Daniyil Xarms. Qarı (Povest)

Daniyil Xarms. Qarı (Povest)

Daniyil İvanoviç Xarms (əsil familiyası Yuvaçov; 17 (30) dekabr 1905 – 2 fevral 1942) otuzuncu illər Leninqrad (indiki Sankt-Peterburq) avanqardının nümayəndəsidir. İyirminci illərdən əsərlərini Xarms təxəllüsü ilə imzalayıb. Xarms sözünün hardan qaynaqlandığı məlum deyil (əlyazmalarında Xarms, Xaarms, Xxarms, Dandan, Çarms, Karl İvanoviç Şusterlinq və s. kimi qırxa qədər imzadan istifadə edib). Uşaqlardan zəhləsi getsə də, əsərlərini çap etdirə bilmədiyi üçün məcburən uşaq əsərləri yazmağa başlayıb. Müxtəlif uşaq jurnalları ilə əməkdaşlıq edib. Yeganə gəlir yeri bu olub, amma heç vaxt bu işə barmaqarası baxmayıb, başqa həmkarları kimi başdansovdu yazılar yazmayıb. İyirminci illərin axırlarından otuzuncu illərin axırlarına qədər doqquz uşaq kitabı çap olunub. 1931-ci ildə antisovet təbliğatı aparmaq iddiasıyla birinci dəfə həbs olunub, üç illik sürgünə məhkum olunub, sonra qərar dəyişdirilib, qısa müddətə Krıma sürgün edilib. 1932-ci ilin oktyabrında Leninqrada qayıdıb. 1941-ci ilin avqustunda "ətrafında ruh düşkünlüyü yaratmaq” iddiasıyla ikinci dəfə həbs olunub (dostlarının qeydlərindən Xarmsın müharibəyə mənfi yanaşdığı və heç bir halda əsgər forması geyinməyəcəyini dediyi məlumdur). Güllələnmədən qaçmaq üçün özünü dəliliyə vurub, psixiatrik xəstəxanaya yatırdılıb. 1942-ci ilin fevralında, Leninqradın blokadası vaxtı, xəstəxanada ölüb. 1960-cı ildə Xarmsın bacısının ərizəsi əsasında prokurorluq Xarmsa bəraət verib. Basdırıldığı yer dəqiq bilinmir, çox güman blokada vaxtı ölənlərin basdırıldığı Piskaryov qəbiristanlığındadır.
Sağlığında böyüklər üçün yazdığı cəmisi iki şeiri çap olunan Xarms yaradıcılığı boyu çoxsaylı şeirlər, hekayələr, lətifələr yazıb. Əsas əsərləri "Hadisələr” hekayə silsiləsi, "Yevgeniya Blum” pyesi və 1939-cu ilin birinci yarısında yazdığı "Qarı” povestidir. Povest yetmişinci illərdə samizdat yayılmağa başlayıb, xaricdə çap olunub. Yenidənqurma vaxtı Rusiyada da çap olunub.


Qarı (Povest)

…Və onların arasında aşağıdakı söhbət başladı.
Hamsun


Əlində divar saatı tutan qarı həyətdə dayanıb. Qarının yanından keçəndə dayanıram və soruşuram: "Saat neçədir?”

- Özünüz baxın, - qarı mənə deyir.

Saata baxanda görürəm ki, onun əqrəbləri yoxdur.

- Axı onun əqrəbləri yoxdur, - deyirəm.

Qarı siferblata baxıb deyir:

- Üçə on beş dəqiqə qalıb.

- Bəs belə. Çox sağ olun, - deyib gedirəm.

Qarı dalımca nəsə qışqırır, amma mən yoluma davam edirəm və dala baxmıram. Küçəyə çıxıb günəş tərəfə gedirəm. Yaz günəşi çox ləzzətlidir. Piyada gedirəm, gözlərimi oynadıram və qəlyan çəkirəm. Sadovaya küçəsinin tinində Sakerdon Mixayloviçlə rastlaşıram. Salamlaşırıq, uzun müddət dayanıb söhbət edirik. Küçədə dayanmaqdan təngə gəlirəm və Sakerdon Mixayloviçi yaxınlıqdakı zirzəmiyə dəvət edirəm. Araq içirik, yumurtayla kilkə yeyirik, sonra sağollaşırıq və mən tək yoluma davam edirəm.

Birdən yadıma düşür ki, evdə elektrik sobasını söndürməmişəm. Dilxor oluram. Dönüb evə getməyə başlayıram. Gün çox gözəl başlamışdı, amma başlayan kimi də uğursuzluq. Gərək evdən çıxmayaydım.

Evə gəlib gödəkçəmi çıxartıram, jiletimin cibindən saatı çıxartıb mıxdan asıram, sonra qapını açarla bağlayıb taxtda uzanıram. Uzanıb yatmağa çalışacağam.

Küçədən uşaqların murdar qışqırıqları eşidilir. Uzana-uzana onlara edam növü fikirləşirəm. Hər şeydən çox hamısını iflic etmək istəyərdim, birdən-birə hərəkətdən qalaydılar. Valideynləri onları evlərinə aparır. Çarpayılarında uzanıb yemək istəyirlər, amma yeyə bilmirlər, çünki ağızları açılmır. Onları süni yolla qidalandırırlar. Bir həftədən sonra iflic keçir, amma uşaqlar elə zəifləyiblər ki, hələ bir ay evdə yatmalıdırlar. Sonra yavaş-yavaş özlərinə gəlməyə başlayırlar, mənsə ikinci dəfə iflic edib quruduram.

Taxtda uzanmışam, gözlərim açıqdır, yata bilmirəm. Bayaq həyətdə gördüyüm qarı yadıma düşür, saatında əqrəblərin olmamağı kefimi kökəldir. Bu yaxınlarda dükanda iyrənc mətbəx saatı görmüşdüm, əqrəblərini çəngəl-bıçaq kimi düzəltmişdilər.

Aman Tanrı! Mən axı hələ də elektrik sobasını söndürməmişəm! Ayağa sıçrayıb sobanı söndürürəm, sonra yenə taxta uzanıb yatmağa çalışıram. Gözlərimi yumuram. Yuxum gəlmir. Yaz günəşi pəncərədən düz üzümə düşür. Mənə istidir. Ayağa durub pəncərənin qabağındakı kresloda otururam. İndi yatmaq istəyirəm, amma yatmayacağam. Kağız-qələm götürüb yazacağam. Özümdə inanılmaz güc hiss edirəm. Dünəndən hər şeyi fikirləşmişəm. Bu möcüzə göstərən haqqında hekayədir, o bizim günlərdə yaşayır və heç möcüzə göstərmir. Onun mənzildən çıxartırlar, o bilir ki, yaylığını bircə dəfə yellətsə, mənzil ona qalacaq, amma eləmir, itaətkarlıqla mənzili tərk edib şəhər ətrafındakı tövlədə məskunlaşır. O bu tövləni kərpicdən tikilmiş gözəl ev edə bilər, amma bunu da etmir, tövlədə yaşamağa davam edir və ömrü boyu bircə möcüzə də göstərmədən ölüb gedir.

Oturub sevincdən əllərimi ovuşdururam. Sakerdon Mixayloviç paxıllıqdan partlayacaq. O elə bilir ki, daha dahiyanə şeylər yaza bilmərəm. Tez, tez iş başına! Rədd olsun bütün tənbəlliklər və yuxular! On səkkiz saat dayanmadan yazacağam!

Səbirsizlikdən titrəyirəm. Nə edəcəyimi başa düşə bilmirəm: qələmlə kağız götürmək lazım idi, amma mənə lazım olmayan müxtəlif əşyaları götürdüm. Otaqda qaçıram: pəncərənin qabağından stolun yanına, stolun yanından sobanın yanına, sobanın yanından yenə stolun yanına, sonra divanın yanına və təzədən pəncərənin qabağına. Sinəmdə yanan alovdan nəfəsim təntiyir. Hələ saat beşdir. Bütün gün, bütün axşam və bütün gecə hələ qabaqdadır…

Otağın ortasında dayanıram. Nə fikirləşirəm? Artıq altıya iyirmi dəqiqə işləyib. Yazmaq lazımdır. Stolu pəncərənin qabağına çəkib otururam. Qabağımda dama-dama kağız və qələm var.
Ürəyim tez-tez döyünür, əlim titrəyir. Sakitləşməyimi gözləyirəm. Qələmi yerə qoyub qəlyanı doldururam. Günəş düz gözlərimə düşür, gözlərim qamaşır və mən qəlyan çəkirəm.
Pəncərənin qabağından qarğa uçur. Küçəyə baxıram və səkiylə gedən mexaniki ayaqlı adama baxıram. Adamın taxılma ayağı və əsası taqqıldayır. 

- Belə, - deyib pəncərədən baxmağa davam edirəm.

Günəş qarşıdakı evin bacasının dalında gizlənir. Bacanın kölgəsi damdan küçəyə, küçədən pəncərəmə, pəncərəmdən üzümə düşür. Bu kölgədən istifadə edib möcüzə göstərən haqda bir neçə kəlmə yazmaq lazımdır. Qələmi götürüb yazıram:

"Möcüzə göstərən hündür boylu idi”.

Başqa heç nə yaza bilmirəm. Acıdığımı hiss edənə qədər otururam. Ayağa durub azuqə saxladığım şkafa tərəf gedirəm, şkafda eşələnirəm, amma bir parça qənddən başqa heç nə tapmıram.
Kimsə qapını döyür.

- Kimdi?

Heç kim cavab vermir. Qapını açanda bayaq həyətdə gördüyüm saatlı qarını görürəm. Təəccüblənirəm və heç nə deyə bilmirəm.

- Bu da mən, gəldim. – Qarı bunu deyib otağa girir.

Qapıda dayanıram, bilmirəm nə edim: qarını qovum, yoxsa ona oturmaq təklif edim?

Qarı özü pəncərə qabağındakı kresloma tərəf gedib oturur.

- Qapını bağla və açarla kilidlə, - qarı deyir.

Dediyi kimi edirəm.

- Diz üstə çök, - qarı deyir.

Diz üstə çökürəm.

Bu vaxt vəziyyətimin qəribəliyini başa düşürəm. Nə üçün hansısa qarının qabağında diz çökmüşəm? Bəs bu qarı nə üçün otağımdadır və sevimli kreslomda oturub? Nə üçün qarını qovmadım?

- Qulaq asın,  - deyirəm, - nə haqla evimdə oturub mənə əmr edirsiniz? Mən diz çökmək istəmirəm.

- Heç lazım da deyil. – Qarı deyir. – İndi qarnı üstə uzanıb sifətini yerə dayamalısan.

O saat əmri yerinə yetirirəm.

Gözlərimi açanda düzgün ölçülmüş kvadratlar görürəm. Çiynimdə və sağ budumdakı ağrı vəziyyətimi dəyişməyə məcbur edir. Üzüqoylu uzanmışam, güclə diz üstə otururam. Bütün əzalarım tutulub və çətinliklə hərəkət edir. Ətrafa baxıram, öz otağımda, yerdə diz üstə oturmuşam. Dərrakəm və yaddaşım yavaş-yavaş özümə qayıdır. Bir də ətrafa baxanda görürəm ki, elə bil kimsə kresloda oturub. Otaq alaqaranlıqdır, çox güman artıq gecədir. Qaraltıya diqqətlə baxıram. Aman Tanrı! Qarı hələ də mənim kreslomda oturub? Boynumu uzadıb yenə baxıram. Hə, əlbəttə, bu həmin qarıdır, başı sinəsinə sallanıb. Yəqin yatıb.

Ayağa durub axsaya-axsaya ona tərəf gedirəm. Başı sinəsinə düşüb, əlləri kreslonun yanlarından sallanıb. Bir istəyirəm qarının yaxasından tutub bayıra atım.

- Qulas asın, - deyirəm, - siz mənim otağımdasınız. Mən işləməliyəm. Xahiş edirəm gedəsiniz.

Qarı tərpənmir. Əyilib qarının üzünə baxıram. Ağzı açıqdır, taxma dişləri yerindən oynayıb, qabağa gəlib. Birdən başa düşürəm: qarı ölüb.

Dəhşətli dərəcədə ürəyim sıxılır. Nə üçün mənim otağımda ölüb? Ölülərdən zəhləm gedir. İndi gəl bunun altından çıx, dalandarla, evlər idarəsinin müdiriylə danış, qarının evində necə peyda olduğunu onlara başa sal. Nifrətlə qarıya baxıram. Bəlkə heç o ölməyib? Alnına toxunuram. Alnı soyuqdur. Əlləri də. İndi nə edim?

Qəlyanımı yandırıb taxta otururam. Hirsdən bilmirəm nə edim.

- Ay əclaf! – bərkdən deyirəm.

Ölü qarı kisə kimi kresloma düşüb qalıb. Taxma dişləri ağzından düşmək istəyir. O ölü ata oxşayır.

- İyrənc səhnədir, - deyirəm, amma qarının üstünü qəzetlə örtə bilmərəm, qəzetin altında çox şey ola bilər.

Divarın o tərəfindən səs gəlir: bu mənim qonşumdur, o parovoz maşinistidir, işə getməyə durub. Birdən otağımda ölü qarı olduğunu öyrənsə nə olacaq? Bir bu çatmırdı! Qonşumun ayaq səslərinə qulaq asıram. Nə üçün yubanır? Saat altının yarısıdı! O çoxdan getməliydi. Aman Tanrı! O çay içməyə hazırlaşır! Divarın o tərəfindən primusun səsini eşidirəm. Ah, bu lənətəgəlmiş maşinist kaş tez gedəydi!

Taxtda uzanıb ayaqlarımı yığıram. Səkkiz dəqiqə keçir, amma hələ qonşumun çayı qaynamayıb, primus hələ yanır. Gözlərimi yumub mürgüləyirəm.

Yuxuda görürəm ki, qonşum gedir və mən də onunla çıxıb fransız kilidi olan qapını çırpıram. Açarım yoxdur, buna görə də evə girə bilmirəm. Gərək zəngi basıb o biri qonşuları oyadım, amma bu daha pis olar. Pilləkan meydançasında dayanıb nə edəcəyimi fikirləşirəm və birdən görürəm ki, əllərim yoxdur. Başımı əyirəm ki, diqqətlə baxım görüm əllərim var, ya yox, bir əlimin yerində bıçaq olduğunu görürəm, o biri əlimin yerində isə çəngəl var.

Hardansa peyda olan Sakerdon Mixayloviç açılıb-yığılan stulda oturub.

- Baxın, - ona deyirəm, - görürsünüz, baxın əllərimin yerində nə var.

Sakerdon Mixayloviç heç nə demir və mən görürəm ki, bu doğruçu Sakerdon Mixayloviç deyil, saxsı oxşarıdı.

Bu vaxt yuxudan oyanıb başa düşürəm ki, otağımdakı taxtda uzanmışam və pəncərənin qabağındakı kresloda ölü qarı oturub.

Ona tərəf baxıram. Qarı kresloda yoxdu. Boş kresloya baxıram və dəhşətli sevinc içimi doldurur. Deməli, hər şey yuxu idi. Bəs bu yuxu hardan başlamışdı? Qarı dünən otağıma gəlmişdi, ya yox? Bəlkə o da yuxu idi? Dünən elektrik sobasını söndürmək yadımdan çıxdığı üçün evə qayıtdım. Bəlkə elə bu da yuxu idi? Hər halda otağımda ölü qarı yoxdu və daha evlər idarəsinin müdirinin yanına gedib hər şeyi başa salmaq, meyidlə əlləşmək lazım deyil.

Bəs mən nə qədər yatmışam? Saata baxıram: onun yarısıdı, çox güman səhərdi. Aman Tanrı! Yuxuda daha nə görmürsən ki!

Ayaqlarımı taxtdan salladıb durmağa hazırlaşıram və birdən qarının meyidini görürəm, o kreslonun qabağında yerə düşüb. Taxma dişlərinin yarısı ağzından pırtlayıb, əlləri bədəninin altındadı, görünmür, ətəyinin altından ağ, çirkli yun corab geyindiyi ayaqları görünür.

- Əclaf! – qışqırıb qarıya tərəf qaçıram və çatan kimi çəkməli ayağımla buxağından təpik ilişdirirəm.

Taxma dişləri otağın küncünə düşür. Qarını bir də vurmaq istəyirəm, amma qorxuram bədənində iz qalar, sonra elə bilərlər onu mən öldürmüşəm.

Qarıdan uzaqlaşıb taxtda otururam, qəlyan çəkirəm. İyirmi dəqiqə keçir. İndi-indi ağlıma batır ki, işi milisə verəcəklər və məni günahkar çıxartacaqlar. Vəziyyət ağırdı, üstəlik də bu təpik.
Təzədən qarıya yaxınlaşıb çömbəlirəm və diqqətlə ona baxıram. Buxağında balaca tünd ləkə qalıb. Yox, özümü ələ verməməliyəm. Az şey olur bəyəm? Bəlkə qarı sağlığında harasa dəyibmiş? Bir az sakitləşib otaqda gəzişməyə başlayıram, qəlyan çəkə-çəkə vəziyyətimi fikirləşirəm.

Otaqda gəzişirəm və acıdığımı hiss edirəm. Aclıqdan hətta titrəməyə başlayıram. Yenə azuqə saxladığım şkafda eşələnirəm, amma bir parça qənddən başqa heç nə tapmıram.

Portmanatımı çıxartıb pulumu sayıram. On bir rublum var. Çörəklə vetçina ala bilərəm, tütün üçün də qalar.

Gecədən açılmış qalstulumu bağlayıram, saatımı götürürəm, gödəkçəmi geyinirəm, diqqətlə otağımın qapısını bağlayıram, açarı cibimə qoyub küçəyə çıxıram. Hər şeydən qabaq yemək lazımdı, onda fikirlərimi cəmləyib bu cəmdəyi nə edəcəyimi fikirləşərəm.

Mağazaya gedə-gedə fikirləşirəm ki, bəlkə Sakerdon Mixayloviçin yanına gedim, hər şeyi danışım, bir yerdə çıxış yolu fikirləşək? Amma o saat da bu fikri başımdan qovlayıram, çünki bəzi işləri tək görmək lazımdı, şahidsiz.

Mağazada vetçina yoxdu, yarım kilo sardelka alıram. Tütün də yoxdu. Mağazadan çıxıb çörəkçiyə gedirəm.

Çörəkçidə uzun növbə var. Kefim pozulur, amma hər halda növbəyə dayanıram. Növbə yavaş-yavaş irəliləyir, sonra ümumiyyətlə dayanır, çünki kassada nəsə qırğın baş verir.
Özümü elə aparıram ki, guya heç nə görmürəm və qabağımdakı gözəl qadının kürəyinə baxıram. Qadın isə, deyəsən hər şeylə maraqlanan adamdır, boynunu gah sağa, gah sola uzadır, pəncələri üstə qalxıb boylanır, kassada nə baş verdiyini öyrənmək istəyir. Nəhayət mənə tərəf dönüb soruşur:

- Bilmirsiniz orda nə baş verir?

- Bağışlayın, bilmirəm, - bacardığım qədər quru cavab verirəm.

Qadın yenə boylanır, axırda yenə mənə baxır:

- Gedib nə baş verdiyini öyrənə bilərsiniz?

- Bağışlayın, bu məni zərrə qədər də maraqlandırmır, - daha da quru tərzdə deyirəm.

- Necə maraqlandırmır? – qadın qışqırır. – Axı siz də buna görə növbədə yubanırsınız!

Heç nə demirəm, yüngülcə təzim edirəm. Qadın diqqətlə üzümə baxır.

- Əlbəttə, çörək növbəsində dayanmaq kişi işi deyil. Burda dayanmağa məcbur olduğunuza görə sizə yazığım gəlir. Yəqin subaysınız?

- Hə, subayam, - deyirəm, yenə də quru danışmağa çalışıram, bununla bərabər yenə  yüngülcə təzim edirəm.

Xanım məni başdan-ayağa süzəndən sonra birdən barmaqlarıyla əlimə toxunub deyir:

- Gəlin sizə nə lazımdırsa mən alım, siz bayırda gözləyin.

Özümü itirirəm.

- Təşəkkür edirəm, - deyirəm. – Çox mehribansınız, amma mən özüm dayanaram.

- Yox, yox, - qadın deyir. – Çıxın küçəyə. Nə almaq istəyirdiniz?

- Yarım kilo qara çörək almaq istəyirdim, amma qəlibdə bişənlərdən, ucuz olanlardan. Ondan xoşlayıram.

- Yaxşı, - qadın deyir, - indisə gedin. Mən alaram, sonra hesablaşarıq.

Bunu deyəndən sonra məni yüngülcə itələyir.

Çörəkçidən çıxıb düz qapının yanında dayanıram. Yaz günəşi düz üzümə düşür. Qəlyan çəkirəm. Nə yaxşı qadındı! İndi beləsinə rast gəlmək çətindi. Dayanıb qəlyan çəkirəm, gün gözlərimi qamaşdırır və qadını fikirləşirəm. Gözəl qəhvəyi gözləri var. Əntiqədi, əcəb yaxşı qadındı!

- Siz qəlyan çəkirsiniz? – yanımdan səs gəlir. Gözəl qadın çörəyi mənə uzadır.

- O, sizə çox minnətdaram, - çörəyi alıb deyirəm.

- Siz qəlyan çəkirsiniz! Bu dəhşət xoşuma gəlir. – qadın deyir.

Sonra aramızda aşağıdakı söhbət gedir.

O: Deməli, çörək üçün özünüz gəlirsiniz?

Mən: Tək çörək üçün yox, hər şeyi özüm alıram.

O: Bəs harda nahar edirsiniz?

Mən: Adətən özüm bişirirəm. Hərdən pivəxanada yeyirəm.

O: Pivəni xoşlayırsınız?

Mən: Yox, daha çox arağı xoşlayıram.

O: Mən də araq xoşlayıram.

Mən: Araq xoşlayırsınız? Bu çox yaxşı oldu! Haçansa sizinlə içmək istəyərəm.

O: Mən də sizinlə araq içmək istəyərəm.

Mən: Üzr istəyirəm, olar sizdən bir söz soruşum?

O (o saat yanaqları qızarır): Əlbəttə, soruşun.

Mən: Yaxşı, soruşum. Siz Tanrıya inanırsınız?

O (təəccüblə): Tanrıya? Hə, əlbəttə.

Mən: Bəlkə araq alıb bizə gedək? Nə deyirsiniz? Evim yaxındadı.

O (qızğınlıqla): Nə olar ki, mən razı!

Mən: Onda gedək.

Mağazaya giririk, yarım litr araq alıram. Bir-iki qəpik-quruşdan başqa pulum qalmır. Müxtəlif şeylərdən danışırıq və birdən otağımdakı ölü qarı yadıma düşür.

Təzə tanışıma baxıram: piştaxtanın qabağında dayanıb mürəbbə bankalarına baxır.

Ehtiyatla qapıya yaxınlaşıb mağazadan çıxıram. Elə bu vaxt mağazanın yanında tramvay dayanır. O saat tullanıb tramvaya minirəm, heç nömrəsinə də baxmıram. Mixaylovski küçəsində düşüb Sakerdon Mixayloviçgilə gedirəm. Əlimdə araq şüşəsi, çörək və sardelka var.

Qapını Sakerdon Mixayloviç özü açır. Lüt bədənə xalat geyinib, ayağında boğazı kəsilmiş rus çəkməsi, başında qulaqlı xəz papaq var, papağın qulaqlarını qaldırıb yuxarıda bağlayıb.
- Çox şadam, - Sakerdon Mixayloviç məni görən kimi deyir.

- Sizi işdən ayırmadım ki? – soruşuram.

- Yox, yox, - Sakerdon Mixayloviç deyir. – Heç nə eləmirdim, döşəmədə oturmuşdum.

- Bilirsiniz, - Sakerdon Mixayloviçə deyirəm, - araqla yemək gətirmişəm. Etiraz etmirsinizsə, içərdik.

- Çox yaxşı, - Sakerdon Mixayloviç deyir, - içəri gəlin.

Otağa keçirik. Araq şüşəsini açıram, Sakerdon Mixayloviç stolun üstünə iki stəkan və bir nimçə soyutma ət qoyur.

- Sardelka da almışam, - deyirəm. – Necə yeyək? Çiy, yoxsa bişirək?

- Onları qaynamağa qoyarıq, - Sakerdon Mixayloviç deyir. – Özümüz isə araq içib soyutma ət yeyərik. Şorbanın içindən çıxartmışam, əntiqə ətdi!

Sakerdon Mixayloviç qazanı kerosinkanın üstünə qoyur, araq içməyə otururuq.

- Araq içmək xeyirdi, - Sakerdon Mixayloviç stəkanı doldura-doldura deyir. – Meçnikov yazırdı ki, araq çörəkdən xeyirdi, çörək adi samandı, qarnımızda çürüyüb gedir.
- Sizin sağlığınıza! – stəkanları toqquşduranda Sakerdon Mixayloviçə deyirəm.

İçib soyutma ətdən yeyirik.

- Dadlıdı, - Sakerdon Mixayloviç deyir.

Bu vaxt otaqda nəsə çırtıldayır.

- Bu nədir? – soruşuram.

Sakit oturub qulaq asırıq. Yenə çırtıldayır. Sakerdon Mixayloviç durub pəncərəyə qaçır, pərdəni dartıb qırır.

- Nə edirsiniz? – qışqırıram.

Amma Sakerdon Mixayloviç cavab vermir, kerosinkanın yanına qaçır, qazanı pərdəylə götürüb yerə qoyur.

- Lənətə gəlsin! – Sakerdon Mixayloviç deyir. – Qazana su tökmək yadımdan çıxıb. Qazan emallıdı, emalı yanıb töküldü.

- Başa düşdüm, - deyib başımı tərpədirəm.

Yenə üzbəüz otururuq.

- Cəhənnəm olsunlar, - Sakerdon Mixayloviç deyir, - sardelkaları çiy yeyərik.

- Çox acam, yemək istəyirəm, - deyirəm.

- Yeyin, - Sakerdon Mixayloviç sardelkaları mənə tərəf itələyib deyir.

- Axırıncı dəfə dünən, sizinlə zirzəmidə yemişdim, ondan sonra heç nə yeməmişəm, - deyirəm.

- Hə, hə, hə, - Sakerdon Mixayloviç deyir.

- Bütün vaxtı yazırdım, - deyirəm.

- Lənətə gələsən! – Sakerdon Mixayloviç bərkdən deyir. – Dahiylə üzbəüz oturmaq xoşdu.

- Yaxşı görək! – deyirəm.

- Çox yazdınız? – Sakerdon Mixayloviç soruşur.

- Hə, - deyirəm. – Kağızlar dağ kimi yığılıb.

- Dövrümüzün dahisinin şərəfinə! – Sakerdon Mixayloviç stəkanı qaldırıb deyir.

İçirik. Sakerdon Mixayloviç soyutma ət, mənsə sardelka yeyirik. Dörd dənə sardelka yeyəndən sonra qəlyanı yandırıb deyirəm:

- Bilirsiniz, mən axı sizə təqibdən qurtulmaq üçün gəldim.

- Sizin kim güdürdü ki? – Sakerdon Mixayloviç soruşur.

- Qadın, - deyirəm.

Sakerdon Mixayloviç heç nə soruşmur, stəkanlara araq süzməyə başlayır, buna görə də özüm davam edirəm:

- Onunla çörəkçidə tanış oldum və o saat da vuruldum.

- Qəşəngdi? – Sakerdon Mixayloviç soruşur.

- Hə, - deyirəm, - mənim zövqümdədi.

İçirik, davam edirəm:

- O bizə gedib mənimlə araq içməyə razılıq verdi. Mağazaya girdik, amma ordan səssizcə əkilməli oldum.

- Pulunuz çatmadı? – Sakerdon Mixayloviç soruşur.

- Yox, pulum çatmağına çatdı, - deyirəm, - amma birdən yadıma düşdü ki, onu otağıma buraxa bilmərəm.

- Nə üçün? Otağınızda başqa qadın var idi? – Sakerdon Mixayloviç soruşur.

- Hə, bilmək istəyirsinizsə, mənim otağımda başqa qadın var, - gülümsəyib deyirəm. – İndi mən heç kimi otağıma buraxa bilmərəm.

- Evlənin. Məni nahara dəvət edərsiniz. – Sakerdon Mixayloviç deyir.

- Yox, - bərkdən gülüb deyirəm. – O qadınla evlənmərəm.

- Onda çörəkçidə tanış olduğunuz qadınla evlənin. – Sakerdon Mixayloviç deyir.

- Nə üçün məni evləndirməyə çalışırsınız? – soruşuram.

- Nə olub ki? – Sakerdon Mİxayloviç araq süzə-süzə deyir. – Uğurlarınızın şərəfinə!

İçirik. Deyəsən araq təsirini göstərməyə başlayır. Sakerdon Mixayloviç xəz papağını çıxartıb çarpayının üstünə tolazlayır. Ayağa durub otaqda gəzişirəm, başım bir az gicəllənir.

- Ölülərə münasibətiniz necədi? – Sakerdon Mixayloviçdən soruşuram.

- Tamamilə mənfi, - Sakerdon Mixayloviç deyir. – Ölülərdən qorxuram.

- Hə, mənim də ölülərdən zəhləm gedir, - deyirəm. – Rastıma ölü çıxsa və əgər o qohumum deyilsə, onda onu təpikləyərəm.

- Ölüləri tapdalamaq lazım deyil, - Sakerdon Mixayloviç deyir.

- Onun düz sifətinə təpik ilişdirərdim, - deyirəm. – Ölülərlə uşaqlardan zəhləm gedir.

- Hə, uşaqlar murdar varlıqlardı, - Sakerdon Mixayloviç razılaşır.

- Bəs sizcə ölülər daha pisdi, yoxsa uşaqlar? – soruşuram.

- Məncə uşaqlar daha pisdi, onlar bizə çox mane olur. Ölülərsə hər halda həyatımıza soxulmur, - Sakerdon Mixayloviç deyir.

- Soxulur! – qışqırıram, amma o saat da səsimi kəsirəm.

Sakerdon Mixayloviç diqqətlə mənə baxır.

- Yenə araq istəyirsiniz? – soruşur.

- Yox, - deyirəm. Sonra özümə gəlib əlavə edirəm, - yox, çox sağ olun, daha istəmirəm.

Gəlib təzədən yerimə otururam. Bir müddət susuruq.

- Sizdən soruşmaq istəyirdim ki, - nəhayət dillənirəm. – Siz Tanrıya inanırsınız?

Sakerdon Mixayloviçin alnı qırışır və o deyir:

- Yaxşı olmayan hərəkətlər var. Məsəlçün, indicə cibinə iki yüz rubl qoyduğunu gördüyünüz adamdan əlli rubl borc istəmək yaxşı hərəkət deyil. Sizə pul verib verməmək onun öz işidi. Borc verməkdən imtina etməyin ən rahat və ən xoşagələn yolu – pulun olmadığını deməkdi. Siz axı onun pulu olduğunu gördünüz, beləliklə, onu rahat və xoşagələn yolla imtina etməkdən məhrum etdiniz. Onun seçim hüququnu əlindən aldınız, bu donuzluqdu. Bu pis və tərbiyəsiz hərəkətdi. Kimdənsə Tanrıya inanıb inanmadığını soruşmaq da pis və tərbiyəsiz hərəkətdi.

- Amma, - deyirəm, - bunlar başqa-başqa şeylərdi.

- Mən heç müqayisə etmirəm, - Sakerdon Mixayloviç deyir.

- Yaxşı, - deyirəm, - bunu qoyaq bir qırağa. Sizə bu cür pis və tərbiyəsiz sual verdiyim üçün məni bağışlayın.

- Buyurun, - Sakerdon Mixayloviç deyir, - mən sadəcə olaraq cavab verməkdən imtina etdim.

- Mən də cavab verməzdim, - deyirəm, - amma başqa səbəbə görə.

- Hansı səbəbə görə? – Sakerdon Mixayloviç soruşur.

- Bilirsiniz, - deyirəm, - məncə inanclı və inancsız adam yoxdu. İnanmaq istəyənlər və inanmaq istəməyənlər var.

- Deməli, inanmaq istəməyənlər artıq nəyəsə inanır? – Sakerdon Mixayloviç deyir. – İnanmaq istəyənlərsə əvvəllər heç nəyə inanmayıb?

- Bəlkə də belədi, - deyirəm. – Bilmirəm.

- Bəs nəyə inanırlar və ya inanmırlar? Tanrıya? – Sakerdon Mixayloviç soruşur.

- Yox, - deyirəm. – Ölümsüzlüyə.

- Bəs onda Tanrıya inanıb-inanmadığımı nə üçün soruşdunuz?

- Ölümsüzlüyə inanırsınız? – sualı çox axmaq səslənir deyə, Tanrıya inanıb-inanmadığınızı soruşdum. – Bunu deyib ayağa dururam.

- Nə oldu, gedirsiniz? – Sakerdon Mixayloviç soruşur.

- Hə, - deyirəm, - vaxtdı.

- Bəs araq? – Sakerdon Mixayloviç soruşur. – Lap az qalıb axı.

- Onda gəlin içək, - deyirəm.

Qalan arağı içib qalan soyutma əti yeyirik.

- İndisə getməliyəm, - deyirəm.

- Salamat qalın, - mətbəxdən keçib pilləkan meydançasına çıxanda Sakerdon Mixayloviç deyir, - ziyafətə görə çox sağ olun.

- Siz sağ olun, - deyirəm. – Hələlik.

Və gedirəm.

Tək qalan Sakerdon Mixayloviç stolu yığışdırır, boş araq şüşəsini şkafa qoyur, qulaqlı xəz papağını təzədən başına qoyub pəncərənin qabağında yerdə oturur. Əllərini dalında çarpazladığı üçün əlləri görünmür. Xalatının ətəyindən isə boğazı kəsilmiş rus çəkmələrini geyindiyi tüklü ayaqları görünür.

Fikirləşə-fikirləşə Neva prospektiylə gedirəm. Gərək bu saat evlər idarəsinin müdirinin yanına gedib hər şeyi danışım. Qarının məsələsini həll edəndən sonra isə hər gün səhərdən-axşamacan çörəkçinin qabağında dayanacağam, bəlkə yenə o qadına rast gəldim. Mən axı çörəyin pulunu – 48 qəpiyi ona vermədim. Onu axtarmaq üçün əla üsul bilirəm. Araq təsir göstərməyə davam edir, fikirləşdikcə hər şeyin necə sadə və gözəl olduğunu görürəm.

Fontankada cibimdə qalan qəpik-quruşa böyük fincanda çörək kvası alıb içirəm. Kvas turşumuşdu, ağzımda pis dadla yoluma davam edirəm.

Liteynıyın tinində sərxoş bir kişinin ayağı büdrəyir və o mənə toxunur. Yaxşı ki, revolverim yoxdu, yoxsa kişini elə yerindəcə vurardım.

Düz evəcən əsəbdən əyilmiş üzlə gedirəm. Hər halda rastıma çıxan hamı dönüb dalımca baxır.

Evlər idarəsinə girirəm. Balaca boylu, çirkli, əyri burunlu, ağbəniz qız oturub, əl güzgüsünə baxıb dodaqlarına pomada çəkir.

- Müdir hardadı? – soruşuram.

Qız pomada çəkməyə davam edir.

- Müdir hardadı? – sərt səslə təzədən soruşuram.

- Sabah olacaq, bu gün gəlməyəcək. – çirkli, əyri burunlu, ağbəniz qız cavab verir.

Küçəyə çıxıram. Yolun o biri tərəfində mexaniki ayaqlı əlil gedir və taxma ayağı ilə əsası taqqıltı salır. Altı dənə uşaq əlilin oyununu çıxarta-çıxarta dalınca düşüb.

Giriş qapısından girib pilləkanları çıxıram. İkinci mərtəbədə dayanıram, ağlıma gələn fikirdən ürəyim bulanır: qarı artıq iylənməyə başlamış olar. Pəncərəni bağlamamışdım, deyilənlərə görə, ölülər açıq pəncərənin qabağında daha tez iylənir. Nə sarsaq fikirdi! Lənətəgəlmiş evlər idarəsinin müdiri isə sabah gələcək! Bir neçə dəqiqə qərarsızlıq içində dayanandan sonra yuxarı çıxmağa davam edirəm.

Mənzilin qapısı ağzında təzədən dayanıram. Bəlkə çörəkçiyə gedib o gözəl qadını gözləyim? Məni iki-üç gecəlik yanında saxlamağı üçün ona yalvarım. Amma yadıma düşür ki, o artıq çörək alıb və bu gün daha çörəkçiyə gəlməyəcək. Gəlsəydi də bundan heç nə çıxmazdı.

Qapını açıb dəhlizə girirəm. Dəhlizin axırında işıq yanır və Marya Vasilyevna əlindəki cındır əskiylə başqa cındır əskini sürtür. Marya Vasilyevna məni görən kimi qışqırır:

- Şizi bir qoca kişi şoruşurdu!

- Nə qoca?- soruşuram.

- Bilmiyəm, - Marya Vasilyevna deyir.

- Haçan gəlmişdi, - soruşuram.

- Yadımda deyil, - Marya Vasilyevna deyir.

- Siz o qocayla danışdınız? – soruşuram.

- Hə, - Marya Vasilyevna deyir.

- Bəs onda nə vaxt gəldiyi necə yadınızdan çıxa bilər? - soruşuram.

- İki şaat bundan qabaq, - Marya Vasilyevna deyir.

- O qoca kişi necə görünürdü? – soruşuram.

- Bunu da bilmiyəm. – Marya Vasilyevna deyir.

Öz otağıma gedirəm.

"Birdən, - fikirləşirəm, - qarı yoxa çıxsa necə olar? Otağa girirəm, qarı isə yoxdu. Aman Tanrı! Nə üçün möcüzələr olmasın?”

Dəstəyi çevirib qapını yavaş-yavaş açıram. Bəlkə də mənə belə görünür, amma qapını açan kimi çürüntü iyi hiss edirəm. Yarıaçıq qapıdan içəri boylanan kimi yerimdə quruyub qalıram. Qarı dörd ayaq üstdə mənə tərəf iməkləyir.

Qışqırıb qapını bağlayıram, kilidləyib divara söykənirəm.

Marya Vasilyevna dəhlizdə görünür.

- Şiz məni çağıydınız? – soruşur.

Elə titrəyirəm ki, danışa bilmirəm, başımı inkar mənasında yellədirəm. Marya Vasilyevna yaxına gəlir.

- Şiz kiminləsə danışıydınız, - deyir.

Yenə inkar mənasında başımı yellədirəm.

- Başdanxayab, - Marya Vasilyevna bunu deyib təzədən mətbəxə gedir, gedə-gedə bir neçə dəfə dönüb mənə baxır.

"Belə dayanmaq olmaz. Belə dayanmaq olmaz,” – öz-özümə təkrarlayıram. Bu fraza hardasa içimdə məskunlaşır. Mənası beynimə çatana qədər onu təkrarlayıram.

- Hə, belə dayanmaq olmaz, - deyirəm, amma iflic kimi yerimdən tərpənə bilmirəm. Dəhşətli bir şey baş verib, amma nəsə eləmək lazımdı, bəlkə də baş verəndən daha dəhşətli bir şey. Fikirlərim qarışır, mənə tərəf iməkləyən ölü qarı gözlərimin qabağından getmir.

Otağa girib qarının başını əzmək. Bunu eləmək lazımdır! Ətrafa boylanıb uzun illərdir atılıb küncdə qalan və heç nəyə yaramayan kroket çəkicini görəndə sevinirəm. Çəkici götürüb otağa girmək və gup!..

Titrətməm hələ keməyib. Fikirlərim qaçır, qarışır, başlanğıc nöqtəsinə qayıdıb təzədən qaçır, təzə ərazilər fəth edir, mənsə dayanıb fikirlərimə qulaq asıram, elə bil onlardan qıraqdayam və onların komandiri deyiləm.

- Ölülər, - fikirlərim mənə izah edir, - vacib adamlar deyil. Nahaq yerə onlara rahatlığa qovuşan deyirlər, çünki onlar narahat edirlər. Onlara daim göz-qulaq olmaq lazımdı. Qəbiristanlıq gözətçilərindən soruşun. Sizcə nə üçün onları ora qoyublar? Ölülərə nəzarət etmək üçün! Ölülər tullanıb-düşməsinlər deyə. Bu mənada maraqlı əhvalatlar olur. Gözətçi müdriyyətin əmriylə yuyunmağa getdiyi vaxt ölülərdən biri yerindən tullanır, dezinfeksiya kamerasına girir və xeyli mələfə yeyir. Dezinfeksiya kamerasının işçiləri ölünün payını verirlər, amma mələfələrin pulunu öz maaşlarından qoymalı olurlar. Başqa bir ölü də doğum şöbəsinə girir, qadınları qorxudur, qadınlardan biri vaxtından əvvəl doğur və ölü cifti gəmirib yeməyə başlayır. Cəsur mamaçalardan biri taburetkayla ölünün kürəyindən vurur, ölü onun ayağını dişləyir və o tezliklə meyid zəhərindən ölür. Hə, ölülər vacib adamlar deyil, amma onlarla ehtiyatlı olmaq lazımdı.

- Stop! – öz fikirlərimə deyirəm. – Axmaq-axmaq danışmayın. Ölülər tərpənmir.

- Yaxşı, - fikirlərim mənə deyir, - onda otağa gir, gör tərpənməyən ölü neyləyir.

Gözlənilmədən inadkarlığım tutur.

- Girərəm! – cəsarətlə fikirlərimə deyirəm.

- Yoxla görək! – fikirlərim mənə deyir.

Lağ eləməkləri məni özümdən çıxartır. Kroket çəkicini qapıb qapıya tərəf gedirəm.

- Dayan! – fikirlərim mənə qışqırır. Amma mən artıq açarı kilidə salıb çevirmişəm və qapını itələmişəm.

Qarı kandarda üzü üstə uzanıb.

Kroket çəcikini havaya qaldırıb dayanmışam. Qarı tərpənmir.

Titrətməm keçir, fikirlərim də durulur. İndi artıq fikirlərimin komandiriyəm.

- Əvvəlcə qapını bağla! – Özüm özümə əmr edirəm.

Açarı cəftənin bayır tərəfindən çıxartıb içəri tərəfdən salıram. Bunu sol əlimlə edirəm, sağ əlimdə kroket çəkicini tutmuşam və qarıdan gözlərimi çəkmirəm. Qapını kilidləyirəm, qarının üstündən keçib otağın ortasına gəlirəm.

- İndi səninlə haqq-hesabı çürüdərik, - deyirəm. Bir planım var, bunu adətən xəfiyyə romanlarındakı və ya qəzet materiallarındakı cinayətkarlar edir. Qarını çamadana qoyub şəhərdən qırağa aparmaq və bataqlığa atmaq istəyirəm. Belə bir yer tanıyıram.

Çamadanım taxtın altındadır. Çıxartıb ağzını açıram. İçində bir neçə kitab, köhnə fetr şlyapa və bir neçə cırıq alt paltarı var. İçindəkiləri taxtın üstünə boşaldıram.

Bu vaxt evin qapısı çırpılır və mənə elə gəlir ki, qarı diksinir.

O dəqiqə kroket çəkicini əlimə götürürəm.

Qarı sakitcə uzanıb. Dayanıb qulaq asıram. Maşinist işdən qayıdıb, otağına necə girdiyini eşidirəm. Sonra o dəhlizlə mətbəxə gedir. Marya Vasilyevna mənim dəliliyimi ona danışsa, yaxşı olmayacaq. Nə axmaq vəziyyətdir! Gərək mən də mətbəxə gedim, görsünlər ki, hər şey yaxşıdır.

Yenə qarının üstündən keçirəm, çəkici qapının yanına söykədirəm ki, qayıdanda otağa girməmiş götürə bilim, sonra dəhlizə çıxıram. Mətbəxdən səslər gəlir, amma sözləri ayırd etmək olmur. Otağımın qapısını bağlayıb ehtiyatla mətbəxə tərəf gedirəm: Marya Vasilyevnanın maşinistlə nə danışdığını eşitmək istəyirəm. Mətbəxə çatanda addımlarımı yavaşladıram. Maşinist danışır, çox güman işdə baş vermiş hansısa hadisəni nəql edir.

İçəri girirəm. Maşinist ayaq üstdə dayanıb danışır, əlində dəsmal var, Marya Vasilyevna isə tabuterkada oturub qulaq asır. Maşinist məni görüb əlini yellədir.

- Salam, salam, Matvey Fillipoviç, - deyib vanna otağına keçirəm.

Hələlik hər şey yaxşıdır. Marya Vasilyevna artıq mənim qəribəliklərimə öyrəşib və yəqin ki, bayaqkı hadisə yadından çıxıb.

Birdən məni soyuq tər basır: mən qapını açarla kilidləməmişəm. Birdən qarı dəhlizə çıxdı, onda necə olacaq?

Özümü vanna otağından bayıra atıram, amma birdən-birə ağlıma başıma gəlir və qonşuları qorxutmamaq üçün mətbəxdən sakitcə keçirəm.

Marya Vasilyevna barmağıyla mətbəx stolunu döyüb maşinistə deyir:

- Əla! Əla! Mən də fit çalaydım!

Ürəyim atlana-atlana dəhlizə çıxıram və qaça-qaça otağıma gəlirəm. Bayırdan hər şey qaydasındadı. Qapını aralayıb içəri boylanıram. Qarı əvvəlki kimi üzü üstə uzanıb. Kroket çəkici qoyduğum yerdədi. Çəkici götürüb otağa girirəm, qapını kilidləyirəm. Hə, otaqdan əməlli-başlı meyid iyi gəlir. Qarının üstündən keçib pəncərənin qabağına gəlirəm, kresloda otururam. Kaş çürüntü iyi ürəyimi bulandırmayaydı. Qəlyan çəkirəm. Ürəyim bulanır, qarnım da bir az ağrıyır.

Nə üçün oturmuşam? Qarı təmiz çürüməmiş nəsə eləmək lazımdır. Amma onu çamadana qoyanda ehtiyatlı olmaq lazımdı, birdən barmağımı dişləsə, onda necə olsun? Sonra da gəl meyid zəhərindən öl.

- Ehe! – birdən güldüm. – Deyin görüm, siz məni necə dişləyəcəksiniz? Dişləriniz görün hardadı!

Oturduğum yerdən otağın küncünə boylanıram, mənim hesabımla taxma dişlər orda olmalıydı. Amma dişlər orda yoxdu.

Fikirləşirəm: bəlkə qarı otağımda dişlərini axtarırmış, ona görə sürünüb? Bəlkə də tapıb yerinə salıb?

Kroket çəkicini götürüb küncü qurdalayıram. Yox, dişlər yoxdu. Komoddan böyük mələfəni götürüb qarıya yaxınlaşıram. Kroket çəkicini sağ əlimdə hazır tutmuşam, mələfə isə sol əlimdədir.

Ölü qarı məni qorxudur. Çəkiclə qarının başını qaldırıram: ağzı açıqdır, gözləri çəpləşib, buxağında təpik vurduğum yerdə isə böyük tünd ləkə var. Qarının ağzına baxıram. Yox, o dişlərini tapmayıb. Başı buraxıram. Döşəməyə dəyib tappıldayır.

Mələfəni açıb qarının yanında yerə sərirəm. Sonra ayağımla və kroket çəkiciylə qarını fırladıb mələfənin üstünə qoyuram. Ayaqları qatlanıb, əlləri quruyub sinəsinə yapışıb. Qarı dalı üstə uzanıb üstünə şığıyan qartaldan qorunmaq istəyən pişiyə oxşayır. Bu cəmdəyi tez tullamaq lazımdır!

Qarını mələfəyə büküb əlimə götürürəm. Gözlədiyimdən daha yüngül imiş. Çamadana qoyub ağzını bağlayıram. Çətin olacağını fikirləşirdim, amma çox asan bağlanır.

Çamadan qabağımdadır. Heç bir qəribəliyi yoxdur, elə bil içində kitablarla alt paltarı var. Dəstəyindən yapışıb qaldırıram. Düzdür, bir az ağırdır, amma o qədər də yox, onu tramvaya qədər apara bilərəm.

Saata baxıram: altıya iyirmi dəqiqə işləyib. Yaxşı vaxtdır. Bir az dincəlib qəlyan çəkmək üçün kresloya otururam.

Deyəsən sardelkalar çox təzə deyildi, çünki qarnım bayaqkından da bərk ağrıyırdı. Bəlkə də çiy yediyimə görə belə oldu? Bəlkə də həyəcanlandığıma görə qarnım ağrıyır.
Oturub qəlyan çəkirəm. Dəqiqələr bir-birinin dalınca qaçır.

Yaz günəşinin şüaları pəncərədən düşüb gözlərimi qamaşdırır. 

Günəş qarşıdakı evin bacasının dalında gizlənir. Bacanın kölgəsi damdan küçəyə, küçədən pəncərəmə, pəncərəmdən üzümə düşür.

Dünən bu vaxt burda oturub povest yazdığım yadıma düşür. Budur: dama-dama kağızın üstündə xırda hərflərlə yazılmış bir cümlə: "Möcüzə göstərən hündür boylu idi”.
Pəncərədən baxıram. Küçədən mexaniki ayaqlı əlil keçir, mexaniki ayağıyla əsası taqqıltı salır. İki işçi və yanlarındakı qarı əlilin yerişinə baxıb gülür.

Ayağa dururam. Vaxtdır! Yola düşmək vaxtıdır! Qarını bataqlığa aparmaq vaxtıdır! Hələ maşinistdən borc almalıyam.

Dəhlizə çıxıb onun qapısına yaxınlaşıram.

- Matvey Fillipoviç, evdəsiniz? – soruşuram.

- Evdəyəm, - cavab verir.

- Bağışlayın, Matvey Fillipoviç, pulunuz var? Mən birisigün alacağam. Otuz rubl borc verə bilərsiniz?

- Bilərəm, - maşinist deyir. Onun açarla hansısa yeşiyi açıb bağladığını eşidirəm. Sonra qapını açıb təzə, qırmızı otuzrublluq əskinası mənə uzadır.

- Çox sağ olun, Matvey Fillipoviç, - deyirəm.

- Dəyməz, dəyməz, - maşinist deyir.

Pulu cibimə soxub otağıma qayıdıram. Çamadan əvvəlki yerindədir.

- İndi isə yola düşmək lazımdır, yubanmaq olmaz, - özümə deyirəm.

Çamadanı götürüb otaqdan çıxıram.

Marya Vasilyevna çamadanı görüb qışqırır:

- Haya gedirşiniz?

- Xalamgilə. – deyirəm.

- Tej gələcəkşinij? – Marya Vasilyevna soruşur.

- Hə, - deyirəm. – Çirkli paltarlarımı aparım, qayıdacağam. Çox güman elə bu gün qayıdacağam.

Küçəyə çıxıram. Çamadanı gah sol, gah sağ əlimdə daşıya-daşıya tramvaya çatıram. Tramvaya qoşulma vaqonun birinci qapısından girib kandurtor qıza əl edirəm ki, gəlib yüklə bilet pulunu alsın. Otuzrublluğu oturanlarla göndərmək istəmirəm, çamadanı qoyub getməyə isə ürəyim gəlmir. Konduktor qız yanıma gəlir və deyir ki, xırdası yoxdur. Birinci dayanacaqda düşməli oluram. Hirs içində dayanıb növbəti tramvayı gözləyirəm. Qarnım ağrıyır və ayaqlarım yüngülcə titrəyir.

Birdən o gözəl qadını görürəm: o yolu keçir və mən tərəfə baxmır.

Çamadanı götürüb onun dalınca düşürəm. Adını bilmədiyim üçün səsləyə bilmirəm. Çamadan mənə mane olur, onu iki əlimlə qabağımda tutmuşam və gah qarnımla, gah ayaqlarımla itələyirəm. Gözəl qadın tez-tez gedir, hiss edirəm ki, ona çata bilməyəcəyəm. Tər içindəyəm, gücüm tükənir. Gözəl qadın tini dönür. Tinə çatanda görürəm ki, artıq yoxa çıxıb.
- Lənətəgəlmiş qarı! – Çamadanı yerə çırpıb pıçıldayıram.

Gödəkçəmin qolçaqları tərdən islanıb biləklərimə yapışıb. İki uşaq qabağımda dayanıb mənə baxmağa başlayır. Sakit ifadə alıb tinə boylanmağa başlayıram, guya kimisə gözləyirəm. Uşaqlar pıçıldaşıb məni göstərirlər. Hirsdən zəncir çeynəyirəm. Ah, kaş onları iflic eləyə biləydim!

Bu murdar uşaqlara görə çamadanı götürüb tinə gəlirəm, boylanıram. Guya təəccüblənirəm, saatımı çıxartıb baxıram və çiyinlərimi çəkirəm. Uşaqlar uzaqdan məni izləyir. Yenə çiyinlərimi çəkib tinə boylanıram.

- Qəribədir, - bərkdən deyib çamadanı götürürəm və tramvay dayanacağına tərəf gedirəm.

Yeddiyə beş dəqiqə qalmış vağzala çatıram. Lisiy Nosa bilet alıb qatara otururam.

Vaqonda məndən başqa iki nəfər var: biri görünüşündən fəhləyə oxşayır, deyəsən yorğundur, papağını gözünün üstünə basıb yatır. O birisi kənd uşağına oxşayır, modabazdır, pencəyin altından çəhrayı köymək geyinib. Papiros çəkir, papirosu tünd yaşıl rəngli plastmas müştüyə taxıb.

Çamadanı skamyaların arasına qoyub otururam. Qarnım bərk sancır, qıvrılmamaq üçün yumruqlarımı sıxıram.

Platformada iki milis bir nəfəri aparır. Aparılan adam əllərini dalında çarpazlayıb, başını aşağı salıb.

Qatar tərpənir. Saata baxıram: səkkizə on dəqiqə işləyib.

O, bu qarını ləzzətlə bataqlığa atacağam! Amma nahaq özümlə çubuq götürmədim, bəlkə də qarını itələmək lazım gələcək.

Modabaz həyasızcasına mənə baxır. Dalımı ona çevirib pəncərədən baxmağa başlayıram.

Qarnım sancıdan doğranır, dişlərimi, yumruqlarımı və ayaqlarımı sıxıram.

Lanskayanı və Novıy Derevnyanı keçirik. Dəniz görünür.

Bu vaxt hər şeyi yaddan çıxartıb ayağa sıçrayıram, xırda addımlarla tualetə gedirəm. Qarnımdakı sancı beynimi dumanlandırır…

Qatar sürətini azaldır. Laxtaya yaxınlaşırıq. Sakitcə oturmuşam, səs salmamağa çalışıram, dayanacaqda tualetdə oturduğuma görə məni qova bilərlər.

- Bircə qatar tez tərpənəydi! Bircə tez tərpənəydi!

Qatar tərpənir və mən həzz içində gözlərimi yumuram. O, belə diqəqlər vüsal dəqiqləri qədər şirin olur!

Bütün gücümü səfərbər etmişəm.

Qatar yenə sürətini azaldır. Olqinodayıq. Deməli yenə özümü sıxıb saxlamalı olacağam!

Alnımı soyuq tər basır, bədənimdən xəfif üşütmə keçir. Ayağa durub başımı divara dayayıram, bir müddət belə dayanıram. Qatar gedir və vaqonun çalxalanmağı mənə ləzzət verir.
Bütün gücümü toplayıb səndələyə-səndələyə tualetdən çıxıram.

Vaqonda heç kim yoxdur. Fəhləylə çəhrayı köynəkli modabaz ya Laxtada, ya da Olqinada düşüblər. Yavaş-yavaş yerimə gedirəm.

Birdən dayanıram və key-key baxıram. Çamadan yerində yoxdur. Bəlkə pəncərəni səhv salmışam? O biri pəncərənin qabağına qaçıram. Çamadan burda da yoxdur. Dala qayıdıram, qabağa gedirəm, vaqonu bu başdan o başa fırlanıram, skamyaların altına baxıram. Çamadan heç yerdə yoxdur.

Şübhəyə yer qalmır. Mən tualetdə olanda çamadanı oğurlayıblar. Bunu təxmin etmək olardı!

Skamyada oturub donuq nəzərlərlə ətrafa baxıram və nə üçünsə Sakerdon Mixayloviçin emalı yanan qazanı yadıma düşür.

- İndi nə oldu? – özümdən soruşuram. – İndi kim inanar ki, qarını mən öldürməmişəm?

Məni elə bu gün tutacaqlar, ya burda, ya da şəhərdəki vağzalda. Bayaq başı aşağı gedən adam kimi.

Vaqonun meydançasına çıxıram. Qatar Lisiy Nosa yaxınlaşır. Yolun ətrafındakı ağ tirlər görünür. Qatar dayanır. Vaqonun pilləkanları yerdən çox aralıdır. Tullanıb stansiya pavilyonuna gedirəm. Şəhərə qayıdan qatara yarım saat var.

Meşəyə gedirəm. Bu da ardıc kolları. Onların dalında məni heç kim görməz. Ora gedirəm. Yerdə böyük, yaşıl tırtıl sürünür. Diz üstə çöküb barmağımla ona toxunuram.

Ətrafa boylanıram. Heç kim məni görmür. Kürəyimdən yüngül titrətmə keçir.

Başımı əyib yavaşdan deyirəm:

- Ata, Oğul və Müqəddəs Ruh naminə, indi və həmişə və əbədiyyən. Amin.


***

Bununla əlyazmamı müvəqqəti saxlayıram, məncə o, onsuz da çox uzandı.

Tərcümə: Həmid P.