Eduardo Berti. Mikronovellalar

Eduardo Berti. Mikronovellalar

Argentina yazıçısı. 1964-cü ildə Bueynos-Ayresdə doğulub. "Quşlar” adlı novellalar kitabıyla debüt edib (1994). İlk kitabdan ədəbi tənqidin və oxucuların marağını çəkən Bertinin növbəti kitabları da uğurlu alınıb. Fransızca və ingiliscədən tərcümələr edir. Hazırda Madriddə yaşayır.
Romanları: "Su”, "Vekfildin arvadı” (Hotorn Vekfildin novellası əsasında), "Bütün Füneslər” (Borxesin "Fünes, yaddaş möcüzəsi” hekayəsi əsasında), "Boksyorun ruhu”, "Xəyali ölkə”
Novella kitabları: "Quşlar”, "Yaşanmayacaq həyat”, "Güzgülər”, "Unudulmaz”
"Yaşanmayacaq həyat” kitabından iki mikronovellanı təqdim edirik:



İkili həyat

Atamın otuz ildir ikili həyat yaşadığını öyrənəndə marağım güc gəldi, atamın o biri arvadının adını və yaşadığı ünvanı axtarıb tapdım. Qapını döyüb özümü sığorta şirkətinin əməkdaşı kimi təqdim etdim. Qapını açan hündür boylu qadın məni içəri dəvət etdi. Gördüyümə inana bilmədim. Bu evin içi, eyni bizim evin içi kimiydi. Eyni mebellər, üstünə eyni örtük çəkilmiş eyni kürsülər – hər şey bizim evimizdəki kimi düzülmüşdü. Divardakı rəsmlər, qab-qaşıq dəstləri, gips heykəllər də eyniydi.
Evə qayıtdım, o axşamı hərəkətimdən zövq ala-ala mebellərin, taxçadakı əşyaların yerini dəyişdirməyə həsr etdim. Anam mənə çaşqınlıqla baxırdı. Amma ona bu gün atamın o biri evinə getdiyimi demədim. Sonra hamımız bir yerdə şam yeməyimizi yedik.
Birdən uşaq vaxtı divanın yanında qoyulmuş Çin vazını sındırdığım gün yadıma düşdü. Axşam atam vazın sındığını görəndə çox hirslənmişdi, bir qaba görə bu qədər hirslənməməliydi. İndi onu başa düşürdüm. Hətta sabahısı günü atamın simmetriyanı pozmamaq üçün o biri evdəki vazı sındırdığını da təsəvvür edirdim.


Hövsələsiz tərcüməçi

Parisdə əsasən klassik əsərlər çap edən (bunun səbəbi "ölümsüz əsərlər”ə olan sevgi yox, ölmüş müəlliflərin müəlliflik hüququ istəməməsi idi) və hələ bu işdə naşı olan bir nəşriyyat Uilyam Bekfordun "Vatek” romanını tərcüməyə verdi. Amma ingilis müəllifin bu romanı fransızca yazdığını və əlindəki kitabın da ransızcadan ingiliscəyə edilmiş tərcümə olduğunu bilmirdi. Sifarişi alan tərcüməçi qotik ədəbiyyat bilicisiydi, amma nəşriyyatın səhv etdiyini demədi, əksinə, qiymət danışdı və on gündən sonra romanın əslinin üzünü köçürdüb nəşriyyata gəldi. Naşir çaşıb qaldı. Bu tərcüməçinin sürətli işlədiyini demişdilər, amma bu qədər qısa vaxtda kitabı yekunlaşdırdığına inana bilmirdi.
Üstündən iki ay keçəndən sonra naşir tərcüməçiyə zəng edib dedi: "Tərcümə çox yaxşıdır, amma bir neçə yerdə xırda dəyişiklik etmişəm”. Tərcüməçi hər şeyi demək istəyirdi, amma naşirin: "Gələn dəfə bu qədər tələsməyin. Lazım deyil, həm də ki, tərcümə çiy qalır”, dediyini eşidib səsini kəsdi.


Tərcümə: Həmid P.