Dr.Əli Şəriəti-Məzlum (Mədəniyyət və Modernizm kitabından)

Dr.Əli Şəriəti-Məzlum (Mədəniyyət və Modernizm kitabından)

Oxumuş insanların düşüncələrini az-çox bilirəm. Tarixin axışında, yüz illər əvvəl yox olub getmiş atalarım yoxsulluqdan çox əziyyət çəkmiş insanlardır. Mən şəxsən soylulara maraq göstərirəm, amma soyluluğu qızıl və gümüşdən ibarət olanlara deyil. İnsan mədəniyyətinə və mirasına bir növ marağım var, daha çox diqqətimi çəkən isə bizdən əvvəl yer üzündə yaşamış insanların yaratdığı əsərlərin yaxşı və pis tərəflərini araşdırmaqdır. Sənətindəki ustalıq və gözəlliyi ilə məni iliklərimə qədər titrədən Delfi məbədini gördüm. Yunanıstanda, Romada memari xüsusiyyətləri olan məbədləri, sənət əsərlərinin sərgiləndiyi muzeyləri və böyük sarayları gəzdim. Uzaq Şərqdə, Çin və Vyetnamda tanrılar və yer üzündəki nümayəndələri üçün insan əliylə və beyniylə məbəd halına salınmış dağlar var. İnsanlardan qalma bu əsərlər mənim üçün böyük əhəmiyyət kəsb edir. Keçən yay Afrikaya gedişimdə isə Misir ehramlarını görmək istədim. Ölçüsünün çox geniş olması səbəbiylə mədəniyyətin bu böyük abidəsi düşüncələrimi məşğul edirdi. Keçmişin yeddi möcüzəsindən biri olan ehramları görmək mənim üçün çox önəmli idi. Üçü böyük üçü balaca olan bu ehramlar krallara məzar olaraq tikilib. Ehramlara gedən yolda yeriməyə başladıq. Bələdçimin dediklərini təəccüblə dinləyirdim. Fironlar üçün ərsəyə gətirilən krallıq məzarının tikintisində yüz minlərlə insan bir qarın çörək üçün işlədilib. Sadəcə üç böyük ehramın tikilişi üçün altı milyon daş kütləsi istifadə edilib. Bu əhəng daşlarının hər birinin orta ağırlığı isə iki tondur. On minlərlə insan krallarının məzarı üçün bu ağır daşları daşımaq məcburiyyətində qalıb. Sadəcə üç ehramın tikilişinin yetmiş il olduğu düşünüldükdə, hadisənin dəhşəti daha yaxşı başa düşülür; içinə firon mumyalarının qoyulacağı bir binanın tikilişi üçün milyonlarla daş kütləsini həyatının sonuna qədər daşımaq məcburiyyətində qalan minlərlə insan. Ağlasığmaz bir şeydir bu. Təxminən beş min il əvvəl başlayan ehramların inşası min illər davam etmiş, min illərlə insanlar, bir qarın çörək üçün krallarına məzar tikmək üçün çalışmış və ölmüşdür. Ehramların içində beş mərmər kütlədən tikilmiş məzarlar var. Mərmərlərin dördü divar, biri tavan üçün istifadə edilib. Məzarın tavanı üçün qoyulmuş mərmər kütlənin ağırlığını təsəvvür etmək üçün ehramın ən başına qədər yığılmış daş kütlələrinə baxmaq kifayətdir. Beş min illik bu tavanın bu ağır yükü saxlaması çox təəccüblüdür. Yollarda sağa-sola səpilmiş daşların nə olduğunu bələdçimdən soruşanda daha çox təəccüblənmişdim, bunlar ölən işçilərin məzarları idi. Bəzən yüzlərlə belə işçinin bir gündə öldüyü deyilir. Bu daşların altında qalan işçilər o qədər dəyərsiz imişlər ki, bir xəndəyə yüzlərləsi birdən basdırılırmış. İşçilərə aid məzarların yanında oturub düşünməyə başladım. Bu xəndəklərə basdırılan insanları elə yaxın bilirdim ki özümə, eyni irqdənmişik kimi gəlirdilər mənə. Sinifləndirmə və ya irqlərə görə ayrı seçkilik etmək kimi düşüncələrim yoxdur, sadəcə bu məzlum ruhlara qarşı sevgi və doğma hisslər bəsləyirəm. Yenidən baxdım ehramlara, bu cür əzəmətli görünməklərinə rəğmən elə yad və uzaq idim ki onlara. Tarix boyunca məndən əvvəl gələnlərin sümükləri üzərində yüksələn bu görkəmli mədəniyyət abidələrinə qarşı böyük bir nifrət yarandı içimdə. Məndən əvvəlkilər böyük Çin səddini tikdilər, bellərinə yüklənən ağırlığı daşıya bilməyənlər, daşlarla birlikdə divara hörüldü. Avropada şəhərlərin böyüyüb inkişaf etdirilməsi və şəhər metrolarının inşası milyonlarla afrikalının kölə kimi işlədilməsi ilə ərsəyə gəlimşdir. On səkkizinci əsrdə İngiltərədə başlayan sənaye inqilabı bütün Avropaya və sonra da Amerikaya çatacaqdı. Qərbdəki sənaye hərəkatı milyonlarla insanın sosial həyatının yox edilməsi nəticəsində yarana bilmişdir. Sənaye inqilabında qadın və uşaqlar belə pis şəraitdə, qəddarcasına çalışdırılmış, nəticədə hər zaman olduğu kimi, hesab məzlum insanlara ödətdirilmişdir. Bu cür yaradıldı böyük mədəniyyət nümunələri, atalarımızın ətləri və qanları bahasına. Lənətlədim mədəniyyəti. Min illərlə atalarıma edilən zülmlərə qarşı içimdə bir nifrət atəşi alovlanmağa başladı. Bütün bu kütləvi şəkildə xəndəklərə basdırılan insanların bir zamanlar mənim keçirdiyim hisslərin eynisi keçirdiklərini düşündüm. Onlardan birinə, keçən bu beş min ildə nələr olduğunu başa salmaq üçün bir məktub yazdım. O, bu beş min il haqqında heçnə bilmirdi, ancaq hansı formada və hansı ad altında olursa olsun, köləlik yenə var idi və davam edirdi. Beş min il öncəki kölə qardaşıma bunları yazdım: "Nə bizi tanıyan nə də bizim tanıdığımız insanlara qarşı döyüşlərə sürüklədilər bizi. Heç vaxt gözümüzdə cılızdaşdırmadığımız insanları öldürməyə məcbur edildik. Bəziləri bizim sinif, din və ya irqimizdən olub, bizimlə eyni taleyi yaşayırdı. Uzun bir zaman qoca və kimsəsiz ana-atalarımız bizimlə təmas qurmağın yollarını axtardılar, amma axtarışda olan gözləri heç bir yerdən cavab ala bilmədi. Bu döyüşlər bir-birlərini çox yaxşı tanıyan iki qrupun döyüşü idi. Öldürənlər də, öldürülənlər də bir-birlərini heç tanımırdılar. Lakin eyni taleyi paylaşırdılar. Onlar məzlum insanlar idilər və bir-birlərinə düşmən deyirdilər. Bu məzlum insanlar düşmənlərini özləri seçmək haqqına sahib deyildilər. Məzlum xalqları idarə edənlər düşmənin kim olacağına da qərar verirdi. Nəticədə, idarəçilərin düşmənləri onların da düşməni idi. Ancaq bu düşmən və dostlar idarəçilərin iqtidarını qorumaq üçün zamanla dəyişdirilirdi. Çox zaman pis tanıdılanlar yaxşı, yaxşı tanıdılanlar pis olurdu. Çox zaman düşmən bildiklərimiz dost, dost bildiklərimiz düşmən elan edilirdi. Bizlər dostumuzla düşmənimizi tanımaz olduq. Məzlum xalqlar bunun səbəbini soruşmağa heç vaxt cəsarət edə bilmədilər. Təbiətdəki başqa canlılardan fərqimizi göstərməyə imkan vermədilər bizə. Bizi döyüşməyə məcbur etdilər, ölməyə, öldürməyə məcbur etdilər. Əgər qələbə qazanılırdısa, başqaları idi qənimətə sahib çıxan, biz deyildik. Bizlərə isə yoxsulluğumuza heç bir təsiri olmayan medallar və qəhrəmanlıq nişanları verilirdi. Dostum sən öləndən sonra böyük dəyişikliklər oldu. Fironlar və tarixin azğın gücləri düşüncələrini dəyişdirdilər. Sevindik buna. Keçmişdə ruhların sonsuz olduğuna və bu səbəblə də əgər cəsəd qorunarsa, ruhun cəsədlə olan bağlantısını davam etdirəcəyinə inanırdılar. Buna görə də bizə bu böyük və əzab verən tikililəri inşa etdirdilər. Amma indi daha çox ağıllandılar. Ölümü daha çox düşünmürlər artıq. Gözümüz aydın, bu köhnə inanclarından əl çəkdilər. Məzar düzəltmək üçün ağır daş kütlələrini daşımaqdan xilas olduq. Dostum, çox təəssüf ki, bu xoşbəxt xəbərin ömrü qısa oldu. Sən bu dünyadan köçdükdən sonra bizi işlətmək üçün yenidən ölkələrimizə ayaq basdılar. Yenidən ağır yükləri daşımağa məcbur olduq, ancaq məzarları üçün deyil. Artıq bu onlar üçün elə bir önəm kəsb etmirdi. Bu dəfə sarayları üçün. Yanında nəslimizin basdırıldığı nəhəng saraylar üçün. Ümidsiz idik, ancaq yaşamaq üçün yenidən bir ümid işığı parıldadı. Böyük rəhbərlər, yol göstərənlər gəldi dedilər. Zərdüşt, böyük Budda, filosof Konfutsi. Böyük bir qapı açıldı xilasa doğru. Tanrılar elçilər göndərdi bizi bu köləlik üz qarasından xilas etmək üçün. İşkəncənin yerini ibadət aldı. Amma nə edək, təəssüflər olsun ki, bizi heçə sayan bu yol göstərənlər, özlərinə yaraşan evləri tərk edib, saraylara üz tutdular. Filosof Konfutsiyə inancımız tam idi. Çünki insanların və cəmiyyətin problemlərinə toxunurdu. Amma şahzadələrin dostu oldu. Onsuz da bir şəhzadə olan Budda da bizi tərk etdi. Dostum, sən məzarlar üçün qurban edilərkən, biz saraylar üçün qurban edildik. Sonra fironlar və bizi kölə kimi istifadə edən başqalarından əlavə, peyğəmbərlərin və mənəvi müəllimlərin xələfləri olduqlarını iddia edənlər oldu. Fələstindən İrana, Misirdən Çinə və yer üzündə mədəniyyətin olduğu hər yerə məbədlər, saraylar və məzarlar üçün yük və daş daşımaq məcburiyyətində qaldıq. Yenə mərhəmət adına tanrıların müjdəçiləri və peyğəmbərlərin sözdə xələfləri bizdən istifadə etməyə başladılar. Yenə müqəddəs döyüşlər adıyla cəbhələrə axışdıq. Tanrılar, məbədlər və bütlər üçün məsum uşaqlarımızı qurban etməyə məcbur olduq. Dostum, səndən min illər sonra yaşayıram. Dostlarımın başına gələnlərə həmişə şahid olduğumdan, tanrıların kölələrə nifrət etdiyini düşünməyə başlamışdım. Din, köləlik sistemini qüvvətləndirir kimiydi. Filosof Aristotel bəzi insanların kölə, bəzilərinin isə idarəçilik üçün doğulduqlarını deyirdi. Artıq kölə olaraq doğulub, taleyimin köləlik olduğuna inanmağa başlamışdım. Belə bir ümidsizlik içində olduğum zaman, dağlardan Allah tərəfindən göndərildiyini deyən bir insanın endiyini öyrəndim. Yeni bir oyun, yeni bir zülm metodurmu deyə titrədim. "Yer üzündəki zəiflər, kölələr və yoxsullar üçün mərhəməti bol olan Allah göndərdi”–deyirdi. Qəribədir, hələ də inana bilmirdim, doğru ola bilərdimi? Allah kölələrə səslənirdi. Xilas olacaqlarını, öndərlər və yer üzünün varisləri olacaqlarını deyirdi. "Biz isə istəyirdik ki, o yerdə zəif düşüb əzilənlərə mərhəmət göstərək, onları öndə gedənlər və varislər edək.”(1) Şübhələrim var idi. O da Çinin, Hindistanın və başqa yerlərin sözdə peyğəmbərlərindəndir deyə düşündüm. Adı Məhəmməd idi. Bu dağların arxasında qoyun güdən bir yetim olduğu deyilir. Necə də təəccübləndim. Nəyə görə Allah peyğəmbərini çobanların içindən seçib? Həm ataları da peyğəmbər imişlər və hamısı çoban olub. O, bu zəncirin sonuncusudur. Sevinc və təəccüblə titrədim. Dostlarımı da ətrafında gördüyüm üçün izləməyə başladım. Hz.Məhəmmədin ətrafı məzlum insanlarla dolu idi. Bilal bir kölədir. Ata anası həbəşistanlı olan bir kölə. Salman da bir kölə olaraq alınıb satılıb. İranlıdır, evsiz və kimsəsizdir. Əbuzər adsız və kimsəsiz biridir. Və digər dostları. "Onlar Allahın doğru yola yönəltdiyi kimsələrdir. Sən də onların haqq yolunu tutub get. De: "Mən bunun müqabilində sizdən bir əvəz istəmirəm. Bu Quran aləmlər üçün yalnız bir nəsihətdir.”(2) "Biz səni haqq ilə müjdə verməyə və qorxutmağa göndərdik. Cəhənnəm əhli barəsində isə sən sorğu-suala tutulmayacaqsan.”(3) "Allaha və Peyğəmbərə itaət edin. Əgər boyun qaçırsanız, bilin ki, Peyğəmbərimizin vəzifəsi yalnız açıq bir təbliğatdır.”(4)
Əgər bu müşriklər sənin dəvətindən üz döndərsələr əsla ürəyini qısma. Biz səni onlara gözətçi göndərməmişik. Sənin öhdənə düşən ancaq təbliğ etməkdir. Əgər Biz insana Öz dərgahımızdan bir mərhəmət daddırsaq, ona sevinər; yox, əgər onlara öz əlləri ilə etdikləri əməllərin ucbatından bir pislik toxunsa, insan, həqiqətən, nankordur!”(5) Hz.Məhəmmədə inanırdım, çünki sarayı torpaqdan tikilmiş bir neçə otaqdan ibarət idi. Yükləri daşıyan və otaqları tikən işçilərdən biri idi. Tavanı ağacdan və xurma yarpaqlarından ibarət idi. Onun sahib olduğu şeylərin hamısı bu idi. Güclərini və iqtidarlarını düşməndən qorumaq üçün bizi kölə kimi döyüşə sürükləyən rəhbərlərdən qaçıb xilas oldum və peyğəmbərin təliminə sığındım. Onunla və kimsəsiz, evsiz kölələrlə yaşayırammış kimi hiss etdim özümü. Hz.Məhəmməd yumşaq xasiyyəti və əxlaqı ilə insanlığa əsl örnək idi. Onu narahat edən insanlara qarşı belə səbirli və tolerant idi. Ancaq inandığı yolda güzəştə getməmiş və bu prinspial davranışını bütün təyziqlərə rəğmən müdafiə etmişdir. Onun mübarizəsi sadəcə Allaha olan inamla sərhədli deyildi, dinin bir həyat tərzi olduğunu göstərmişdi o. Sosial, siyasi, iqtisadi və hərbi sahələri özündə cəmləşdirən bir təlim başlatmışdı. Hz.Məhəmməd eyni zamanda ədalətli bir dövlət başçısı idi. Ədaləti başçıların əlində alət olmaqdan çıxarıb, praktiki həyatda hər qrup insanın zəmanəti halına salmışdı. Qanunları təbii, prinsipləri yaradılışa uyğundur. Ancaq Hz.Məhəmmədin ölümündən qısa müddət sonra vəziyyət yenə dəyişməyə başladı. Ey dostum, yenidən onun adına məbədlər yüksəldildi göy üzünə. Çox keçmədən o təbii sadəlik yerini dəbdəbəyə verdi. Nə qəribədir, beş min il sonra bir insan tapmışdım Allahdan bəhs edən. İnsanları aldatmaq üçün deyil, onların rifahı və xoşbəxtliyi üçün dua edirdi. Bütün dünya üçün çalışan bir insan tapmışdım. Ədalətli idi, güclü idi, öz qızını belə cəzalandıracaq qədər. Kürəkəni və qızı bizim kimi işləyirdi. Həyatı boyu yoxsulluq və aclıq çəkdi. Dəvət üçün getdiyi, ancaq hücumla qarşılaşdığı Taifdən qayıdarkən belə dua edirdi: "İlahi, Zəyifliyə düçar olduğumu, çarəsiz qaldığımı, xalqın nəzərində pis qarşılanmamı ancaq sənə ərz edir, ancaq sənə şikayət edirəm. Ey mərhəmətlilərin ən mərhəmətlisi, Hər kəsin zəyif bildiyi çarəsizlərin rəbbi sənsən. İlahi, Üzsüz bir düşmənə, hətta ailədən birinə, dosta möhtac qoymayacaq qədər mərhəmətlisən mənə. İlahi, əgər razısansa məndən, çəkdiyim əzablar heç vecimə olmaz. Sənin rəhimliliyin bunları göstərməyəcək qədər genişdir. Sənə sığınıram. Sənin camalının nuruna sığınıram. Bütün qaranlıqları işiqlandıran, dünya və axirət işlərinin islahının ancaq ona möhtac olduğu nura sığınıram. İlahi, Sən razı olana qədər əfvini diləyəcəm. Bütün güc, hər qüdrət ancaq səndədir.” Başçılara itaət etməyənlər, oliqarx diktaturaya və müstəmləkəçiliyə qarşı çıxanlar, köləliyi qəbul etməyənlər cəzalandırılır. Dostum, indiki kölələr başqa adlar altında istehsal müəssisələrində ağır şərtlər altında işlədilirlər. Məzlum insanların robotlardan fərqi yoxdur. İnsanlıq iqtisadiyyat uğruna qurban verilir. Kirlənmiş insanlar digər insanları və ətrafı məhv etməyə davam edir. Dünyanın iqtisadi tarazlığının qorunmasında çətinlik çəkilir. Ozon təbəqəsi deşilib, heyvan və bitkilər həyat uğrunda mübarizə aparırlar. Məzlumların sosial həyatı iqtisadiyyat uğrunda fəda edilir. Haqq və ədalət ağalar tərəfindən verilmir. Alınan sərhədli haqqlar isə ancaq kütləvi etirazlar nəticəsində əldə edilir. Maddi hegomonluq insani dəyərləri yox edir. Bütün insanlıq iqtisadi çıxar və mənfəətin mənfi nəticələrini yaşayır. Bax belədir dostum. Bizlər yaşadığımız dünyanın maddi problemləri altında əzilirik. İndiki kölələr kreditlə yaşayıb, borclu ölürlər. Var olan gücümüzlə köləliyə qarşı mübarizə apararkən, Allaha dua edərək, həqiqi gücə çatmağa çalışırıq. Allahım əqidəmi problemlərin əlindən xilas et və qoru. Rəbbim, mənə problemlərdən qaçan inanac ucuzluğuna qarşı mübarizə gücü ver. Ya Rəbb, məni məlumatlı et ki, bir insanı və ya bir düşüncəni, mənfi ya müsbət şəkildə tam düzgün tanımadan əvvəl mühakimə etməyim. Allahım, eqoizmi, paxıllığı və qısqanclıqla qarışmış cəhalət və başıboşluğu düşmənə savaş, dosta hücum vasitəsi etmə. Rəbbim, mənliyimin olmaq istədiyi şöhrəti verib, məni mənliyimin qurbanı etmə. İlahi, məni qərəz, kin, qısqanclıq səbəbiylə zülmün oyuncağı etmə. Ya Rəbb, eqoistliyi məndən uzaqlaşdır. İlahi, mənə inadkar təqvanı öyrət ki, problem çoxluğu arasında yox olmayım. Məni pəhrizkar və zahid təqvadan qoru ki, tənhalıq künclərində gizlənməyim. Allahım, məni insanlığın dörd böyük zindanı olan təbiət, tarix, cəmiyyət və mənlikdən qurtar. Rəbbim, müqəddəs şübhə atəşini məndə elə alovlandır ki, mənə qəbul etdirdikləri inancın və düşüncələrin bütün təsirini külə döndərsin. Bax o vaxt bu kirlənmiş xalqın arasında, hər növ ləkədən təmizlənmiş inancın sabahını yaşaya bilərəm. Ya Rəbb, xalqıma səbir və dözümü yenidən ver. Ya Rəbb, məni ucuz insanlardan etmə. İlahi, cəmiyyətimi kitab (6), ədalət və azadlıq təməlləri üzərində inşa etməyi nəsib et. Qəlbimin gözəllik, həqiqət və xeyirdən ibarət üç qaynaqdan qidalanması üçün mənə kömək et. İlahi, cəmiyyətimə sənə gedən yolun ancaq yer üzündən keçdiyini öyrət. Ya Rəbb, mənə də bu torpaq parçasında sənə çatdıracaq ən düzgün yolu göstər. İlahi, insanlara Adəmin torpaqdan yaradıldığını xatırlat. Hər bir maddi əlamət ancaq Allahla məna qazanar. Əgər din ölümdən öncə istifadə edilməzsə, ölümdən sonra heç bir işə yaramayacaq və istifadə edilə bilinməyəcəkdir. Allahım, əqidəmi problemlərimin əlindən xilas et və qoru. İnsanlar imtahandan keçirilmədən, sadəcə iman etdik demələriylə xilas olacaqlarınımı zənn etdilər? Sənə və peyğəmbərlərinin gətirdiyi mesajlara inanıram. Ya Rəbb, səndən azadlıq, elm, mədəniyyət, ədalət, şərəf istəyirik. Bizə bunları bağışla. Çünki biz sənə möhtacıq və hər zamankından daha çox dərdliyik. Alçaqlıq, cəhalət və əsarətin qurbanı olmuşuq. Ey məzlumların Rəbbi, sən yer üzünün məhkum və zəyiflərini qoru. Ona görə ki, onlar kölə axtaran azğınların, çağın qaranlıq zülmünün, kin və nifrət cəhənnəminin tarixdəki qurbanlarının davamıdır. Və həmişəkindən daha çox zülmə məruz qalıblar. Ya Rəbb, əzilən insanları insanlığın öndərləri edəcəyini və onları dünyanın varisi edəcəyini elan etmisən. Bax indi həmin vaxtdır. Yer üzünün məzlumları sənin vəədini gözləməkdədir. Ey qeybdən xəbərdar olan Allah, bu dövrdə sənə həqiqətən ibadət edən yer üzünün məzlumlarıdır. Ey uca Rəbbim, sən bütün mələklərini Adəmə səcdə etdirənsən, indi insanoğlunun idarəçilərin ayağına düşüb üzünü səcdə torpağına sürtdüyünü əlbət görürsən. Beş qəpiklik mənfəət üçün məqam və maddi gücü olanlara yaltaqlıq edərək zülmü ayaq üstə saxlayan yaltaqları, bu çağın bütlərinə sitayişdən və köləlikdən uzaqlaşdıraraq, sənin qulun olmalarını nəsib et. Onlara azadlıq bağışla. Ey Rəbbim, sənin ayələrinə lağ edənlər, sənin peyğəmbərlərini yalanlayanlar, haqsız yerə öldürənlər və ədalət üçün etiraz edən qullarını öldürənlər hələ də yer üzündə hegomondurlar. Ya Rəbb, müjdələdiyin əzabı onlara ver. "Ey müsəlmanlar! Sizə nə olub ki, Allah yolunda hicrət etməyib: "Ey Rəbbimiz, bizi əhalisi zalım olan bu şəhərdən kənara çıxart, bizə öz tərəfindən mühafizəçi göndər, yardımçı yolla!” – deyə dua edən aciz kişilər, qadınlar və uşaqlar uğrunda vuruşmursunuz?”(7) "İman gətirənlər Allah yolunda, kafir olanlar isə Şeytan yolunda vuruşurlar. O halda Şeytanın dostlarıyla vuruşun! Şübhəsiz ki, Şeytanın hiyləsi zəifdir!”(8) Ey qadir olan Allahım, ailəmizə məsuliyyət, xalqımıza elm, möminlərimizə aydınlıq, aydınlarımıza iman, qadınlarımıza ağıl, kişilərimizə şərəf, yaşlılarımıza müdriklik, gənclərimizə, şagird və müəllimlərimizə, ustadlarımıza, yazarlarımıza inanc və məsuliyyət ver. Onlara dürüst olmağı nəsib et. Yatanlarımıza ayıqlıq, ayıq olanlarımıza iradə, dindarlarımıza din, şairlərimizə şərəf, tədqiqatçılarımıza hədəf, ümidsizlərə ümid, zəyiflərimizə güc, mühafizəkarlarımıza hərəkət, ölümcül yuxuda olanlarımıza həyat və dirilik, korlarımıza görmək, susqunlarımıza fəryad, müsəlmanlarımıza Quran və sünnə, məzhəblərimizə vəhdət, qısqanclarımıza şəfa, eqoistlərimizə səbir, xalqımıza özünü tanıma, millətimizə fədakarlıq, qurtuluşa layiqlik və şərəf bağışla. Ya Rəbb, bizi özümüzə bilərək və ya bilməyərək etdiyimiz zülmdən xilas et. Səhv başa düşmə və qiymətləndirmələrin mənfi nəticələrindən və iftiralardan bizləri qoru, ya Rəbb. İlahi, bu pisliyi edənlərə də sağlam düşüncə nəsib et. İlahi, cəmiyyətimə sənə gələn yolun ancaq yer üzündən keçdiyini öyrədərkən, mənə də bu torpaq parçasında sənə aparan ən doğru yolu göstər. Allahım, bizi əvvəl nəfsimizin əlindən, sonra da bütün insanlığı yer üzü zalımlarının əlindən xilas et. Amin! 1. Qasas:5 2. Ənam:90 3. Bəqərə:119 4. Maidə:92 5. Şura:48 6. Burda yazıçı kitab deməklə İslamın müqəddəs kitabı olan Qurani Kərimi nəzərdə tutur. 7. Nisa:75 8. Nisa:76 Tərcümə: Ziya Balıyev Redaktə: Coşqu İsmayılzadə