Əli Babazadə. Cümə namazı (Hekayə əvəzi)

Əli Babazadə. Cümə namazı (Hekayə əvəzi)

- Yaşar müəllim, hərdən ürəyimdən namaz qılmaq keçir e... olar ki, ancaq həvəsim çəkəndə qılım? Günahdı elə eləmək?

 

Qəsdən sual verdim, kefim kök idi. Yaşar müəllim qanrılıb üzümə zilləndi, qaşlarını yüngülcə düyünlədi. Daha ətraflı izahat verdim:

 

- Bir nəfər mənə dedi ki, bu namazı ələ salmaqdı, adam ya gərək qılsın, ya gərək qılmasın...

 

İlahiyyatdan başım pis çıxmır, amma həmişə Yaşar müəllimə belə axmaqcasına və sadəlövh suallar verirəm ki, həvəslə cavablandırsın. Belə suallara cavab verəndə qiyamət canfəşanlığı var. İndi bir tərəfdən də öz-özümə dedim ki: "Yekə oğlansan, ayıbdı, eləmə”

Yaşar müəllim təzəcə dəstəmaz almışdı, köynəyinin qollarını düyməliyə-düyməliyə qətiyyətlə dedi:

 

- Yox... O elə deyil ki. Onu belə deyirlər, ona görə ki, yəni az-az qılan da namaza gəlsin, biryolluq qılsın, nəfsinə qalib gəlsin, günah niyə olur ki?! Yox!

 

Yan masada əyləşmiş Anar müəllim qolundan saatı çıxara-çıxara söhbətə girişdi:

 

- Onu kim deyə bilər ki Allahdan başqa? Sən qıl, günahı mənim boynuma... – ardınca da şirin-şirin gülümsədi, qarayanız, zəhmətkeşlik, qətiyyət və təvazö yağan sifəti işıqlandı.

 

Yaşar:

 

- Anar, başlama yenə hoqqa çıxarmağa, elə söz deməzlər... – dedi. - Günahı mənim boynuma, yox bir... Qılırsan, gəl sən də biznən gedək cüməyə, Anar gedib-gəlsin, sən də get dəstəmazını al.

 

Ooo, əla! İstədiyim yar idi, yetirdi pərvərdigar! Dünən Coysun xristian katarzisinə aid bir hekayəsini oxuyub, necə dilxor olmuşdumsa, (heç xoşum gəlmir o quruboğazdan) oxşar mövzuda abırlı bir hekayə yazmaq üçün zəncir gəmirirdim. Coysdan nəyim əskik idi e mənim? Təklif yerinə düşdü, inşallah, həriflər də özlərini yaxşı aparsa, abırlı hekayə əmələ gələcək, gedim namaza görək nə çıxır.

 

- Eyy, Yaşar, ehh, - Anar dostyana rişxəndlə başını buladı.

 

- Amma Anar müəllim, həmin adam o mənada deyirdi ki, yəni adam belə eləməknən pis nümunə olur başqalarına...

 

Əgər "o adam” varsa, belə bir adam tanıyıramsa, mənə nə deyirsiniz, deyin. Haçan belə artist uşaq oldum, heç özümün də xəbəri yoxdu, inanırsız? Niyə yapışmışdım Anarın yaxasından, onu da bir Anarın Allahı bilir.

 

- Onda sən də gizlincə elə bildiyini – Anar yenə şirin-şirin gülümsədi.

 

Qız olsaydım, yanaqlarından tutub çimdikliyərdim, ya da o qız olsaydı, nəsə də, özünüz başa düşdünüz.

Anar müəllim çıxıb dəstəmaz almağa getdi, ardınca da mən.

 

Az sonra üçümüz də Yaşar müəllimin maşını ilə məscidə şütüyürdük. Anar yolda zarafatından qalmırdı:

 

- Yaşar, ay Yaşar, - nəsə məzəli bir əhvalat danışmağa hazırlaşanda həmişə o şirin gülüşü ilə Yaşarı çağırır, - Yaşar, deyir, iki dost olur, yaman yeyib-içən uşaqlar olur, aralarından su da keçmirmiş. Bir gün elə olur ki, ikisi də dinə-imana gəlir, içkinin daşını atır. Amma biri sünni olur, biri şiə. Ondan sonra hər gün qırırlar bir-birini. He-he-he.

 

- Hı-ha-ha – özümü saxlaya bilmədim.

 

Yaşar müəllim rulu bura-bura maşınıın qabaq güzgüsündən tərs-tərs mənə baxdı. Acıqlı-acıqlı:

 

- Lap zayın çıxarıblar e – dedi. – Anar, sən inanırsan ki, belə lətifələrin hamısını dini gözdən salmaq üçün qoşurlar. Sən də uşaq kimi kimnən nə eşitdin, hara çatdın danışırsan.

 

- A, yaxşı Yaşar, sən də bəsdi də - Anar hələ də şirin-şirin pıqqıldayırdı.

 

- Yox ki, ay Anar, sənə xırda şey kimi gəlir, amma elə deyil. Təkcə o deyil ki. Bəs şeytan belə vəsvəsə verir də adama. Biz elə özümüzü bu cür ələ sala-sala yəhudilər bizi bu günə qoyub da.

 

Yenə yapışdı yəhudilərdən. Biz müsəlmanların fikrinə qalsa, yəhudilərin işi-gücü qurtarıb, gecə-gündüz oturub bizi güdürlər.

 

Anar boğazını arıtladı, daha dillənmədi. Yaşar Anardan cəmi iki yaş böyükdü, (Yaşarın qırx iki yaşı var) Anar həmişə böyük kimi onun hörmətini saxlayar və mübahisə etməz. Bu isə mənim hekayəmə heç cürə sərf eliyən şey olmadığı üçün təzədən topa gülə qoydum:

 

- Yaşar müəllim, indi mən orda möhürnən namaz qılsam.. olar da? Bir problem olmaz ki...

 

- Yox, nə problem olacaq, mən həmişə möhür qoyub qılıram – Anar tezcənə dilləndi.

 

- Yox, niyə problem olsun ki.

 

Əhli-sünnə məzhəbində olsa da, Yaşarın belə məsələlərdə loyal adam olduğunu unutmuşdum lap. Möhür söhbətindən bir şey çıxan deyildi.

 

- Əhli-sünnə qardaşlara görə deyirdim e, Yaşar müəllim... Eşitmişəm ki, onların məscidində möhürnən namaz qılana əyri-əyri baxırlar... - ətim töküldü e, öz sözlərimə, amma neyniyim, Coysun başı batmasın.

 

- Yox, sən dediyin əxilərdi... Əxi bilirsən də kimə deyirlər??

 

- Yox... – yalansa, mənim... – mənasını bilirəm e, Yaşar müəllim, ərəbcə qardaş mənasını verir, səhv eləmirəmsə.

 

- Hə, düzdü, qardaş mənasını verir, bizdə isə vəhhabilərə deyirlər.

 

Yaşar bu cür məlumatlar verəndə özünü peyğəmbərin nümayəndəsi, risalətin carçısı kimi hiss eliyir. Səs tonundakı o anlaşılmaz, qeyri-müəyyən məsuliyyət və zəhmlə cavab verməyindən bilirəm bunu. Yəqin, "əmr be məruf”a (1) əməl etdiyini fikirləşir. Tək Yaşar deyil ki. Xarabada kim bir-iki dənə dini kitab oxuyub, ya özünü təbliğ etməyə borclu bilir, ya da tənqid.

 

- Anar, Nofəl əsanı da gətirəcək özüynən, baxarsan. Min manat pul verib, Ankarada düzəltdirib. Əsadı belə, əsa... içində qılınc.

 

Olmadı ki, Yaşar müəllim, mən səhərdən bu qədər barıt işlədim, sənin Nofəlin də, bütün planlarımı korlasın, əhh.

 

- O nə əsadı elə, ay Yaşar?

 

Ölürəm də, Anarın bu uşaqca təəccüblənməyi üçün...

 

Çatdıq. Yaşar maşını park eliyənəcən Anarla məscidin giriş qapısınacan gəlmişdik. Elə bir ucdan adam axışırdı. Qapıda iki polis maşını dayanmışdı. Ortada nəsə söz olsun deyə Anara maşınları göstərib dedim:

 

- Anar müəllim, adama xoş təsir bağışlamır e, bu polis maşınları... Elə bil, dini təhlükə mənbəyi kimi göstərir kənardan. Guya burda nolacaq ki polislər gəlib qapını kəsdirib?

 

- Hə, ay sağ ol. Hərdən mən də fikirləşirəm onu.

 

Qoyaram heç, Anar nədənsə belə narahat olsun ürəyində?!

 

- Amma bir tərəfdən də, Anar müəllim, adicə futbol oyunu-zadı olanda da, polis olur da. Nə fərqi, ha namaz, ha futbol... – Anarın qaşları çatıldı. Görəsən yenə səy-səy nə danışdım?! – Yəni, ictimai yığıncaq varsa, Anar müəllim, polisin olmağının yaxşı tərəfi də var. İraq, iraq, nəsə olsa, yerində müdaxilə edə bilərlər.

 

- Hmm, - Anar əlini gödəkçəsinin cibinə soxub baxışları ilə məscidin həyət qapısandan daxil olan adamların içərisində Yaşarı axtardı.

 

"Danışa-danışa lap batırıram, Anar başqa cür başa düşmədi görəsən? Mənə deyən lazımdı axı, nə itin azıb Coys oxuyursan? Oturmuşdum işdə, çayımı içirdim də, əhh... Ha çay, ha namaz, ha futbol... Yaxşı, gijdəmə, yığışdır özünü. Amma bular da, ağ eləməsin də, özlərini adi aparırlar e lap, hekayə yazmalıyam axı”.

 

Məscidin tavanı şəffaf materialla örtülmüşdü, səma görünürdü başımızın üstündə. Lacivərd səmada nəsə bir hüzn vardı, qış günəşi isə sevinc içində idi. Xalçaların altına da, elə bil kombi qoşmuşdular, qəşəng istilik verirdi. Ayalla, xalçaların xırda, güllü naxışları, tağ şəklində haşiyələri, ipəyinin mavisi – nə qəşəngdi, nə qəşəngdi, off! Dalinin mavisinə oxşayır. Heç deyəsən, Dalidə orda elə rəng yoxdu e, mənim niyəsə Dali yadıma düşdü. Dalinin də başı batsın, şizofren köpəkoğlu!

 

- Əlif həm hərfdir, həm də rəqəmdir. Bu rəqəmlər bir sirrrridir ki... – şiə mollalarının bu ləhcəsindən bezdiyim az idi, bu da əhli-sünnənin imamı. "Sirrridir... – lüğətdə başqa "r” qaldı görəsən?”.

 

- Bəs niyə Rəsulullah buyurub ki, sizə Quranı əmanət edirəm, bir də sünnəni?

 

Səsi nə cırdı bu imam-cümənin, başıma düşür. Şiə mollaları da deyirdi Quran və əhli-beyti əmanət eliyib. Hansına inanasan?

 

- Ona görə bəs, ümmət yetmiş üç yerə parçalanacaq, içlərindən yalnız biri haqq olacaq...

 

Hə, bunu düz deyir, yetmiş dördüncüsü haqqdı.

 

- Bəs, aya sən, eşitməmisən ki, "bütün ins və cins yığışa, ona bərabər bir ayə gətirə bilməz?”...

 

Sənkimilər yığışa, gətirə bilməz də, taxtabaş e, kirimək bilmir ki, iki rükət əyilib-durum. Ölənlərin rəhmət, Cavid, nə yaxşı demişdin e, Çexovun hər hekayəsi bir ayədir. Cavid dostumdu. Ürəyim açıldı, sözləri yadıma düşəndə. Amma bir az özümü yığışdırım, ağzımdan söz-zad qaçırıb eliyərəm, indi di gəl də...

 

Bu camaat da bardaş qurub, boynunu elə büküb ki, elə bil, bu cırsəsli imam-cümə kvant fizikasının sirlərini izah eliyir, bunlar da tupoy kimi başlarını dikiblər aşağı. Elə kvant söhbəti də ayə kimi bir şeydi. Əşşi, hər nəisə, iki rükət namaz qılsaydım...

 

- Nofəl hələ gəlmiyib? Gəlin keçək də qabağa, ortada niyə dayanmısız?

 

Yaşarın səsidi.

 

- Bura yaxşıdı e, Yaşar, gün düşür, istidi, Nofəl də qapıdan girən kimi görəcək, - Anar dilləndi.

 

- Hə, nə deyirəm....

 

Çömbəlib bardaş qurduq.

 

Əslində, dindarlığı olmaya, Yaşar çox yaxşı adamdı. Ürəyiyuxadı. Yaşar dindar olmasaydı da, kasıb-kusuba əl tutardı, amma dindardı deyə niyyətini qarışdırır, deyir "Allah rizası” üçün. A kişi, "Allah rizası” elə odur ki, bunu "Allah rizası üçün” eləmiyəsən də... Hələ qadın məsələsində özünü necə sıxır, of-of, onun yerinə ürəyim ağrıyır. Hamısı bu əldəqayırma imam-cümələrin moizələri ucbatından.

 

- Hər il dünyada bir milyon insan intihar edir...

 

İmam-cümə basıb bağlıyır, ya doğrudan bir milyon adam intihar eliyir? Əşşi, eliyir-eliyir də, böyük həngamə imiş e, elə bil.

 

- Hamısı nəyə görədi? Amerikanın filmlərinə baxırlar...

 

Sən Allah, inqilabın mətləbə nə dəxli?

 

- Bizdə də bəzi avam camaat deyir ki, müsəlman ölkələrində zorakılıq baş alıb gedir, hər yan terror, hər yan qan gölü... Bir maraqlanırlar ki, Amerika cəmiyyətinin özündə nə qədər eybəcərliklər var? Aya bunları dilə gətirən varmı ki... İndi Allah Cəllə və Cəlaluhunun hər şeydə bir hikməti var...

 

Şiə mollaları da deyir, "Allah Təbarəkə və Təala”, bunlar Allahlarını da ayırıblar.

 

- Sən heç cürə bilməzsən ki, Allah hansı xeyrin içində hansı şərri, hansı şərrdə hansı xeyri gizlədib.

Allah xeyirdə şərr gizlədib? Nə deyir ə bu?

 

- Əməl var ki, sənə xeyir görünər, amma içində şərr, fitnə gizlənib. Mən indi təkrar etmiyim, siz eşitmisiniz, Xızır peyğəmbərnən Musa peyğəmbərin əhvalatını...

 

Hə, yaxşı ki düzəltdi.

 

Yaşar təsbeh çevirirdi, elə də diqqət toplamışdı ki, elə bil, Mariya Maqdalena-zaddı, vəcd halına qapılıb. Anar məscidin sütununa söykənib, səmaya baxırdı. Gözlərində uzaqlar var idi, uzaqlar... Mənə elə gəldi ki, bu boşboğaz imam-cümənin Anara moizə oxumağı hörmətsizlikdi.

 

- İndi bəzi avam camaat müsəlman dünyasının bu ağrılı vəziyyətinə baxıb dindən üz çöndərir. Amma o üz çöndərənlər bilməzlər, Allah Cəllə və Cəlaluhunun nə hikməti var bunda...

 

Bunu deyəsən düz dedi, amma a kişi, Allah denən qurtarsın-getsin də, gərək Cəllə və Cəlaluhu yapışdırasan böyrünə?

 

- Məgər biz bilmirik ki, bu terror qruplarını silahlandıran kimlərdi? Bu zorakılığın maliyyə dəstəyi hardandı? Məgər siaeyin və mossadın...

 

Hə bilirsən, nolsun ki? Yaxşı ki, Ərdoğan mossadnan siaeyin adını saldı bunların ağzına.

 

- Analar, körpə uşaqlar necə görünməmiş vəhşiliklə qətlə yetirilir bu gün islam coğrafiyasında...

 

Oturmuşduq da, nə qanımızı qaraldırsan? Ağıllının biri ağıllı.

 

- Bir ana təsəvvür edin, balası qucağında, ona öz hənirini, istisini verir, şaxtadan qorumaq üçün, hər yan buz, çovğun, şaxta-sazaq... Ana uşağı donmasın deyə, diqqət elə burasına, ey müsəlman, ana körpə balası, donmasın deyə, əynindəki jaketi soyunub balasına bəliyir, özü isə şaxtada, çovğunda donur...

 

Zalımoğlu, heç olmasa axırda Ənvər Məmmədxanlıya rəhmət oxuyacaqsan, ya hədis kimi sırıyacaqsan gedəcək?...

 

Bir də gördüm əlində qara parçalı, uzun bir çubuğu yellədə-yellədə dolu bir kişi yaxınlaşır. Çubuq əcəb yellənirdi, elə bil troyalı döyüşçülərin nizəsidi. Zaman duyğusunu qarışdırmağa başladım, bir bu əskik idi.

 

- Nofəl, gəl.

 

Hə, Nofəl bu imiş ki. Març-murç. İndi gəl ayağa qalx, bu Nofəlnən görüş, nə də olmasa, on beş-iyirmi bayram böyükdü hamısı mənnən. Nofəl əyləşdi. Qarışıqlıqda eşitmədim, görəsən, imam-cümə rəhmət oxudu, oxumadı? Əşşi, babalı öz boynuna, Allah rəhmət eləsin Ənvər Məmmədxanlıya.

 

- Bəli, əzizlər, bu gün müsəlman dünyasının belə bir obrazı yaranıb bütün dünyada...

 

İmam-cümə "obraz” deyəndə lap dilxor oldum. A kişi, sənin ədəbiyyat terminləriynən nə işin var axı? Moizəvi oxu da, hamam suyuynan özünə dost tutur e, elə bil. Mən də deyəsən ağ eləyirəm axı, obraz deyəndə nolacaq ki? Deyə bilməz bəyəm? Dedi, dedi də, sözdü, kim necə istiyər, elə də danışar, dünya dağılmayacaq ki.

 

- Nofəl parçasını çıxar, əsanı göstər də Anara.

 

Nofəl "çubuğun” qara parçasını çıxardı. A, əsa bu imiş ki! Nə qəşəngdi, bu! İşləməli, naxışlı, laklanmış sapı elə nəyə desən dəyər. Anar əlinə götürüb orasını-burasını çevirdi, gözləri ilə əsanın sapına bir şpris məhəbbət fısqırdıb qaytardı:

 

- İçinə qılınc üçün yeri başından açmıyıblar ha, böyrünü çərtiblər, fikir ver, Nofəl, - barmağı ilə nəsə göstərdi, Yaşar da o tərəfə əyildi.

 

Bu adamlar olur e, əlinə bir şey götürən kimi necə, nə cür düzəldildiyini o saat başa düşür, qəribə adamlardı onlar, heç başa düşmürəm bunu o saat necə bilirlər.

 

Yanımda bir nəfər gəlib durdu. Gələnlər get-gedə artmağa başladı. Biryolluq keçin içəri qapını bağlıyın da, eh, soyuqdan donduq. Lap tünlük oldu. Yaşar mənə çöndü:

 

- İndi nafilə namazı qılınacaq, dörd rükət, sən qılmazsan, ondan sonra cümə xütbəsi oxunacaq, ondan sonra cümə namazı başlayacaq.

 

Keçmə də bu nafilələrdən, vacibləri elədik, qaldı nafilə.

 

Nofəl başı ilə məni göstərib tez soruşdu:

 

- Qardaş namaza təzə gəlib, ay Yaşar?

 

Hə, ay Nofəl, elə yanından keçirdim, dedim, bir gəlim, görüm nə var, nə yox. Səyləriz qırılsın elə, "ədəbiyyata gəlir” deyənlər az idi, bu da burdan çıxdı.

 

- Yox, qardaş biznən işliyir, - Yaşar Nofələ izah etməyə girişdi, - qılıb əvvəllər. İndi ürəyindən keçdi, dedim, gəl gedək cüməyə.

 

Bir də bu "qardaş”lardan olmaya da.

 

Nofəl çəpəki qabağımdakı möhürə baxdı. Ax, Nofəl ax, al, verim gözünə sürt, yeməli şey olsaydı, yenə dərd yarı, möhürdü də. Amma əsa əntiqədi, öz aramızdı.

 

- Yaşar müəllim, olmaz bəyəm, siz nafiləni qılanda mən də qəza qılım?

 

Əlbəttə, olar, Yaşardı da, görüm nə deyəcək.

 

- Olar, niyə olmur ki.

 

Hə, müctəhid fətvanı verdi, babalı Sərvərin boynuna. Gələn-gedən də möhürümü tapdalayır. Yaşar dilləndi:

 

- Möhürü götür, bunlar hamısı əhli-sünnə qardaşlardı, şəklərinə getmir ki, ayaq altda möhür var, hamı yerini tutsun, qoyarsan möhürü, qılarsan.

 

Yaşar əvvəl şiə əqidəsində olub, sonra yuxuda nə görübsə, - yox, həqiqətən yuxuda görüb, - məzhəbini dəyişib, yenə sağolsun, belə şeyləri başa düşür, hörmət qoyur, vəhhabisi-zadı olsaydı, qanlı qovardı adamı.

 

Açığı mənə fərq eləmir, möhürnən, möhürsüz, dombalaq aşa-aşa, ya ayaq üstə. Prosda ki, xoşum gəlir, çoxun içində azlıq olmaqdan. Qatıq da əslində qaradır.

 

Müəzzin azan oxumağa başladı. Arxadan ayaqyalın, yeniyetmə oğlanın biri özünü hövlnak yetirib əli ilə aramızda özünə yer eləməyə çalışdı. A kişi, gəl min boynuma. Yəqin, yolda cümə namazının savabı haqqında hədisləri oxuyub, odu indi belə cumur üstümüzə. Mənim də, üzüyolalığımdan olmaya, birtəhər büzüşüb, buna yol verdim, ta ayağımı ayağımın üstünə qoyub durmuşdum. Belə baxanda, şəriətlə götürsək, qiyam qaydasını (2) pozdum, amma öz şəriətim deyir ki, kef elə.

 

Namaz başladı.

 

Axırıncı dəfə neçə il qabaq qılmışdım, Allah bilir. Bu ərəb sözlərini pıçıldayanda nəsə özümü gülməli hiss elədim. Özümə dedim ki, bilirsən nə, var, gözləyim, camaat əyilib-duranda, əyilib duraram, mənnən nə gedir ki. Allah bəndəynən arasını pozan deyil ki belə şeylərə görə.

 

Qıraqdan fikir verən olubsa, sözləri demədiyimi görüb, öz aləmində fikirləşib ki, "aha, casusu yaxaladım, namazın sözlərini də bilmir, özünü soxuşdurub dindarların arasına, yüz faiz agentdir”. Az qaldı, bərkdən, güləm, biabırçılıq olacaqdı, Allah üzümə baxdı.

 

- Allahu-əkbər. Səmiəllahu limən həmidəh.

 

İndi gəl, bir ayaq üstdə əyilib, səcdəyə get. Bura Mariya Maqdalenanı yox ha, İsanın özünü də gətirsən, vəcd-məcd halına düşə bilməz. Çayımı içirdim də gül kimi...

 

Nafilə qurtardı. Cümə xütbəsi başladı.

 

Yaşar müəllim hələ bir neçə saniyə vəcd halında qaldıqdan sonra başını qaldırdı:

 

- Nofəl, Ərdoğanın axırıncı çıxışına qulaq asdın da, nə dedi Amerikayçun?...

 

Başlandı da, bir Ərdoğanın yeri əskik idi...

 

- Hanı İslamın bu günündə Həzrəti Ömər? – imam camaatın səsi yüksəldi.

 

Yoxdu, özün ol da, danqalaq, camaatdan nə istəyirsən e? Çəkiləcək dərd deyillər bunlar, Allah haqqı.

Amma Allahnan bu xalçanın mavi ipəyi çox qəşəngdi e, çox. Benzin iyini adam necə qoxladıqca qoxlayır, bu mavi də elə, baxdıqca baxırsan. Əlimi saçlarıma soxub fikrə getdim. Başladım başımın qovağını havada uçuşdurmağa. Nə gözəl uçuşurdular, elə bil, qovaq dənələri də ulduzlardı, kefim istiyən yerə uçuşdururam. Get-gedə ləzzəti çoxaldı. Bir də ayıldım ki, böyrümdəki vəhhabi təəccüblə hərəkətlərimi süzür. Möhürümü görəndən sonra başını tərpətdi, əlahəzrət mənnən bağlı məsələni çözmüşdü.

 

- Həzrəti Əbubəkr özündən sonra oğlunu seçmədi hakimiyyətə, seçmək ixtiyarını verdi, amma seçilməyinə qoymadı. Həzrəti Ömər oğlunu hakimiyyətə gətirmədi, seçmək ixtiyarını verdi, amma seçilməyinə razı olmadı. Həzrəti Əli özündən sonra oğlunu gətirmədi hakimiyyətə, seçmək ixtiyarı verdi...

 

Təpən haqqı, İmam Əlinin oğliu İmam Həsən altı ay hakimiyyətdə olub...

 

- Çünki kim idi? Raşidi xəlifələri idi onlar!..

 

Bu yerdə Yaşar mənə çöndü, gülümsədi, xırda, qıyıq gözləri ilə deyirdi: "Görürsən, nə qızıl xırdalıyır? Sən bəyənməzsən, xəlifələri, görürsən imam-cümə nə deyir, raşidi xəlifələri olub e, onlar, raşidi!”

 

Neyniyim, ay Yaşar müəllim, güclə deyil ki? Mənim heç kimnən işim yoxdur, sənçin kim yaxşıdır, kim pisdir, mənə nə? Mənimki də imam Əlidi, vur öldür, mən onu sevirəm. Amma demədim, əlbəttə.

 

Allahım verdi, Nofəl nəsə dedi, Yaşar da üzünü çevirdi. Allahın da qəribə xasiyyəti var, o da gizlənqaç oynamağı sevir...

 

- Milyon nəfər intihar edir hər il dünyada, amma bir baxın, İslam ölkəsində, Rəsulullahın zamanında, raşidi xəlifələrinin dövründə olmuşdumu elə bir şey?

 

Noldu a kişi, bayaqdan seçkidən danışırdın, söhbəti nə tez fırlatdın yenə Amerikaya?

 

- Amma intiharlar niyə bu gün baş alıb gedir? Amerikanın filmləri, qərbin mədəniyyəti durmadan yayılır. İndi cavanlar musiqilər dinliyir, hamısı şüuraltına əxlaqsızlığı təbliğ eliyir, - bular da bildi axı, şüuraltı nədi, - hamısı cavanlarımızın gələcəyini məhv eliyir, psixologiyasını pozur. Allah dünyanı o filmləri çəkən, o musiqiləri bəstəliyən şizzOOfren – "o” hərfini elə bu cür, kündəliyə-kündəliyə dedi – şizzOOfren dahilərin şərrrrindən qorusun!...

 

Cin vuran adam kimi diksindim.

 

Hamı bir ağızdan "amin” dedi və dərhal cümə namazına başladılar.

 

Başın batmasın, Coys!

 

 

______

(1) əmr be məruf – yaxşı işlərə dəvət

(2) qiyam – namaz qılarkən ayaq üstdə düzgün duruş qaydası