Elgün Eyyubov. Xilaskar uşaqlar (Xəyalpərvər hekayə)

Elgün Eyyubov. Xilaskar uşaqlar (Xəyalpərvər hekayə)

2005-ci ildə Bakıda anadan olub. 60 saylı orta ümumtəhsil məktəbinin 8-ci sinif şagirdidir. "Gizli şahid" adlı dedektiv əsəri 2019-cu ildə işıq üzü görüb. 


Soyuq müharibə illəri idi. İnsanlar aclıqdan əziyyət çəkirdilər. Bir sözlə, çox çətin zəmanə idi. Guya müharibə  vaxtı necə olmalı idi ki?!  

Adamlar başlarını itirmişdilər: bilmirdilər evdə otursunlar, yoxsa çölə çıxsınlar. Hər ikisi təhlükəli idi. Çölə çıxanda güllələnmək, evdə oturanda isə bombalanmaq ehtimalı var idi. 
Bununla belə, onlar daha çox evdə oturmağa üstünlük verirdilər. Əlbəttə, bu hər kəsə aid deyil. Hərbçilər, polislər vətənlərinin yad əllərə keçməməsi üçün gecə-gündüz çalışırdılar. Cenni və Eddinin ataları Oliver də onlardan biri, daha dəqiq söyləməli olsaq, Britaniya Hərbi Hava Qüvvələrinin (BHHQ) zabiti idi. O, aviasiya kapitanı rütbəsi almışdı və tez-tez hava döyüşlərində iştirak etməli olurdu. Bunu özünün vətən qarşısında müqəddəs borcu hesab edirdi. 

Oliver uzun boylu, enlikürək, mavi gözlü, yaraşıqlı bir zabit idi.

Bizim haqqında danışdığımız hadisələr baş verərkən isə Cenninin 11, Eddinin də 13 yaşında idi. Cenni sarışın, incə və sakit qız idi. Eddi isə atası kimi qüvvətli və uzunboy idi. Yaşıdları arasında ən güclü o hesab olunurdu.

Uşaqların anası daim Oliver üçün dua edir, döyüşlərdən saağ-salamat qayıtması üçün bütün günü Allaha yalvarırdı.

Düzünü bilmək istəsəniz, Oliverin övladları öz atalarının necə təhlükəli bir işlə məşğul olduqlarının hələ ki, fərqində deyildilər. Eddi Cennidən yaşca böyük olduğu üçün az-maz başa düşürdü ki, atasının işi bir o qədər də asan deyil. Lakin bunun faciəli sonluqla bitə biləcəyini ağlına da gətirmirdi. 

Cenni isə hər şeyi başlarına gələn hadisdən sonra anladı. Həmin hadisə belə olmuşdu:

Müharibənin qızğın günləri idi. Eddi, həmişəki kimi, atasını düşünürdü. O, müharibənin tezliklə bitməsini və atasının evə qayıtmasını elə çox istəyirdi ki! Bəzən atasının başına pis bir iş gələcəyindən qorxur, bu zaman bədbin fikirlərdən azad olmaq üçün oyuncaqlarının yanına tələsirdi. Onlarla, – hələ də bapbalaca uşaq imiş kimi! – oynayamağa başlayarkən xeyli yüngülləşir, rahatlaşırdı. 

Adəti üzrə körpəliyinin ən sevimli oyuncaqlarından olan ayıcığı götürdü. Lakin bu zaman gözü oyuncaqların arasındakı pulqabına sataşdı. Daha doğrusau, pulqabının içinə qoyulmuş kağız parçasının fərqinə vardı. İndiyədək bunun niyə diqqətini çəkmədiyinə təəccübləndi.  Maraq içində kağız parçasını alıb baxdı: bu adi, boş, üzərində cızma-qara olan bir vərəq deyildi. Görəsən, bu kağız parçasını ora kim qoymuşdu? Bir neçə dəfə qatlanmış vərəqi açdı. Atasının xəttini tanıdı. Bu, Oliverin oğluna yazdığı məktub idi. 

Eddi vaxt itirmədən məktubu oxumağa başladı. Orada yazılmışdı: "Əzizim Eddi! Nə yaxşı ki, mənim oğlumsan. Mənə bəxş etdiyin xoşbəxtliyə görə sənə təşəkkür edirəm. İndi burada yazacaqlarımı, çalış, anana və bacına söyləmə. Əminəm ki, bunu bacararsan. Bir azdan oxuyacaqların səni əməllicə kövrəldəcək. Bununla belə, bilirəm ki, sən hisslərini cilovlamağı və soyuqqanlı davranmağı bacarırsan. Fəqət ananla bacın üçün bu çətin olar. Onlar bu yazdqılarımdan xəbər tutsalar, çox üzülər, ağlayar, gecələri yatmazlar.

Eddi! Yaxşısı budur, söhbəti çox uzadıb səni daha artıq intizarda saxlamayım. Məsələ belədir: bu gün mən evə gəldim. Gecə saat dördə qalmışdı. Hər birinizin otağına girib üzünüzdən öpdüm. Qoxunuzu bəlkə də son dəfə içimə çəkdim. Daha sonra mətbəxə gedib sənə bu məktubu yazdım. Eddi, mən yeddi günə, yəni bir həftəyə qayıtmasam, məni həlak olmuş bil. Çünki biz çox təhlükəli səfərə yollanırırıq. Özün bilirsən, indi çətin dövrdür. Müharibə gedir. Lakin yola düşəcəyim bu səfər bu günəcən iştirak etdiyimiz döyüşlərdən, hərbi əməliyyatlardan çox fərqlənir. Biz Baltik dənizinə yollanırıq. Oradakı adalardan birindən bizə əsir alınmış əsgərimizlə bağlı kəşfiyyat məlumatı daxil olub. Bilirəm, bəlkə də bunları sənə deməməli idim. Axı bu, ölkəmizin – Britaniyanın dövlət sirridir. Mən bunu gizli saxlamalı idim. Lakin nə etməli, səndən – sevimli oğlumdan bunu gizləyə bilmədim. Başıma bir iş gələcəyi təqdirdə hər şeyi bilməyə haqqın olduğunu düşünürəm.  Bir həftəyəcən qayıtmasam bu məktubu yandır. Ananı və bacını qoru. Güclü ol!

Sizi çox sevən atan Oliver,
09.01.1943"

Eddi nə edəcəyini bilmədi. Özünü itirdi. Əlindəki məktub yerə düşdü. Nəfəs almaqda çətinlik çəkdi. İçinə sıxıntı çökdü, gözləri qaraldı. Birtəhər özünü toparlayıb hamama getdi, üzünə su çilədi. Yalnız bundan sonra bir az sakitləşdi. Onun atası, doğurdanmı, öləcəkdi? Doğrudanmı o, sevimli atasını bir daha görməyəcəkdi? Xeyr, bu ola bilməzdi! Ola bilməzdi! Atası indiyədək çox təhlükəli səfərlərə, amansız döyüşlərə çıxmışdı. Hamısından da sağ-salamat qayıtmışdı. Yenə də qayıdacaqdı. Mütləq qayıdacaqdı! Axı o, çox təcrübəlidir. Eddi bunu bilir, ona görə də atasının başına bir iş gələcəyini ağlının ucundan belə keçirmək istəmirdi. 

Oğlan bir yandan bəd fikirləri başından qovmağa çalışıb o biri yandan tərəddüd içində idi: atasının məktubu haqqında anasına desin, ya yox? Axı atası bunu ona möhkəm-möhkəm tapşırmışdı. Üstəlik, elə Eddi də anasının üzülməsini istəmirdi. Hələ bacısına ümumiyyətlə nəsə söyləyə bilməzdi. Yazıq qızcığaz bu barədə eşitsə, tamam havalanardı. 
Eddi xeyli götür-qoy etdkdən sonra belə qərara aldı ki, gözləməkdən başqa çarəsi yoxdur. Onun üçün qarşıdakı yeddi gün yeddi il kimi keçəcəkdi. Gözü daim yolda olacaq, içi içini yeyəcək, həyəcan, təlaş, əndişə bir an olsun belə qəlbini tərk etməyəcəkdi. Hər gün dərsdən çıxanda atasının gəlib çıxdığını ümid edəcək, birnəfəsə özünü evə çatdıracaqdı. Atasının gəlmədiyini görüncə isə pəncərənin qabağında oturub saatlarca onu gözləyəcəkdi.

***
Di gəl, Eddinin bir həftə nədir, heç bir gün belə dayanmağa səbri çatmadı. Atası orada – təhlükəli bir səfərdə, hərtta bəlkə ölüm ayağında olarkən, o burada sakit dayana bilməzdi. Nə olursa olsun, atasının yanına gedəcək və ona kömək əlini uzadacaq, bəlkə atasını ölümdən xilas edəcəkdi. 

Oğlan bunun üçün beynində yaxşıca bir plan da qurmuşdu. 

Plan belə idi: Eddigilin evinin qarajında atasının şəxsi qırıcı təyyarəsi var idi. Bu qırıcı təyyarə "Hurricane” adlanırdı. Eddinin fikri bu idi ki, onu işə salıb atasının dalınca uçsun. Əgər o, atasının imdadına yetişməsə, hər gecə yuxudan qan-tər içində oyanacaq,  bu bir həftədə  olmazın iztirablar çəkəcəkdi. 

Oğlan vaxt itirmədən məktəb çantasını boşaltdı. Sonra şkafını açdı, oradan paltarlarını götürüb çantanın içinə yığdı. Daha sonra mətbəxdən peçenye və su termosunu aldı, onları da çantaya yerləşdirdi. Əyninə isti paltarlar geyindi. Vaxtilə əmisi Azərbaycana səfərdən qayıdarkən ona paytaxt Bakı şəhərindən milli musiqi aləti – tar alıb gətirmişdi. Eddi bu alətdə ifa edə bilməsə də, tara çox bağlanmışdı. Odur ki, bəlkə də onu son dəfə götürüb öpdü. Evdən çıxıb qaraja doğru yönəldi, elə bu vaxt arxadan bir səs eşitdi.

– Hara belə, Eddi? –  Bu, bacısının səsi idi.
Eddi bir anlıq duruxdu.  Axı indi ona nə desin, nə söyləsin? Yalan danışsın, yoxsa doğru?  

Oğlan tərəddüd içində ikincini seçdi. Başdan sonadək hər şeyi Cenniyə danışdı.

– Sən düz deyirsən?! – Bacısı hıçqıra-hıçqıra soruşdu. 
– Təsüff  ki, hə, Cenni.
– Bu ola bilməz. Mənim atam çox güc…
– Bilirəm, əziz bacım, bilirəm. Bizim atamız çox güclü, çox təcrübəlidir. – Eddi Cenninin sözünü kəsərək dedi. – Lakin indi iş elə gətirib ki, vaxt itirmək olmaz. Mümkündür ki, atamızın bizim köməyimizə ehtiyacı var. Hə, nə deyirsən: mənimlə gəlirsən, ya burda qalırsan?
– Əlbəttə sənlə gəlirəm.
– Onda tələs! Özün üçün lazım olan hər şeyi götür. Mən aşağıda təyyrəni işə salmağa çalışacağam. – Eddi dedi, sonra da bacısına xəbərdarlıq etdi. – Bax ha, çalış anamızın gözünə görünməyəsən. Onunla qarşılaşsan belə, qəti şəkildə heç demə! 
– Yaxşı!  – Cenni bunu deyib şey-şüylərini götürməyə getdi. 

Eddi isə tələsik qaraja girdi. Hər tərəfi toz basmışdı, odur ki, nəfəs almaq olmurdu. İçəri olduqca soyuq, üstəlik də alaqaranlıq idi. 

Eddi öncə atasının qarajın divarından asılmış ov tüfəngini götürdü. Tüfəngin tozunu sildi, onun güllə ilə dolu olduğunu qətiləşdirdi. Sonra isə gəlib əzəmətli, nəhəng "Hurricane"nin qarşısnda dayandı. Oğlan ona bir qədər heyranlıqla baxdı. Təyyarə yaşıl və qəhvəyi rəng tonlarında düzəldilmişdi. Eddi keçib təyyarənin içində oturdu. Şüşənin, oturacağın tozunu sildi. Bu vaxt bacısı da gəldi.

– Hazırsan, Cenni? – Eddi soruşdu.
– Həmişəki kimi.
– Onda getdik. 

Bunu deyib Eddi açarı fırlatdı. Təyyarə uğuldadı. Mühərriklər işləməyə başladı.

– Təyyarəni necə idare edəcəksən? – Cenni səsi mühərrikin uğultusu içində qərq olmasın deyə bağıraraq soruşdu.
– Atam bir dəfə bunu mənə başa salmışdı. Çalışacam hər şeyi aydın xatırladım və təyyarəni yaxşı idarə edim.
– Mən sənə inanıram!

Eddi qazı basdı və təyyarəni sola döndərərək qarajın geniş, açıq qapısından çıxardı. Onlar evlərinin yanındakı boş sahə ilə hərəkət edib sonra da avtomobil yoluna düzəldilər. Yol bomboş idi. Eddi təyyarənin sürətini artırdı. Mühərrikin səsi o qədər güclü idi ki, adamın qulaqları batırdı. Uşaqlar səmaya qalxmaq üçün səbirsizlənirdilər. Belədə, ola bilsin, bu uğultu da azalacaqdı. 
Nəhayət, təyyarə havalandı. Eddi bacardıqca "Hurricane"ni buludlara qaldırırdı. Cenni çox qorxurdu. O qədər qorxurdu ki, rəngi avazımış, səsi tutulmuşdu. Qışqırmaq istəyir, ancaq bacarmırdı. Eddi isə əsla qorxmurdu. O, adrenalin həvəskarı idi. Bəlkə, təyyarəni başqa biri idarə etsəydi, az da olsa qorxardı. İndi isə buna vaxtı yox idi: o, üzərində böyük yük daşıyırdı – bacısının taleyi də onun əlində idi. 

Onlar artıq buludlardan da hündürə qalxmışdılar. Elə hey qərbə doğru uçurdular. Səmada döyüş təyyarələri gözə dəymirdi. Eddiyə elə gəlirdi ki, nə zamansa həmin qırıcıların buraxdığı tüstülər hələ də havadadır...

O nə qədər zaman keçdiyini bilirdi. Sadəcə  düşünürdü ki, artıq yerə enməyin zamanı çatıb. Eddi əsl pilot kimi yerə eniş etməyə başladı. Dümağ, pambığı xatırladan buludlar yuxarıda qalırdı. Baltik dənizi indi onlarının ayağının altında idi. Dənizdə saysız-hesabsız ada gözə dəyirdi. Görəsən, atası bu adaların hansında idi? 
Eddi getdikcə "Hurricane”ni daha da aşağı endirirdi.

– Cenni, ətrafa bax gör gözünə döyüş gedən ada dəyirmi? – Eddi səsi aydın eşidilsin deyə bağıraraq ürəyi yerinə gəlmiş, sakitləşmiş bacısından soruşdu. 
– Orda, orda, ordadı! – Cenni bir neçə dəqiqə ətrafa nəzər saldıqdan sonra qəfil qışqırdı. – Sağa dön!  Tez! Orda döyüş gedir! Atamız orda ola bilər!
– Gördüm! – Bunu deyib Eddi "Hurricane”ni sağa döndərdi.
– Neçə dəqiqəyə çatarıq ora?
– 3 dəqiqəyə. Burdan ora təxminən dörd kilometrdir. Az qalıb!

Eddi adanın ətrafında dövrə vurdu. Sakit bir guşədə təyyarəni yerə endirdi. Onlar qırıcıdan düşdülər. Eddi bacısı ilə birlikdə atasını axtarmağa başladı. Döyüşün getdiyi yerə yaxınlaşdılar. Ehtiyatla hərəkət edir, diqqət çəkməməyə çalışır, eyni zamanda gözləri dayanmadan atalarını arayırdı. 

***

Və budur, uşaqlar atalarını görürlər: Oliver kimləsə əlbəyaxa olub! Faşist əsgəri Oliverə yumruq ilişdirir. Oliver yıxılır. 

Eddi dözmür, çiynindən aşırdığı ov tüfəngini çıxarır, nişan alır və tətiyi çəkir. Düşmən əsgəri zarıyıb yerə yıxılır. Oliver çaşqınlıqla ətrafa boylanır. Uşaqlarını görüb heyrətlənir. Ayağa qalxır. 
 
– Eddi! Cenni! Ah, əzizlərim... Siz burda neyləyirsiniz?! – Oliver qaça-qaça onların yanına gəlib soruşur. Ata və övladları bir-birinbə sarılır.
– Səni xilas eləməyə gəlmişik, ata, – Cenni ağlayaraq deyir.
– Bəs… bəs… bura necə gəldiniz? 
– Uzun hekayədir... Yaxşısı budur, sən danış, ata. De görək, burada nə baş verir? – Eddi soruşur.  
– Axı sənə yazmışdım: biz bura əsir alınmış əsgərimizi xilas etməyə gəlmişdik. Bu digərlərindən daha təhlükəli bir hərbi əməliyyat idi. Almanlar əsirləri azad etmək istəmədikləri üçün ölüm-dirim savaşına girməli olduq. Yoldaşlarımın hamısı həlak oldu. Bircə mən qalmışdım… Təkbaşına döyüşməyə davam etdim. Son faşist əsgəri ilə mübarizədə lap əldən düşdüm. Əgər siz köməyə yetişməsəydiniz, mən də öləcəkdim. Çox sağ olun, mənim balalarım. Sizə yaşatdıqlarıma görə məni bağışlayın.
– Biz səndən heç inciməmişdik ki!  – Cenni deyir. – Sən bizim atamızsan.
– Üstəlik, sən dünyanın ən yaxşı atasısan, – Eddi səslənir. 
Oliver onları bağrına basır.
– Bəlkə, qayıdaq Londona? 
–  Qayıdaq, ata! – Cenni və Eddi ikisi də bir ağızdan cavab verirlər. 
– Ancaq öncə əsirlərin saxlanıldığı zindanın qapılarını açmalıyıq. Axı onlar da evlərinə qayıtmalıdır!
– Doğrudur! – Eddi deyir. 
– Lap yaxşı! – Cenni sevincək səslənir. – Axı onlar çoxdurlar, birlikdə təyyarəyə necə sığışacağıq. 
Elə bu vaxt səmada əsirləri daşımaq üçün gələn təyyarənin uğultusu eşidilir. 
Ata və övladları sevincək göyə baxır, sonra yenidən bir-birlərinə sarılırlar...