Elçin Hüseynbəyli: “Həmid Herisçidən qat-qat maraqlı yazıçıyam”

Elçin Hüseynbəyli: “Həmid Herisçidən qat-qat maraqlı yazıçıyam”

Yazıçı Elçin Hüseynbəyli ilə yazıçı Taleh Şahsuvarlının söhbəti

- Sizin sosiallaşma dövrü "soyuq savaş” illərinə təsadüf edib və mənə elə gəlir ki bu fakt həyatınızla yanaşı yaradıcılığınıza da təsir edib...
- Doğrudan da həyatda ən xoşum gəlmədiyi söz "dava” sözüdür. Ən çox nifrət elədiyim adam isə o zamankı ABŞ prezidenti Reyqan olub.

- Neyləmişdi Reyqan?
- Mən bir qız sevirdim və qorxurdum ki, Reyqan SSRİ ilə dava başlaya, mənim sevgim yarımçıq qala. Bu dünyadan nakam getməkdən çox qorxurdum.

- Axırı nə oldu?
- Axırı mən deyən oldu!...

- ...SSRİ dağıldı?
- SSRİ-nin dağılmasından da vacib hadisə baş verdi, mən sevdiyim qızla evləndim.

- Amma Qarabağ müharibəsi də başladı...
- Bax, onun qarşısını almağa gücüm çatmadı.

- Bəlkə də ona görə ki, sevdiyiniz qızla evləndiniz və sevgi öləzidi...
- Bunu boynuma alsam, evdə bir qırğın düşər ki, Qarabağ müharibəsi yalan olar.

- Onda gəlin məsələyə ədəbiyyat kontekstində baxaq. Ramiz Rövşənin və Vaqif Səmədoğlunun yaradıcılığından tanış olduğum bir məqam var. Deyəsən, Sizdən öncəki ədəbi nəsil arasında populyar rəy "qadının əlindən gələn soğan iyinin sevgini öldürməsi” olub. Bu rəy xeyli dərəcədə ədəbi zövqün formalaşmasına da təsir edib, məncə...
- Ola bilsin, təsir edib. Amma ədəbi zövqün formalaşması, heç şübhəsiz, daha mürəkkəb prosesdir. Bilirsiniz, elə şair, elə yazıçı olub və var ki, onlar gerçək ədəbiyyat adamları olmayıblar, sadəcə poza veriblər. Onlar şair olmaya-olmaya şair, yazıçı olmaya-olmaya yazıçı obrazlarını yaradıblar. Dediyim odur ki, şair olub-olmamasından asılı olmayaraq, insanın sevgisi bütöv olmalıdır. Sevgi bir insana bütöv yanaşmadır, ən çətin və ağır anlarında belə onu tərk etməməyə çağırışdır. Soğan qoxusu o çağırış qarşısında çox təsirsiz bir şeydir. Mən həmişə demişəm ki, kişi sevdiyi qadını çəkisindən asılı olmayaraq qucağında aparmalıdır. Əsl qadınlar son mənzilə ərlərinin çiynində getməyi arzulayırlar. Kişinin müqəddəs borcu qadından daha çox yaşamaq və onu axıracan qorumaqdır.

- Günlərin birində Qarabağ savaşını, 20 yanvar qətliamını xatırladaraq Sizdən "niyə ölmədiniz” sualına cavab istəsələr, dəliliniz bumu olacaq?
- 20 yanvar gecəsi mən ölə də bilərdim, çünki metronun o zaman "11-ci Qızıl Ordu” adlanan stansiyası ətrafındaydım. Təzə ailə qurduğum üçün evə - Sumqayıta getməyə məcbur idim, yollar da bağlanmışdı. Odur ki, dəmiryol vağzalına qayıtdım və oradan elektrik qatarı ilə Sumqayıta getdim. Əgər evə qayıda bilməsəydim, xaraktercə emosional olduğumdan yəqin ki, mən də özümü güllənin qabağına atardım.

- Sizcə, 20 yanvar tarixin emosional səhifəsidir?
- Mən 20 yanvar olaylarını qəhrəmanlıq yox, faciə sayanlardanam. Faciə o idi ki, insanlar özlərininki hesab etdiyi sovet ordusunun atəş açacağını gözləmirdilər. Bir yerdə ki, insanlar ölümü təxmin edə bilmirlər, onların hərəkətlərinə qəhrəmanlıq demək mümkün deyil. O zamanlar insanlar o qədər saf idilər ki, ölümü təxmin edə bilmirdilər.

- "Azadlıq” meydanındakı mitinqlərdə iştirak etmisiniz?
- Əlbəttə!

- Hansı şüarlar qışqırırdınız orada?
- Düzü, "Azadlıq” meydanında qışqırmamışam, çünki o dövrdə Moskvada təhsil alırdım. O zaman ki qayıtdım və "Azadlıq” meydanındakı mitinqlərə qatıldım, artıq baş verən hadisələrə püxtələşmiş münasibətim vardı və şüarlar məni cəlb etmirdi. Görünür, buna fərdiyyətçi olmağımın da təsiri olub. Fərdiyyətçiliyin mənə bir xeyri də o olub ki, heç zaman dərnəklərə qoşulmamışam.

- Bəs "Eqo”?
- Fikir verirsinizsə, "Eqo”da elə "mən” deməkdir. Salam Sarvan yaxşı bir söz işlətmişdi ki, "Eqo” təklərin cəmidir”. Biz gəldik və dedik ki, ədəbiyyat yaşamalıdır. Əgər araşdırmaçılar səmimi olsalar, etiraf edərlər ki, "Eqo” Azərbaycanda ədəbiyyatı yerdən götürdü, diriltdi.

- "Eqo”nun hazırladığı qəzetiçi qəzetdən Sizin hekayələrinizi oxuyanda nədənsə mənə elə gəlirdi ki, Elçin Hüseynbəyli Bekketdən təsirlənir... Bu, həm də bir açılım idimi?
- Bu suala cavab vermək üçün gəlin yenidən 20 yanvar hadisələrinə qayıdaq. O gün insanları meydanlara çıxmağa təhrik edən bir motiv də vardı - azadlıq istəyi. Sovet dövründə 1 may nümayişləri vardı və onlar icazəli idi. 1988-ci ildən sonra isə insanlar icazəsiz aksiyalar keçirir və sevinirdilər. Buna icazəsiz sevinmək azadlığı demək daha doğru olar. Mən özümdə icazəsiz sevinmək azadlığını yaşamış adamam. O vaxt getdik bir kompüter tapdıq və Bakıda davamlı mitinqlərin keçirilməsini tələb edən vərəqələr hazırlayaraq divara yapışdırdıq. Yadıma gəlir, aralıdan o vərəqələrə baxıb necə sevinirdim!...

- İndi necə, sevinirsinizmi? Bəzən elə yazıçılar var ki sovet dövrünün nostaljisi ilə yaşayır...
- Sovet dövründə yazıçı olmaq önəmli adam olmaq idi... Hətta yazıçıların KQB-yə çağırılması, senzuraya məruz qalması da ona hər zaman əhəmiyyətli adam olduğunu xatırladırdı. İndi hər kəs istədiyini yazır, amma fərd kimi özünü hiss edə bilmir. Ona görə də mən müstəqil ölkənin yazarı kimi fərdiyyətçilik xəttini tutdum. Bu mənada ki, özümə, uşaqlığıma, gəncliyimə, bir sözlə, həyata ironiya ilə yanaşdım. Bayaq sizin dediyiniz Bekketvari hekayələr də onda yarandı. Görəndə ki həmin ironiya bəzi bəstəkarların mahnıları kimi bir-birini təkrar edir, o zaman həmin üslubdan imtina etdim. Di gəl, hətta ən ciddi əsər yazanda da birdən o vərdişim özünü göstərir yenə də. Görünür, ironiya mənim canımdadır. Bilirsən, mən həyatına ironiya ilə yanaşmayan adamlardan heç xoşum gəlmir. Varlı da, kasıb da yaşamına bir az ironiya ilə yanaşmalıdır. Məsələn, birindən iş-gücünü xəbər alanda deyir ki, "səhər naxıra, axşam axura” - bu da bizim babalarımızın ironiyasıdır. Eyni zamanda, şikayətlənən adamları da qınayıram. Şikayətlənən adamlar unudurlar ki, mələklər onun çiynində oturublar və dediklərini yazırlar.

- Siz mələklərə inanırsınız?
- Mən özümə inanan adamam.

- Mən mələklər haqqında sual verdim...
- Əlbəttə, inanıram!

- Mirzə Fətəli Axundovla söhbət edirsiniz hərdən?
- Mirzə Cəlillə edirəm, mən daha çox ona yaxınam.

- Deyirlər, Mirzə Cəlil yaman mələkbaz olub axı...
- Məncə, o da mələklərə inanıb, sadəcə, boynuna almayıb. Yoxsa Həmidə xanımı haradan tapardı?

- Fikrinizcə, Həmidə xanım mələk idi?
- Nə bilim, vallah... Amma hər sevgidə bir mələklik, hər kişinin içində bir mələk arama duyğusu var.

- Tapırıq?
- Mələklərin ağılı olmur axı...

- Bəs şeytanın?
- Şeytan da mələklərdən biri olduğuna görə, deməli, onun da ağılı yoxdur.

- Ağlı olsaydı Adəmə sitayiş edərdi?
- Tanrının buyruğuna əməl edərdi, mütləq.

- Bəs, icazəsiz sevinmək azadlığı?
- Görünür, azadlıq şeytandan başlayır!

- Kitabxana şeytan yuvasıdır?
- Kitabxana mənim üçün yatacaq yeridir. Bəzən kitabxanaya gedəndə, oxuya-oxuya yuxu basır adamı. Kitabla yuxuya getmək dünyanın nadir gözəlliklərindən biridir.

- Oxuyub yuxuya getmək, oyanıb yazmaq - yaradıcılıq tərziniz belədirmi?
- Demək olar ki, belədir...

- Mən axır bir neçə ayda iki kitabınızı oxumuşam və üzə tərifləmək olmasın, çox bəyənmişəm. "Şah Abbas” roman-xronika olaraq Azərbaycan ədəbiyyatında ciddi yenilikdir, "Don Juan” da yetərincə səriştəli əsərdir. Hər iki əsərdə pozitiv enerji var. Amma nədənsə bu əsərlər sanki toplumda mənfi enerji yaratdı. Nədən?
- Çünki Azərbaycanda peşəkar tənqid yoxdur, hərə ağzına gələni danışır və əsərlər həqiqi qiymətini almır.

- Məncə, "Şah Abbas” xüsusilə müzakirə olunmalı idi, çünki xalqın yaddaşı göstərir ki, azərbaycanlı dünyagörüşünün formalaşmasında xüsusi rolu var.
- "Şah Abbas cənnətməkan” - bu deyim hər şeyi ifadə edir.

- Amma Həmid Herisçi Sizə eyhamla həmin deyimə istehza etmişdi, bildiyim qədər.
- Həmid Herisçi özündən böyük və istedadlı adamlara qarşı həmişə kinlə danışır. Sovet hökuməti qalsaydı, bu kinlə Həmid imperiyanın bütün pis işlərinə yarayardı. Xalqı, onun hökmdarlarını aşağılayan adamlar həmişə imperiyalara lazım olur.

- Həmiddən böyük yazıçısınız?
- "Böyük adam” ifadəsini Şah Abbas haqqında işlətdim. Mən çox xırda adamam. Amma Həmid Herisçidən qat-qat maraqlı yazıçıyam.

- Onda "xırda adam - yaradılan adamdır, yazıçılıq - yaradanlıqdır” desəm məni xalq başa düşməz, ya xaliq?
- Mənim üçün əsas həm də balığın bilməsidir... Uzun müddət bir yuxu görürdüm. Görürdüm ki, qarmağıma iri bir balıq düşüb, mən bəri dartıram, o üfüqə sarı. Sonra mən göyü yerə dartırdım. Yozanlar dedilər ki, Sən Allahlıq eşqinə düşmüsən. Uzun müddət o balığı görmədim. "Şah Abbas”a başlayanda o balıq təzədən qarmağa sarı gəldi.

- Tutdunuzmu?
- Yenidən gəlir qarmağa...

- Təzə nə yazırsınız?
- "Ağ yelkənli şəhər” romanı üzərində işləyirəm.

- Adı mənə yazıçı Anarı xatırlatdı nədənsə...
- Anar müəllim unudulacaq yazıçı deyil.

Lent.az