Elçin Əlibəylidən yeni kitab

Elçin Əlibəylidən yeni kitab

Sənətşünaslıq üzrə fəlsəfə doktoru, Beynəlxalq Televiziya və Radio Akademiyasının həqiqi üzvü Elçin Əlibəylinin “Televiziya nəzəriyyəsinin əsasları” adlı kitabı çap olunub.

Kitabda, televiziyanın insan şüuruna, onun davranışına, sosial həyata təsiri, bədii-estetik görüşlərin formalaşdırılması işində fəaliyyəti, təsir mexanizmləri, manipulyasiya gücü, yaradıcı yanaşma, yozum, təfsir, dramaturji janr, forma problemləri kimi olduqca mühüm mövzuları müəyyən bir sistem əsasında təhlil etmək, ölkə televiziyalarının misalında müqayisəli analizi təqdim etmək, yayımın təşkili və yaradıcı işin elmi təhlilini vermək qarşıya məqsəd qoyulub.
Televiziyanın bütöv bir anlamda çözülməsi, onun tərkib hissələrinin ayrıca öyrənilməsi deyil, yaradıcı-sosial-ictimai mahiyyətinin, axtarışlarının ümumi şəkildə çözülməsi sənətşünaslığın qarşısında duran və öz elmi həllini tapmayan başlıca vəzifə idi.

Televiziyanın əlçatarlığı, hər kəsin onun haqqında rəy bildirməsi, ictimai nəzarət mövcud olsa da, bütün bunlara aydınlıq gətirəcək təhlilin meydana çıxması üçün model, təhlil metodologiyası mövcud deyildi.

Azərbaycanda 1956-cı ilin 14 fevralından yayımlanan televiziya artıq XXI əsrdə hər bir azərbaycanlının məişətində, ictimai həyatında, mədəniyyətdə mühüm yer tutur.

Ümummilli regional və kabel televiziyalarının pərvəriş tapdığı dönəmdə onların fəaliyyətini tənzimləmək üçün mükəmməl elmi təhlil, araşdırma sənətşünaslığın vacib, mühüm vəzifəsidir. Etiraf etməliyik ki, Azərbaycan sənətşünaslığında bu mövzu çox az təhlil olunub, televiziyanın nəzəri əsasları, demək olar ki, diqqətdən kənarda qalıb. Bu baxımdan televiziyanın təhlil metodologiyasını yaratmaq, onun mükəmməl formasını, sxemini tərtib edərək mənbələrə, araşdırmalara söykənmiş halda təqdim etmək, müxtəlif tərəflərini vahid təhlilə cəlb edərək mükəmməl modeli təklif etmək elmi tədqiqatın başlıca məqsədidir. Televiziyanın bədii-kulturoloji, estetik mahiyyəti ilə bərabər sosial, ictimai fəaliyyətini, məhz bu elmlərin metodologiyasının iştirakı ilə televiziyaşünaslığın metodologiyasının prizması ilə çözülməsi üçün zəmin yaratmaq, bu təhlili aparmaq da elmi işin əsas məqsədlərindəndir.