“Dünya ədəbiyyatı”nın yeni sayı: “Serbiya poeziyası”

“Dünya ədəbiyyatı”nın yeni sayı: “Serbiya poeziyası”

Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin nəşri olan "Dünya ədəbiyyatı” dərgisi "Serbiya poeziyası” xüsusi sayı işıq üzü görüb.

Yarpaq.Az-ın verdiyi xəbərə görə, bu sayda Serbiya poeziyasının Stefan Lazareviç, Laza Kostiç, Voislav İliç, Aleksa Şantiç, İvo Andriç kimi klassikləri də daxil olmaqla, Desanka Maksimoviç, Miodraq Pavloviç, Slobodan Markoviç, Milorad Paviç, Radomir Andriç, Selimir Raduloviç, Milisa Yeftimiyeviç-Liliç və başqa tanınmış nümayəndələrinin – ümumən 62 şairin şeirləri yer alıb.

"Xüsusi say”ın "Ədəbi söhbətlər” və "Bakı-Belqrad: ədəbi yazılar” bölümlərində Səlim Babullaoğlunun serb ədəbiyyatçıları Selimir Raduloviç və Yasmina Mixayloviç ilə müsahibələri, Nobel mükafatı laureatı, görkəmli serb yazıçısı İvo Andriçin " Bir dəfə Azərbaycanda” məqaləsi və "Nobel nitqi”, Serbiya Yazıçılar Assosiasiyasının sədri Radomir Andriçin səfir Eldar Həsənovun "Balkanların dostluq körpüsü boyunca” kitabı haqqında "Müstəqil tarixi toplu” adlı məqaləsi, Səlim Babullaoğlu və Fərid Hüseynin "Dünya Yazıçılarının Beynəlxalq Belqrad Görüşləri”ndən "səfər yazıları”, eləcə dəYasmina Mixayloviçin "Xəzərin sahilində” kitabından fraqmentləri yer alıb.

Dərginin bu sayına daxil olan mətnləri dilimizə Səlim Babullaoğlu, Günel Şamilqızı, Xatirə Nurgül, Cavanşir Yusifli, Elxan Zal, Rəbiqə Nazimqızı və Aynur Qarayeva (sətri tərcümələr: Katerina Paniç, Aleksandr Bozoviç) tərcümə ediblər.

"Serbiya poeziyası” xüsusi sayı www. artkaspi.az saytının iştirakı və Azərbaycan Respublikasının Serbiya Respublikasında, Monteneqroda, Bosniya və Herseqovinadakı Səfirliyinin dəstəyi ilə hazırlanıb.

"Dünya ədəbiyyatı” dərgisinin "Serbiya poeziyası” xüsusi sayı Azərbaycan Respublikasının Serbiya Respublikasında, Monteneqroda, Bosniya və Herseqovinadakı Fövqəladə və Səlahiyyətli səfiri Eldar Həsənovun oxuculara xitabı ilə açılır: " Ölkələr, xalqlar arasındakı diplomatik münasibətlərin uğuru, əlbəttə ki, həm də mədəni əlaqələrdən keçib möhkəmlənir. "Dünya ədəbiyyatı” dərgisinin "Serbiya poeziyası” xüsusi sayının nəşri həm Azərbaycan, həm də Serbiya ədəbi-mədəni mühiti üçün olduqca ciddi və parlaq hadisədir. Bu nəşr vasitəsilə Azərbaycanın poeziyasevər auditoriyası 60–dan artıq serb şairinin (onların arasında XIV-XV əsr serb tarixinin və ədəbiyyatının görkəmli nümayəndəsi - kral və şair Stefan Lazareviçin "Eşq məktubu” da var, serb ədəbiyyatının ötən əsrin 90-cı illər ədəbi nəslinin nümayəndəsi Qoyko Bojoviçin şeirləri də) müxtəlif həcmli poetik mətnlərilə eyni vaxtda, küll halında tanış olmaq imkanı qazanırlar. Digər tərəfdən, bu xüsusi say, təkcə oxucular üçün deyil, eyni zamanda peşəkarlar, ən çox da slavyan xalqları ədəbiyyatlarının, serb poeziyasının tədqiqatçıları üçün əvəzsiz mənbə rolunu oynayacaq...”

Dərginin baş redaktoru Seyfəddin Hüseynli "Serbiya poeziyası” xüsusi sayı üçün qısa təqdimatında yazır: "Dünya ədəbiyyatı” dərgisinin Serbiya poeziyasına aid xüsusi sayı, sözsüz ki, ilk növbədə ölkələrimiz, xalqlarımız arasında ədəbi əlaqələrin güclənməsi, çağdaş bədii tərcümə işimizin tərəqqisi yolunda atılan mühüm addımdır. Ancaq bu nəşr dərginin hər bir oxucusuna Serbiyanın dəyərli şairlərinin, seçkin söz ustalarının yaradıcılıq nümunələrilə geniş tanışlıq imkanı açdığı üçün də xüsusi önəm daşıyır. Çünki burada serb xalqının mənəvi aləmini, dini-ruhani duyğularını, fikir dünyasını, həyəcan və qayğılarını aydın, canlı əks etdirən Ali Poeziyanın çox sayda dəyərli nümunəsini Azərbaycan insanına dolğun şəkildə çatdıran kifayət qədər uğurlu tərcümələr yer alıb. Bu saydakı ədəbi söhbətlər, səfər qeydləri və digər yazılar da çağdaş Serbiyanın bədii söz mühiti haqqında, onun bir sıra tanınmış simalarının Azərbaycana münasibəti barədə gərəkli təəssürat formalaşdırmağa layiqincə xidmət edir”.

Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri Səlim Babullaoğlu dərgi ilə bağlı açıqlamasında bildirib ki, mərkəzin nəşri olan "Dünya ədəbiyyatı” dərgisinin "Serbiya poeziyası” xüsusi sayı hazırlanması və çapı öncədən planlaşdırılmış, gözlənilən idi: "Belə ki, hələ 18 sentyabr 2014-cü il tarixində AYB Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzi ilə Serbiya Yazıçılar Birliyi arasında əməkdaşlıq Memorandumu imzalanmışdı və bu sənəd iki ölkənin ədəbi təmaslarının daha səmərəli şəkil alması baxımından önəmli hadisə idi. Memorandumu mən və Serbiya Yazıçılar Birliyinin katibi Branislav Velkoviç imzalamışdıq. Yeri gəlmişkən, "xüsusi sayda” bu haqda informasiya var və sənədin surəti də ön səhifələrdə yer alıb... Serbiya ədəbiyyatı, poeziyası da həm slavyan xalqları ədəbiyyatı kontekstində, həm Şərqi (Cənub Şərqi) Avropa ədəbiyyatları kontekstində də olduqca özünəməxsus, maraqlı, dərin ədəbiyyatdır... Mən bizimlə Serbiya tərəfdən bizimlə əməkdaşlıq etmış hər kəsə, xüsusən dostum, tərcüməçi Katerina Paniçə minnətdarlığımı çatdırıram. Eyni zamanda bildirmək isəyirəm ki, bu bizim Serbiya ilə bağlı ilk işimiz deyil. Daha əvvəl biz "Kitabçı” jurnalı ilə birgə "Serbiya buraxılışı” hazırlamışdıq. Bu proses davam edəcək. Gələn ilin yazı üçün biz görkəmli serb şairi Radomir Andriçin şeirlər kitabını nəşr edəcəyik, kitabın üzərində iş gedir. Mən ümid edirəm, serblər də bizim ədəbiyyatımızla bağlı izmzaladığımız Memorandumdan irəli gələn öhdəlikləri, şifahi söhbətlər zamanı qeyd etdikləri layihələri tezliklə gerçəkləşdirəcəklər...”