Ələsgər Əhməd. Anamızın gülüşünü, atamızın əllərini... (ŞEİRLƏR)

Ələsgər Əhməd. Anamızın gülüşünü, atamızın əllərini... (ŞEİRLƏR)

Rebekka 

Van Qoqun kəsilən qulağına and olsun 
Arxamca dediyin bütün "gəl"ləri eşidirəm 
Mənə olan nifrətinin səsi 
Dodaqlarını bürüyür 
Meyvəsindən günah dişlədiyimiz 
Alma ağacı da çürüyür, Rebekka 
Dünən yenə masadakı çərçivədən gəl çağırırdın 
Mən şəkilləri eşidirəm
Dodaqlarının qırmızısı döşəməyə dağılırdı 

Bildin hansı şəkil? 
- Sol qolunla dünyanı qucaqlamışdın 
Gözlərin sonuncu çağırışını edirdi 
Açmağa gecikdiyim telefon zəngi kimi 
Sağ qolunu məscidin divarından asmışdın 
Heç nəyə yaramırdı- Çexovun tüfəngi kimi 

Əllərim Antarktidan daha soyuqdu 
Ovuclarımda buz salxımına dönüb 
Siqaretimin qüllabından oğurladığım tüstü 
Keçdiyin yollardan qəsdən keçsəm də 
Toqquşmamaq istəyim-
Gəmiçinin Aysberq qorxusundan da pisdi 
Məncə elə susmağım 
Əsrin ən yaxşı minacatıdı 
Aramızdakı münasibət 
Şimal buzlu okeanın plagiatıdı, Rebekka 

Mən bir az getməyindən narazıyam 
Bir az da, darıxa bilməməyindən 
Yoxluğun da dağ boydadı 
Zirvəsində bir göyərçin sülh axtarır 
-Qanadı yoxdu-
Özümü atmağımın da adı yoxdu 
Bilirəm ki, tutacam gəlməməyindən 

Bir gün, yaşamaq üçün 
Qəpiklərimizə güllə atacağıq 
Muğayat ol, ölməməyindən, Rebekka. 


Memuar 

"Kasıbçılıq" sözünün qafiyəsini tapmırıq 
Niyəsini hardan tapaq? 
Elə çarəsini də 
Bizə demişdilər ki, 
anamızın gülüşünü, 
atamızın əllərini ayrılıqlardan tapaq 
Tapmadıq, 
itirməyə başladıq 
Behiştdən ana bətninə çəkilən, 
həyat işarəsini də. 

Xoşbəxtlik də asanlaşıb 
nə az, nə çox 
nənəndən yadigar üzük, 
bir də ona can atan barmaq lazımdı
Sən o qızın gözəlliyi 
gül al deyən qadın da bilmir ki, 
O qızın gözəlliyini evə aparmaq lazımdı
Şam yeməyindəki qadın 
həzm üçün gələn qaimənin qəssabı deyil 
Hərdən 
restoranın pəncərəsindən qışqırmaq istəyirəm 
Bura gəldiyimiz yollar da, 
qarsona deyilən çox sağollar da 
Alman hesabı deyil! 

Niyə deyil? 
Sevəndən sonra 
bir kişi də cavab tapa bilmir 
Sevirsən, sevirsən 
əllərin pulqabından qopa bilmir 

Bir də görürsən ki, 
nə o qayıdır, nə də kağız parçalara 
Gözlədiyin yollara 
qanının rəngiylə dəst salırsan xalçaları 

Yenə də ayaqqabısının tozunu silmir. 

İki eyni adama sual vermişdim 
Biri uzaqlardasan, 
biri uzaqlardayam 
demişdi 

Yəqin, yadına düşür 
Zəng edib, soruşdum 
hardasan? 
Dedin; Allah bilir, hardayam 

Zəngdən qabaq soruşmuşdum 
bilməmişdi...



Sinif "o"

Gözlərini qapıdan, 
çəkməməkdən başlayar
Onun dərsə gəlməməyi 
Əvvəl lövhədə həsrəti çəkilər, 
Sonra ürəyi.

İkisini birləşdirib sevərsən 
Təksən deyə, iki alarsan 
Yanındakı boş stulda oturan olmaz 
Ki, ayaqları 
məktəbli formasındakı yoxluqdan başqa, 
nəsə saxlaya bilməz. 

Əlinin içində yuxulu olarsan 
Pəncərəni, 
top əvəzi sındırar- səhər 
Dəftərindən bir ağ vərəq qoparıb, 
Qara saçlarına göndərərsən, 
təyyarə təhər. 
Bir söz belə yazmadan.

Çatsa, başa tez düşər
qayıtsa, qanadından tel düşər. 

Suallar, 
almadığın cavablardan verildikcə
Tənəffüsün də səsi kəsilər, 
Dəhlizin boşluğunda. 
Müəllimə qələm verən dostuna, düşmən kəsilərsən 
Qayıbla, jurnalın tanışlığında.

Bir partada sevgidən, 
O birində darıxmaqdan danışılar 
Barmağını qaldırıb, susarsan 
Hislərin evdə qalar. 

Birdən tənhalığın səsin çıxararsan 
Müəllim yox, 
"Hər zaman yanındayıq" deyənlərin, 
sükutu qovar. 

Çiynində, özündən ağır ayrılıqla, 
evə gələndə görərsən ki, 
Xəyallar sevginin yol qırağıdır 
Dayanmadan, tez keçərsən, 
qəza təhlükəsi var.