Elçin Əlibəyli:

Elçin Əlibəyli: "Deyilənlərin hamısı cəfəngiyyatdır"

"Mən fevral ayının 7-dən öz ərizəmlə Azad Azərbaycan Telekanalından (ATV) getmişəm". Bunu ANS PRESS-ə açıqlamasında ATV-nin keçmiş bədii rəhbəri, tanınmış teleaparıcı Elçin Əlibəyli bildirib.

O, işdən çıxmasını yazdığı elmi işilə əlaqələndirib və kanalın rəhbərliyi ilə aralarında heç bir narazıçılığın olmadığını qeyd edib.

“İşdən getməyimin səbəbi yazdığım elmi işdir. Mənim namizədlik dissertasiyam da, doktorluq dissertasiyam da eyni mövzuya həsr edilib. Dissertasiyam “Televiziya funksiyalarının təhlili metodologiyası” idi. Doktorluq dissertasiyamın mövzusu isə “Televiziya metodologiyasının əsasları, nəzəriyyə və praktika”dır. Yəni, dünya televiziyaşünaslıq sahəsində ilk dəfə mən televiziyanın təhlil metodologiyasının əsaslarını yazıram. Konkret sxemlərlə, cədvəllərlə. Bu artıq sırf elmi materialdır, publisistika deyil. ATV rəhbərliyi ilə mənim aramda heç bir problem yoxdur”, - deyə Elçin Əlibəyli vurğuladı.

O, ATV-nin aparıcısı Nanənin ad günü mərasimində “Sarı gəlin” mahnısını erməni dilində oxuduğu üçün tutduğu vəzifəsindən kənarlaşdırılması ilə bağlı yayılan məlumatlara da münasibət bildirib: “Haqqımda deyilənlərin hamısı bütünlüklə cəfəngiyyatdır, nağıldır. Deyirlər ki, mən “Sarı gəlin” mahnısını erməni dilində oxumuşam. Kimin ki, qohumu ermənidir, kirvəsi ermənidir, bu onların mənə qarşı atdığı şərdir. Bunlar boş-boş sözlərdir. Mən bu sözlərə heç əhəmiyyət də vermirəm. Bunların mənim nə həyatıma, nə də elmi işimə heç bir aidiyyatı yoxdur. Deyilənlərin hamısı böyük yalandır".

E. Əlibəylinin sözlərinə görə, “El içində” verilişindən getməsi də elə elmi işi əlaqədardır.

"Bu verilişin hazırlanmasına bütün vaxtım gedirdi. Kim elmi işlə məşğul olursa, o adam məni yaxşı anlayar. Müəyyən dövr var, həmin vaxtda dissertasiyanı müdafiə etməlisən. Əgər mən 2011-ci ilin dekabr ayına qədər dissertasiyanı müdafiə edə bilməsəm, o zaman yenidən imtahan verib, yenidən mövzu götürməliyəm. Dissertasiya müddətimin vaxtına az qaldığı üçün, televiziyada olan fəaliyyətimi dayandırmışam”.

"Nə vaxtsa televiziyaya qayıtmaq fikriniz varmı?" sualına isə cavabında isə E.Əlibəyli bunu zamanın ixtiyarına buraxdığını bildirdi.

"Əslində mən televiziyaşünasam. Əgər başqa yerdə fəaliyyətimi davam etdirmək istəsəm, bu mənim üçün problem olmayacaq. Ölkənin bir neçə universitetlərindən mənə dəfələrlə dəvətlər gəlib. Hətta bəzi universitetlərdə də dərs demişəm. Amma vaxtın qıtlığı baxımında iş fəaliyyətimi dayandırmışam”, - deyə Elçin Əlibəyli bildirib.