Əli bəy Hüseynzadə və Türk dünyası

Əli bəy Hüseynzadə və Türk dünyası

Əli bəy Hüseynzadə və Türk dünyası

Ədəbiyyatda cığır açaraq sayılıb-seçilən insanları ardınca aparmaq hər sənətkara nəsib olan xoşbətlik deyil. Bu xoşbəxtlik Əli bəy Hüseynzadədən yan ötməmişdir. O, üç təməldən qaynaqlanaraq Şərq və Qərb qovşağında duran böyük sənətkarlardandır. Əli bəyin açdığı yolda üç cığır birləşir: türkləşmək, islamlaşmaq və avropalaşmaq.

Müasirlik sənətkarın, mövzusundan asılı olmayaraq, bütün əsərlərinin bünövrəsini təşkil edir. Sanki Əli bəy bütün əsərlərini müasirliyin simvolu olan qırmızı rənglə boyayıb.

Sənətkar islamçılıq ideyalarını hər əsərdə bir formada təqdim edir. Forma müxtəlifliklərinə baxmayaraq, bu mövzuda olan bütün əsərlərin ideyasında eyni suallar dayanır: "Əsl islam nədir?" "İslamın həqiqi vəziyyəti necədir?"

Əli bəy əsərlərində islamçılığı dəstəkləməklə yanaşı, Şərq kontekstinə söykənərək klassik ənənələrdən bəhrələnib. Klassik əsərlərin özəyini təşkil edən təsəvvüf ədəbiyyatından istifadə, dini mülahizələrdən çıxış etmək, klassik dastan və poemalardan bəhrələnmək sənətkarın yüksək dünyagörüşü və biliyə sahib olmasından xəbər verir.

Ədibin hər bir əsərində türkçülük ideyaları müxtəlif şəkildə öz təzahürünü tapıb. Hər əsərində biz bu ideyaları tapa bilərik; ya zərrə, ya da ümman qədər... Əli bəyin fikirlərinin hər zərrəsi belə bir ümman dərinliyində olduğu üçün hər cümlənin dibinə baş vurmaq lazımdır. Əli bəyin türkçülük ideyalarından danışarkən adlarına görə diqqətdən kənar qalan bir çox məqaləsi var ki, hər birindən türkçülük ətri gəlir. Sadəcə bu ətri duymaq üçün hissiyyat tələb olunur.

"Kuhi-Qaf və Simurğ” adlı məqaləsinə ilk öncə səthi nəzər yetirsək, burada Qafqaz xalqlarından bəhs edildiyini görə bilərik. Bu əsərdə Əli bəy klassik nəsrdən ustalıqla bəhrələnərək Simurğu simvol olaraq götürmüşdür. Simurğ "Məntiq-üt-teyr” adlı nəsr əsərinin obrazıdır. "Məntiq-üt-teyr” fəlsəfi əsərini ilk dəfə İbn Sina yazsa da, ondan sonra bu mövzuda yazanların sayı çoxalmışdır. Ondan sonra yazılanların hamısı orijinal əsərin tərcüməsi hesab olunsa da, hər müəllif öz yaradıcılıq üslubundan çıxış edərək əsərə yeniliklər gətirmişdir. Əli bəy Hüseynzadənin bəhrələndiyi həmin tərcümələrdən biri hesab olunan Fəridəddin Əttarın "Məntiq-üt-teyr” əsəridir.

Onun "Siyasəti-Fürusət” əsərində gətirdiyi bir sitatdan aydın olur ki, müəllif Fəridəddin Əttarın əsəri ilə tanışdır. Əli bəyin türkçülükdən bəhs edən hər iki əsərində klassik nəsrdən istifadəsi heç də təsadüfi deyil. Si- otuz, murğ isə quş deməkdir. "Məntiq-ül-teyr” əsərində müxtəlif dillərdə danışan quşlar bir-birilərini anlamaları üçün Hüt-hüt quşunun məsləhəti ilə Simurğun yanına gedirlər. Simurğun yanına quşlardan yalnız otuzu çata bilir. Bu əsərin ideya xətti nəfslə bağlı mübarizəyə söykənir. Əli bəy isə məharətlə bu əsərin mövzusundan çıxış edərək müxtəlif məkanlarda yaşayan, müxtəlif dillərdə danışan türkləri mərkəzi Qafqaz olmaqla bir yerə toplaşmağa çağırır. Əli bəyin: -"Lakin ümum Rusiya ölkəsində hürriyyət sayəsində bir millət tərəqqiyə başlayır ki, onun dili Türkiyə və İran xalqına biganə deyildir. Bu millət Kazandan, Ufadan Səmərqəndə, Məvarayi-Baykaldan Krıma qədər müntəşir olan türk və tatar əqvamıdır”, - deyərək bu selin məcrasını Qafqaz bərzəxində görür. Əli bəy buna bütün qəlbi ilə inanırdı. O inanırdı ki, Qafqaz hürriyyət yolunda mühüm rol oynayacaq, bu rolların ən böyüyü isə Qafqaz və Azərbaycan türklərinə aid olacaqdır.

"Məcnun və Leylayi-İslam” adlı bədii-fəlsəfi düşüncələrdə ədib qələminin gücüylə bütün fikirlərini bir araya gətirib. Sənətkar bu yazıda mistika, alleqoriya və simvoldan istifadə edib.

Əsərdə başında ay-ulduzlu qırmızı örpək, əynində yaşıl paltar olan İslam qızı işıq halında peyda olaraq özünü həkimə müayinə etdirir. Müəllif bu qızı İslam dünyası kimi təsvir edərək, türklərin yerinin onun başında olduğunu qeyd edir: "Cümsümə denilən baş kasası üzamının qaidəsində tam ortada bir yer var ki, ona avropalılar "Sərci türki”, yəni "türk əgəri” derlər. ... müayinə edərkən bunun "türk əgəri” olmayub, "türk taxtı” olduğunu kəşf etdim”. Əsərdə ən maraqlı məqam "İslam qızı”nın rentgendə müayinəsidir. Rentgen şəklində yüz başlı əjdaha görünür. Əli bəy burada da klassik ədəbiyyatdan - Zöhhak haqqında əfsanədən istifadə edir. Ədib bu əjdahaları İran istibdadı kimi verərək deyir ki, Osmanlı türkləri qədimdən bir din və məzhəbdə olsa da, İran mollaları yeni məzhəb axtarışındadırlar.

Əli bəyin sənətkarlığı onda idi ki, Türk dünyası ilə bağlı tək öz düşüncələrini vermirdi, o həm də dünya ədəbiyyatında yazıçıların türklərə qarşı olan münasibətini işıqlandırırdı. "Qərbin iki dastanında türk” adlı yazısında dünya ədəbiyyatında türklərə qarşı formalaşmış iki münasibət - həm mənfi, həm müsbət fikirləri qələmə alır. Müəllif bunun üçün əla vasitə seçərək, eyni dövrdə yaşamış iki müəllifin müxtəlif qütblərdə dayanan əsərlərini verir. Torkvado Tassonun "Qurtarılmış Qüds”, Kamoensin "Luziada” əsərlərindən bəhs etməmişdən əvvəl Əli bəy onlar haqqında qeydlər edir. Onların hər ikisinin də oxşar xüsusiyyətlərini, şiddətli islam əleyhdarları olmasını göstərəndən sonra fərqli cəhətləri bir-bir yazaraq faktlar göstərir. Əli bəy onları müqayisə edərək qeyd edir ki, Tasso təsəvvüfə - mistismə meyl etdiyi üçün islamı daha yaxşı anlayırdı. Deməli, Əli bəy islamın dərki üçün təsəvvüf yoluna üstünlük verir. Müəllif Kameonsunun türklərə qarşı olan nifrətini əsərindən sitatlar gətirərək göstərir. Xristianları birləşib türklərə hücum etməyə səsləyən Kameons əsərində türkü "qəddar”, "vəhşi” , "barbar” epitetləri ilə birgə işlədir. Onuncu fəsildə türkləri "rum” adlandırdığını qeyd edən ədib "bir türk bu əsəri sinirlənmədən mütaliə edəməz” qənaətinə gəlir. Əli bəy Tassonun isə bunun əksi olaraq, türkləri təqdir etdiyini, türk yazıçısı Ömər Seyfəddinin də onu sevə-sevə oxuduğunu fəxrlə qələmə alır.

Əli bəy Hüseynzadə "Türklər kimdir və kimlərdən ibarətdir?” əsəri ilə özünün türkçülük ideyalarını bütünlüklə ortaya qoymuşdur. Ədib: - "Türklüklə iftixar etdikləri halda türkün kim və kimlərdən ibarət bulunduğunu bilməyən nə qədər türk mühərriklərimiz vardır!” - deyərək ustalıqla türk xalqlarını tarixə, etnoqrafiyaya, məkana, mədəniyyətə, adlarının mənşəyinə, dininə görə araşdıraraq onlar haqqında mülahizələrini yürütmüşdür.

Əli bəy Hüseynzadə öz fikirlərini mətbuat vasitəsilə yaymağa çalışırdı. "Kaspi" qəzetində dərc etdiyi "Gənc türkçülük nədir?" adlı məqaləsi ilə türk tənzimat hərəkatından bəhs edir. Əhməd bəy Ağaoğlu ilə birlikdə milyonçu Hacı Zeynalabdin Tağıyevin maliyyəsi ilə "Həyat" qəzetinin nəşrinə başlaması ona türkçülük ideyalarının təbliğatı yolunda irəliləməyə kömək edir. Əli bəy Hüseynzadə ilə çiyin-çiyinə çalışan Ağaoğlu da ona bu yolda dəstək olur. Təsadüfi deyil ki, 1919-cu ildə türk xalqlarının təqib olunduğu bir vaxtda hər iki ziyalı İstanbulda birgə həbsə düşür. Buna baxmayaraq, Əli bəy öz fikrindən dönmür. Hətta məhkəmə sədri Əli bəy Hüseynzadədən "Siz şiəsiniz, elə deyilmi?” – soruşduqda o, vüqarla "Xeyr, Azərbaycan türküyəm” – cavabını verir.

"Füyuzat” jurnalı isə Əli bəyin ideyalarının qarşısında böyük üfüqlər açdı. Sanki bu jurnal onun fikirlər, ideyalar meydanı idi. Türkçülüyün qüdrətini, islamçılığın həqiqətini, müasirliyin isə inkişafını "Füyuzat”la yaydı. O, qısa zaman kəsiyində "Füyuzat” ilə böyük bir məktəbin əsasını qoydu. Elə bir məktəb ki, bu məktəbin yetirmələri Azərbaycan Cümhuriyyətini qurdular.

Son olaraq deyə bilərəm ki, bütün Türk dünyası Əli bəyin əsərlərində canlanır. Bu canlanma vahid bir Vətəndə baş verir. Adı da "Turan”!!!

 

Gülnar Axundova