Dünyanı xilas edə bilməyən adam

Dünyanı xilas edə bilməyən adam

Hamı yaxşı insan olmaq istəyir, amma "artıqlamasıyla” və "həmişə” yox… 

Corc Oruell 

Corc Oruel "1984” adlı məşhur əsərin müəllifidir. "1984” XX əsrin ən çox müzakirə olunan romanlarından biridir. Sözügedən əsər bir çox siyasətçiləri və ədəbiyyat professorlarını bir-birinə qarşı qoyub. Kitab yazıldıqdan sonra çox maneələrlə üzləşib. Əvvəlcə onun çapına qadağa qoyulub. Soyuq müharibə bitdikdən sonra isə birdən-birə hər şey dəyişdi və bir anda əsər ədəbiyyatçılar tərəfindən baş tacı elan olundu. 

Hazırda bu kitab ABŞ-da bir çox məktəb və universitet müəllimləri tərəfindən öz şagird və tələbələrinə tövsiyə olunur, onunla bağlı şagirdlərə ev tapşırıqları belə verilir. Orta məktəbdə oxuyan bir çox şagirdin kabusuna çevrilən bu roman, eyni zamanda, sadiq bir pərəstişkar kütləsinə sahibdir. 

Akademiya və ədəbiyyat dünyasının öndəgedən simaları bu kitaba görə çox mübahisələr edib, fikir ayrılıqlarına düşüblər. 

Eyni universitet şəhərciyində "1984”ü dünyanın ən şedevr əsərlərindən biri kimi qəbul edib, tələbələrə saatlarla Corc Oruell dühasından danışan professorlara rast gəlmək olar. Yan otaqda isə Oruelli propaqanda yazıçısı, adi bir oyuncaq olaraq tələbələrə təqdim edən hirsli professorun səsini eşidə bilərsiniz. Haqqında yazılanlar o qədər çox və bir-birindən fərqlidir ki, bu söz çoxluğunda itib batmaq olar… 

Darıxdırıcı, maraqsız, müharibə ab-havalı, ümidsiz, boz bir hekayə… Həyat dolu bir yaşam tərzinin sənətlə birləşdirərək simvolları dilə gətirən bir dünya… 

Həqiqəti saxta xoşbəxtlikdən üstün tutan, nə olursa-olsun, onun izindən azmayan bir adamın nəfəs kəsən hekayəti… Mənasız, içi boş, kommunizm tərəfdarı olan bir propaqanda kitabı… İşgəncəyə, müharibəyə və ölümə belə qarşı çıxan məhəbbət, dostluq, vətən sevgisi, idealizm kimi anlayışları təkrar-təkrar, dəfələrlə düşünməyi bizə öyrədən kitab.

 Bütün bu fərqli şərhlərin içində itib-batmamaq, yazıçını və əsəri düzgün qiymətləndirmək üçün Corc Oruelli anlamağa çalışmaq lazımdır. Oruellin ən məşhur kitabı olan "1984” onun yaşadığı həyatdan özündə dərin izlər əks etdirir. 

Corc Oruell nələr gördü? Nələrə şahid oldu? O, necə "1984” kimi qaranlıq müqəddəsliyi ölümlə pəncələşdiyi bir vaxtda sona çatdıra bildi? Uşaqlığından bəri bir kənarda öz dünyasında yaşayan, zəif cüssəli, balaca oğlan necə oldu ki, özünü İspaniya vətəndaş müharibəsinin ön sıralarında tapdı? 

Ölümündən iki gün öncə vəsiyyətini dəyişdirən Corc Oruell heç bir halda bioqrafiyasının qələmə alınmamasını istədiyini qeyd etdi. Amma əlimizdə hələ də çoxsaylı gündəliklər, münasibətdə olduğu dostlarının danışdıqları var. 

Bütün bunlara baxmayaraq, yazıçının həyatı haqda olan ən dəqiq və ətraflı məlumatlar elə onun əsərlərindədir. 

 Dünyanı xilas edə bilməyən adam 

"Saxtakarlığın beynəlxalq səviyyədə hakimlik etdiyi bir vaxtda həqiqətləri açıq-aşkar deyə bilmək inqilabi bir hərəkətdir”. 

Corc Oruell   

Əsl adı Erik Artur Bleyr olan Corc Oruell 25 iyun 1903-cü ildə ingilis əsarəti altında olan Motihari ərazisində, Hindistanda anadan olub. Beş yaşı olanda anası ilə İngiltərəyə qayıdan Corc 1912-ci ilə qədər atasını heç görməyib. Atası işğal altında olan Hindistanda dövlət xadimi olaraq fəaliyyət göstərirdi. Onlar daha az pulla, daha rahat yaşaya bilmək üçün bura köçmüşdülər. Amma bir müddət sonra Corcun atası  musson havalarından çox pis təsirlənən oğlunu anası ilə İngiltərəyə göndərmək qərarına gəlir. Bundan sonra Corcun həyatında öz dili ilə desək, "təqaüdlü kabus dərsləri” başladı. 

Corc hələ səkkiz yaşı olanda St. Cyprians adlı məktəbə yazılır. O, buranın yataqxanasında qalır və təqaüdlə oxuyurdu. Elə o vaxtlardan Corc boş vaxtlarını insanlardan uzaqda keçirməyə başlayır. Corcun gündəliklərində yazdığına görə, məktəb direktoru və onun xanımı məktəbdə xüsusi qəddarlıqla intizam qaydalarını qoruyurdu. Balaca Erik diktatura ilə hələ məktəbli ikən, məktəb direktoru və onun xanımının simasında tanış olub. Elə o vaxtdan da diktaturaya xüsusi nifrətlə yanaşıb… 

"1984”ün qəhrəmanı Vibston "sərhədsiz bir gücün altında əzilərək özünü tələyə qısılmış kimi hiss edir”. Romanda əsas qəhrəman səssiz və sakit olsa da, üsyan etməyə çalışır. Oruell də uşaqlıq illərindən diktaturaya və haqsızlığa öz sakitliyi ilə üsyan etmişdi.

 Yataqxanada öz yatağını islatdığı gün baş verənləri "O günlər” adlı yazısında təsvir edib. Oruell hər səhv addım atanda ətrafındakı insanlar ona təqaüdlə oxuduğunu və bunun bir növ xeyriyyə işi olduğunu tez-tez xatırladırdılar. 

Bunları eşitdikcə Oruell öz yoldaşlarından bir az daha uzaqlaşmağa başladı. Öz yaratdığı dünyada yaşayan yazıçı illər sonra belə deyəcək: 

"Uşaqlığımın və həyatımın iyirmi beş ili beynimdə heç sonlanmayan bir hekayə və xəyal dünyası dolaşdı. İlk xəyallarımda "Robin Qud”a oxşayan bir qəhrəman idim. Müxtəlif bitib-tükənməyən macəralar yaşayırdım. Sonralar isə həyatımın "diqqətli müşahidə” dövrü başladı. Bu dövrlərdə ətrafımda baş verən hər şeyi ən xırda incəliyinə qədər müşahidə edib, şərtləri, vəziyyəti olduğu kimi kağıza köçürmək yeganə hədəfim idi”. 

Burda yenə ağlımıza "1984” romanının baş qəhrəmanı Vinston gəlir. Vinston kənardan totalitar partiyanın bütün əmrlərini səssiz-səmirsiz yerinə yetirən adi bir müşahidəçi kimi görünsə də, beyninin içində partiyaya qarşı cinayətlər törədirdi. Xəyalında tam fərqli şeylər haqda düşünürdü... 

Oruell yaxşı şagird idi. O, İngiltərənin ən prestijli məktəblərindən biri olan "Eton kolleci”ndə təqaüdlə oxuyurdu. Kollecdə qısa zaman ərzində Aldous Huksleydən fransız dili dərsləri alırdı. Amma Oruell Huksleylə yalnız dərslər daxilində ünsiyyətdə olur, başqa vaxtlarda görüşüb-danışmırdılar. 

Məzun olduqdan sonra Burmaya gedib yerli təhlükəsizlik mühafizəsinə qoşulan Corc Oruell burda insanlara qarşı necə kobud və amansız davranıldığını öz gözləriylə gördü və gördüklərini heç vaxt unutmadı... 

Hər cür totalitar düşüncəyə açıq-açıq nifrət məhz bu dövrdə başladı. O günlərdən təsirlənərək yazdığı "Burma günləri” adlı kitabı yazıçının bu dövrdə yaşadığı duyğuları əks etdirən ən yaxşı kitabdır. 

Yazıçı o günləri belə şərh edir: 

"Burmadakı balaca Moulmeyn şəhərində insanlar mənə nifrət edirdi. Nifrət və qorxu... İnsanlar mənə yalnız bu iki duyğuyla yanaşırdılar”. 

Rollar dəyişmişdi, indi Oruell dəmir yumruq adamlardan birinə çevrilmişdi. Kollecdən sonra maddi sıxıntılar ucbatından təhsilini ali təhsil ocağında davam etdirə bilməyən Oruell atasının könlünü almaq üçün onun yolu ilə getməyi seçmişdi. Gələcəkdə yaxşı bir yazıçı olmağı planlaşdıran, azad ruhlu və xəyalpərəst  Corc üçün əcnəbi bir ölkədə öz ölkəsinin bayrağını qorumaq elə də asan olmamışdı. Britaniya dövlətinin əmrləri ilə asayişi qoruyan yazıçı polisə və təmsil etdiyi hər şeyə nifrət edirdi. Yardım etməli olduğu insanlara, ölkəsinə, sadəcə, nifrət edirdi. Özünü tərk edilmiş hiss edən Oruell həyatının bu dövrünü "1984” romanının hələ ilk səhifələrində qələmə alıb. Partiya üçün xidmət göstərən və bundan utanan adam, əslində, yazıçının özüdür. 

Yazıçı burda ilk dəfə sivil xalqa necə işgəncə verildiyini, sorğu-sualsız onları necə həbs etdiklərini və insan həyatının, əslində, nə qədər dəyərsiz olduğunu ön sıralardan öz gözləri ilə müşahidə edir. Həm də bunu edənlərə nifrət etsə də, onlarla eyni cəbhədən bunu edir. 

Burmada yoluxucu bir xəstəliyə tutulan Corc Oruell ölümdən dönür və bir müddət sonra polislik fəaliyyətini dayandırıb, həyatını yazmağa həsr edir. Həyatı boyu yaxasını buraxmayan ağciyər xəstəliklərinin toxumları Burmada olarkən atılmış, yazıçının sağlamlığı bərpa olunmayacaq istiqamətdə pozulmuşdu. Atası isə Oruelli öz vəzifəsindən imtina etdikdən sonra heç vaxt bağışlamadı... 

Oruell xəstə halda yatağında uzanarkən Cek Londonun kitablarını oxuyurdu. Londonun kitab yaza bilmək üçün kasıbların arasında, evsizlərin qaldığı yerdə süründüyünü, tək bir paltarla, əziyyət içində küçələrdə yatdığını oxuyanda Oruell bundan çox təsirlənir. Burmada keçirdiyi dörd ilin utancından yaxa qurtara bilmək üçün aşağı sinfə qoşulmaq qərarına gəlir. İkinci əl mağazalardan birindən bir gödəkçə, bir yamaqlı şalvar alıb yola düzəlir. Bu dövrlərdə Oruell müxtəlif peşələrdə çalışır. Londonda və Parisdə keçirdiyi günlərdə qabyuyandan, qəzet satıcısına qədər bir çox yerdə işləyir. Bu günlərdən bəhs etdiyi "Londonda və Parisdə susuz” kitabı birnəfəsə oxunan mükəmməl əsərlərdən biridir. 

Oruell, təxminən, beş il kasıblar və evsizlər üçün nəzərdə tutulmuş yataqxanalarda yaşayır. Bəzi qəzetlərdə qısamüddətli köşə yazıları yazır. Amma nəticə olaraq sonda bir qəpiksiz qalır. Onun səhhətində yenə böyük problemlər yaranır. Dostları onu Fransada  kasıblar üçün nəzərdə tutulmuş vərəm dispanserində ümidsiz halda tapanda Oruell ölümlə pəncələşirdi. Bu dövrlərdə Oruell həmişə anlamağa çalışdığı aşağı siniflə yaxın dostluq münasibətləri qurur. Gələcəklə bağlı heç bir ümidi olmayan insanların arasında ilk dəfə aclığı və boşluğu başa düşən yazıçı hər gün yeni nələrəsə şahid olur. Fikirləri, dünyagörüşü, həyata və insanlara münasibəti hər an dəyişir. Bu vaxta qədər adı Erik Bleyr olan yazıçı "Londonda və Parisdə susuz” kitabının çapından bir müddət əvvəl özünə bir ad seçir. Artıq hər kəs onu Erik Bleyr kimi deyil, Corc Oruell kimi tanıyacaqdı. Erik Bleyr məktəbdə yalnız, özünə qapanan, asosial bir uşaq idi. Daha sonralar bu uşaq böyümüş, Burmada utanc duyduğu bir vəzifədə çalışmış, istəmədiyi şeylər etmək məcburiyyətində qalmışdı. 

Amma indi Erik Bleyr yox olub, onun yerinə məqsədi, arzuları və planları olan Corc Oruell gəlmişdi. Kral Corc o illərdə monarxiyanın başında idi... Oruell isə İngiltərənin ən dinc çaylarından biri hesab olunurdu...

Kult.az