlər, dini fundamentalizm mövzusunda da susmalıdır.  

Kult.az