Dağın o üzündən gələn ayı, yaxud səndən uzaqda

Dağın o üzündən gələn ayı, yaxud səndən uzaqda

Alice Munro 

Dağın o üzündən gələn ayı,
yaxud səndən uzaqda
 

Tərcüməçi: Sevil Gültən

( hekayə ilk dəfə 27 dekabr 1999-cu ildə işıq üzü görüb)

 Fiona valideynləriylə bir evdə  yaşayırdı.  Bu ev onun və Grantın təhsil aldığı universitetin yerləşdiyi şəhərdəydi.  Ev böyük idi, pəncərələri körfəzə açılırdı.  Granta görə bu ev həm təmtəraqlı, həm də səliqəsizdi.  Döşəməyə sərilmiş xalçalar həmişə qırışıq olardı, üstünə isti fincan qoyulmaqdan stolun müşəmbəsində halqavarı yerlər yaranmışdı. Fionanın anası İrlandiyalıydı-ağbəniz idi, saçının qabağı ağarmışdı, keçmişdə   nüfuzlu siyasətçi olmuşdu.   Təcrübəli  kardioloq olan atası  işlədiyi xəstəxananın yerləşdiyi ərazidə hörmətli şəxsiyyət sayılırdı.  O evdə olanda arvadının  qəribə "monoloquna” qulaq asar, dalğın halda gülümsünərdi. Fionanın  maşını vardı,  qarderobunda bir yığın yun  sviter olardı.  O heç vaxt qadın cəmiyyətinə qoşulmazdı, bəlkə də buna səbəb anasının uğursuz siyası fəaliyyəti idi.  Fiona bu barədə düşünməzdı,  qadın cəmiyyətləri onunçün gülməli görünürdü. Eləcə də siyasət. Düzdür, o  fonoqrafda "Dörd üsyançı general”a ,  hərdənbir də " İnternasional”a qulaq asırdı, bu vaxtlarda səs-küydən heç nə eşitmək olmurdu, evdə qonaq olsaydı bu səsdən bezərdi. Qıvrımsaçlı, qəmgin görünüşlü bir əcnəbi oğlan ona pərəstiş edirdi,  Fiona deyirdi ki, onun adı Visigothdır. Ondan başqa iki-üç  hörmətli cavan oğlan da onu sevirdi. Fiona onların hamısı ilə məzələnirdi, eləcə də Grantla. Adətən Fiona Grantın doğulduğu balaca  rayonda işlənən bir- iki ifadə işlədib onu dolayırdı.  Günəşli bir  gündə, Port Stanley çimərliyində  Fiona Granta evlənmək təklifi edəndə Grant çox təəccüblənmişdi. Qum üstündə yanaşı uzanmışdılar, qum onların sifətini dalayırdı, dalğalar da çınqılları onların ayağına tərəf itələyirdi.
Fiona  qışqırdı:
"Yoxsa elə bilirsən  zarafat edirəm? Necə bilirsən,  bizim evlənməyimiz  gülməli görünər?”- Fiona çığırdı. 
Grant onu qucağına alıb qaldırdı, " hə, razıyam”- deyib sevinclə qışqırdı. 
Grant istəyirdi ki,  həmişə onunla bir yerdə olsun, ondan uzaqda olmasın. Fiona-onun üçün həyat mənbəyi idi. 
Evdən  çıxmamışdan qabaq Fiona  mətbəxdə, döşəmənin üstündə  ləpir gördü. Bu, hər səhər  evdə geydiyi  ucuz qara ev ayaqqabısının  izi idi. 
"Elə bilirdim, ayaqqabılar iz salmağı tərgidib.” –o   heyrətlə dedi, sonra isə əsgi götürüb  döşəmədəki boz ləkəni silməyə başladı, elə bil  bu ləkə rəngli təbaşır ləkəsiydi.
Öz-özünə dedi ki, bir daha döşəmədə ayaqqabı izini sürtməyəcək, çünki bir  daha o ayaqqabıları ayağına almayacağna söz verdi. 
"İllər ərzində tam olmasa da qismən bu evi qaydaya sala bilərdim.”
O, mətbəxdəki su kranını açıb əsgini yaxaladı, qapının arxasına vurulmuş qarmağa asdı. Sonra qızılı-qəhvəyi,  boğazlı sviterinin üstündən xəz yaxalıqlı dəri jaketini və dərzidə tikdirdiyi enli şalvarını geydi. O  hündürboylu, balaca çiyinli bir qadın idi. Yetmiş yaşı olmasına baxmayaraq beli əyilməmişdi.  Səliqəli  geyinirdi.  Uzun ayaqları vardı, aram addımlarla yeriyərdi. Qulaqları  balaca idi, diqqətlə baxanda gülməli görünürdü.  Saçı süd kimi ağ idi. Hiss olunurdu ki, əvvələr sarı olub- Grant hiss etmədən saçları ağarıb. Anası kimi o da saçlarını çiyninə tökürdü. ( Grantın rayonda, həkim yanında qeydçı işləyən anası  Fionanın anasının uzun , ağ saçlarını görüb siyasət haqda anlayış əldə etmişdi.) 
 Tünd mavi gözlü, incə sümüklü Fiona heç də tamamilə anasına oxşamırdı. Onun  ağzı azacıq əyri idi,  qırmızı pomada vuranda  bu əyrilik daha da  nəzərə çarpırdı- evdən çıxmazdan əvvəl etdiyi son şey pomada çəkməkdi.. 
 Bu gün o özünə oxşayırdı- düz və anlaşılmaz, məlahətli və istehzalı.
Bir il əvvəl Grant hiss etdi ki, evin hər tərəfində bəzi yerlərə  balaca sarı kağızlar 
yapışdırılıb. Əslində bu yeni bir şey deyildi. Fiona həmişə  yaddaş üçün nəyisə yazardı- radiodan adını eşitdiyi  hansısa bir kitabın adı, gün ərzində edəcəyi işləri və başqa bu kimi şeyləri vərəqə yazıb stolun üstünə qoyardı.  Hətta onun səhər "marşrutu”  Grantın yadında əzbər qalmışdı: "Səhər saat 7- də yoqa.
 7:30-7:45- dişi fırçalamaq, üz və saç; 7:45-8:15 gəzinti. 8:15-Grant və səhər yeməyi.”
 Təzə qeydlər Granta bir az qəribə göründü. Bu dəfə balaca sarı vərəqlər  mətbəxdəki ayrı-ayrı ləvazimatların yerləşdiyi siyirmələrin üstünə yapışdırılmışdı: "Çəngəl- bıçaq, Boşqab dəsmalları, Bıçaqlar.”
Qəribədir, bunları yazmaqdansa o siyirmələri açıb baxa bilməzdi ki, orda nə qoyulub?
 Daha pis şeylər baş verirdi. Hərdən Fiona şəhərə gedirdi, şəhərdən, telefon budkasından ona zəng edib evə necə gəlməyi soruşurdu. Bəzən illər boyu getdiyi yolla tarlanın içindən keçib meşəyə gedir, amma qayıdarkən uzaq  yolla, çəpərin qırağı ilə qayıdardı. Deyirdi, dəqiq bilir ki, çəpərin qırağı ilə getsə mütləq harasa gəlib çıxacaq. 
 Bunu təsvir etmək ağırdır.  Onun yolu unudaraq çəpər qırağı ilə evə gəlməsi sanki bir zarafat idi, çünki o telefon nömrələrini heç bir çətinlik çəkmədən xatırlayırdı.
"Məncə narahat olmağa dəyməz.  Hiss edirəm ki, sadəcə mən yaddaşımı itirirəm.” - Fiona deyirdi. 
 Grant ondan yuxu dərmanı atıb-atmadığını soruşanda  belə cavab verirdi:
"Əgər bu mənəmsə  yuxu dərmanı atdığımı xatırlamıram.”
Sonra isə  belə yüngülxasiyyət olduğuna görə təəssüfləndiyini deyərdi. 
"Əminəm ki, mən heç bir həb atmıram. Bəlkə də vitamin qəbul edirəm. Ola bilsin ki, yalnız vitamin.”
 Vitaminlər ona kömək etmədi. O qapının ağzında dayanıb hara gedəcəyini götür-qoy edirdi.  Bəzən  qaz plitəsini yandırmağı unudur, ya da kofebişirənin  içinə su tökmək yadından çıxırdı. Grantdan soruşurdu ki, nə vaxtdan bəri bu evdə yaşamağa başlayıblar.
 "Biz bura bir il əvvəl köçmüşük?”- Fiona soruşardı.
"Yox. Bu iyirmi  il  bundan qabaq olub.”- Grant cavab verirdi. 
"Bu ki, dəhşətdir. Gör neçə il keçib...”- Fiona heyrətlənirdi. 

"O  həmişə bir az indiki  halında olub.”- Grant həkimə izah edirdi. 
İndi o başa düşürdü ki, Fionanın təəccübü, bəzi hallarda üzrxahlıq etməsi   nəzakət qaydalarından başqa heç nə deyilmiş.  Heç nəyə heyrət etməsə də  özünü təəccüblənmiş kimi göstərirdi. Bəzən "qaçdı-tutdu” oynayıb əmin olmaq istəyirdi ki,  Grant ona tapacaq ya yox. 
"İlk vaxtlar bu ayrı-ayrı halda büruzə verə bilər. Sonrakı halını bilmədən qərar vermək olmaz.” – həkim Granta belə demişdi. 
Az keçməmiş Fionanın xəstəliyinin adı bəlli oldu.   Grantla birlikdə  mağazaya gedən Fiona, Grant üzünü yana çevirən kimi supermarketdə yoxa çıxdı. Polis onu yolun qırağıyla  gedərkən yaxaladı.  Polis ondan adını soruşub, o da dərhal adını deyib. Sonra polis ondan baş nazirin adını soruşub. 
"Ey, cavan oğlan, sən baş nazirin adını bilməsəydin bu postu tutmazdın.” -Fioana belə deyib polisi pərt etmişdi. 
 Polis gülüb. Sonra Fiona səhv edib  polisdən Boris və Nataşanı görüb-görmədiyini  soruşub. Boris və Nataşa Rus cinsindən olan qurdbasar itlər idi.  Neçə illər əvvəl o bu itləri saxlayırdı, onların həyatının sonuna kimi vaxtını o itlərə sərf etdi. Heç vaxt uşağının olmayacağı xəbəri aldığı vaxtlarda o itləri saxlamağa başladı. Uşaqlıq borusundan biri ya kəsilmişdi, ya da əyilmişdi. Grant bu barədə dəqiq bilmirdi- o  belə şeylər haqda düşünməyi xoşlamırdı. Bəlkə də  Fiona anası öləndən sonra itləri saxlamağa başladı.  İtlərin uzun qıçları, ipək kimi tükləri, ensiz üzləri eynilə Fionanınkı kimi idi. İtləri  gəzməyə aparanda onlar bir-birinə  yaraşırdı. Həmin vaxtlarda Grant universitetdəki birinci işində işləyirdi.
( qaynanasının siyasətdəki uğursuzluğuna baxmayaraq qaynatasının puluna görə ona hər yerdə iş vardı) 
Yalnız sonralar Grant başa düşdü ki, itlər  Fionaya bənzədiyindən çox adam buna görə itlərə hörmət edib, onlara qulluq edirmiş.
Qanuna görə dekabr ayında  Meadowlake –də yerləşən Qocalar evinə heç kimi   buraxmırdılar. Bayram  günlərində  yollarda çoxlu hadisələr olurdu.  Ona görə də onlar yanvar ayında yola çıxdılar. Kənd yolunda maşın donmuş çuxura düşdü. 
Fiona bunu görüb dedi. 
"Aha,  mən bu yerləri xatırlayıram.” 
 Grant dedi:
"Mən də bu yerləri xatırladım.”
"Fərq budur ki, biz o vaxt  burada ay işığında sürüşürdük.” 
Fiona  bir vaxtlar  bura gəlib ay işığında sürüşdükləri vaxtdan danışırdı. Yalnız qışın ortalarında bu yerlərdə  xizəklə sürüşmək olardı. Onlar  şaxtadan qırılan budaqların şaqqıltısını eşidirdilər. 
Maraqlıdır, əgər o uzun illər öncə baş verənləri belə aydın xatırlayırsa, onda ciddi bir xəstəlik ola bilərmi?  Bunu düşünən Grant maşını irəli  yox, geriyə -evə tərəf sürdü.  Amma bir müddət sonra yenidən Qocalar evinə üz tutdu.



Qocalar evinin  direktoru ona başqa bir qaydanı da izah etdi.  Qocalar evinə qəbul edilmiş şəxsin yanına ilk 30 gün ərzində heç kimi buraxmırlar. Məqsəd də ora  yerləşdirilənlərin şəraitə  uyğunlaşması  idi. Bu qayda tətbiq edilməzdən əvvəl Qocalar evinin qarşısında hər gün  səs-küy olurmuş. Kimisi etiraz edir, kimisi ağlayır və sair. Ora yerləşdirildiyi ilk 3 yaxud 4 gün ərzində qocalar yalvarırmış ki, onları evə buraxsınlar. Bəzi qohumlar təzədən onları evə gətirər, məlum olarmış ki, qocalar özlərini  Qocalar evində daha rahat  hiss edirlərmiş, təzədən geri qayıtmaq istəyirlərmiş. 
Qocalar evinin  direktoru  dedi ki, ilk aylarda qocaların yanına heç kimi buraxmamaq onların xeyrinədir. 
Bir neçə il əvvəl onlar Meadowlake-ə  bir neçə dəfə getmişdilər- bir vaxtlar onların qonşusu olmuş  subay fermer Farquhara baş çəkmək üçün. O, əsrin əvvəllərində  layihə əsasında tikilmiş kərpic evdə  tək-tənha yaşayırdı. Ev illər öncə necə idisə eləcə də qalmışdı, yalnız televizor və soyuducu əlavə edilmişdi.  İndi Farquharın evinin yerində başdansovdu tikilimiş qəsrə bənzər bina ucalırdı. Həftə sonunda Torontodan bura adamlar gələrdilər. Təzə bina geniş idi, içəridə  şam iynələrinin qoxusu vardı. Zalda  iri güldanların içində əsl yaşıllıq vardı. 
 Bu da Qocalar evi. Grant Fionanı orda təsəvvür etməyə çalışdı.   Bu uzunçəkən bir ay ərzində nəhayət ki, o Fionanı gərə biləcəkdi. Bir ay ərzində ona içəri girib Fionanı yoluxmağa icazə verməsələr də o hər gün  tibb  bacısına-Kristiyə zəng edib Fionanın halını xəbər alırdı.  Hər gün eyni cavabı eşitsə də Grant dəqiq bilirdi ki, ona Fiona barədə ən səhih məlumatı yalnız Kristi verə bilər. 
Qocalar evində yaşadığı ilk birinci  həftədə Fionaya soyuq olmuşdu. Bu təzə gələnlər üçün adi bir hal idi. 
"Onların burdakı halı ilk dəfə məktəbə gedən uşaqların halıyla müqayisə oluna bilər. İlk vaxtlar onlar yeni "mikroblar” a yoluxurlar, sonra isə istənilən növ
  "mikrob”  u asanlıqla qəbul edirlər”- Kristi belə deyirdi. 
 Sonra Fionanın soyuqdəyməsi sağaldı. Antibiotiklərlə müalicə olundu. Sonrakı günlərdə ilk dəfə gəldiyi gündə olan həyəcanı yoxa çıxdı. Onun iştahası yaxşı idi,   günəş otağında oturmaqdan həzz alırdı . Kristi onu da dedi ki, hətta Fiona özünə orda dost da tapıb. 
Grant Kristiyə tapşırmışdı ki, Fionaya  zəng gələndə ona telefonu açmağa icazə versinlər. Onların ünsiyyətdə olduğu adamların çoxu təqaüdə çıxanlar idi. Onlar elə bilirdilər ki, Fiona və Grant harasa istirahətə gediblər. 
Grant evin arxasında olan geniş tarlada istədiyi  qədər xizəkdə sürüşdü, günəş batanda, səmanı  qırmızı rəngə boyayandan sonra  evə qayıtdı. Televizoru  açıb özünə şam yeməyi hazırlamağa başladı. Adətən onlar şam yeməyini birlikdə hazırlayardılar. Biri qaz plitəsini  yandırar, o biri içmək üçün nəsə hazır edirdi.  Çox  vaxt onlar Grantın işi  ( o əfsanəvi Norse canavarları barədə elmi iş yazırdı, xüsusilə də dünyanın sonunda Odini udan nəhəng canavar Fenrir haqqında tədqiqat aparırdı) eləcə də Fionanın oxuduğu kitab barədə,  ayrı keçirdikləri gün ərzində nələr düşündüklərini bir-biri ilə bölüşərdilər. Bu, onların ən gözəl yaxınlığı olardı. Əlbətə, yatağa girəndən sonra beş -on dəqiqəlik fiziki yaxınlıq da olardı; düzdür, bu yaxınlıq həmişə sevişməklə sona çatmasa da onların hər ikisini sakitləşdirirdi.
Yuxuda o kolleqalarından birinə hansısa bir məktubu göstərmişdi. Məktub onun uzun illər xatırlamadığı bir qızın otaq yoldaşından idi. O, həmin qızla dostcasına ayrılmışdı. Həmin vaxt qız dava-dalaş salıb demişdi ki, özünə sui-qəsd edəcək. İndi yuxuda görürdü ki,  həmin qızın otaq yoldaşı qızın  özünü  necə öldürməyini xırdalıqlarına qədər ona yazıb. 
O, kolleqasını özünə yaxın bilib məktubu ona göstərmişdi. Onun bu kolleqası arvadına azacıq hirslənən kimi, qalstukunu çıxarıb tullayan,  onu ovsunlayan bir qadınla  döşəksiz döşəmədə qucaqlaşıb yatan kişilərdən idi-  bu qadın onların  ofisinə gələn qadınlardan olardı- hər gün biriylə yatan, siqaret, tiryək qoxuyan bir qadın. Ancaq indi Grantın  ona göstərdiyi məktubu görüb  özünü keçmişdə etdiklərindən xəbərsiz biri kimi göstərdi:
"Mən sənin kimi buna gülməyəcəm.” – o Granta dedi. Halbuki Grant gülmürdü.
Sonra isə əlavə etmişdi:
"Sənin yerinə olsaydım Fionanı bu xəbərə hazırlayardım.”
  Grant  yuxuda gördü ki, kolleqasının məsləhətindən sonra  Fionanı görmək üçün Qocalar evinə gedir. Amma çaşıb mühazirə otağına girir. Otaqda hamı onun içəri girib mühazirəyə başlamasını gözləyirdi. Axırıncı sırada  qara mantiya ( plaş şəklində qolsuz uzun üst geyimi) geyinmiş bir dəstə qadın oturub. Hamısı yas içində idi. Onlar Grantın dediyi mühazirəni yazmırdılar, eləcə gözlərini ona zilləmişdilər.
 Fiona isə ilk cərgədə oturmuşdu. Narahat deyildi, belə dedi: 
"Tfu, buna bir bax! Bu yaşda qızlar haqqında həmişə onların sevgidən dəli olub özlərini öldürməsi barədə xəbər dolaşır.”
 Grant birtəhər özünü yuxunun təsirindən çıxartdı, həb qəbul etdi, nəyin real nəyin yuxu olmasını ayırd etməyə başladı. 
  Bir vaxtlar onun  iş yerindəki kabinetinin üstünə "qorxaq” yazmışdılar. Ona məktub da yazıb qoymuşdular.  O Fionaya deyəndə ki, bir qız ona vurulub, buna görə özünü öldürmək istəyir, Fiona elə yuxuda ona dediyi sözləri demişdi. Kolleqası məktubda yazılanlara inanmamışdı, sonda heç  bir qız  da özünə sui-qəsd etməmişdi.  Bir sözlə, Grant rüsvay olmamışdı. Ancaq ona münasibət dəyişmişdi, ona qarşı laqeyd münasibət özünü büruzə vermişdi.  Həmin il Milad bayramında onlara daha az dəvətnamə göndərmişdilər və Yeni ili də ikilikdə keçirmişdilər. Onda Grant çox içmişdi, heç bir tövbə etmədən Fionaya bundan sonra  yeni bir həyat vəd etmişdi. 
 Hələ bu vaxta qədər qadın düşkünlərindən heç birinin başına belə hadisə gəlməmişdi. ( düzdür, o özünü heç də qadın düşkünü hesab etmirdi. Yuxuda onu danlayan kolleqası kimi nailiyyətləri yox idi) O, çox vaxt qadın qüruruna hörmət etmişdi.  Əgər belə olmasaydı indi özünü mənliyinə xəyanət etmiş insan kimi hiss edərdi. O ki qaldı  Fionanı aldatmağa- əlbəttə, aldadıb . Amma o başqaları kimi arvadını atıb heç yana getməyib. Heç belə şeyi ağlına da gətirməyib. O,  Fionanı həmişə sevib. Bircə gecə  ondan ayrı gecələməyib. San -Fransiskoda ya da Manitoulin adasında çadırda  gecələmək üçün özündən yalan uydurmayıb. 

Grant içkidən və narkotikadan uzaq olmuşdu,  qəzetlərdə məqalələrini çap etdirər, müxtəlif cəmiyyətlərə  qoşular, bir sözlə, öz karyerasını inkişaf etdirməklə məşğul olardı.  O heç vaxt işini  tərk etmək,  evlilik həyatına son  qoymaq barədə düşünməyib. 
 Ancaq lap sonralar buna bənzər hallar olmuşdu. O vaxtından əvvəl təqaüdə çıxmışdı- çox az təqaüdlə. Fionanın atası böyük evində neçə il tək yaşayandan 
( arvadı ondan qabaq ölmüşdü) sonra dünyasını dəyişdi.   Həm atasının böyük mülki həm də Georgian körfəzinin yaxınlığındakı kənddə  atasının  böyüyüb boya-başa çatdığı kənd evi Fionaya miras qaldı. 
 Bu, artıq təzə həyat idi. Grant və Fiona bütün günü evdə idilər. Onlar xizək aldılar. Əslində onlar  ünsiyyətcil adam deyildilər, ancaq tədricən özlərinə dost tapdılar. Onların dostluq etdiyi adamların arasnda xüsusi niyyəti olanlar, nahar məclislərində  ayaq barmağını kişilərin şalvarının ətəyinə sürtən qadınlar yox idi. 
O vaxt Grantdan ötrü dəli-divanə olan qızlar onu vaxtında itələyib o mühitdən çıxarmışdı.  Bundan sonra  Fiona onun qismətinə çıxmışdı. 
Həmin  gün Qocalar evinə, bir aylıq fasilədən sonra Fionanı görməyə gedəndə Grant səhər tezdən yuxudan durdu.  O özünü keçmişdə  hansısa qadınla ilk dəfə görüşə getdiyi kimi hiss edirdi. Yox, bu hiss seksual duyğu deyildi. ( Ancaq sonralar qadınlarla görüş adı hala çevriləndə bu hiss seksual hissə çevrilirdi) 
O, Fionanı yenidən kəşf etmək, mənəvi baxımdan yenidən tanımaq istəyirdi. Eləcə də, onun içində həyəcan, qorxu, cəsarətsizlik vardı.
  Hava mülayim idi. Qarın çoxu hələ tam əriməmişdi. Amma qışın gözqamaşdırıcı gözəl mənzərəsi yavaş-yavaş yoxa çıxırdı. Gün şüası altında  ağaran qar topaları sanki həmin gözəl mənzərənin qalıqları idi. Meadowlake-in yaxınlığında yerləşən rayonda Grant axtarıb  gül mağazası  tapdı, bir buket gül aldı. Əvvələr o heç vaxt Fionaya gül, eləcə də başqa bir hədiyyə almamışdı.  Qocalar evinin binasına daxil olanda özünü  filmlərdə gördüyü ümidsiz və günahkar kişilərə bənzətdi.
"Aha, nərgizlər  gözəldir! Yəqin var -dövlətinizi xərcləmisiniz bu güllərə.” – Kristi dedi.
  Kristi   geniş zalda onun qabağına düşüb irəlilədi, bir balaca otağa girib güldan axtardı, tapa bilmədi.  O, kök cavan bir qadın idi, ona baxanda adama elə gəlirdi ki,  saçından başqa bədəninin heç bir yerinə diqqət yetirmir. Gur sarı  rəngli saçı vardı. Saç stili ya saçını quyruq kimi bağlayan ofsiyant qızın ya da striptris göstərən qadının saçına bənzəyirdi -belə ağır iş günündən sonra. 
"Ordadır...”- o başı ilə zalın aşağısındakı qapıya işarə edib əlavə etdi: 
"Adlar qapının üstündə yazılıb.”
  Həqiqətən də adlar lövhəciyə yazılıb qapıların üstündən asılmışdı. Adların ətrafı qaratoyuq şəkli ilə bəzənmişdi. Grant əvvəlcə  götür-qoy etdi ki, qapını döysün ya yox. Nəhayət, qərara gəlib qapını döydü, sonra səs eşitməyib qapını açdı, Fionanı çağırdı. 
Fiona otaqda yox idi. Şkafın qapısı bağlı idi,  çarpayı örtüyü səliqəylə çarpayının üstünə sərilmişdi. Çarpayının yanındakı balaca tumboçkanın üstündə bir ədəd Kleenex və bir stəkan sudan başqa heç nə yox idi. Əlavə heç nə- nə bir şəkil, nə foto, nə  bir jurnal nə də  kitab. 
Grant tibb bacılarının otağına getdi. Kristiyə dedi ki, Fiona otaqda yoxdur. 
"Otağında yoxdur?”-  Kristi elə dedi ki, Grant onun səmimiliyinə inanmadı. O,  gülləri əlində tutaraq bir anlıq duruxdu. Kristi dedi:
"Ok. Ok. Gəl buketi bura qoyaq!” 
 Sonra isə ah çəkib Grantın qabağına düşdü. Sanki Grant ilk dəfə məktəbə gələn dərsə gecikmiş bir uşaq idi. Kristi  onu zal tərəfdəki geniş bir yerə apardı. Adama elə gəlirdi ki, bu yer iclas keçirmək üçündür. Pəncərədən gün işığı içəri düşürdü. Qocaların bəziləri  divar boyunca düzülmüş  stullarda, bəziləri xalça döşənmiş döşəmənin ortasında qoyulmuş stolların ətrafında oturmuşdular. Onların heç biri pis əhvalda olana oxşamırdı. Bəziləri elə qocaydı ki, onların əlil arabasına ehtiyacı vardı. Bir vaxtlar Grantla Fiona cənab Farquhara  baş çəkmək üçün bura gələndə qocaların sifətində dilxorçuluq, əsəbilik ifadəsi vardı. O vaxt çənələrində tük  olan qoca qarılar,  çürümüş gavalıya bənzər domba gözlü hansısa qoca gözlərini onlara zilləmişdilər. Burnunun seliyini baş yaylığı ilə silən  qoca qarılar gözlərini onların ağzına zilləyiib nə deyəcəklərini gözləyirdilər. Həmin vaxtdan çox keçməsə də Granta elə gəldi ki, sanki burdakı pis halların hamısını alaq otu kimi kökündən çıxarıb atıblar. 
"Onu görürsən? Sən sakitcə ona yaxınlaşıb salamlaş, çalış ki, ona qəfil yanaşıb qorxutmayasan. ”- Kristi yumşaq səslə dedi. 
 Grant Fionanı yan tərəfdən gördü, o  stulunu kart stollarından birinə daha yaxın çəkib oturmuşdu. Üzü azca şişkin görünürdü,  bir yanağının aşağısındakı şişkinlik ağzının bir tərəfini gizləyirdi, əvvəllər belə deyildi. O, özü  kart oynamırdı, bir kişinin  oyununu izləyirdi. Kişi kartları çevirəndə elə tuturdu ki, Fiona onu görə bilirdi. Grant stola yaxınlaşanda Fiona başını qaldırdı. Onu görüb oradakı oyunçuların  hamısı  çevrilib narazılıqla ona baxdılar. Sonra isə üzlərini stollarına çevirdilər, sanki vaxtsız müdaxiləni dəf etmk istəyirdilər.
Fiona onu görüb ayağa qalxdı,  utancaq, dilxor halda  gülümsədi. 
"Sus, sakit! Onlar oyunda hədsiz ciddidirlər.  Kimsə müdaxilə edəndə quduz itə dönürlər.”-o əlini dodağının üstünə qoyub yavaşca dedi. 
Bunu deyib Fiona söhbət edə-edə onu kofe stoluna tərəf  dartdı:
"Mən yalnız kollecdə oxuyanda belə ciddi kart oynamışam. Dostlarımla dərsdən qaçıb istirahət otağına gedərdik, siqaret çəkə-çəkə lap əsl qumarbazlar kimi oynayardq. Sənə nəsə gətirim? Çay istəyirsən? Bura az hallarda kofe gətirirlər.”
 Grant heç vaxt çay içmirdi.  O qolunu Fionanın boynuna dolamadı. Onun səsi, təbəssümü əvvəlki kimi ona doğma, tanış idi- amma sanki o oyunçuları Grantdan qoruyurdu, yaxud da  onu  oyunçuların narazılığndan müdafiə edirdi. 
"Sənə bir neçə gül gətirmişəm, fikirləşdim ki, güllər sənin otağını daha gözəl göstərəcək. Yeri gəlmişkən,  sənin otağına da getmişdim.”- Grant dedi. 
"Yox mən otaqda deyiləm. Burdayam” – Fiona dedi.
"Sən burda özünə dost tapmısan.”- Grant bunu deyib başı ilə  stol arxasında oturub kart oynayan kişiyə işarə etdi. Həmin vaxt həmin kişi də başını qaldırıb Fionaya baxdı, Fiona da ona tərəf çevrildi, kim bilir, bəlkə Fiona  Grantın o kişi barədə dediyi sözə görə ya da kişinin ona baxdığını hiss etdiyi üçün döndü.  
"O, Aubreydir. Maraqlısı odur ki ,  onu neçə illər qabaq  tanıyırdım. O, məktəbli olanda yay tətilində mağazada işləyirdi- atamın alış-veriş etdiyi dəmir məmulatı mağazasında.  Biz onunla zarafatlaşardıq, bilirdim ki, mənə meyli var, amma atamın qorxusundan cəsarət edib ürəyini mənə açmadı . Bir dəfə o  məni beysbol oynamağa apardı. Atam bundan xəbər tutdu, məni evə apardı. Bu yay aylarında olurdu. Mən fermada yaşayan nənə-babamın yanına gedirdim tətildə.”
"Fiona! Bilirəm sənin nənə -baban harda yaşayıb- biz indi o evdə yaşayrıq axı!”- Grant dedi. 
"Doğrudan?”- Fiona təəccübləndi. 
Amma hiss olunurdu ki, Fionanın diqqəti Grantda deyil, çünki Aubrey ona baxırdı, artıq onun baxışlarında bir xahiş yox, əmr vardı. Aubrey elə təxminən Grant yaşda ya da ondan az yaşlı idi. Qalın, daranmamış saçı alnına tökülmüşdü,  dərisi solğun, bir vaxtlar ağ olub sonra köhnəlmiş əlcək kimi sarı idi.  Usunsov sifətində məğrur bir ifadə vardı. Nədənsə Grant onu güclü, qəmli görkəmli qocalmış ata bənzətdi. Ancaq Fionanı görəndə o qəmli görünmürdü. 
"Yaxşı olar ki, mən gedim.” - Fiona dedi.
Onun azacıq şişmiş sifəti qızardı, danışmağa başladı:
"O düşünür ki, onun stolu arxasnda oturmasam o heç vaxt oynaya bilməz.   Bu axmaqlıqdır, mən heç oynamağı da bacarmıram. İndi sənin yanından getsəm  tək darıxmayacaqsan ki? Bəlkə də bu sənə təəccüblü görünür, amma oynamağa başlayanda adam  oyuna aludə olur. Arxayın ol, sən getdikcə hamıya öyrəşəcəksən.”
Bunu deyib Fiona öz stuluna tərəf   "sürüşdü”, Aubreyə  tərəf əyilib onun qulağına nəsə dedi. Barmaqlarını onun əlinin arxasına şappıldatdı.
Grant Kristini axtarmağa getdi,  onunla zalda rastlaşdı. O, içində alma, üzüm şirəsi bardaqları  olan arabanı itələyirdi. 
"Hə, nə oldu? Onu gördün?”- Kristi soruşdu.
 Grant dedi:
"Heç o mənim  kim olduğumu da bilmir. Görəsən o məni tanımır?”
Grant heç özü də bu sualın cavabını dəqiq bilmirdi. Düşünürdü ki, bəlkə  Fiona onunla zarafat edirmiş. O, özünə oxşamırdı. Sonda o onunla elə danışdı ki, sanki o da Qocalar evinin yeni sakinidir.  Bəlkə bunlar hamısı zarafatdır?
Kristi dedi:
"Sən onu yaman yerdə yaxaladın, oyuna aludə olduqları vaxtda.” 
"O oynamırdı”- Grant dedi.
"Düzdür, ancaq onun dostu  Aubrey  oynayırdı.”
"Yaxşı, bu Aubrey kimdir ki?”- Grant soruşdu.
"Aubrey elə Aubreydir, onun dostu. Şirə içirsən?”- Kristi  dedi.
 Grant başını buladı.
"Bir baxın, onlar bir-birinə isinişiblər. Bu hal bir müddət davam edir. Burda yaşayanların həyatında bu bir mərhələdir.”
"Necə bilirsən, Fiona həqiqətən də mənim kim olduğumu bilmir?”- Grant soruşdu. 
"Ola bilsin ki, yox, bilmir. Təkcə bu gün yox. Sabah deyə bilər ki, səni heç vaxt görməyib. Sən indi bunu ciddi qəbul etmirsən. Çalışın ki, gündən -günə bu hala öyrəşəsiniz.”
Gündən -günə!  Ancaq Fionanın halı nə yaxşı nə də pis mənada dəyişmədi. Grant isə buna öyrəşə bilmirdi.   Qocalar evinə gəlib-getdikcə Granta  elə gəlirdi  ki,  Fiona ona öyrəşib-  amma bu  daima gəlib ona baş çəkən inadcıl bir pərəstişkara olan öyrəşmə kimi idi- o, bunun qarşısını ala bilmirdi. Fiona onunla elə  söhbət edirdi ki, Grant ona sual verə bilmirdi. Sual verə bilmirdi ki, o Grantı- əlli il onun əri olmuş bir kişini  tanıyır ya yox. Grant düşünürdü ki, əgər o bu sualı ona versə Fiona utanacaq- amma özü üçün yox, onun üçün. 
Kristi dedi ki, Aubrey fermerlərə alaqtəmizləyən satan bir şirkətin yerli nümayəndəsi olub. O hələ təqaüdə çıxmazdan əvvəl qeyri-adı zədə alıb, bundan əziyyət çəkib. Arvadından başqa heç kim onun qeydinə qalmır.  Arvadı ona bura  az müddətə, müvəqqəti gətirib ki, özü az da olsa istirahət etsin- bacısı ona Floridaya getməyi təklif edib. 
"Bir bax, o qədər əziyyət çəkib, indi istirahət  etməyə haqqı var.  Dünyada onun kimisi yoxdur. Təsəvvür edin, onlar nə vaxtsa birlikdə bir yerə gediblər. Orda taxtabiti, ya da hansısa həşərat onu sancıb, bundan sonra onun qızdırması dəhşətli dərəcədə qalxıb. Bu da komaya səbəb olub, komadan sonrakı halını da gördünüz.”- Kristi Aubrey barədə danışırdı. 
 Günortalar Fiona və Aubrey cütlüyü kart stolunun arxasında olardılar. Aubreyin iri, qalın barmaqları vardı. Onunçün kartları qarışdırmaq çox çətin idi.  Fiona kartları onun əvəzindən qarışdırıb paylayırdı. Hərdən də Aubreyin əlindən sürüşən kartları  götürüb stolun üstünə qoyurdu. Grant bir kənarda dayanıb Fionanın etdiyi gedişlərə,  üzrxahlıq xarakterli gülüşünə göz qoyurdu. Fionanın saçı Aubreyin yanağına toxunanda Aubrey  ciddi bir ər kimi qaşqabağını turşudar, tərs-tərs Fionaya baxırdı. Fiona stola daha da yaxın gələndə Aubrey ona etinasiz yanaşırdı. 
  Bununla belə, Fiona Grantın üzünə gülümsəyirdi, onunla salamlaşırdı, onu görəndə stulunu geri itələyib çay təklif edirdi- sanki o  artıq qəbul etmişdi ki,  Grant məhz burda olmalıdır.  Fiona ona yaxınlaşanda Aubrey ona düşmən kimi baxırdı. Kartı bilə-bilə əlindən yerə atırdı, Fiona da cəld qaçıb kartları yerdən yığırdı. 
 Fiona və Aubrey kart stolu arxasında olmayanda zalda gəzirdilər- Aubrey bir əli ilə  pilləkənin sürahisindən,  o biri əli ilə Fionanın qolundan tuturdu. Tibb bacıları deyirdilər ki, Fionanın  köməyilə Aubrey  daha əlil arabasında gəzmir. Onlar bunu möcüzə adlandırırdılar. Ancaq çox az hallarda -uzun gəzinti zamanı Aubrey əlil arabasından istifadə edirdi. Uzunmüddətli  gəzinti binanın qurtaracağında yerləşən yaşıllığa ya da televizor otağına olardı. 
Yaşıllıqda cütlük tropik ağaclarına bənzər qollu-budaqlı ağacların altında   oturardı- Aubrey əlil arabasında olardı. Bir dəfə təsadüfən Grant da yaşıllığın yanında dayanmışdı, onların söhbətinə qulaq asırdı.  Yarpaqların xışıltısı mane olsa da Grant çətinliklə də olsa Fionanın pıçıltısını  eşidə bilirdi.  Hərdən Fiona  qəhqəhə çəkirdi. Aubrey  pis də olsa danışa bilirdi, bu dəfə onun səsi həmişə olduğundan fərqli idi. Grant onun  səsini eşitdi, Fionaya deyirdi:
"Ehtiyatlı ol. O ordadır. Mənim sevgilim.” 
Grant çalışdı ki, Qocalar evinə olan səfərlərinin sayını azaltsın. İndi o çərşənbə və şənbə günlərində ora gəliirdi. Şənbə günləri çox adam gəlirdi. Adamlar dəstəylə gəlirdilər. Amma Aubreyi görməyə heç kim gəlmirdi- nə uşaqları nə də nəvələri. Həmin günlərdə Aubrey və Fiona kart oynamırdılar çünki stollardan dondurma məclisi üçün istifadə edirdilər.  Şənbə  günlərində  onlar bu qarmaqarışıqlıqdan uzaq dururdular.  Adamlar çox olduğundan yaşıllığa getmirdilər- "mərhəm” söhbət üçün yaxşı düşməzdi. Əlbətə, onların "məhrəm” söhbətləri Fionanın  otağında, bağlı qapı arxasında davam edirdi. Grant onun otağının qapısını bağlı görəndə qapını döyə bilmirdi, bir neçə dəfə qapı bağlı olanda o gözünü qapının üstündə ad yazılmış lövhəyə zilləyib bir müddət dayanmışdı. 
Ya da onlar Aubreyin otağına gedirdilər. Grant Aubreyin otağının harda olduğunu bilmirdi. Onun otağını tapmaq istəyəndə daha yeni yerlər, oturmaq üçün boş yerlər, enişlər "kəşf” etdi, az qala itmişdi.   Bir çərşənbə günündə Grant pəncərədən həyətə baxanda gördü ki, Fiona əlil arabasında oturmuş Aubreyi   qardan və buzdan təmizlənmiş cığırla o baş bu başa aparır. O başına gülməli yun şlyapa qoymuşdu, mavi, bənövşəyi  bağları  olan jaket geymişdi.  Grant  bu cür paltarı supermarketdə yerli qadınların əynində görmüşdü. Belə məlum oldu ki, Qocalar evində eyni ölçüyə malik qadınlar bir-birinin paltarlarını geyə bilirdilər, öz paltarlarını tanımırdılar. Fionanın saçını da kəsib qısaltmışdılar. 
Çərşənbə günü, hər şey  bir az  normal olurdu, kart oyunları əvvəlki qaydada davam edirdi. Əl işi otağnda qadınlar ipək parçalardan gül yaxud  gəlincik düzəldəndə Aubrey və Fiona yenidən "hadisə yerində”, yəni kart stolunun arxasında olardılar. Bir çərşənbə günündə Grant ona qısa, səmimi bir sual verdi:
"Onlar sənin saçını niyə kəsiblər?”
Fiona əlini başına aparıb saçına sürtdü, gödək saçına diqqət yetirib Grantın sözünün həqiqiliyini yoxlamaq istədi. 
"Nə eybi var. Mən heç vaxt saçımçun darıxmıram.” –dedi.
Grant ilk dəfə Anqlosaks (qədim ingilis ədəbiyyatı) və Skandinav ədəbiyyatından mühazirə söyləyəndə onun  dərslərində müntəzəm olaraq tələbələr iştirak edirdilər. Ancaq bir neçə ildən sonra o dəyişiklik hiss etdi. Universiteti bitirəndən sonra ailə qurmuş xanımlar da mühazirələrə davam edirdilər. Onların məqsədi daha yaxşı iş tapmaq üçün təkmilləşmək yox, sadəcə gündəlik işlərdən, hobbilərindən başqa daha maraqlı şeylər barədə düşünmək idi. Bir sözlə, həyatlarını zənginləşdirmək istəyirdilər.   Onlara elə gəlirdi ki, onları biliklə zənginləşdirən kişilər özləri də bu zənginliyin bir parçasıdır, bu cür mühaizirə deyən kişilər onlara daha sirli görünürdü, onlara görə bu cür kişilər hər  gün yeməyini hazırladıqları və gecələr bir yerdə yatdıqları kişilərlə müqayisədə daha çox arzuolunan idilər.  
Grantın mühazirələrinə davam edənlərin çoxu sözsüz ki, Skandinaviya əsilli idilər, yaxud da onların bəziləri tarixi romanlardan ya da Vaqnerdən Norse mifologiyası barədə öyrənmişdilər. Onların arasında  bəziləri düşünürdü ki, o Kelt dilini tədris edir. Onlara görə Kelt dilinin mistik bir cazibəsi vardı. O bu cür dinləyicilərlə ədalətli həm də bir az kobud danışdı: 
"Əgər siz yaxşı bir dil öyrənmək istəyirsinizsə gedib İspan dilini  öyrənin. Onda siz Meksikaya gedəsi olsanız bu dildən istifadə edə bilərsiniz.”
Bəziləri onun xəbərdarlığından sonra daha gəlmədilər. Bəziləri isə onun  ərklə dediyi sözlərdən kövrəldilər. Onlar könüllü şəkildə mühazirələrə davam etdilər və onun ofisinə, tənzimlənmiş ortabab həyatına yeni bir təravət bəxş etdilər. 
Grant onların arasından Jacqui Adams adlı bir qadına üstünlük verdi. Onun əlamətləri Fionanın əksinə idi: balacaboy, yumrusifət, hədsiz coşqun, gəlmə bir qadın idi. Onların macərası təxminən bir il, onun əri başqa ölkəyə göndərilənə qədər  davam etdi. Onlar qadının maşınının içində bir -biri ilə xudafizləşəndə  qəflətən qadının halı pisləşdi. Az qaldı ki, ürəyi getsin. O gedəndən sonra Granta bir neçə dəfə məktub yazdı, məktublarda daha  dözə bilmədiyini yazırdı, ona görə də Grant ona nə cavab yazacağını bilmirdi.  Məktublara cavab vermədi,  gözlənilmədən  cavan, az qala Jacquinin qızı yaşda olan bir qızla yeni macəraya başladı. 
Jacqui ilə əlaqələri olan vaxtda daha bir hadisə baş vermişdi. Gənc, uzunsaçlı,  yüngül sandal geymiş qızlar onun və başqalarının otağına gəlib-gedirdilər- onlar görkəmləri ilə sanki seksə tam hazır olduqlarını " bəyan” edirdilər.  Jacqui ilə olan intim  yanaşmalar, ehtiyatla toxunmalar həmin qızlarla da təkrar oldu. Sanki  tufan qopub həm ona həm də bəzi müəllimlərə zərbə vurdu.  Söz-söhbət böyüdü, nəticə çox da pis olmadı.  Onlara qarşı təzyiqlər oldu, bəziləri işdən çıxarıldı. İşdən qovulanlar balaca kolleclərdə, ya da Sərbəst Öyrənmə Mərkəzlərində dərs deməyə getdilər, bəzilərinin arvadları sarsılıb  ərlərini  yoldan çıxaran qızlar kimi geyinməyə başladılar. Artıq qabaqcadan təyin olunmuş  tədbirlər sanki minalanmış bir sahə idi.  Sanki epidemiya yayılmışdı- İspan qripi kimi. 
Əlbəttə, burda şişirtmələr də vardı. Grant sərhədləri keçmədi.  Grantın  hiss etdiyi o oldu ki, onun həyatı əvvəlkindən daha yaxşı oldu. O indi  pilləkənləri iki -iki "çıxmağı” öyrəndi. 
Az qala səsi batmış olan qaynanası ilə  cansıxıcı söhbətdən sonra  ( onun boğazında xərçəng xəstəliyi vardı) auditoriyaya girib möhtəşəm və faciə ilə dolu İrlandiya qəsidsi ( ode) deyirdi.  Bu qəsidə Kral  Erik Bloodaxenin sonralar ölümə məhkum etdiyi bir şair tərəfindən yazılmışdı. 
Fiona heç vaxt İrlandiya dilini öyrənmədi, heç vaxt da bu dildə yazılmış nağıllara maraq göstərmirdi; Grantın tələbələrə öyrətdiyi və tədqiq etdiyi nağıllar və əfsanələr ona maraqsız görünürdü. Fiona həmin nağılların qəhrəmanına " Qoca Njal” ya da "Qoca  Snorri” deyirdi. Ancaq son illər o ölkə tarixinə maraq göstərirdi,  İrlandiya  ilə bağlı bukletlərə baxırdı.  Vilyam Morrisin və Audenin səyahətləri barədə kitablar oxuyurdu. Əslində  o ora səyahət etməyi planlaşdırmırdı, deyirdi ki, hər bir adamın ən azı bir ölkə barədə məlumatı olmalıdır, ora getməyin həsrətini çəkməlidir. 
Buna baxmayaraq  növbəti dəfə Grant Qocalar evinə gedəndə Fionaya bir kitab apardı. Bu kitab 19-cu əsrdə  İslandiyaya səyahət etmiş bir qadının sulu boya ilə çəkdiyi şəkillərdən ibarət idi.  Çərşənbə günü Grant kart stolları olan zalda Fionanı axtarmağa getdi. Bir qadın onu çağırıb dedi ki, Fiona orda yoxdur, xəstələnib, otaqdadır. 
Həmin qadının səsində qəribə bir təkəbbür və həyəcan vardı- özündən razıydı , sevinirdi ki, Grantın onun haqqında heç bir məlumatı olmasına baxmayaraq  o Grantı görən kimi tanıyıb. Həm də ola bilsin ki, o qadın düşünürdü ki, Fionanın Qocalar evindəki həyatı barədə Grantın bildiyindən də çox bilir. 
"O, orda deyil.” – həmin qadın dedi. 
Grant Kristini- onunla danışmağa elə də çox vaxtı olmayan Kristini axtarmağa  getdi.  Grant Kristini tapdı- o,  ağlayan bir qadınla söhbət edirdfi. Hiss olunurdu ki. o qadın Qocalar evinə təzə gəlib. 
 Grant Kristidən soruşdu ki, Fionaya  nə olub. Kristi dedi:
"Heç bir ciddi şey yoxdur. O bir gündür ki, yataqdadır, ona heç nə olmayıb, sadəcə bir az dilxordur.”
Fiona çarpayısında düppədüz uzanmışdı. Grant bu otaqda bir neçə dəfə olmasına baxmayaraq  hiss etməmişdi ki, otaqdakı xəstəxana çarpayısıdır. Fiona ,  adətən cavan qızların geydiyi boğazlı  bir xalat geyinmişdi, sifəti sapsarı idi. 
Aubrey əlil arabasında Fionanın  çarpayısının yanında idi, arabasını elə itələmişdi ki, az qala çarpayıya bitişmişdi. Bu dəfə o həmişə geydiyi, bir-birindən  fərqlənməyən   yaxasıaçıq köynək  əvəzinə pencək geyib qalstuk bağlamışdı. Onun səliqəli tvit  şlyapası Fionanın çarpayısının üstündə idi. Sanki o vacib bir biznes görüşünə gəlmişdi. 
 O nə etsə də hiss olunurdu ki, paltarları köhnədir. Onun da sifəti bomboz idi. 
Onların hər ikisi Grantı görən kimi başlarını qaldırıb,  üzlərində kədər dolu ifadə ona baxdılar. Görəndə ki, içəri girən Grantdır, üzlərində narazılıq ifadəsi  yarandı. Görəsən onlar  Grantın kim olduğunu bilirdilərmi? Onlar bir-birinin əlindən tutmuşdular. Grantı görəndə əllərini çəkmədilər. 
Aubreyin şlyapası çarpayının üstündə idi.  Kostyum geyinib qalstuk taxmışdı.  
Bu, Grantın həmişə  gördüyü Aubrey deyildi sanki.  Grantı düşündürən Aubreyin Fionanın otağına gəlməzdən əvvəl  harada olması  deyildi,  düşünürdü ki, görəsən  o hara getməyə hazırlaşır.
Grant gətirdiyi kitabı Fionanın çarpayısının yanındakı tumboçkann üstünə qoyub dedi:
"Bu kitab İslandiya haqqındadır. Düşündüm ki, bu kitaba baxmaq səninçün maraqlı olar.” 
"Sağ ol, təşəkkür edirəm” – Fiona belə deyib gözünün  ucuyla da kitaba baxmadı. 
"İslandiya barəsindədir”- Grant təkrar etdi. 
Fiona da təkrar etdi:
"İslandiya.” 
Sözün birinci hecasnda azacıq maraq vardı, ikinci hecasında isə həmin maraq bir az azaldı. 
O diqqətini əlini onun əlindən dartıb çıxaran Aubreyə yönəltdi. 
"Nə olub? Bu nədir?”- Fiona Aubreyə baxıb dedi. 
"Ürəyim, canım, bu nədir?”- Fiona onu sakitləşdirməyə çalışırdı. 
Grant heç vaxt Fionanın dilindən "canım, ürəyim” ifadəsini eşitməmişdi. 
"Aha, burdadır”- bunu deyib o  tumboçkanın üstündən dəsmal götürdü. 
Aubrey ağlamağa başlamışdı. 
"Burdadır...burdadır.”  -bunu deyib o Aubreyin yanağını sildi, düzdür, elə bərk sildi ki, Aubreyin yanağını sürtüb qızartdı. Onun bir az sakitləşdiyini görüb Fiona Granta tərəf döndü:
"Təsadüfən  buranın direktoru ilə tanışlığınız yoxdur ki? Sizin sözünüz onların yanında keçərli ola bilər.  Axı mən bir neçə dəfə sizin  onlarla söhbət etdiyinizi görmüşəm.”
Aubrey onun sözlərinə  etiraz etdi. Sonra isə onun  başı bədəninə tərəf elə düşdü  sanki o özünü onun çarpayısına atmaq istəyirdi. Fiona  cəld çarpayıdan düşüb onu tutdu. Grantın da Aubreyə kömək etməsi düz olmazdı. 
"Sakit ol, canım-ciyərim, sakit ol! Biz yenə də bir -birimizi görəcəyik.  Biz  görəcəyik bir -birmizi. Mən gedib səni görəcəm. Sən də gəlib məni görəcəksən.” 
Aubrey başını  Fionanın sinəsinə qoyub sanki  Fiona kimi səslər  çıxarmağa çalışırdı. Grant otaqdan çıxmaqdan başqa çıxış yolu tapmadı. 
Grant gedib Kristini tapdı. Kristi öz -özünə gileylənirdi:
"Kaş onun arvadı tez gəlib onu burdan aparaydı. Kaş o tez gəlib mənim əzab-əziyyətimə son qoyaydı. Ona görə biz şam yeməyini gecikdirmişik. Mən onları yemək yeməyə necə məcbur edəcəm?”
Grant  soruşdu:
"Mən gedimmi?”
"Get, özünüz də gördünüz ki, o xəstə deyil.” 
"Aubrey gedəndən sonra ona yoldaşlıq etmək istəyirəm.”
"Yox, ehtiyac yoxdur . Fiona bu ayrılığın öhdəsindən  özü gəlməlidir. Onların elə güclü yaddaşı yoxdur, ona görə də bu hal pis deyil, ötüb keçəcək.”- Kristi onu arxayın etdi. 
Grant Fionanın otağına qayıtmadan çıxıb getdi.  Bayırda isti külək əsirdi, qarğalar qarıldaşırdı. Binanın qarşısında  dama-dama şalvar geymiş bir qadın maşının yük yerindən qatlanmış əlil arabası çıxarırdı. 
Fiona  ayrılığa tab gətirə bilmirdi. O yemək vaxtlarında yemək yemirdi, özünü elə göstərirdi ki, yeyir, amma yeməyi  əl dəsmalının içində gizlədirdi. Ona əlavə olaraq şirə verirdilər- bu vaxt tibb bacılarından biri onun yanında dayanb  onun şirəni axıra qədər içməsinə nəzarət edirdi. O çarpayıdan özü düşürdü, özü geyinirdi,  etdiyi yeganə iş otağında oturmaq idi.  O heç bir idmanla məşğul olmurdu, koridora ya da həyətə çıxmırdı. Ağlamaqdan gözünün altı şişmişdi.   Jaketinin düymələrini əyri -üyrü bağlamışdı. ( sözsüz ki,bu jaket onun özünün deyildi) Düzdür, o saçını darayırdı, dırnaqlarını özü kəsirdi, ancaq yəqin  tezliklə bunları da etməyəcəkdi. 
Kristi dedi ki,  Fionanın əzələləri getdikcə gücdən düşür, əgər o yaxşılaşmasa ona qoltuq ağacı verəcəklər. 
"Ancaq onu da bil ki, biz onlara  qoltuq ağacı versək, onlar buna öyrəşirlər, sonra özləri gəzmək istəmirlər. Sən onun qayğısına qalmalısan, ona ürək-dirək verməli, onu cəsarətləndirməlisən.”
Ancaq Grant buna nail ola bilmədi. Grant hiss edirdi ki, Fiona gizlətməyə çalışsa da  ondan zəhləsi gedir. Yəqin hər dəfə Grantı görəndə Aubreylə olan son görüşünü xatırlayır- o Grantdan xahiş etmişdi ki, Qocalar evinin rəhbərliyindən xahiş etsin ki, Aubreyi orda saxlasınlar.
O indi evlilikləri haqda Fionaya xatırlatmağın yersiz olduğunu düşünürdü. 
Qocalar evinin direktoru Grantı  otağına çağırdı, dedi ki, əlavə şirələr versələr də Fionann çəkisi getdikcə azalır. 
"Məsələ budur ki, biz vəziyyəti ağır olan qocaları birinci mərtəbədə çox saxlamırıq. Biz özünü tam yaxşı hiss etməyənlərə əlavə bir neçə gün orqa qalmağa icazə veririk.  Əgər vəziyyətləri yaxşılaşmaq əvəzinə pisləşirsə biz məcbur olub onları yuxarı mərtəbədə yerləşdiririk.” 
Grant dedi ki, Fiona yalnız son günlər özünü pis hiss edir. 
"Düzdür, o son günlər belədir. Ancaq belə getsə onun vəziyyəti ağır olacaq. İndi o son həddədir.”
Grant dedi ki, əvvələr o elə bilirmiş ikinci mərtəbə yalnız yaddaşlarını tam itirənlər üçündür.” 
" O da indi belədir.”- direktor dedi. 
Grantın  maşın sürdüyü bu küçə Qara Qırğılar küçəsi adlanırdı. Ətrafda tikilən binaların hamısı demək olar ki, eyni vaxtda tikilmişdi, güman ki,  təxminən 30-40 il əvvəl. Küçə enli, dolanbac idi, küçənin qırağında səki yox idi. Grantın və Fionanın bəzi dostları uşaqları dünyaya gələndən sonra bu yerə köçmüşdülər, eləcə də burda bəzi gənc ailələr yaşayırdılar.  Yolların qırağındakı qarajların  qapısına,  motosikllərin üstünə basketbol toru çəkmişdilər. Evlərin bəziləri təpələrin üstündə idi.  Həyətlərin qırağına çəpər əvəzinə köhnəlmiş şin düzülmüşdü, pəncərələrə solmuş bayraq vurulmuşdu.  Hiss olunurdu ki, belə evlərdə yaşayanlar başqa bir yerdə yaşamaq imkanı olmayanlardır.  
Telefon kitabçasında Aubreyə məxsus olduğu   hesab edilən ev də o binalar arasında idi. Həyətə daş plitələr düzülmüşdü,  həyət sünbülçiçəyi ilə əhatə olunmuşdu- bəziləri mavi  bəziləri də qırmızı. 
Grant Aubreyin arvadını yalnız bir dəfə, Qocalar evinin həyətində maşının yük yerindən qatlanmış əlil arabası götürərkən görmüşdü. O vaxt o dama-dama şalvar- köynək geyinmişdi. Yük yerindən arabanı götürəndə əyilmişdi və jaketinin bağları sallanırdı. Onun yadında qalan onun enli  sağrıları idi. 
Bu gün o dama-dama enli şalvarını geyinməmişdi. Qırmızı sviter və kəmərli  nazik şalvar geymişdi. Hiss olunrdu ki, korset taxıb.
O ərindən 10 ya da 12 yaş cavan olardı. Onun  qısa, qıvrım saçı vardı, saçı rənglənmişdi. Gözləri  mavi idi, Fionanın gözlərindən bir az açıq. Qaratoyuq yumurtası  kimi ya da firuzəyi mavi . Həm də çoxlu qırışlar vardı gözünün ətrafında- qoz rəngli kremlə daha da qabarıq  hiss olnurdu. Bəlkə də gündə qaralmışdı. 
Grant  dedi ki, özünü necə təqdim edəcəyini bilmir. 
" Qocalar evində ərinizi tez-tez görürdüm. Mən daima ora gəlib-gedən adamam.”- nəhayət ki, Grant  özünü toplayıb sözə başladı.
"Hə...” – Aubreyin arvadının sifətinə aqressiv bir ifadə çökdü.
"İndi əriniz nə edir?”
Grant "nə edir” sözünü lap son anda əlavə etdi. 
"Yaxşıdır” – o dedi. 
"O mənim arvadımla lap yaxın dost olmuşdı.”
"Mən də bu haqda eşitmişdim.”
"Əgər vaxtınız varsa sizinlə bir məsələ barədə danışmaq istəyirəm.”- Grant dedi. 
"Ərim siz düşündüyünüz qədər də arvadınızla yaxın olmayıb. O, sizin arvadınıza sataşmayıb.  Heç o bunu etməyə qadir də deyil.  Mən belə eşitməmişdim.” 
Grant dedi:
"Mən bura gəlməmişəm ki, onun arvadımla niyə dost olmasından şikayət edim.”
"Ok.  Üzr istəyirəm,  mən isə elə düşünürdüm şikayətə gəlmisiniz. Yaxşı olar içəri keçəsiniz. Qapını açıq qoyanda içəri soyuyur. Bu gün heç də göründüyü kimi isti deyil.”- qadın dedi. 
Hə, deməli içəri keçməklə Grant ilk  uğurlu addımını atmışdı. 
Onlar qonaq otağının içindən keçib mətbəxə gəldilər. Qadın dedi:
"Gərək burda oturaq ki, mən Aubreyin səsini eşidə bilim.”
Pəncərədəki ikiqat pərdələr Grantın nəzərini cəlb etdi. Hər iki pərdə mavi rəngdə idi, biri azacıq açıq, o biri isə ipək idi. Pərdələrin rəngi mavi  rəngli divana və  rəngi  getmiş xalçalara uyğun idi . Fiona bu cür pərdələr haqda  zarafatla bir söz işlədirdi, Grant nə qədər istədisə o sözü yadına sala bilmədi. Fiona bu sözü bir qadından eşitmişdi, həmin qadın bu sözü tam ciddi şəkildə demişdi. Fiona heç vaxt pəncərəyə pərdə vurmazdı, pəncərələr  pərdəsiz, otaq isə işıqlı olurdu. O, otaqda bu basırığı görüb təəssüflənərdi.  Mətbəxdən o biri otaq görünürdü, o otağın pərdələri yana çəkilmişdi- lap günəş otağı kimi-  ordan  televizor səsi eşidilirdi. 
Fionanın dualarının "cavabı”- Aubrey ondan bir -iki addım aralı otaqda televizora baxırdı. Güman ki,  beysbol oyunu idi. Arvadı otağa girib ona baxdı. 
Onun televizora  baxdığını görüb qadın Grantın yanına qayıtdı, o biri otağın qapısını  bir az aralı qoydu. 
"Bir fincan kofe içsək pis olmazdı.” – qadın Granta dedi. 
"Keçən il Milad bayramında oğlum ona idman kanalına baxmaq üçün şərait yaradıb. Heç bilmirəm bu kanal olmasaydı biz nə edərdik.” 
Mətbəx stolunun üstündə müxtəlif  ləvazimatlar vardı- kofebişirən, mətbəx  kombaynı, bıçaq itiləyən,  elə şeylər ki, heç Grant onların adını da bilmirdi.  Ləvazimatların hamısı təzə və bahalı idi, sanki indicə bağlamadan açıb stolun üstünə qoymuşdular. 
 Grant düşündü ki, bu əşyalara heyrətini  bildirməklə qadınla söhbətə başlaya bilər.  O qadının əlində tutduğu kofebişirənə baxıb dedi ki, həmişə Fiona ilə belə bir kofebişirən arzulayıblar. Bu, tamamilə səhv idi; Fiona  son model- bir dəfəyə iki fincan kofe hazırlayan kofebişirəndən istifadə edirdi. 
"Bunu bizə alıblar. Oğlum və arvadı alıb göndərib. Onlar Kamploosda yaşayırlar. 
Onlar bizə elə ləvazimat göndərirlər ki, biz heç onları necə işlətməyi də bilmirik. Məndən olsa onlar pullarını belə  şeylərə xərcləyincə gəlib bizi görsələr daha yaxşı olardı.”
Grant müdrikcəsinə dedi:
"Yəqin  onlar öz işləri ilə məşğuldur. Gəlməyə vaxt tapmırlar.” 
"Niyə ki? Keçən qış Havay adalarına getməyə bəs necə vaxt tapıblar?  Əgər başqa uşağımız olsaydı bəlkə də onu qınamazdım, axı o yeganə uşaqdır.” 
O kofeni iki qəhvəyi- yaşıl keramik krujkaya süzdü, krujkaları stolun üstündəki keramik ağac gövdəsinin budaqlarından götürdü. 
"Adamlar bəzən özlərini yalqz hiss edirlər”- Grant sözə başladı. O hiss etdi ki, bura gəlməyini izah etməyin əsl məqamıdır. 
"Adamlar öyrəşdikləri  adamdan uzaq düşəndə özlərini yalqz hiss edirlər, buna misal mənim arvadım Fionanı göstərə bilərəm.” 
"Bayaq deyirdiniz ki, siz tez-tez Qocalar evinə gedib arvadınıza baş çəkirsiniz. 
"Əlbəttə , gedirəm. Məsələ bunda deyil.” 
 Sonra isə bura gəlməkdə niyyətinin nə olduğunu izah  etmək üçün yollar aradı. Görəsən qadın  razı olardımı ki, Aubreyi hərdənbir Qocalar evinə aparıb gətirsin?  Heç olmasa həftədə bir dəfə. Burdan ora heç beş kilometr deyil. Lap əgər o istəsə müəyyən vaxt da təyin edə bilərlər.  ( bu fikir Grantın ağlına elə orda gəldi, o özü də bu təklifi etdiyinə  narahat oldu. Çünki  bu halda özü gəlib onu aparmalı olacaqdı)  Grant dedi ki, özü hər şeyin öhdəsindən gələr.  Grant söhbət edərkən qadın ağzını açmadan dilini ağzında elə tərpədirdi  sanki nəyinsə dadına baxmaq istəyirdi. 
Qadın gedib  kofe üçün süd gətirdi,  bir boşqab da zəncəfilli peçenye. 
"Evdə hazırlanıb.” – boşqabı stolun üstünə qoyanda dedı. 
Onun səsində qonaqpərvərlikdən daha çox bişirdiyi peçenyelərlə lovğanmaq ədası vardı.  Qadın daha heç nə deməyib kofesinə süd əlavə etdi, qarışdırdı. 
Sonra isə cavab verdi ki, Grantın təklifi ilə razı deyil. 
"Yox, mən bunu edə bilmərəm. Mən onu dilxor etmək istəmirəm-səbəb budur!”
"Bu onu dilxor edəcək ki?”-  Grant tam ciddi halda soruşdu. 
"Əlbətə,  o dilxor olacaq.  Ora aparmaq, təzədən evə qaytarmaq onu lap bezdirəcək.” 
"Bəs o bütün bunların  onun xeyrinə olmağını başa düşmür? Buna öyrəşə bilməz ki?”
"O hər şeyi çox yaxşı başa düşür.” 
 O dedi ki, belə etmək Aubreyi təhqir etmək kimidir. 
"Bu, onun həyatına müdaxilə etmək kimidir. Getməzdən əvvəl   onun paltarını geyindirməliyəm, maşına qoymalıyam, özünüz də görürsünüz ki, o necə ağırdır. Siz düşündüyünüz kimi o heç də hər şeyin öhdəsindən gələ bilmir. Onun arabasını maşına qoymalıyam, mənim işim artacaq, əziyyət çəkəcəm . Onu ora aparmaqdansa daha maraqlı yerə apararam.” 
"Bəs sizin görməli olduğunuz bütün işləri mən görməli olsam necə? Yəni onu maşına qoymaq,  onu maşından düşürmək və sair. Belə halda siz çox əziyyət çəkməyəcəksiniz.” 
"Bunu edə bilməzsiniz... Hələ onu yaxşı tanımırsınız. Siz heç onun əlindən də tuta bilmərsiniz .O qoymaz ki, siz ona yaxın gedəsiniz.  Belə şeylər onu narahat edir.” 
Grant  Fionanın adını bir daha xatırlatmağı məsləhət bilmədi. 
"Onu  ora aparmaqdansa ticarət mərkəzinə apararam. Həm də artıq tezliklə göldə qayıqlar üzəcək, o gedib qayıqları  izləməyə üstünlük verər.” – qadın dedi. 
Bunu deyib o ayağa durdu, mətbəxdəki su kranının yuxarısındakı dolabun  üstünə qoyduğu siqareti və alışqanı götürdü. 
"Siz çəkirsiniz?”- soruşdu. 
Grant dedi ki, yox, çəkmir, o dəqiq bilmədi  qadın ona siqaret təklif  edirdi ya sadəcə sual verirdi.
"Heç vaxt çəkəməmisiniz? Yoxsa tərgitmisiniz?”
"Tərgitmişəm.”
"Nə vaxt tərgitmisiniz?”
 Grant bu sualın cavabını düşündü. 
"Təxminən 30 il əvvəl. Çox olmaz.”
 Yadına saldı ki, o siqareti tərgidəndə Jacqui ilə macərasına təzə  başlamışdı. Ancaq dəqiq yadına sala bilmədi ki, yeni macərasnı mükafat hesab edib siqareti çəkməyi tərgitdi yoxsa onunla münasibətə son qoyandan sonra  ayrılıq kimi "əyləncəsi” olduğunu düşünüb tərgidib.
"Mən isə tərgitməyi tərgitmişəm. Çox istəmişəm ki, tərgidim, son qərarım isə tərgitməyi tərgitmək oldu.”- qadın dedi. 
Grant düşündü ki, bəlkə də onun üzündəki qırışların səbəbi onun siqaeret çəkməyidir. Bir dəfə bir qadın ona demişdi ki, siqaret çəkən qadınların üzündə qırışlar tez yaranır. Amma  onun üzündəki qırışlara səbəb gün şüası da  ola bilərdi, dərisinin təbiəti də  buna səbəb ola bilər- çünki boğazında da çoxlu  qırışlar vardı. 
 Qırışmış boyun, iri, dik döşlər. O yaşda olan qadınlarda belə təzadlı hallar çox olur- yaxşı və pis hallar. Genetik xoşbəxlik, ya da bunun yoxluğu. Hamısı bir-birinə qarşır. Çox az qadın bu yaşda bütün gözəlliyini qoruyub saxlamış olur. Tam olmasa da Fionada belə idi- gözəlliyi bir az solsa da qoruyub saxlaya bilmişdi. Bəlkə də belə deyildi. Bəlkə o Fionanı cavanlıq vaxtından tanıdığına görə belə düşünürdü. Görəsən Aubrey onun arvadına baxanda nə düşünürmüş-  təkəbbürlü, bir az kobud,  şirəli dodaqları arasında qadağan olunmuş siqaret tutan ali məktəb tələbəsini?
"Deməli sizin arvadınız depressiyadadır.  Arvadınızın  adı nədir? Mən unutmuşam.”- qadın dedi 
"Fionadır.” 
"Fiona. Bəs sizin adınız? Deyəsən siz heç adınızı mənə demədiniz.”
 Grant dedi:
"Adım Grantdır.” 
Gözlənilmədən o əlini Granta uzatdı:
"Şadam, Grant, mənim də adım Mariandır.  Hə, biz artq bir-birimizin adını da bilirik. Sənə indi nə düşündüyümü deməyə ehtiyac yoxdur. Heç bilmirəm  hələ də o sizin Fionaya  bağlıdırmı. Ondan heç vaxt soruşmuram, o da demir. Ola bilsin ki, onların bağlılığı ötəri bir hal imiş. Amma inanmıram, onu oraya geri qaytarmaq nəyisə yaxşı mənada dəyişə bilər. Buna risk edə bilmərəm, onu dilxor etmək,  əvvəlki halının davam etməsini istəmirəm. Ondan başqa burda heç kimim yoxdur. Heç kəs mənə kömək etmir. Onun köməyi yalnız mənəm.”
"Siz heç bircə dəfə düşündünüzmü ki, o ora getsə yaxşılığa doğru nəsə dəyişə bilər?”- Grant soruşdu. 
Grant elə alçaqdan danışırdı ki, sanki sözləri pıçıldayırdı, amma qadın  alçaq səslə danışmağa ehtiyac görmürdü.
"Yox, onu  burda daha yaxşı saxlayıram.” 
Grant dedi:
"Yaxşı, bu sizin tərəfdən çox böyük sədaqət və alicənablıqdır.”
O ümid etdi ki, "alicənablıq” sözü kinayəli səslənməyib. O kinayəli demək istəmirdi. 
"Siz belə düşünürsünüz? Alicənablıq- mənim halımı tam ifadə etmir.”
"Asan deyil ona qulluq etmək!”- Grant davam etdi. 
"Əlbəttə, asan deyil. Həm də  başqa seçimim yoxdur. Evi satıb pul əldə edənədək  pulum yoxdur ki, onu təzədən ora yerləşdirim. Bu evdən  başqa sahib olduğumuz heç nə yoxdur. Bundan başqa imkanım yoxdur. Gələn il  həm onun  həm də özümün pensiyamı alacam. Bununla belə onu  orada saxlamaq üçün maddi imkanım olmadı və evi satmaq qərarına gəldim. Evim mənimçün böyük şeydir.”
"Həm də mən evə çox xərc çəkmişəm. Onu itirmək istəmirəm.” 
"Bəli, mən sizin vəziyyətinizi başa düşürəm”- Grant dedi. 
"Qocalar evi bizə baha başa gəldi. Düzdür, mən ora çəkilən xərcləri bütün təffərüatı ilə bilmirəm, onu  bilirəm ki, biz ora borclu qaldıq. Nə qədər borclu olduğumuzu öyrənmək istədim, ondan soruşdum, o isə cavab verdi ki, bu mənlik deyil, özü  haqq-hesab çəkəcək. Bilirəm ki, o orda nəsə axmaqlıq edib. Ancaq ondan soruşan kimi məni  bu barədə danışmağa qoymur. Siz də evli olmusunuz, indi də evlisiniz. Siz bilirsiniz bu nə deməkdir . Biz bir dəfə səyahət etdik, bu da bizə baha başa gəldi. Hansısa həşəratın onu sancması onun komaya düşməsiylə nəticələndi- xəstəlik onu  caynağına aldı.” 
"Çox pis taledir.” – Grant özünü təəssüflənmiş kimi göstərdi. 
"Əlbətə, kim istəyər ki, xəstələnsin?  Bu, bir həyatdır.  Biz bu işdə bir-birimizi günahkar bilmirik. Bu, taledir. Həyatı qamçılamaq olmur ki...?”
Bunu deyib dilinin ucu ilə, lap pişik kimi, dilinin üstünü yaladı, dilinin üstündə qalan peçenye qırıqlarını uddu.
"Mən lap  filosof kimi danşdım, eləmi? Hə, orda eşitdim ki, siz bir vaxtlar universitetdə işləmisiniz, professorsunuz.”- qadın dedi
"Neçə il əvvəl işləmişəm.” –Grant cavab verdi.
"Gəlin mərc gələk k, mən  sizin indi nə düşündüyünüzü bilirəm. Siz  düşünürsünüz ki,  mən hər işdə öz mənfəətini güdən adamlardanam”- qadın dedi.
"Yox, mən heç kimi mühakimə etmirəm. Bu, sizin həyatınızdır.”
"Mərc gəlin ki, belə düşünürsünüz.” 
Grant düşündü ki, bəlkə onların söhbəti ortaq bir məxrəcə yönələ bilər. Ona görə də qadından soruşdu ki, onun əri hələ məktəbdə oxuyarkən yay aylarında dəmir məmulatı satılan mağazada işləyibmi. 
"Bu barədə heç vaxt eşitməmişəm. Mən onların kəndindən deyiləm, başqa kənddənəm.
 Grant artıq başa düşürdü ki, Aubreyin arvadı  Marianla  olan söhbətin nəticəsi olmayacaq,  fikirləşdi ki, yalnız bir yolla -qadnın seksual maraqlarını oyatmaqla istədiyinə nail ola bilər. Qadının düşüncə tərzindən də xəbərsiz idi. Amma qadının bəzi söhbəti ona tanış idi. Çünki onun bəzi söhbətləri Grantın ailəsində olan söhbətləri xatırladırdı. Onun qohumları, lap elə doğma anası da Marian kimi düşünürdü- yəni hər şeydən əvvəl pul barədə fikirləşirdi. Onlar elə bilirdilər ki, onlardan başqa heç kim belə düşünmür, çünki başqaları ilə əlaqləri yox idi. Sözsüz ki, Marian da elə bilir Grant onun kimi düşünmür. Yəqin o düşünür ki, Grant, bezdirici biliklə beyni yüklənmiş bu axmaq,  həyat barədə həqiqəti bilmir. O düşünür ki, ev qayğılarından uzaq bu adam plan qurub başqalarının xoşbəxtliyini düşünür. " Kütbeyin qadın!”- Grant ürəyində qadının qarasına deyindi. 
Bu qadın onun ümidlərini  qırdı, onu hirsləndirdi. Niyə? O özü də əmin deyildi ki,  ev qayğılarınn öhdəsindən  gələ bilər ya yox. Bəlkə də qadın haqlı idi. O doğulduğu kənddə qalsaydı elə bu qadın kimi birisi ilə evlənəcəkdi. Cavanlıqda yəqin  cəlbedici olub. Naz da edib. Bayaq mətbəxdə stulada oturarkən sağrılarını yırğalamaq onun naz eləməyinin əlamətidir.
Bir vaxt cavanlıqda o Aubreyi seçərkən gələcəyə ümidlə baxıb. Aubreyin satıcılıq işi, gələcəkdə daha da yüksək post tutmağına, ağ yaxalıqlı, qalstuklu biri olacağına ümid edib. O düşünüb ki, onun həyatı gələcəkdə daha da yaxşı olacaq. Bu çox adamın başına gəlir. Gözlədiklərinin əksinə olaraq onlar arzularına doğru çox da irəli gedə bilmirlər.  Sözsüz ki, bu onlara görə hyatın ədalətsizliyidir. 
Evinə çatıb mətbəxə girəndə telefonunun işığının yanıb-söndüyünü gordü. Həmişə zəng olanda bir şey düşünürdü- Fionadır zəng edən. Paltosunu əynindən çıxarmadan telefonun yaşıl düyməsini sıxdı. 
"Salam, Grant! Məncə nömrəni düz yığmışam. Siz gedəndən sonra ağlıma bir şey gəldi. Şənbə günü gecə burda, Legionda subaylar üçün rəqs gecəsi olacaq. Mən  gecə üçün qəlyanaltı hazırlayan komitənin üzvüyəm. Bu da o deməkdir ki,  pulsuz qonaq dəvət edə bilərəm. Siz ora gəlmək istərdinizmi? Gəlmək istəsəniz mənə zəng edin.”
Nömrəyə baxıb  ev nömrəsi olduğunu gördü. Sonra yenidən zəng gəldi, həmin səs eşidildi:
"Kim olduğmu sizə deməyi unutdum. Yəqin səsimdən tanıdınız. Mənəm, Mariandır. Hələ mobil telefonların istifadə qaydasını yaxşı bilmirəm. Demək istəyirəm ki, sizin subay olmadığınızı bilirəm. Heç mən də subay deyiləm. Amma belə bir yerdə  bircə dəfə iştirak etmək pis olmazdı. Əgər maraqlanırsınızsa mənə zəng edib xəbər edin, yox əgər istəməsəniz  zəng edib özünüzə əziyyət verməyin. Düşündüm ki, bu münasib fürsətdən istifadə edərsiniz. Danışan Mariandır. Deyəsən bayaq dedim kim olduğumu. Hələlik. Evə  çatan kimi zəng edib mənə fikrinizi deyərsiniz.”
Qadının səsi bayaq onlarda olarkən eşitdiyi səsdən bir az fərqli idi. Hətta ikinci dəfəki zəngində səsi birinci dəfə olduğundan  bir az  fərqliydi. Səsində titrəyiş vardı. 
 Ona nəsə olmuşdu. Bəs nə olmuşdu? Əgər bu dərhal baş veribsə deməli Grant onların evində olduğu müddətdə o hisslərini uğurla gizlədə bilib. Ola bilsin ki, bu yavaş-yavaş, bəlkə də lap Grant onların evindən çıxıb gələndən sonra baş verib. Ona valeh olmayıb . Dərk edib ki, onların hər ikisinin vəziyyəti eynidir- ya bir az ya da bir az çox-  hər ikisi eyni haldadır. O da bu imkandan istifadə etməyi qərarlaşdırıb. 
O ilk gedişində həyəcanını büruzə vermişdi. O,  risk etmişdi. Nə qədər? Grant bunu deyə bilməzdi. Adətən qadınların zəifliyi tədricən artır, istədiklərində uğur qazandıqca.  Qadının zəngı Grantda  özündən razılıq oyatdı. Bunu dana bilməzdi. 
Omlet hazırlamaq üçün gedib göbələk və yumurta aldı.  Sonra isə fikrini dəyişdi, nəsə içmək istədi. 
Hər şey mümkün idi. Bu doğrudurmu? Hər şey mümkündür? Məsələn, o istəsə qadını ram etməyi bacarar, onu o hala çatdırar ki, qadın Aubreyin Fionanın yanına aparılmasına razılıq verə bilər.Yox,  hərdənbir yox, qalan ömrünü Fionanın yanında keçirtmək üçün. Bəs sonra nə olacaq? Grant Aubreyin Fiona ilə həmişəlik bir yerdə qalmasına nail olandan sonra nə olacaq?
Yəqin Marian öz evində oturub onun zəngini gözləyir. Bəlkə də heç oturmayıb. Başını qatmaq üçün hansısa bir işlə məşğuldur.  Bəlkə də bayaq Grant göbələk və yumurta almaq üçün mağazaya gedib qayıdana kimi o Aubreyi yedizdirib. Sözsüz,  indi onun yatağını hazırlayır. Bütün bu vaxt ərzində isə tez-tez telefona baxıb zəng gözləyir. Bəlkə də o təxmini olaraq Grantın evə nə vaxt çatacağını da hesablayıb.  Telefon kitabçasında Grantın ünvanına baxmaqla onun harada yaşamasını təxmin edib. O bunu hesablayıb, mağazada nə qədər müddətə alver edəcəyini də hesablayıb. ( düşünüb ki, tək yaşayan kişi mütləq  yemək üçün nəsə almalıdır) Sonra isə ona bir az vaxt verib ki , onun  dediklərini götür-qoy etsin. Zəng gəlmədiyini  görüb başqa şey düşünüb. Düşünüb ki, evə getməzdən əvvəl Grantın başqa işi də ola bilər- şam yeməyini başqa yerdə yeyə bilər ya da kiminləsə görüşə bilər, beləliklə də, evə istənilən vaxtda çata bilməz. 
O, həssas qadındır, ola bilər həmişə yatdığı vaxta yata bilər, düşünər ki, Grant yaxşı rəqs edə  bilməz, o professordur, ciddi adamdır. 
O jurnalları vərəqləyəndə telefon yenidən zəng çaldı. 
"Grant, mənəm Marian. Aşağıda paltarları paltarqurudan maşına qoyurdum. Zəng səsi eşitdim. Tələsik yuxarı çıxdım, amma gec idi. Zəng səsi gəlmirdi. Demək istəyirəm ki, evdəyəm. Bəlkə də siz zəng etmisiniz. Artıq evə çatmısınız. Mobil telefonum yoxdur, siz mesaj yaza bilməzsiniz. Elə bunu demək istəyirdim. İstədim biləsiniz ki , evdəyəm. Sağ olun!”
Saat on birə iyirmi beş  dəqiqə işləmişdi. 
Grant ona deyəcəkdi ki, evə təzəcə  çatıb. Niyə o düşünsün ki, Grant oturub  onun sözlərini bircə-bircə analiz edir?
Odyal-  Axır ki, Grant tapdı. Fiona pəncərəyə vurulan  mavi rəngli pərdələrə belə deyərdi.  Bayaq o zəncəfilli peçenyeləri  elə iştahla yeyirdi ki, sonra "evdə bişib” sözünü əlavə etməli oldu. Keramik krujkalar, döşəmənin bir tərəfindəki tozsoran xalçanı təmiz saxlamaq üçündür. Bu cür təmizliyi anası həmişə arzu edib, ancaq buna nail olmayıb. Bəlkə də bu təmizliyə görə birinci krujkadan sonra əlavə iki krujka kofe içmişdi. 
Qoz rəngli saç. İndi başa düşdü , onun saçındakı, boynundakı, bəlkə də bədəninin  aşağısına qədər uzanan  qoz rəngli ləkələr gün ləkəsidir.   Bir anlığa Grant özünü qadınla bir yerdə təsəvvür etdi- qadının bədəninin istliyini, bir az codlaşmış dərisini hiss etdi.  Qadının qiymətli daş kimi parlayan gözləri,  pişik kimi dilini yalaması onun necə hissiyatlı olduğunu büruzə verir. Bunları fikirləşdikcə Grant  artıq telefonun yaddaşına yazdığı nömrəyə zəng etməyi düşündü. 

Fiona öz  otağında idi. Amma çarpayının üstündə oturmamışdı. O açıq pəncərənin qabağında dayanmışdı, mövsümə uyğun, amma qəribə parıltılı,  sarı rəngli qısa paltar geyinmişdi. Pəncərədən yenicə tumurcuqlayan yasəmən ətri ilə bərabər tarlalara səpilmiş mal peyninin də iyi gəlirdi. 
Əlində açıq bir kitab  vardı. 
Fiona onu görüb dedi:
"Burda tapdığım bu kitaba  bir bax. İslandiya haqqındadır.  Heç ağlıma da gəlməz,  otaqda belə qiymətli kitabı qoyub gedərlər. Həm də mənə elə gəlir ki, onlar paltarları dəyişik salıblar. Axı mən heç vaxt sarı rəngdə paltar geyinmirəm.”
"Bura bax, Fiona!”- Grant dedi
"Hər ikimiz sınaqdan çıxdıq?”-  Fiona dedi.
 Grant hiss etdi ki, Fionanın  səsində azacıq tərrədüd var.  Fiona əlavə etdi:
"Sən çoxdan getmisən.” 
"Fiona, mən sənə sürpriz hazırlamışam. Aubreyi xatırlayırsan?”
O, bir anlıq dayandı, gözlərini Granta zillədi, sanki pəncərədən külək dalğası onun sifətini döyəcləyirdi. Elə bil  külək onun sifətini, başını, əynindəki özgənin sarı paltarını   dartıb əynindən çıxarırdı.
"Yox,  xatırlamıram, adlar özləri məni tərk edir, məndən uzaqlaşır.” 
Sonra sanki onu tərk etmiş baxışları canlandı, baxışlarında  əvvəldə olduğu kimi bir istehza vardı. O, ehtiyatla kitabı tumboçkanın üstünə qoydu, ayağa durdu, qollarını qaldırdı ki, Grantı qucaqlasn. Dərisində, nəfəsində ətir, təravət vardı. Bu ətir bulanıq suda olan yaşıl gövdələri xatırladırdı. 
"Səni görməyə şadam, Grant!”- o  şirin-şirin və normal halda dedi. Bunu deyib Grantın qulaqlarını dartdı. 
"Deyəsən  sən məndən  çox uzaqlara getmişdin. Məni tərk etmişdin, mən yazığı tək qoyub uzaqlara getmişdin. ”- Fiona dedi. 
Grant başını onun ağarmış saçına sıxıb dedi:
"Yox,  gedə bilmədim, imkan olmadı...”