Doğrudanmı ədəbiyyat həyatdan maraqlıdır?

Doğrudanmı ədəbiyyat həyatdan maraqlıdır?

Eyyub Məmmədov

Son zamanların ən çox maraq doğuran ədəbi trenddə belə bir iddialı fikir səslənməkdə idi:  " Ədəbiyyat həyatdan maraqlıdır " . 

Mən ədəbiyyatın kütləviləşməsinin tərəfdarı olmasam da, ölkədə ədəbiyyat adına atılan hər cür səmimi addımı dəstəkləyirəm. Bu mənada bu trendin mahiyyəti və məqsədi nə olur olsun, görülən iş təqdirəlayiq hadisə olaraq qiymətləndirilməlidir. Ancaq burada məni maraqlandıran əsas şey hadisənin mahiyyəti və məqsədindən daha çox məhşur sloqanın ətrafında yaranan önəmli bir sualla baş-başa qalmaq oldu.  Doğrudanmı ədəbiyyat həyatdan maraqlıdır? Doğurdanmı yaşadığımız bu boz və cansıxıcı nəsnələr, əşyalar toplusu öz mənəvi aqreqat halını bir-bir dəyişdikcə bir formadan (əşyadan)  başqa bir formaya (sözə, yazıya) keçdikcə gözəlləşir, daha da cazibədar olur? 

Bəri başdan onu qeyd edim ki, məhşur türk yazıçısı Orhan Pamuk bu fikri heç cürə yaxın buraxmazdı. Belə ki,  o öz  "Qara kitabı”-nın finalındakı o məhşur cümlə ilə dediyi kimi "yazıdan başqa heç bir şeyi heyrətamiz saymır” .  Bir növ həyat elə mətnin özüdür. Tipik postmodernist bəyanatı. Amma bizim ədəbiyyatçılar Orhan Pamukdan fərqli olaraq ədəbiyyatla həyatı bir-birindən ayıraraq ədəbiyyatı bir pillə yuxarı qaldırır. Üstəgəl, həyat və yazı münasibətlərində, ədəbiyyat və yaşam məsələlərində tərəf seçmək həm də elə bir iddiadır  ki, bu təxminən  " tam və onun hissələri”  arasındakı uyğunluqla bağlı olan məntiqi aksiomanın inkarına bənzəyir. Yəni bir növ tamın hissələri toplandıqda tamın özündən böyük ola bilmədiyi kimi də ədəbiyyata da klassik platonçu yanaşma ilə yanaşanda həyatın mimesisi olaraq həyatın özündən maraqlı ədəbiyyat iddiası problemə çevrilir.  Biz isə rasionalist olmadığımızdan həm məntiq sərhədlərini aşa biləcək ehtimalları nəzərə alıb, suala cavab tapmaqdan daha çox sualın özü ilə baş-başa qalacağıq, həm də lazım gələrsə, alınan cavabdan qorxmayıb məntiqimizi sənət önündə məğlubiyyətlə də baş-başa buraxacağıq. Bəli, bizim dünyamızda hissənin tamın özündən böyük olma ehtimalı da var...

Əslində, həyatla sənət arasındakı əlaqədə mövqe tutma cəhdi məhşur filosof Bodriyarın "simulyakr” nəzəriyyəsindən sonra anaxronizmə yol verməkdir. Çünki Bodriyara görə günümüzün sənət anlayışı gerçəkliyin yansıması deyil, əksinə, gerçəkliyin özünü yaradan başlıca faktordur. Hardasa Pamukun mövqeyindəki kimi. Bir az da dərinliyə getsək, burada Pamukdan fərqli olaraq, gerçəklik anlayışı itir. Həqiqi  ilə geydirmənin, yalanla doğrunun, sənətlə gerçəkliyin bir-biri ilə daimi yerdəyişmə vəziyyətində olduğu,  bir-birinin içərisinə keçirilmiş vəziyyətdə mövcud olduğu bir dünyada  biz həm də bu gün "ədəbiyyat, yoxsa həyat" sualına cavab axtarmaqla bir növ özümüzü çıxılmaz dalana dirəyirik. Bu da yetmirmiş kimi, hələ böyük bir iddia da ortaya atırıq: " Ədəbiyyat həyatdan maraqlıdır”. Deməli, onda birinci vacib olan bizim ədəbiyyatla bağlı düşüncəmizdə haqq-hesabı çürütmək, ədəbiyyatın bizim üçün nə kəsb etdiyini aydınlaşdırmaqdır. Onda gəlin hərə öz yozumunca ədəbiyyatın nə olduğuna qiymət verməyə çalışsın. Əvvəldə  də dediyimiz kimi, ədəbiyyat məntiqdən və rasionalizmdən fərqli olaraq, heç bir obyektivliyə iddia etmədiyindən burada subyektivliyə yol verməyimiz mümkündür. Deməli, artıq mətndə " biz” kontekstindən uzaqlaşıb öz "mən”imi - təhkiyəçinin özünü səhnəyə çıxarmağın vaxtıdır.

Gündəlik məişət həyatımda  – evdə, küçədə,  avtobusda, işdə, dostlarla görüşdə özümlə gəzdirdiyim xəyali bir dünya var. Yəqin ki, əsasən üz cizgilərimə də yansımış o qəribə ifadənin altında da bu səbəb dayanır. Çalışdığım qədəri ilə bu iki dünya arasındakı balansı bərpa edə-edə bir tərəfim bu dünyada, o bir tərəfimi isə o xəyali dünyamda yaşada-yaşada qət etməyə çalışdığım bu iyirmi üç ilin birində qəfil anlamışdım ki, bəzən gerçək, ya da gerçək sandığımız ( Bodriyar) bu həyat mənim öz uydurma dünyama uduzur. 

Bilirəm, bu dünyada olub-bitənlər məndən başqa heç kəsə maraqlı deyil , onsuz da belə bir şeyin olması da nadirən rast gəlinən şeydir, sadəcə demək istədiyim odur ki, bəzən də real dünya ilə bağlı baş verən narazılıqlarda bəyənməmə duyğusunun fonunda  zamanla anlamışdım ki, mənim dünyamda məni tətmin edən səbəblər bu dünyada heç də mənim söz sahibi olmağımdan irəli gəlmir. Əksinə, məsələ bu dünyada şərtləri diqtə edən şəxsin kimliyindəndir ki,  bax o şəxs  mənə qarşı çox ədalətli rəftar edir.  

Mən, məni hara qədər dartıb apara biləcəyini yoxlayıb-yoxlayıb yorulduğum xəyallarım və fantaziyama –  hərçənd ki , bəzən qeyri məhsuldarlığından dolayı onunla aramız da dəyir -  güvəndiyim qədər başqalarında da bu fantaziyaların olmasına inanmış, bu fantaziyaları və onların  yaratdığı təsirləri də zaman-zaman incələməyə çalışmışam. Burada gördüyüm mənzərə isə həqiqətən də heyrətamizdir. Bu fantaziyalar bəzən "Sodomun 120 günü" kimi insan ruhunun hüdudsuz ənginliklərinəcən tarım çəkilir, bəzən də Samuel Bekketin şikəst qəhrəmanları kimi öz içlərinə yığılır. Deməli, ədəbiyyat da bir sənət sahəsi olaraq insan ruhunu, onun fantaziyalarını və xəyallarını yaradan, formalaşdıran, genişlərindən, yaşadan bir şey olub, ona ən böyük təskinliyi bəxşetmə gücünə malikdir. Necə ki, Kamyunun Mersosu həyatı nə vaxtsa yaşanılan bircə günün xatirəsinə görə sürdürməyə razı olub, ona qarşı "Hə" deməyə hazır idisə, mən də hərbi xidmətin ən sıxıntılı və darıxdırıcı günlərini yaddaşımda qoruyub saxlamağa çalışdığım Holden Kolfild obrazı ilə ötüşdürməyə çalışırdım.

Ədəbiyyat itkin zamanın bərpa cəhdi olduğu qədər də, həm də zamanın itkisinin qarşısını almağa vasitə, keçmişinlə biryolluq üzülüşməyə qarşı əlindəki ən böyük silaha çevrilir. Hələ məktəbə getməyən bir uşağın rayonlarındakı kənd adlarından xəyali dövlətlər dünyası qurması, hər gün bu dövlətlərlə bağlı müharibələr, sülh müqavilələri və nəhayətində bir dövlətin digər bütün dövlətlərə qalib gəlib imperyaya çevrilməsini təmin edən bir xəyal gücü onu gec-tez Selinlə rastlaşdırmalı idi.  Bu əzabkeş obraza çevrilmək qalib ədasından günah keçisinə çevrilmək üçün o incə qırmızı xətti keçmək zamanın ona bəxş etdiyi ən böyük güzəşt anlayışıdır. 

Ya da başqa bir misal. Bəldə də heç vaxt mövcud olmamış "Qarbozar" adlanan xəyali əraziyə bir dəstə insanın altı aylıq müddətində leylək ovlamaq üçün çıxdıqları səfərdən bəhs edən uzun xəyali bir macəra gələcəkdə  "Kənd müəllimi" kimi soyuğundan donacağı bir hekayəyə gətirib çıxardı.

Əsl yazıçı öz qədərini yazandır. Qədərinin qurbanı olmayan yazıçı ya səmimi deyil, ya da cəsarətli. Xəyallarımızdakı velosipedlərlə başqa şəhərlərə çıxdığımız xəyali dostlarım -  Zaur, Rüfət, Rasim və başqaları bu gün ruh olaraq hansı bədənlərdədir bilmirəm, ancaq dəqiq bilirəm ki, onlar da mənim kimi öz xəyali dostlarını, ruh yoldaşlarını, yəni məni hələ də  axtarırlar. Axı onlarla mən eyni bir xəyalın obrazları olmuşuq. Burdan onlara səslənirəm: Mən buradayam, dostlarım!  Heç vaxt olmadığım qədər həqiqi məkanda və həqiqi bir zamanda. Bax, bu mətnin içində.

İyirmi üç ilimin tamamında məni rahat buraxmayan, az qala hər saaat, hər dəqiqə arxamca gələn bəzi xatirələrimi əbədiləşdirdikcə, bir daha onlarla qarşılaşmaq istəmədiyim ağrılarımı – acılarımı unutmağa cəhd etdikcə, ən az özüm qədər tənbəl olan ruh halımın məhsulu olan bu xəyalların içində özünə yer etməyi bacarmış bu üç hadisəni yazmaqla ədəbiyyatın üzərimdəki təsirini göstərməyə çalışdım.  

İnsanın özünəməxsus saydığı şeyləri paylaşa bilməmək, amma onları gizləyə bilməmək kimi də bir ziddiyyətli tərəfi var. Mən bu ziddiyyət arasında qalan deyiləm. Onsuz da məhrəmlik çılpaqlıqdan daha cəzbedicidir. Sadəcə yazının əvvəlində də dediyim kimi söhbət əgər ədəbiyyatdan gedirsə, biz suala cavab tapmaqdan daha çox sualın özünə vurğun olduğumuzdan bu sualın ətrafında dövr edə-edə gözümü bir gün açdığımda nə yaşanacaq, nə də xəyal edəcək bir şeyi qalmamış bir insanı -  bu məni görməkdən qorxduğum üçün bugün bu sualla baş-başayam. Bilmirəm indi ədəbiyyat maraqlıdır, yoxsa həyat, amma onu dəqiq bilirəm ki, biri məni nə vaxt özündən itələsə, nə vaxt getməyə yerim, döyməyə qapım olmasa,  o biri var deyə təskinlik tapıram. Hansının üstün olmasından asılı olmayaraq, həqiqətən də bu heyrətamizlik önündə təəcüblənməmək mümkün deyil.