Elçin Əlibəyli. Teleyayımda manipuliasiya və onun təsir mexanizmləri

Elçin Əlibəyli. Teleyayımda manipuliasiya və onun təsir mexanizmləri

Beynəlxalq Televiziya və Radio Akademiyasının Həqiqi üzvü,
Sənətşünaslıq namizədi

Televiziyanın getdikcə artan yeri və əhəmiyyəti onu həyatın bir hissəsinə çevirməklə, insan şürunu, onun hərəkətlərini, ictimai münasibətlər sistemini biçimləndirərək, mövcud olan prinsiplərdən uzaqlaşdırmaq, təyin etdiyi istiqamətə yönləndirmək gücünü qazanmış manipuliasiya vasitəsinə çevirdi.

XX əsrdə artan informasiya axını və onun törətdiyi “gerçəklik şoku” insanın mövcud görüşlərində, tələbatlarında dəyişikliyin yaranmasına rəvac verdi. Artıq “gerçək şokundan” qaçan tamaşaçı onu törədən mənbədən qaçmaq əvəzinə, ondan daha çox əyləncə və gözəl yalan gözləməyə başladı. Bu isə manipuliasiyanın imkanlarını daha da artıraraq onu tamlıqla insan həyatına təsir etməyə imkan verən kütləvi silaha çevirə bildi. Televiziya və kütləvi kommunikasiya tədqiqatçılığında bu amil diqqətdən kənarda qala bilməzdi və ictimai-sosial əhəmiyyətini nəzərə alaraq ətraflı öyrənilməsi qarşıda vəzifə kimi durmağa başladı.

Manipuliasiya psixoloji və sosial proses olmaqla hərəkətinin xarakterini açmadan digərlərinə təsir edərək istənilən istiqamətə yönəltməyə hesablanmış hakimiyyət vasitəsidir. Manipuliasiya imkanları və texnologiyaları elektron informasiya vasitələrinin yaranışı ilə daha da  artığından, güclü təsir imkanları ilə kütləvi psixoz, qorxu, müəyyən rəyə gəlmək hisslərini yaydığından bu prosesdə televiziyanın rolu, onun ictimai şüurda təsir yeri ciddi araşdırma tələb edən sahədir.

Manipuliasiya və texnologiyalarının araşdırmaçısı S.Kara-Murza “Şüurla manipuliasiya” kitabında üç əsas əlaməti göstərərək onun mənəvi, psixoloji, həmçinin ustalıqla gizlədilməsi hesabına məramı bəlli olmayan, xüsusi bilik və savad tələb edən təsir növü olduğunu yazır. Psixoloji təsir növü kimi manipuliasiyanın aşkar fəndlərlə deyil, sətiraltı, dolayısı ilə, hər bir detalı ətraflı düşünülmüş şəkildə təqdim olunduqda istənilən nəticə alına bilər. Televiziya manipuliasiyası özünün miqyası, əhatə dairəsi və hədəfinin çoxcəhətli olması ilə seçildiyindən vasitə kimi yanaşmada daha mükəmməl işləməsi vacibdir. Olduqca müxtəlif janr və növdə olan yayım vahidləri vasitəsilə yeridilən fikir, rəy yalnız cəzbedici biçimdə, düşünülmüş tərzdə təqdim olunduqda istənilən nəticəni vermək qüdrətini qazanmış olur.

Manipuliasiya insan hərəkətlərinin proqramlaşdırılması yolu ilə mənəvi aləmə təsir edən hökmranlıq vasitəsi kimi psixoloji sturktura yönəlib, fikir, inanc və məqsədləri müəyyən istiqamətə gizli şəkildə apararaq, qarşıya qoyulmuş ali məqsədin həyata keçirilməsində güclü silah olaraq kommunikasiya vasitələrinin köməyi ilə daha geniş tərzdə istifadə olunur. H.Şiller “Şüur manipuliatorları” manipuliasiya amilini tədqiq edərək gizli qalmasını əsas uğuru təmin edən cəhət olduğunu göstərir və bu prosedə hədəfin ətrafda baş verənlərin təbii, qaçılmaz olduğuna inanmasının mühüm şərt olduğunu deyir. H.Frokerin qənaətində manipuliasiyanın yönəldiyi hədəfin ziyanına işlədiyi əsas cəhət kimi qabardılır. Manipuliasiya zamanı açıq mətnin altında gizli informasiya da göndərilir ki, bu hədəfin şüurunda lazımi obrazların yaranmasına xidmət edir. Mənbəyi bilinməyən bu bilgi hədəfə götürülmüş şəxsin hisslərini, düşüncəsini və davranışını təsir altına alaraq əsas məqsədə yönəldir. Gizli şəkildə insan şüurunda yerləşdirilən informasiya kütləni müəyyən rəyə gətirmək, təyin olunmuş istiqamətə yönəltmək baxımından kifayət qədər güclü vasitə olduğundan siyasi dairələrin əhalinin siyasi təfəkkürünü biçimləndirmək, daimi nəzarətdə saxlamaq, rəy yaratmaq baxımından geniş şəkildə istifadə olunmağa başlayaraq yeni bir şəkil almış oldu. Manipuliasiyanın bu imkanları təbliğata və reklama əlverişli imkan yaradan vasitə olduğundan ünvanlı auditoriya və ictimai rəy (PR) işində əsas vasitə kimi XX əsrin 60-cı illərindən başlayaraq televiziya yayımında öz tədbiqini tapdı.

Manipuliasiya inandırmadan fərqli olaraq təlqin xarakteri daşıyır və S.Kara-Murza qeyd etdiyi kimi, subyektin şüurundan yan ötüb psixiki sahəyə keçərək şəxsi şüurla bərabər, ümumi şüurun sahəsinə düşür və passiv qavrama predmeti kimi özünə yer alır. Burada ideya, hiss, emosiya və ya digər psixo-fiziki halın psixiki dairəyə daxil olması proesesi baş verdiyindən onun hədəf tərəfindən qarşısının alınması və qeyri-ixtiyari təsirə düşmə, açıq duyulmayan simvollarla danışmadığından anlaşılmayan axının müqaviməti mümkünsüzdür.

Təlqin zamanı insanın inamının birbaşa dəyişməsi deyil, daha mürəkkəb yolla-qiymətləndirmə obyektinin dəyişməsi ilə onun rəyində dəyişikliklər baş verir. Televiziya təcrübəsində söylənilən informasiya və onun yaratdığı ilkin rəyin şərhçi tərəfindən dəyişdirilməsi, baxış bucağının, yanaşım tərzinin başqalaşdırılması və seyrçinin qiymət verməyə vadar halları manipuliasiyanın əsas elementi kimi çıxış etdiyindən analitik-şərh proqramlarının televiziyanın sosial-pedaqoji funksiyasında yeri ən əsas və önəmli hesab olunur. Bəzən müəyyən dəlil ətrafında verilən şərh insanların təkcə bu məsələyə deyil, ümumilikdə baxışlar sistemində dəyişmələr yaratmaq gücünə malik olması gerçəklikdir. Bu manipuliasiya dini, irqi ayrıseçkilyin, dözümsüzlüyün aradan qaldırılması kimi müsbət nəticələrlə bərabər, mənfi elementlərin yayılması ilə də seçilir. Manipuliasiya qrup və korporativ maraqlara qulluq etdikdə, onun ziyanlı tərəfləri cəmiyyətin həyatında özünü asanlıqla göstərir. Televiziya yayımının əhatəliliyi və ifadə vasitələrinin gücə malik olması təsir imkanlarını daha çoxaldan amil olduğundan, onun müstəqil olması, qrup maraqlarına qulluq etməməsi çağdaş cəmiyyətin informasiya təhlükəsizliyinin başlıca hədəfi kimi müəyyən edilməlidir.

Platon təxəyyülün qavrama prosesində yerini mum plastinkada həkk olunma ilə müqayisə edərək qalan izin təxəyyül olduğunu söyləmişdir. Təxəyyül yaradıcı məntiqə və ənənəyə daha az söykənən, kənar təsirlər nəticəsində asanlıqla dəyişən, müəyyən durumlarda yaranan təəssüratlara uyğun biçimlənən qabiliyyət kimi həm təfəkkür, həm də hiss, obrazlar gücünə malik olduğundan onun vasitəsi ilə təfəkkürə, hisslərə təsir etmək olduqca yaxın yoldur. Televiziyanın yaratdığı görk təxəyyül və hisslərə yeriyərək bu yolla bütünlüklə ictimai şüura təsir etmək imkanı qazanır. Ekranda göstərilən faciə, yaxud dramatik situasiyaya tamaşa edən insan təxəyyülündə özünü və yaxınını oxşar vəziyyətdə canlandırır və bu zaman emosional təsir prosesi baş verir, situasiyaya uyğun hisslər meydana çıxır. Faciəni törədən səbəbkarın ekranda göstərilməsi toplanan bu hissləri ona qarşı yönəlməsi prosesini həyata keçirmiş olur. Bu zaman mümkün qədər məntiqi düşüncə tərzinin bir kənara qoyularaq, lazımi hissi yaradılmış ab-havaya uyğun şəkildə yönəltmək əsas mərhələdir ki, televiziya özünün təbiətinə və imkanlarına görə bunun öhdəsindən asanlıqla gəlir.

Kütləvi şüurda təxəyyül bilavasitə imitasiya-özünü başqasının yerində görməklə bağlı olduğundan televiziya malik olduğu vizual imkanlarından, mərhəmi ünsiyyətə girmək qabiliyyətindən bəhrələnib, imitasiyanı asanlaşdırır. Televizorun qarşısında əyləşən insanın təxəyyülündə imitasiya yolu ilə yaranan rəy və ya nəticə onun sonrakı hərəkət tərzini müəyyən etdiyindən bu vasitə ilə təsir özünün gerçək nəticəsini verməsi fikrini cəsarətlə söyləmək olar. Yaddaş və diqqət manipuliasiya prosesində ən vacib element olduğundan-yaddaşda həkk olunan informasiyanın təsir gücü və ekranda baş verənlərə diqqəti cəlb etmək əsas məqsədə nail olmağın yoludur, televiziya bu imkanlardan bütün mümkün yollarla istifadə edərək həm özünün birbaşa kommersiya-yayım maraqlarını ödəmiş, həmçinin manipuliasiya işində vasitə kimi çıxış etmiş olur. Audiovizual informasiyanın yaddaşda qalma ehtimalı böyük olduğu qədər, onu təkrar-təkrar göstərmək yolu ilə hər zaman xatırlatmaq imkanı və görüntü, səs fəndləri ilə diqqəti cəlb etmək qabiliyyəti onun birbaşa xidmət etmə məramını dəyişdirərək rəyyaradıcı, təsiredici və manipuliasiya vasitəsi kimi istifadə olunması işinin daha da təkmilləşməsinə gətirib çıxardı. Nəticədə manipuliasiyanın miqyasa gəlməz imkanları yarandı və sərhədləri asanlıqla aşmaq gücünü əldə etdi.  “Şüur manipuliasiyasının texnoloqları diqqəti cəlb etmək, dəyişdirmək, dağıtmaq, onun davamlı və dözümlü olmasına təsir etmək qüdrətində qıcıqlandırıcılara sahibdirlər” (4, səh 53) və imkanlar audiovizual tərzdə təqdim olunduqda daha qüvvətli, təsirli olur. Diqqətin dözümlü və davamlı olması hər bir insanın sosial-ictimai mənşəyi ilə bilavasitə bağlı olduğundan yanaşım tərzinin də bu seqmentlərə hesablanmış şəkildə həyata keçirilməsi mühüm şərtdir. Televiziya bilavasitə informasiya bolluğu, çeşidli yayım vahidləri vasitəsi ilə hər cür qrupu, seqmenti asanlıqla öz əhatəsinə almaq imkanına malik olur. Televiziya proqramlaşdırılmasında yaş, cins və məşğulluq maraqlarının dəqiq təyini yolu ilə ünvanlı auditoriyanın diqqətini cəlb edərək yayımı sistemləşdirməklə özünün başlıca kommersiya marağına qulluq etdiyindən bu manipuliasiya işinə münbit zəmin və seqmentə uyğun hesablanmış fəaliyyətə imkan yaratmış olur. İnsan yaddaşının imkanları və qavrama, saxlama qabiliyyətindən irəli gələrək ortaya çıxan nəticə-neqativ və ya pozitiv rəy yaratmasına baxmayaraq, tez-tez təkrarlanan ifadə və ya informasiya bilavasitə şüura təsir edərək orada özünə məskən tapır. Məhz bu imkandan şou-biznes və televiziya, reklam işində bəhrələnərək istifadə edirlər. Müəyyən bir informasiya və ya mahnının həddindən artıq dövrələnməsi, reklam və anonsların qısa zaman müddətində tez-tez göstərilməsi bilavasitə yuxarıda göstərilən xüsusiyyətlə bağlıdır. Lakin burada emossional təsir amili diqqətdən kənarda qalmamalı, təəssüratın yaddaşa buraxdığı iz unudulmamalıdır. Hisslərə toxunan informasiyanın yaddaşda özünə yer almaq imkanı böyükdür və televiziyanın audio,görüntü silahları emosional təsiri daha da qüvvətləndirə bilirlər. Təkrar-təkrar göstərilən görüntü televizor qarşısında oturan şəxsin “ailə üzvünə” çevrilərək doğmalaşır, yaxud da inandığı obyekt olur. Tanıdığı insanın ona ötürdüyü informasiyanın yaddaşda qalma imkanı böyük olduğu kimi, televizor vasitəsi ilə artıq tanış olan mövzu və ya görüntünün təkrarlanmanın yaddaşda iz buraxmaq gücü danılmazdır.

Manipuliativ təsir mexanizmlərinə nəzər yetirdikdə auditoriyanın daxili dünyasına qoşulma, onunla mərhəmi, bərabər hüquqlu ünsiyyətə girmə, inteqrativ xüsusiyyətin olması əsas şərt kimi özünü büruzə verir. Həmçinin psixiki avtomalizmlər-yəni müəyyən situasiyaya və ya informasiyaya qarşı yaranan davranış, vərdişlər, stereotiplər manipuliasiyanın baş tutma mexanizminin əsasını təşkil edir. E.Dosenko manipuliatorun təsir enerjisinin ünvanlanan hərəkət enerjisinə çevirən başlıca imkan kimi psixiki avtomolizmi qeyd edir.

Manipuliasiya işində sosial stereotiplər sosial-psixoloji prosesi insanın emosional münasibəti kimi qavrama və düşüncə aləti olduğundan manipuliasiya bundan məharətlə bəhrələnib öz təsirini həyata keçirir. Qavrama, şüurda informasiya, ideoloji fikirlərin qısaldılmış tərzdə biçimini ehtiva edən stereotipləri televiziya özü tərəfindən dəyişdirə, yenisini yarada bilir ki, bu da manipulasiya işində münbit qavrama şəraiti yaratmış olur. Çağdaş insanın stereotiplərini televiziyanın doğurduğu fikirlər və rəylər təşkil edir.Televiziya qənaəti çoxsaylı araşdırmalara söykənən gerçəklikdir. Həmçinin bədii stereotiplər estetik cəhətdən cəzbedici təfəkkür basmaqəlibləri kimi manipuliasiya prosesində insanları birləşdirən güclü vasitə olaraq çıxış edir. Bədii stereotiplər metafora “assosativ təfəkkürü işə salaraq intellektual cəhdlərə qənaət etdirir” (4, səh 254).

Televiziya manipuliasiyasının yeni biçim və çeşidləri birbaşa infoteymentin gəlişi, kapital və gerçək şouların geniş yayılması, həmçinin müxtəlif təbliğata yönəli verilişlərin yeniləşən məzmunu ilə bağlı olaraq daha təsirli olduğunu qeyd etməliyik. İnsanın öz maraqlarına xidmət etməsi üçün gərəkli olan üç başlıca cəhət-indiki durum, arzulanan gələcək və bu gündən gələcəyə keçid yoludur ki, bunlar realistcəsinə dəyərləndirildikdə özünün başlıca məqsədinə çatmasına xidmət edə bilər. Lakin düşünmək, bu ətrafda əlavə əziyyət çəkmək əvəzinə insanın assosiasiya və analogiyalara müraciət etməsinə zərurət yarandıqda ona diqtə olunan və ya əyani göstərilən hallara müraciət edir.

Televiziyanın asan pul qazanmaq, gələcək qurmaq xəyalları, həmçinin tamaşaçını əyləndirmək, həyəcanlandırmaq üsulu ilə birbaşa məğzi müxtəlif yollarla pərdələyərək təlqin edən yayım olduqca güclü təsir vasitəsidir və bu manipulasiya mexanizmindən kənarda qala bilməz. Xəbər və ya analitik proqramlarda, siyasi, ictimai tok-şoularda və digər yayımlarda manipuliasiya mexanizmi düşündürmək, rəy yaratmaq, təxəyyüldə mövcud görkləri canlandırmaq vasitəsi seçildiyi halda, əyləncəli və ya oyun marağı üzərində qurulan veriliş, şoularda “balaca adamın” qələbəsi üzərində ictimai dözümlülük təbliğ olunmaqla bərabər, birbaşa ideoloji təsir metodu ustalıqla işlədilir. Praqmatizm, real həyatın şəxsi mənfəəti üzərində qurulması kimi məişətçiliyə yaxınlaşdırmaq yolu ilə siyasi aktivlikdən, dözümsüzlükdən uzaqlaşdırmaq məqsədi daşıyan konkret rəyi yaratmağa yönəlmiş oyunlar və gerçək şoular birbaşa siyasi itaətə, gerçək sosial durumla kifayətlənərək ictimai fəallıqdan imtinaya gətirib çıxardaraq ideoloji təbliğat məğzini daşıyır.

Oyun və yarışmalarda təlqin olunmalı informasiya ustalıqla pərdələndiyindən, eyni zamanda kommersiya maraqlarına xidmət etdiyindən sürətlə yayılmış, xüsusən də siyasi, sosial cəhətdən aktiv əhalisi olan dövlətlərin teleməkanını böyük axınla zəbt etmişdir.

Y.Dosenko “Manipuliasiya psixologiyası. Fenomen, mexanizmlər, müdafiə” kitabında insanın üstünlük verdiyi motivləri idarə etmək üçün mövcud vasitə kimi aktuallaşma, sadə şərtilik, rəmzi vasitəli ifadəni göstərir. Aktuallaşdırma mövcud situasiya ətrafında əlavə informasiya və ikinci dərəcəli məsələlərin şişirdilməsini, auditoriyanı münbit psixoloji qavrama halına gətirməni ehtiva edir ki, bu da televiziyanın audiovizual imkanları ilə birbaşa mümkündür. Sadə şərtilik-“motivin oyandırma gücünü onun əvvəlcə səbəb olmadığı hərəkətə yönəltmə” (4 səh 57) və şərt vasitəsi ilə alınan informasyianın bərpa, təxəyyül, təsəvvür vasitəsi ilə emosional keçməsi televiziyanın insanın motivasiyalı üstünlüklərini idarə etməsindən istifadəsini asanlaşdırır.

A.Mol “Mədəniyyətin sosidinamikası” kitabında kütləvi informasiya vasitələrinin bütün mədəniyyəti nəzarətdə saxladığını, bir ideyanı dəyərləndirib önə çıxardığını, digərini aşağılamaqla qütbləşmə yaratdığını, onun vasitəsi ilə ötürülməyən hər hansısa olay və faktın cəmiyyətin həyatına, inkişafına təsir etmədiyini qeyd edərək çağdaş insanın birbaşa kütləvi kommunikasiya vasitələri  tərəfindən idarə olunmasını təsdiqləyir. N.Leonov “Xaricdəki qurumlarda informativ-analitik iş” kitabında informasiya və analitik işi təhlil edərək insan psixikasının təlqinə meylli olduğunu bilinəndən sonra informasiyanın təbliğat və təşviqat biçimində insanları idarə etmək üçün əsas vasitəyə çevrilməsini, öncə insanları idarə etmə silahı hesab olunan gücü, zoru əvəz etdiyini, hakimiyyətin mühüm aləti olduğunu deyir. Hər bir informasiyanın müəyyən məqsədə, auditoriyaya yönəlməsi inkarı çətin olan gerçəklikdir və bu informasiyanın çatdırılma üsullarının təkmilləşdirilməsi heç də onun başlıca təyinatının dəyişməsi deyil, əksinə daha da qüvvətlənməsidir.

İnformasiya insan psixikasına yönəldiyindən və orada uzunmüddətli iz buraxdığından onun təsiri də uzun ömürlü, nəticəsi də əsaslı olur. İnsan informasiyanı alaraq onu qavrayır, analiz edərək yaddaşına daxil edir. Bu yaddaş onun gələcək addımlarını, həyat tərzini, davranışını təyin edərək, onu informasiya ötürənin ən ali məqsədinə doğru aparır. İnformasiyanı qavramaq, qəbul eləmək mərhələli şəkildə baş verdiyindən onun təsir mərhələlərinə bölünməsi də elmi yanaşmanı daha dəqiq edər.

İnformasiya kommunikasiyasının başlaması üçün gərəkli şərait, baza faktı ilə ünsiyyət birinci; istehsal- informasiya istehsalçısı məzmun kimi çıxış edən məlumatlara bu və ya digər işarə biçimi verərək xəbər yaratması ikinci; ötürülmə, yəni informasiyanın verilməsi üçüncü; istehlak- psixoloji mexanizmlərin işə düşməsi ilə informasiyanı qəbul etmə və dəyərlərdə dəyişikliyin başlaması dördüncü; özünü açıq büruzə verməyən, təsir müddəti  ölçüsüz olan informasiyadan fərdin istifadə etməsi beşinci mərhələdir. Sonuncu mərhələ qeyri-ixtiyari qavranılan informasiyanın toplanaraq mövcud biliklər sisteminə söykənən təssüratın yaranması, gələcək informasiya qavranılmasında zəmin olması prosesi baş verdiyindən, sonrakı mərhələnin effektiv, biçimli, fəndlərlə qurulması vacib hesab olunur.

A.Moul informasiyanı semantik və estetik növlərinə bölərək onların təsir dairələrini, gücünü təyin edir. Semantik informasiya insanları inaclarına və maraqlarına uyğun hərəkət etməklə müəyyən addımlara sövq edir. Estetik informasiya ruhi vəziyyət, reaksiya və emosiya yaradaraq, predmetsiz silah kimi televiziya yayımında çıxış edir. Estetik informasiya insanların ruhi əhvallarına təsir etməklə məntiqi düşüncə tərzi əvəzinə emosional təəssüratın diktəsi ilə hərəkət etməyə, fəaliyyətini yönləndirməyə məcbur edir. İnsan estetik informasiyanın təsirindən elə bir vəziyyətə düşür ki, özünün maraqlarının, inanclarının əleyhinə çıxmaqla yalnız ötürülən məlumatların yönəltdiyi tərzdə düşünərək qərar verməyə başlayır. Estetik informasiya ünvanlananın ruhi durumu, ümumi əhvalı, yaşantıları ilə uzlaşdıqda, onu tamamladıqda təsir gücünün daha qüvvətli olması televiziyanın manipuliativ fəaliyyətində əsas fənd kimi işlədilir.

Televiziyanın tamaşaçıya əhval diktə etmək gücünə malik olması, lazımi ab-havanı yaratmaq yolu ilə ekran qarşısında əyləşəni informasiya qəbul etməyə hazırlayır və manipuliasiya üçün münbit şərait yaradır. Çağdaş həyatda estetik informasiya kütlələrin hərəkətlərini, davranışlarını tənzimləyərək cəmiyyətə ziyan vura biləcək ideoloji təbliğatlara, siyasi inanclara qarşı çıxmağa xidmət etmək yolunu tutaraq dövlətin informasiya təhlükəsizliyi siyasətinin tərkib hissəsinə çevrilib. Həmçinin, hakim dairələrin atacaqları addımlara vətəndaşları hazırlamaq, onların müqavimətini azaltmaqla ilk baxışda daxili inanclarına zidd olan fikirlərin daşıyıcılarına çevirmək istiqamətində estetik informasiyanın gücündən geniş istifadə olunur. ABŞ-ın Şərq siyasəti və televiziyanın başqa sahədə ardıcıl fəaliyyətini misal çəkməklə estetik informasiyanın təsir imkanlarından çağdaş siyasi proseslərdə istifadə olunmasını təsdiqləmək olar. Estetik informasiya texniki effektlər vasitəsi ilə simvolların dərki deyil,  təlqini hesabına təsirli olduğundan siyasi həyatda, seçkiqabağı mübarizədə əlverişli vasitə kimi  istifadə olunmaqla bərabər, uzunmüddətli siyasi proqramların vətəndaşlar arasında yayılaraq, tərəfdaş toplaması işində də geniş istifadəsini tapır.

Kütləvi kommunikasiya sosial hadisə kimi əsas funksiyası  auditoriyaya informasiya vasitəsi ilə təsir etmək olduğundan, bu məqsədlə müəyyən informasiyanın aktuallaşması, gündəmə gəlməsi üçün geniş təbliği aparılır.

V.Koneskaya “Kommunikasiyanın sosiologiyası” əsərində kütləvi kommunikasiya vasitələrinin fəaliyyəti üçün başlıca şərtləri müəyyən etmişdir. Onun yanaşmasında ən başlıca şərt kimi auditoriya göstərilir ki, bunun ən əsas şərt olması danılmazdır. Təkcinsli olmayan, anonim, dağınıq fikirli fərdlərin toplusu kimi auditoriya kommunikasiya vasitələri ilə həm daxildə, həm də geniş sosial mühitlə əlaqəni saxlayır. Ötürülən informasiyanın sosial mahiyyəti şərtlərdən biri kimi çıxış edərək auditoriyanın sosial tələblərinə cavab verir.

Sosial tələbatın ödənilməsi ilə bərabər, yuxarıda deyilən kimi kütləvi kommunikasiya vasitələri özləri də təlabatı yaradaraq onun ödənilməsinə xidmət edirlər. Əsərdə həmçinin önəmli şərtlərdən biri kimi qiymətləndirmə informasiyası qeyd olunur ki, bu da auditoriyanın etimad mənbəyi kimi qiyməti qəbul edərək nəticə çıxarmağı nəzərdə tutur. Şərh və icmal, həmçinin müəyyən bir informasiya ətrafında qiymət vermə ictimai rəyi biçimləndirən başlıca şərt olaraq göstərilir. Bir çox hallarda kütləvi kommunikasiya vasitələrinə olan etimaddan istifadə edərək qiymətləndirməni müəyyən siyasi qrupun maraqları çərçivəsində qurmaqla ondan təsirli təbliğat vasitəsi kimi istifadə edirlər.

Kütləvi kommunikasiyanın vacib şərti kimi texniki vasitələrinin mövcudluğunu qeyd etməklə informasiya ötürülməsi prosesinin davamlı, ardıcıl, geniş (mətbuatda tirajlanma) qurulmasını göstərməliyik. Bu baxımdan televiziyanın texniki təchizatı və müasir olması icrası vacib olan şərt kimi yayımçı şirkətlər qarşısında çıxış edir. Müəyyən yenilikçiliyin, yaradıcı fəndlərin daha təsirli və ifadəli ekran həlli, həmçinin informasiyanın ünvanlı seyrçiyə keyfiyyətli çatdırılması üçün texniki tələblər ödənilməlidir. Yayımın keyfiyyətli, ardıcıl olması etimadın və inamın yaranması ilə bərabər, həm də birbaşa reytinq göstəricilərinə təsir edən amil olduğundan bu məqam bir kənara qoyula bilməz.

Televiziya auditoriya üçün ən asan əldə olunan, vizual münasibətlərə girməyə qadir etibarlı informasiya mənbəyi olaraq daha geniş yayılmış, əhatə dairəsi ilə çağdaş dünyanı bürümüşdür. Geniş yayılması və vizuallıq manipuliasiya üçün münbit imkanlar yaratmaqla bərabər, müxtəlif biçimli yayım vahidləri hesabına auditoriyanın maksimal ehtiyaclarını ödəməklə həm də “xilaskara” çevrildiyindən etibar amili və inamın yaranması öz-özlüyündə təbliğat işində yeni imkanlar açdı. Görüntünün mozaikliyi, dünyanı rabitəsiz, məntiqi əlaqəsi olmayan informasiya şəklində təqdimatı televiziyanı həyatın müxtəlif məsələlərindən, fərqli mövzulardan informasiya yetirmək imkanı onun estetik prinsipini təşkil edir. Bu estetik mahiyyətə malik olması, həmçinin hər bir sahəyə sirayət etmə, çeşidli həyat prosesini, ictimai münasibətləri işıqlandırmaq kimi cəhətlər bu yayım növünün təsir imkanlarını elə yarandığı andan genişləndirdi.

Həmçinin rezonans- seyrçinin şüurunda mozaik informasiyanın məzmun birliyinə səbəb olan birləşdirməni həyata keçirməsi televiziya estetikasının ikinci mühüm prinsipi kimi manipuliasiya işində konseptual yekunun insan şüurunda yaranmasına xidmət etməklə gərəkli vəhdəti qurur. S.Kara-Murzanın televiziya tamaşaçısının həm aparıcının şərhi, həm görüntü, kadrarxası mətn vasitəsi ilə müəyyən informasiyanı çatdırmaqla insan şüurunda informasiya qavranılması prosesində mövcud “filtirləri”-informasiyanı götür-qoy edib qəbul etmək imkanlarını dağıdır fikrinin izahı bilavasitə ikinci estetik prinsipin məntiqi yekunudur.

Televiziyanın informasiya axını heç də həmişə məntiqin prinsiplərinə söykənməyərək estetik xarakter daşıyır və gerçək həyat göstərdiyini iddia etdiyindən burada məntiq axtarışının gərəksiyizliyini müəllif qeyd edir. Buradan belə bəlli olur ki, informasiya bütün gücü və vasitələri ilə insan şüuruna hücuma keçərək öz əsirinə çevirir, estetik təsir ilə ram edir, məntiqsiz düşüncənin meydana çıxmasına gətirib çıxarır. Auditoriya ekrandan danışanın məntiqinə, dəlillərə söykənməsinə əhəmiyyət verməyərək onu qəbul edir və bu şəkildə  daşıyaraq onu ötürür.

Televiziyanın texniki imkanları bütün digər kütləvi kommunikasiya vasitələrindən daha çox gerçəyi göstərdiyi inamını yaradır. Həmçinin gerçək görüntü müəyyən işarə kodlarının ötürülməsinə də şərait yaradır ki, bu kodlar insan şüurunda assosiayalar yaradır. Yalan və gerçəyi eyni şəkildə təqdim etmək qüdrəti televiziyanın manipuliasiya işində əvəzsiz vasitə olduğunu bir daha təsdiqləyən cəhətdir. Televiziya insanın əyləncəyə, konfliktə olan marağından məharətlə istifadə edərək informasiya çatdırılmasında onun vasitə və imkanlarından geniş istifadə etməklə gizli təlqini müxtəlif biçimdə aparır, gərəkli informasiyanın yeridilməsi üçün onun maraqyaradıcı tərəfləri qabardılır. Sensasiya yaratmaq, tərəfləri çözümə cəlb etməklə ziddiyyəti qurmaq, bir insan taleyini mühüm hadisəyə çevirmək meylləri çağdaş dünya teleyaradıcılığında ən vacib tələb kimi ortaya çıxması məhz yuxarıda deyilən səbəbdən irəli gəlir. Televiziyanın əyləncəyə meylliliyi, həmçinin sturktur sadəliyi, konflikt yaradacaq məqamların tapılması auditoriyanı öz tərəfinə çəkə, bu imkanları ilə müəyyən fikri və ya şəxsi önə çıxarmaqla ona tabe etdirə bilər.

Televiziya vasitəsi ilə manipuliasiyadan danışarkən informasiyanın təhrifi ən çox işlədilən fənddir. Təhrif, faktların basmaqəlibləşdirilməsi, xüsusi semiotikanın, bəsitləşmənin stereotipləşməsi ilə yanaşı təsdiqləmə, təkrar, təcililik, sensasiyalılıq, alternativ mənbənin yoxluğu manipulasiyanın əsas fəndləri kimi çıxış edir. S.Kara-Murza faktların basmaqəlibləşməsini (fabrikləşməsini) önə çıxararaq onu açıq yalan adlandırır. A.Mol “Mədəniyyətin sosdinamikası” kitabında təhrifi xırda yayınma halı kimi göstərir və onu “orta alıcının semantik qavraması həddində” təsirli olduğunu qeyd edir.

Manipuliasiya hədəfini öz təsirinə salmaq üçün vacib şərtlərdən biri kimi münbit şərait göstərilməlidir. Münbit şərait hədəfin kənar informasiya axınından təcrid dərəcəsindən asılıdır. Bir tipli informasiya axını hədəfi inandıra, eşitdiklərinin əsirinə çevirə bilər. Lakin bir mənbə  heç də həmişə inandırıcı olmadığından insan alternativ informasiya ötürücülərinin axtarışına çıxır ki, bu da manipuliasiya işini zəiflədə bilər. Problemin totalitar həlli yalançı plüralizm mənzərəsi yaratmaq, bir neçə üzdə müstəqil kimi təqdim olunan mənbədən eyni informasiyanı ötürməkdədir. Çağdaş demokratik cəmiyyətlərdə müstəqil kütləvi informasiya vasitələri və xüsusən televiziyalarda iqtisadi maraqlar naminə özəl qurumlar hakim qüvvənin manipuliasiya siyasətinin əleyhinə getməyərək onu könüllü icra edirlər ki, bu da totalitar həllə nisbətən daha demokratik vasitə hesab edilə bilər.

Müstəqil televiziyalar “lazımsız” informasiyanın üzərindən sükutla keçməklə bərabər, “virtual gerçəkliyin” yaradılması işində mane törətməməklə öz xidmətlərini göstərirlər. Bir çox hallarda bu hərəkəti dövlətçiliyə xidmət kimi təqdim edərək ümummilli maraqlar kontekstinə çatdıraraq dağıdıcılıqdan qaçmaq meyli ilə pərdələyirlər. “Gərəksiz” informasiya sızdıqda belə onun ətrafında əlavə, lazımsız hay-küy yaratmaqla diqqəti ustalıqla əsas məsələdən uzaqlaşdırırlar ki, bunu da H.Şillerin “fərdin məna axtarışının daha da çətinələşməsinə gətirib çıxardığınını” fikri ilə izah etmək olar.

Diktor dilinin müasir cəmiyyətdə sağlam təfəkkürə söykənməyərək yalnız manipuliasiya müəlliflərinin fikirlərini daşıdığını qeyd edən H.Şiller (16, səh 45) bu dildə danışan insanların özləri bilmədən sağlam fikirdən uzaqlaşdıqlarını söyləyir. Manipuliativ semantika söz və anlayışların mənasının dəyişdirilməsi kimi göstərilərək çox adi söz və video cərgənin başqa kontekstdə verilməsi hesabına tamam fərqli məna kəsb etməsini ehtiva edir. Ayrılıqda informasiyanı təhlil etdikdə orada yanlışlığın olmadığı üzə çıxır, lakin bütünlükdə birbaşa ictimai rəyi tamam fərqli istiqamətə yönəldəcək məzmun kəsb etməyə başlaması semantikanın başlıca üstünlüyüdür. Semantikaya xas manipuliativ texnologiyalarda məzmunu kütləyə elə də bəlli olmayan terminlərin dövrələnməsi, ictimai şüurda bərqərar olması hesabına yanlış yönəltməni daha effektiv edir.

Çağdaş televiziyanın yeni stereotiplər yaratması və insanları bəsit şəkildə təqdimata alışdırması dönə-dönə tədqiq olunmuş mövzudur. Bu prinsip manipuliasiya üçün güclü silah olduğu üçün həmişə aktualdır. İnsanın heç bir çətinlik olmadan, mübarizəsiz, daxili müqavimət, tənqidi analiz olmadan standartlaşdırılmış tərzdə informasiyanı qavranılmasının mütləqliyi prinsipi çağdaş jurnalistikada, televiziya işində başlıca şərt kimi qoyulması məhz manipuliasiya yönəli fəaliyyətə hesablanmış addımdır. Bütün növ informasiya mütləq mövcud standartlara uyğunlaşmış şəkildə yayımlanaraq stereotiplərə əməl olunmasına xidmət edir.

Sadə tərzdə ifadə əsas fikiri qısa, təsiredici şəkildə olmasına imkan verir və təsdiqə şərait yaradır. Təsdiq müzakirəni inkar edir, çünki istənilən müzakirə fikrin hökmünü azalda bilər - manipuliativ prosesdə bu sarsıntı yolverilməz olduğundan təsdiqin inkarı mümkün olmayan şəkildə efirdən səslənməsi vacibdir. Kütləvi informasiya vasitələri və bu xüsusda televiziya stereotiplərlə düşüncə mexanizmini yaratmaqla insanların özü düşünməsini meydandan çıxarmış, informasiyanın intellektual səviyyəsini son həddə qədər endirərək kütləşməyə rəvac vermişdir. Lazımi stereotiplərin təlqini üçün ən vacib şərt kimi təkrar amili çıxış edir. Təsdiqin dönə-dönə təkrarı onu təlqinə döndərir və informasiyanı ideyaya çevirir. Təsdiqi təkrar-təkrar eşitdikcə onu daha çox təlqin etmək, kütləni məhz bu cür düşünməyə məcbur etmək televiziyanın artıq çoxdan bəri ustalıqla işlətdiyi vasitə kimi qeyd olunmalıdır. Əks fikri inkar edən təlqin səslənən yeni  informasiyaya qarşı şərti refleks yaradaraq onun fərqinə varmadan gerçək kimi qavramağa məcbur edir.

Yuxarıda dediyimiz kimi informasiyanın bölünməsi və təcililik manipuliativ texnologiya kimi çıxış edir. Bölünmə, problemi fraqmentlərə ayırmaqla ümumi bağlılığı qırmaq, onu dinləyən tamaşaçının küll halında yanaşaraq mahiyyətini dərk etməsinə imkan vermir. Problem var, o işıqlandırılır, amma bütöv və rabitəli şəkildə təqdim olunmamaq hesabına qavranılması mümkünsüzdür. Mozaik mədəniyyətin başlıca prinsipi televiziya və çap mətbuatında effektiv vasitə kimi işlədilir - qəzetlərdə manşet, başlıq, yarımbaşlıq, ayrı-ayrı fikirlərin ayrılması, televiziyalarda anons, bölümlər, reklam fasilələri, informasiyanı bir neçə hissəyə və tərəfə ayıraraq onların inkişaf etdirilməsi ilə özünün mahiyyətinin açılmamış qalması ümumi rabitəni və vəhdəti qıraraq onu hissələrə bölür. H.Şiller “Şüur manipuliatorları” kitabında bu prosesi geniş araşdıraraq işıqlandırılan sosial hadisələrin ümumi əlaqəsinin inkar olunmasının çağdaş televiziya işinin başlıca fəaliyyət istiqaməti kimi göstərir.

Bölünmə həmçinin televiziyanın təcili xəbər çatdırma fəaliyyəti ilə daha da əsaslandırılır. Təcililiyin yaratdığı gərginlik təəssüratı manipuliasiya imkanlarını genişləndirir. Hər saat xəbərin yenilənməsi ümumi sturkturu, bağlılığı qırır və onu qəbul edənin anlamaq, qavramaq imkanını azaldır. Müəyyən bir xəbər analiz olununca onu yenisi əvəz edir və beləliklə yekunda bütün xəbərlər analiz olunmadan qəbul edilir. H.Şiller bu prosesi izah edərək beynin hər saat külli miqdarda informasiyanı qəbul edərək, bəzən vacib, ancaq ümumilikdə lazımsız informasiya məlumatlarının anbarına çevrildiyini söyləyir və tamaşaçının bu prosesdə seçmələyərək analiz edib, müəyyən rəyə gəlməsi mümkünsüz olduğunu fikrini irəli sürür.

Manipuliativ texnologiyada sensasiyalılıq prinsipi başlıca yer tutur. Sensasiya informasiyanı bölməyə, müstəqil, tam biliyin alınmamasına imkan verən güclü vasitədir. Sensasiyanın pərdəsi altında kütlənin bilməli olmadığı başlıca informasiya ustalıqla gizlədilir. Sensasiya, hadisə yerindən birbaşa reportaj, birbaşa efirdə müsahibə informasiyanı yanlış çatdırmağa imkan verən amil kimi çıxış edir. Müxtəlif telejurnalistika ədəbiyyatlarında mənfi hal kimi qeyd olunsa da, manipuliasiyaya yönəli bu əlverişli imkandan istifadə getdikcə genişlənir və yeni biçim alır. Nəzərə alınsa ki, sensasiya reytinq cədvəllərində uğuru təmin edən mühüm cəhətdir, onda bu prosesin iqtisadi maraqlara söykənməsini də təsdiq etmək olar.

Tamaşaçı evindəki televizor vasitəsi ilə gözlənilməz, gerçəkliyə yaxınlaşıb xüsusi şövqlə izləyir. Televiziyanın bu gerçəklik illiüziyası olduqca güclü təsir vasitəsi kimi çıxış edir. Manipuliativ texnologiyada gerçəyi göstərmək pərdəsi cəlbedici olmaqla bərabər, həm də inandırıcı olmalıdır. Manipuliasiya və onun televiziya vasitəsi ilə işlədilən texnologiyalarını araşdıraraq bu qənaətə gəldik ki, bu proses insanları düşünmədən, analiz etmədən çəkindirərək təlqin olunan fikrə yönəldir və bunun icarsı üçün düşünülmüş, xüsusi ardıcıllıqla həyata keçirilən mexanizmlər mövcuddur. Çağdaş cəmiyyətdə qarşısı alınmaz bu proses təhlükəli olsa da, sabitlik, qarşılıqlı dözümlülük hisslərinin aşılanması baxımından faydalıdır. İnsan yaranan gündən mövcud olan manipuliasiya, yeni texniki vasitələr hesabına fərqli çalarlar alaraq kütləviləşib və bu proses ictimai nəzarətdə saxlandıqda təhlükəsiz ola bilər.

Ədəbiyyat siyahısı

1.    Гуревич.П. Психология рекламы. Москва 2005 г
2.    Голядкин Н. Анализ аудитории. Москва 2000
3.    Доценко Е.Л. Психология манипулиации. Феномены, механизмы, защита. Москва,1996 г.
4.    Кара-Мурза С. Манипуляция сознанием. Москва, 2000г
5.    Кэррол В. Новости на ТВ. Москва, 2000
6.    Конецкая В.П. Социология коммуникации. Москва, 1997г.
7.    Матвеева Л. Аникеева Т. Мочалова Ю. Психология телевизионной коммуникации. Москва: 2000
8.    Моль. А Социодинамика культуры. Москва 2006 г
9.    Муратов С. Телевизионное общение в кадре и за кадром. Москва 2003 г.
10.    Муратов С. ТВ-эволюция нетерпимости. Москва: 2001
11.    Муратов С. Телевидение в поисках телевидения. Москва: 2001
12.    Реклама: внушение и манипуляция. Москва 2001 г
13.    Телевизионная журналистика. Москва: 2002 .
14.    Тофлер Э. Шок будущего Москва 2005 г.
15.    Цвик В., Назарова. Я Телевизионные новости России. Москва: 2002
16.    Шиллер Г. Манипуляторы сознанием. Минск, 2005 г
17.    Хейзинга Й. Человек играющий. Москва: 2001
18.    Этика СМИ. Москва: 2003