Əli Rüzgar. Şeirlər

Əli Rüzgar. Şeirlər

***

Göyün dirəyi yoxdu,
ümidsiz insan kimi.
Nə onu saxlayan var,
nə də bunu, İlahi.
Ulduzlar yıxılanda
çoxları arzu tutur.
Nə ulduzu tutan var,
nə arzunu, İlahi.


Əvəzi

Ürəyimin yanğısına,
Duz qoydular, buz əvəzi.
Bozuq çıxdı xatirələr,
Öpülməmiş qız əvəzi.

Məni vurub yıxan yıxdı,
Neçə ömür yarımçıqdı,
Bədənimdən canım çıxdı,
Dilimdən sən, biz əvəzi.

***

Barışmaq mı yoxluğunda,
Tənhalaşan bu şəhərlə?
Mümkün deyil, yüksək təzyiq,
Qəlb ağrısı, soyuq tərlə.

Savaşmaq mı sonunacan,
Kimə çətin, kimə asan.
Sən getməyi bacarırsan,
Mən qalmağı kölgələrdə...


Yazılmayan

Bəlkə də mən sevgi dolu,
eşq qoxulu ilk baharı;
Bacarmadım içərsində
yaşatmağı misraların.

Xəzan vurdu qopub, 
yarpaqları sətirlərin.
Yazılanlar kölgəsidir,
yazılmayan şeirlərin.