Əli Şirin Şükürlü. Ədəbi Suprematizm: Belə söylərdi Zərdüşt (Şeir-esse)

Əli Şirin Şükürlü. Ədəbi Suprematizm: Belə söylərdi Zərdüşt (Şeir-esse)

"Doğru düşüncə, doğru söz, doğru əməl” - 
belə başladı qürubu Zərdüştün ...

Şənbə günü. Dəniz kənarına 
öz-özülə bölüşməyə çıxmışdı 
bir saatlıq təəssüratlarını yenə. 
Onu cəlb edən hər bir  hadisə   
qeyri-iradi bir fikir doğururdu ağlında:
bu an
nə söyləyərdi Zərdüşt, görəsən?

Sahil boyu ardıcıl düzülmüş 
zibil yeşiklərinin yanından keçərkən 
nəsə yadına düşdüyündən gülümsədi. 
Bir neçə gün əvvəl 
iki gənc yazarla ədəbiyyat və elm barədə  
polemika etmişdilər: 
mövzu seçimindən söz düşdüyü zaman  
"hər şey, hətta zibil qutuları da predmetidi ədəbiyyatın” 
deyəndə gənclərin bir-birinə baxıb, 
heyrətlərini gizlədə bilmədiklərini sezmişdi. 
Gənclərdən biri sanki nəsə kəşf edib – 
gözlərində məmnunluq sevinclə təkrarlamışdı: 
hətta zibil qutuları da predmetidi ədəbiyyatın. 
Hər yaxşıda azca pis, hər pisdə bir az yaxşı olur. 
Sanki gözəllik və təmizlik naminə ətrafdakı çirkabı 
özünə yığmağa hazır dayanar daim zibil qutuları – 
bu da bir hadisə əslində, yaxşı və pisin kəsişdiyi mənzərə. 
Əsas olan hadisə yox, hadisəyə münasibətdi. 
Belə söylərdi Zərdüşt.

Auditoriyaya girib, 
intellektual poeziya barədə 
böyük zəhmət və əzmlə qurduğu konsepsiya əsasında 
mühazirə oxuyarkən bal arısına bənzəyirdi. 
İllərcə elm, fəlsəfə və ədəbiyyat adlı 
ağacların çiçəklərindən şirə toplayan bal arısına. 
Maraq və bəzən də heyrətlə qarşılanan 
mühazirələrdən sonra düşünürdü: 
"Günəş, nə yaxşı, elə burda qürub edib”. 
Sonralar çıxış və mühazirələrinin 
bitdiyi bütün məkanlarda seyr etdiyi mənzərə
fikrini bir daha təsdiqləyirdi: 
nə yaxşı, qürubum burda, bu məkanda oldu,
nə yaxşı, boşalır dolmuş piyalə.  
Belə söylərdi Zərdüşt.    

Məqsədi 
zibil qutusundan və təmtəraqlı çıxışlardan yox, 
ucalıqdan danışmaq idi doğrusu, əsl ucalıqdan. 
Daimayaşıl ağaclar arasında gəzə-gəzə fikirləşirdi: 
"Ağac nə qədər gözəl olsa da, ucaldıqca 
kökü daha çox zülmətə işlər”.  
Hər yüksəliş ucalıq deyil amma, kökü zülmətə işləyən 
bütün yüksəkliklər hündürlükdü sadəcə – 
üz tutsan riyaziyyata taparsan ölçüsünü,
hələ bir estetika naminə həndəsi forma verib, 
ad da qoyarıq ölçülərə: 
məsələn, uzunluq – L,  sahə – S, həcm –V.
Ucalıq – nə qədər səy göstərsən gəlməz ölçüyə, 
bütün ucalıqlar ölçüdən qıraqda; 
sığmaz idrakın cızdığı cürbəcür həndəsi formalara, 
eninə, uzununa, dərininə yertutma iflasa uğrar. 
Belə söylərdi Zərdüşt.    

Yelləncək: rəqs edir. Gah qalxır, gah da enir... 
Uşaqlar növbəyə durub, gözləyirlər səbirsizliklə. 
Böyüklər həvəslə seyr edir bu mənzərəni – 
sanki rəqs edən yelləncək heç zaman dayanmayacaq. 
Amma qaranlıq düşdükcə boşalır yelləncək, 
hamı tərk edir həmişə eyni havaya oynayan "rəqqas”ı. 
Boşalır və bir müddət rəqs edib öz-özünə, 
sonra asta-asta dayanır yelləncək. Bayaqdan neçə uşağı 
əyləndirib, neçə valideyni sevindirmişdi bu boş yelləncək.
İndisə sükunətdə. Amma sükunətdə belə hərəkətdədi sanki, 
bir toxunuşa bənddi təkrarlasın dəyişməz rəqsini.  
Daimilik, dəyişməzlik gizlənər yelləncəklərdə – 
elə buna görə bəyənilər bəlkə də – 
uşağın da, böyüyün də sevdiyi əyləncə. 
Hamının hər yerdə həmişə sevdiyi – 
əyləncə, əyləncə, əyləncə.  
Şər yoxdu, Şər – Xeyirin yoxa çıxdığı məqamdı: 
belə söylərdi Zərdüşt təəccüb və heyrət içində, 
baxıb yalnız əyləncə və təmtaraq əsiri soydaşlarının
dəyişməyən ikiminbeşyüzillik  oxşarlığına... 

Öldü Zərdüşt
və alıb öz çiyninə öz meyitini 
üzü zülmətə
yenə yollandı tənhalığına ...

Çatınca Zərdüşt dağda bitib 
başı səmaya dəyən ağacın kölgəsinə, 
görür meyit kəndirə çevrilib artıq, ilməyi boynunda, 
ucu ağacın kəlləsində. Və deyir Zərdüşt: 
bu nə yalqızlıqdı, Uca Yaradan, bu nə tənhalıq, nə təklik, 
körpü olmaq istəyərkən insandan fövqəlinsana, 
nədi bəs
illərdi boynumda gəzdirdiyim bu kəndir – birdəfəlik
nə kəsilir bu "ölüm”, nə dartılır sonadək?! 

Beləcə ... bitdi qürubu Zərdüştün:
nə adi insan ola bildi sonacan, nə fövqəlinsan.


... – 15.01.2019