Dünyanın ən bahalı rəsm əsəri- “Çığırtı”

Dünyanın ən bahalı rəsm əsəri- “Çığırtı”

Edvard Munkun bu əsəri hərracda 120 milyon dollara satılıb

Norveç rəssamı Edvard Munkun "Çığırtı" adlı məşhur rəsm əsəri rekord qiymətə satılaraq, indiyədək ən bahalı rəsm əsəri adını qazanıb. Belə ki, rəsm əsəri Nyu-Yorkdakı "Sotheby`s" hərracında təxminən 120 milyon dollara satılıb. Bu rəqəm isə hərracdan əvvəl rəsmə verilən qiymətdən, nə az, nə çox, 40 milyon dollar artıqdır və incəsənət əsəri üçün indiyədək qeydə alınmış rekord məbləğdir.

Hərracda ilkin rəqəm 40 milyon olub və rəsm əsəri hərrac başlayandan cəmi 12 dəqiqə sonra öz yeni sahibini tapıb. Alıcının adı isə məlum deyil o, rəsm əsərini telefonla alıb. Hərracda əsas rəqabət ABŞ və Çin alıcıları arasında gedib. Rəsm əsərinin bundan əvvəlki sahibi isə norveçli iş adamı Peter Olsen olub. Onun atası əsərin müəllifi Edvard Munkla dost olub.

1895-ci ildə çəkilmiş bu əsər insan təlaşının ekspressionist simvoluna çevrilib. Əsərin 4 versiyası olsa da, "Sotheby`s" hərracına onun yalnız bir versiyası satışa çıxarılıb. Digər versiyalar isə Norveç Milli Muzeyində və Munk Muzeyində saxlanılır.

Qeyd edək ki, bundan əvvəl dünyanın ən bahalı rəsm əsəri ispan rəssamı Pablo Pikassonun "Çılpaq qadın, yaşıl yarpaqlar və büst" adlı əsəri hesab edilirdi. O, 2010-cu ildə Nyu-Yorkdakı "Christie`s" hərracında 106,5 milyon dollara satılmışdı.

ANS Press