Əli Həsənov: Televiziyaları bağlamalı, veto qoymalı, yoxsa bayağılaşdlrmalı?

Əli Həsənov: Televiziyaları bağlamalı, veto qoymalı, yoxsa bayağılaşdlrmalı?

"Qoy cəmiyyət bu üç seçimi bilsin və buna cavab axtarsın. Biz nə etməliyik?"

“Təəssüf hissi ilə qeyd edilməlidir ki, Azərbaycan teleməkanında vəziyyət o qədər də ürəkaçan deyil”. Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov belə düşünür.

O, “Mediaforum”a müsahibəsində xatırladıb ki, Nazirlər Kabinetinin aprelin 16-da keçirilən iclasında prezident İlham Əliyev də bu məsələyə toxunub: “Mətbəx verilişləri ilə bağlı mövqeyində bu narazılıq ifadə olundu. Dövlət başçısı həmin verilişlərdə sağlam qida mədəniyyətinin təbliğ olunmasının vacibliyini vurğuladı. Qeyd etdi ki, mətbəx verilişlərində bəzən Azərbaycan mentalitetinə, mətbəx mədəniyyətinə, dəyərlərinə zidd hallar olur, sağlam qida mədəniyyəti təbliğ olunmur, əksinə, bu işə xələl gətirilir. Amma problemlər yalnız bu deyil. Televiziyalarda çox veriliş var ki, Azərbaycan cəmiyyətinin ayrı-ayrı təbəqələrini, xüsusən də ziyalıları, yaradıcı kəsimi qane etmir. Müxtəlif dövrlərdə bunun səbəblərini araşdırmışıq. Əsas səbəb odur ki, televiziyalar reytinq arxasınca qaçır. Bəzi hallarda isə onlar yalançı reytinq göstəricilərinin köləsinə çevrilir. Milli-mənəvi dəyərlərə, Azərbaycan mentalitetinə, əhalinin tələbatına, ayrı-ayrı zümrələrin ehtiyaclarına söykənərək yaxşı verilişlər yaratmaq, ən yaxşı nümunələri ekrana çıxarmaq əvəzinə daha çox sensasiya, bayağı şou arxasınca qaçırlar. Bu da cəmiyyətin haqlı olaraq televiziyalardan narazı qalmasına gətirib çıxarır və bunu nümayiş etdirir. Bir daha təkrar edirəm ki, bu, reytinq məsələsidir”.

Əli Həsənovun sözlərinə görə, artıq dünyada ayrı-ayrı ölkələr reytinqölçmə kampaniyalarının fəaliyyətinə müdaxilə edir, onların işinin şəffaflığını təmin etməyə çalışırlar: “Görünür, biz də zaman-zaman bu işin üzərinə yeriməli olacağıq. Şəffaflığı, ölçü meyarları şübhə doğuran, bəzən müəyyən qrup insanın istək, arzu və zövqü üzərində qurulan reytinqölçmə texnologiyası neçə illərdir ki, Azərbaycan televiziyalarını bayağı şou arxasınca qaçmağa yönəldir. Bu da bizim milli mentalitetimizə ziddir. Dövlət buna dözə bilməz. Problemləri aradan qaldırmaq üçün yəqin ki, həmin reytinqölçmə texnologiyalarının üzərinə gedəcəyik, onların fəaliyyətinin şəffaflaşdırılması istiqamətində addımlar atacağıq”.

“Televiziyalar müstəqil biznes subyektləridir. Onların hakimiyyətlə bağlılıqları şərti ölçü və şərti dəyərləndirmədir. Hər bir televiziya kommersiya strukturu olaraq ilk növbədə özünü saxlamalıdır. Əgər kommersiya strukturu özünü maliyyələşdirib saxlamırsa, onun ideoloji fəaliyyəti yalnız dövlətə və cəmiyyətə məxsus olur. Cəmiyyət, dövlət, bütün əhali, idarəçiliyi həyata keçirən hakimiyyət televiziyaların ideoloji işinə, onun tərbiyə, mənəviyyatın qorunması, yaşadılması, təbliğ olunması funksiyalarına daha çox ehtiyac duysa da, televiziyalar bir kommersiya strukturu kimi yaranıb. Özəl televiziyalar fəaliyyətlərini əsasən reytinqli, pul, reklam gətirən verilişlərə yönəldir. Ona görə də dövlətin bunlara müdaxiləsi o qədər də asan deyil. Ola bilər ki, bu, kimlərəsə asan görünür. Amma belə deyil. Dövlət nə etməlidir? Ya televiziyaları pulla təmin etməlidir, onların yaşaması üçün lazım olan vəsaiti dövlət büdcəsindən ayırmalıdır, ya televiziyaların özlərini saxlamaq üçün şou axtarmalarına dözməlidir, ya da televiziyaları bağlamalıdır. Qoy cəmiyyət bu üç seçimi bilsin və buna cavab axtarsın. Biz nə etməliyik? Bundan sonra da televiziyaların sayını artırıb, bunu bir qədər də bayağılaşdırmalıyıq, yoxsa bu sahəyə hansısa bir məhdudlaşdırıcı veto qoymalıyıq, yaxud özəl televiziyalara dövlət büdcəsindən ayırmalar olmalıdır və ya reytinqölçmə mexanizmləri şəffaflaşdırılmalıdır? Necə olur ki, cəmiyyətin böyük bir qismini, ziyalıları qane edən veriliş hansısa reytinqölçmə qrupuna cəlb olunmuş insanları razı salmır? Hesab edirəm ki, bu məsələlərdə müəyyən qaranlıq məqamlar var və yəqin ki, biz bunun üzərinə gedəcəyik”, – Prezident Administrasiyasının şöbə müdiri bildirib.