Əli Şirin Şükürlü. Su pərisi (Povest)

Əli Şirin Şükürlü. Su pərisi (Povest)

I

   Kiçik qəsəbənin yaxınlığında sahildə uzanıb dənizi seyr edirdi. Uzaqda dəniz sanki səmaya söykənmişdi. Səma dənizin çırpıldığı iri qaya parçasını xatırladırdı. Gözləri ixtiyarsız yumulmağa başladı. Elə bil nəsə üzə-üzə sahilə yaxınlaşırdı. Dərhal nəsə baş verəcəyini anladı. Ürəyinə daman, bəzən də xəyalən yaşadıqlarının müəyyən anlarda gerçəyə çevrildiyinə alışmışdı. Uşaqlıqdan bu kimi hallara vərdişli idi. Ona görə də istər xəyalın, istər yuxunun öz-özlüyündə gerçək hadisələr olduğuna çoxdan inanırdı. Əmin idi ki, bu kimi hadisələr tamam başqa bir fəzanın, fərqli məkan ölçülərinin gerçək hadisələridir. Bu hadisələrlə insanın movcud olduğu məkan arasında əlaqə xəyal və yuxular vasitəsiylə reallaşır. Yəni yuxu və xəyallar iki fərqli məkanı birləşdirən körpülərdir.
  Gözünü açanda sarı və çəhrayı rənglərin qarışığında yumru bir cismin uzandığı sahilə yaxınlaşdığını gördü. Üzən obyektdən ətrafa qızılı şüalar yayılırdı. Sanki günəş dənizə enib dalğalarla rəqs edirdi. Əsrarəngiz mənzərəni diqqətlə müşahidə etməyə başladı. Obyekt  yaxınlaşdıqca əvvəlcə onun bəzəkli top olduğunu zənn etsə də, sonra yanıldığını anladı. Bu, uzun, sarışın saçları dənizin səthinə səpələnmış qadın idi.
  İnanılmaz dərəcədə gözəl sarışın bir gənc qadın dənizdən çıxmadan ona baxıb gülümsəyirdi. Üzündəki təbəssüm gözəl simasına bir məsumluq bəxş edirdi. Bu məsumluq insanda yalnız saf istəklər yarada bilərdi. Bir anda daxilinə nəsə sızdığını hiss etdi. Bütün varlığını bürüyən hisslər tükənməz enerjidən xəbər verirdi; sevgidən, yaradıcılıqdan, ziddiyyətlərdən, inkişafdan, eniş-yoxuşdan. Düşüncəsi sürətlə aydınlaşırdı. Bu aydınlıq həm də elmi-yaradıcı ideyalarının tezliklə gerçəkləşəcəyinə inamı artırırdı kiçik zaman kəsiyində.      
   Fikirdən ayrılanda təbəssüm dolu sima hələ də qarşısında idi. "Bu nə gözəllikdir, İlahi, insan da, daha doğrusu, qadın da bu qədər gözəl və məsum olar?! Bu ki möcüzədir. Elə bir möcüzədir ki, bir anın içində bütün varlığımı saf və təmiz hisslərlə yanaşı, tükənməz enerji ilə doldurub”. Nəsə söyləmək istəyirdi ki, təbəssüm dolu gözəl sima suya qərq olub sahidən uzağlaşmağa başladı.
   Amma onun qayıdacağına bir əminlik vardı X.-da. Gözdən itənəcən seyr etdi onu. Elə bil birdən qeybə çəkildi qadın – qarışdı dənizə. Sanki dənizin özü imiş elə bayaqdan üzünə gülümsəyən. Baş verən hadisələr zamana sığmırdı sanki. 
     Həvəslə qəsəbəyə - evə qayıdıb bir qədər dincəldikdən sonra dəftərxana jurnalını açıb qeydlər elədi: " Zaman, əslində insan təfəkkürünün məhsulu olub, subyektiv varlıqdır. Zaman sadəcə dəyişmələrin ölçüsüdür. Necə ki, ədədlər varlıqları kəmiyyətcə bir-birindən fərqlərindirmək üçün insan zəkasının yaratdığı anlayışlardır, zaman da elə. Obyektiv movcud olan varlıqlar və dəyişmələrdir, ədədlər və zaman yox...”. 
   Sonra televizorun qarşısındakı kresloda oturub xəyala daldı. Gerçək hesab etdiyi hadisələrə baş vurdu. Bu hadisələrin qəhrəmanı isə bir anın içində dənizə qarışan sarışın gözəl idi.

  
II

    Növbəti gün eyni vaxtda dənizə gəlib bir qədər çimdikdən sonra elə həmən yerdə uzanıb gözlərini yumdu. Yenə də xəyalında nəsə üzə-üzə sahilə yaxınlaşırdı. Gözlərini açanda təbəssüm dolu simanı qarşısında gördü. Dərhal dikəlib oturdu. Dünəndən heyran olduğu gözəlliyin əsirinə çevrilən X. özünü söhbətə hazırladı. Əslində elə dünəndən bu qərara gəlmiş, söhbətə necə başlayacağı barədə düşünmüşdü:
- Yenə qəfil gəldiyiniz kimi qəfil də gözdən itəcəksiz yəqin?
Cavab əvəzinə sükütla qarşılaşdı. Bəzən ən düzgün cavab elə sükutun özü olur; baxışlar, təbəssümə bürünmüş sima, heyranlıq dolu gözlər çox şeydən xəbər verirdi. Əksər kişilər özünü dünyanın ən yaraşıqlı kişisi hesab etsə də, bu fikir X.-ya yad idi. Boy-buxunu, qarabəniz siması ilə özünü sıradan biri hesab edirdi. Amma istedad sahibi bu gənc təvazökar olmasına baxmayaraq, həmişə diqqət mərkəzində olurdu. Istər məktəbdə, istər universitedə, istərsə də aspirantura və işlədiyi elmi-tədqiqat institutunda qadınların ona biganə olmadığını hiss etmişdi. Lakin bu cür misilsiz gözəlin sevgisini qazanacağına o qədər ümid bəsləməsə də, cəhd edəcəkdi. Çünki onu gördüyü andan bu qadındakı gözəllik və məsumluğun əsirinə çevrilmmıişdı. Buna baxmayaraq, özünü təmkinli aparmağa çalışır, yersiz görünməkdən ehtiyat edirdi. "Bəlkə gözəlliyinə arxayın şıltaq qızlardan biridir, ailəsi ilə qəsəbəyə dincəlməyə gəlib. İndi də vaxt keçirmək, məni yoldan çıxararaq bu şəkildə əylənmək istəyir. Amma nə də olsa artıq gecdir. Mənə olan olub ” – düşünsə də bəxtini sınamağa qərarlı idi. Qızın dinmədiyini görüb sualı bir də təkrarladı.
Qız başını bulamaqla kifayətləndi.
- Bunu necə başa düşmək olar: hə, ya yox? – X. soruşdu.
Qız bu dəfə başı ilə inkar hərəkəti etdi.
- Deməli, qəfil yoxa çıxmayacaqsız, - X. davam etdi. - Onda sudan çıxarsız, yaxından tanış olarıq.
Qız bu dəfə də başı ilə yox cavabını verdi.
- Bəlkə mən gəlim?
Qız yenə gülümsəyə-gülümsəyə başı ilə eyni tərzdə hərəkət etdi. 
- Bəs niyə danışmırsız, yoxsa danışmağa utanırsız? – qızın dili pis bildiyini güman edən X. dedi.
Ona məmnunluqla baxan qız sanki fikirlərini oxuduğundan nəhayət dilləndi:
- Yox, hələ sahilə çıxmağa hazır deyiləm. Amma bir gün çıxacağam. Amma nə vaxt - bilmirəm.
Qızın həm səsi, həm də danışıq tərzi X.-ya tamam fərqli göründü. Sanki başqa dünyanın adamı idi onunla danışan. Hədsiz məlahətli səs eşitdiyi bütün səslərdən fərqli idi. Ayrı bir aləmdən süzülüb gələn melodiyanı xatırladıdı. "Səs bu misilsiz gözəlliyə yeni ahəng verir, onu bir qədər də sehrli edir. Kimsə bu gözəllikdən asanca ayrıla bilməz. Deyəsən, yaman ilişmişəm!” – düşündü.
- Onda yenə görüşəcəyimizə ümid edə bilərəm, demək.
Qız bu dəfə başı ilə təsdiq edib, gözü sahildə, arxası üstə üzə-üzə yavaş-yavaş dənizin dərinliklərinə çəkilməyə başladı.
- Nə vaxt? – qızın uzaqlaşdığını görüb uca səslə soruşdu.
Qız sualı təbəssümlə qarşıladı və çevrilib sürətlə üzməyə başladı. 
- Sabah yenə eyni vaxtda gözləyəcəyəm, - X. qızın arxasınca çığırdı.
Qız çönüb yenə də gülümsəyərək bir anın içində dənizdə yox oldu. X. qəribə vəziyyətə düşmüşdü. Bir anın içində dənizə qarışıb yox olmaq onu təəccübləndirirdi. Həm də cürbəcür şübhəli fikirlər yaradırdı beynində. Sahildə uzanıb o varlığın – misilsiz gözəlliyin peyda olub yenidən yoxluğa çevrildiyi hüdudsuzluğu nə qədər seyr etdiyini bilmədi. Evə qayıdarkən düşüncəsinin daha da aydınlaşdığını hiss edən X.-nın hərəkətlərində də bir intensivlik yaranmışdı. Kiçik zaman kəsiyində daha sürətlə düşünür, daha çox məsafə qət edirdi.

   Evə çatandan dərhal sonra jurnalı açıb ağlına gələn fikirləri qələmə almağa başladı: "Kiçik zaman kəsiyində daha intensiv hərəkət mümkündür. Hətta işıq sürətindən böyük bir sürətlə hərəkət movcuddur. Düşüncədə yaranan hər bir hadisə gerçəkdir əslində. Xəyal və yuxuda movcud hadisələr kimi. Sadəcə, bu hadisələr fərqli fəzalarda baş verdiyindən, qeyri-real təsir bağışlayır. Bəlkə də insanın yaşadığı məkan üçölçülü yox, çox ölçülüdür. Görünür, insan idrakı üç ölçüdən kənarda movcud olanları qavramağa qadir deyil. Xəyal, yuxu digər ölçülərlə görpü rolunu oynayır. Axı movcud olmayan insan qavrayışında proyeksiyalana bilməz. Ağac olmasa kölgəsi də olmaz...”
   Son iki gün ərzində yaşadıqları bu kimi fikirlərin akyuallığına daha artıq əminlik yaratmışdı onda. Amma bu fikirlərin istər fəlsəfi düşüncə sistemində, istərsə fundamental elm sahələrində mübahisəyə, polemikaya səbəb olacağını bilirdi. Qalırdı tutarlı faktlarla, riyazi məntiqlə fikirlərini əsaslandırmaq. Qarşıda onu çoxlu işlər gözləyirdi. Bu işləri həyata keçirmək üçünsə Allahın bəxş etdiyi istedaddan savayı, möhkəm iradə, təmiz idrak, gərgin elmi araşdırmalar gərək idi.
 
   Illər keçəcək, sehr və möcüzə ilə dolu sevginin bəxş etdiyi enerji və gərgin zehni əməyi sayəsində ərsəyə gələn "Dünyanın yeni fəlsəfi modeli” adlı əsəri maraq və gərgin mübahisələrlə qarşılanacaqdı. Lakin nə qədər ziddiyyətli münasibətlər doğursa da, yeni bir düşüncə sisteminə nail olması onda bir məmnunluq yaradacaqdı. Amma hələ ki işin başlanğıcında idi. Lakin düşüncəsinə görə vacib olan iki əsas şərt ödənmişdi; istedadla biliyin vəhdəti və sevgi. 
  
   Zehni yorğunluq hiss etdiyindən özünə çay süzüb eyvanda oturdu. Gecənin qaranlığında dəniz gözəl görünürdü. Uzaqdan dənizi seyr etməyin də öz gözəlliyi var. Xəyalında sarışın gözəl, Ay işığının gəzişdiyi dənizə xeyli tamaşa etdikdən sonra yatağa uzandı. O gecə yuxuda xəyalındakı hadisələrin təkrarını görür və bütün gördüklərinin yuxu olduğunu anlayırdı. Elə yuxuda ikən tezliklə bu hadisələrlə reallıqda da rastlaşacağına əmin idi. Yalnız azacıq fərqlə - adətən belə olurdu həmişə. Bəzi vəziyyətlərdə isə özünü reallıqla irrealığın kəsişdiyi müstəvidə hiss edirdi sanki. Iki gün ərzində sarışın gözəl ilə bağlı hadisələr də eynən bu vəziyyəti xatırladırdı. İdrakında baş verən sıçrayışın da o müstəvidən süzülüb gələn işığın nəticəsi olduğuna əmin idi.


 III

   Dünənkindən daha artıq bir həyacanla gözləyirdi. Sahilə çırpılaraq yenidən geri çəkilən dalğalar sanki keçilməzlikdən və inaddan xəbər verirdi. Geri çəkilərək yox olan dalğanın yerində dərhal başqası peyda olur, o da tezliklə yerini başqa bir dalğaya verirdi. X. da gözlərini bir-birini əvəzləyən dalğalara dikib qalmışdı. 
   Nəhayət. Bu da dalğalarla rəqs edən gözəl; təbəssüm dolu sima, heyranlıqla baxan gözlər. Və baxışlar bu gün daha umidverici idi.
- Bayaqdan gözləyirəm, - X. sevinclə dilləndi.
Cavab əvəzinə yenə sükutla qarşılaşdı. Elə bil qızın danışması üçün müəyyən vaxt keçməliydi. Müəyyən vaxt keçməliydi ki, o, fikirlərini cəmləyib cavab verə bilsin. Amma qızın onu dərhal anladığına əmin idi. Elə bu əminlik də onu gözləməyə vadar edirdi.
- Bilirəm, - qız, nəhayət, dilləndi.
Yenə gözəl simanı tamamlayan ecazkar səs onu daxilən təlatümə gətirdi. Indiki vəziyyəti ilə dənizi xatırladırdı. Daxilində baş verən qabarma və çəkilmələri ürəyinin tez-tez döyünməsindən hiss edirdi. Elə bil içində bir-birini əvəz edən nələrinsə mübarizəsi gedirdi. Dənizdə bir-birininin yerini tutan dalğalar kimi.
- Sudan çıxacaqsız?
- Hələ yox.
- Niyə? Yoxsa utanırsız?
- Yox. Hələ buna hazır deyiləm. Hazır olanda çıxacağam.
- Nə vaxt?
- Tezliklə.
- Adınızı deyə bilərsiz heç olmasa. Mənim adım...
Qız dərhal dilləndi:
- Bilirəm.
- Bilirsiz? – X. təəccüblənsə də bu barədə heç nə soruşmamaq qərarına gəldi, - bəs sizin?
Yenə sehrli təbəssüm peyda oldu:
- Su Pərisi.
Az qala ağlını itirəcəkdi X. Lakin qəribə hadisələrə vərdişli, həm də psixoloji cəhətdən hazır olduğundan özünü ələ ala bildi. 
- Gözləmirdiz yəqin, - yenidən ecazkar sehrli səsi eşidirdi.
- O qədər də gözlənilməz olmadı hər halda, - X. cavab verdi. Qeyri-adi görüşlərə vərdiş etmişəm. Bundan sonrası necə olacaq, o məni narahat edir.
- Nə mənada?
- Yəni siz dənizdə, mən quruda. Bir gün hər şey bitəcək. Hərə öz məkanına çəkilib gedəcək. Vəssalam. Məni daha çox ayrılıq, özü də əbədi ayrılıq narahat edir.
- Yox. Ayrılıq olsa da, əbədi olmayacaq. İnanın. Bu təkcə sizin iradənizdən asılıdır.
- Mən hər şeyə hazıram.
- Bunun üçün çox az şeyə hazır olmaq lazımdır əslində.
- Nəyə?
- Sevgiyə. Yalnız əsl sevgi torpaqla suyu birləşdirə bilər. Bax, elə indi olduğu kimi.
X. qeyri-iradi suya girib qıza yaxınlaşmağa başlayarkən o, həyəcan qarışıq məlahətli səsi ilə bir qədər ucadan dedi: 
- Yox. Olmaz. Qayıdın. Vaxtı çatanda özüm sudan çıxacağam. 
- Nə vaxt?
- Ürəyinizin səsinə qulaq asın. Bir neçə gün keçsin, hissləriniz indiki hərarətini itirməsə, görüşümüzə heç bir maneə qalmayacaq. İndi isə, hələlik.
- Yox. Heç vaxt sevgimin hərarəti azalmayacaq. İnanın. Heç vaxt. Sabah yenə gözləyəcəm. Hər gün gözləyəcəyəm.
Sonuncu sözləri artıq uzaqlaşmaqda olan qızın arxasınca söyləyirdi X. Özü də ucadan, vərdiş etmədiyi çılğınlıqla. Qızın onu eşidib-eşidmədiyinin isə fərqində deyildi. Qız dənizə qarışıb gözdən itmişdi. Onun bu çılğınlığı içindəki tükənməz sevginin təlatüm dolu dalğaları idi sərhədlərini aşıb sahilə çırpılırdı. Eynən qarşısında dayandığı dənizin dalğaları kimi. 

   Nə qədər sevgi ilə dolurdusa, düşüncəsi bir o qədər itilənir, aydınlaşırdı. Eyvanda alaqaranlıqda oturub şövqlə fikirlərini kağıza ötürürdü: ” Sonsuzluq insan idrakının məhdudluğunun nəticəsidir. İnsan idrakının aşa bilmədiyi sərhəddən başlayır sonsuzluq. Harda dayansaq, o nöqtədən sonsuzluq açılır. Hətta bir-birinə ən yaxın iki nöqtə arasında belə, sonsuzluq məskən salıb. Istənilən iki ədəd arasında sonsuz sayda ədədlər movcuddur. Çünki varlıqlar sonsuz hissələrdən ibarətdir. Bu baxımdan üzdən sonlu görünənlər də mahiyyətcə sonsuzluğa bürünüb. Səbəbi isə, daxil etdiyimiz modelin köməyi ilə aydınlaşdıraq: ...”
  - Nə olub, oğul? – anası xeyli vaxtdı arxasında dayanıb onu müşahidə edirdi.
  - Heç, ana, işləyirəm.
  - Neçə gündü məyus görünürsən. 
  - Yox. Əksinə. Özümü daha yaxşı hiss edirəm. Elmi işimlə başım qarışıqdı sadəcə.
 -Yayı dincələ bilərdin də. Onsuz da tezliklə məzuniyyətin qurtaracaq, qayıdıb gedəcəksən şəhərə. Onda rahat oturub işləyərsən.
- Dincəlirəm, ana. Doğma qəsəbə, sən, dəniz. Bunlar elə istirahətdir mənimçün.
- Nə bilim. Hər halda, yorğun görünürsən.

 IV
   
   X. ananın yeganə övladı idi. Elə dənizə yaxın bu kiçik qəsəbədə göz açmışdı dünyaya. Atası müəllim işləyirdi. Aspiranturaya qəbul olunduqdan sonra şəhərə köçmüşdülər. Ağlı kəsəndən ən çox gördüyü ata-ana sevgisi və ikiotaqlı mənzilin hər küncünə səpələnmiş kitablar idi. Əvvəlcə kitabların səhifəsini cırmağa başladı. Sonra səhifələri yazmağa, daha sonra kitablardakı şəkillərə baxmağa, nəhayət, oxumağa. Beləcə, tükənməz sevgi və kitablarla əhatə olunmuş bir aləmdə yavaş-yavaş böyüdü.
  Bir müddət Rusiyada yaşadılar, atasının elmi-tədqiqat işlərini davam etdirdiyi institutun yerləşdiyi şəhərin yaxınlığındakı qəsəbədə. Qəsəbə bir tərəfdən meşə ilə əhatə olunmuşdu, yaxınlığından iri bir su kanalı keçirdi. Ilk sevgi məcarasını da, ilk ən böyük sarsıntısını da burada yaşamışdı X.
 
   Yuxuda tez-tez sinif yoldaşı Sveta ilə görüşür, kanalın kənarında əl-ələ gəzir, meşədə moruq kolunun yaxınlığında oturub öpüşürdülər. Yuxudakı bütün hadisələrin iştirakçısı yalnız ikisi olurdu.
   Bunlar yuxuda gördükləri idi. Həyatda isə vəziyyət fərqli və rəngarəng idi. Qarabəniz siması, eyni zamanda fərqli aksentdə danışığı ona qarşı marağı bir qədər də artırırdı. Məktəbdə qızların diqqətini cəlb etdiyindən yaşıdı oğlanlar ona bir qədər qısqanclıqla yanaşırdılar.  
   Sveta əksər qızlar kimi sarışın olsa da başqalarından fərqlənirdi. Hər halda, o belə düşünürdü. Bəlkə də buna səbəb qısa saç düzümünün dəbdə olduğu bir vaxtda onun uzun saçının olması idi. Uşaqlıqdan fantastik ədəbiyyat həvəskarı X. qızı su pərisinə bənzədirdi.
   Bir gün dərsdən sonra Sveta qarabəniz bir qızla ona yaxınlaşdı.
- Tanış ol, - dedi, - yerlindir. – Məktəbə təzə gəlib, həm də qonşuyuq.
- Yerlimdir? – X. bir qədər təəccübləndi. 
- Qroznıdanam, - Mariya X.-nın təəccübünü anlamışdı deyəsən.

   Beləcə, onların dostluğu başladı. Iki qız və o. Bir də dostluq elədiyi Volodya vardı. O da onlara qoşulurdu hərdən. Hərdən ona görə ki, bir-birindən tez-tez küsürdülər. Bəzən qızların yanında belə sözləri düz gəlmirdi. Əslində, Volodya ikilikdə olanda daha mehriban davranırdı onunla. Evinə dəvət edirdi, onlara gəlirdi. İlk rus ailəsi ilə yaxından tanışlığı da elə Volodyagildə olmuşdu. Valideyinləri içkiyə meyilli olsalar da, ona nəvazişlə yanaşırdılar. Hətta bir dəfə X. Volodyanın atasının içkili vəziyyətdə öz evində bir kişi ilə davasının da şahidi olmuşdu. Amma nədənsə anası o kişini müdafiə edirdi. Hətta itələyib ərini mənzildən çölə çıxarması bir qədər təəccüb və marağına səbəb olmuşdu X.-nın. Üç sərxoşun davasının müəyyən məqamlarına gülməyini saxlaya bilməməsi Volodyanın diqqətindən yayınmamışdı və bir müddət onunla incik davranmışdı. 
   Elə ilk sevgi romantikasını da bu dostluq zamanı yaşamışdı. Deyəsən, Mariyanın ona olan isti münasibəti getdikcə Svetanı narahat etməyə başlamıdı. İlk görüşə də qız özü onu çağırmışdı. Qəribəsi bu idi ki, neçə vaxt dostluq etmələrinə, demək olar, hər gün görüşdüklərinə baxmayaraq, bu dəfəki görüş xəbərini hamının sevimlisi balaca İra çatdırmışdı ona: " Sveta deyir axşam tək gəlsin. Mən də tək olacağam”. Xəbəri həyəcanla qarşılasa da, sevinirdi həm də. Dərslərini hazırlayarkən tez-tez fikri yayınır, görüş anlarını təsəvvür edib sevinc qarışıq həyəcan keçirirdi. 
   Sveta vədinə əməl edib onu gözləyirdi. Özü də tək. Əvvəlcə əl-ələ tutub üz-üzə dayandılar. Svetaya bəzi komplekslər yad idi. Məsələn, görüşə qız gərək bir qədər geçiksin və yaxud gərək oğlan birinci ürəyini açsın və s. 
   Kanalın kənarında tək bir gözə dəyən vardı. Bir neçə yaşlı kişi balıq ovlayırdı. Kanala yaxın skamyalardan birində oturdular. Yenə qızın əlindən tutdu.
- Mariyadan xoşun gəlir? – Qız soruşdu.
- Hə. Ancaq bir dost kimi.
- Bəs başqa kimdən xoşun gəlir?
- Səndən.
- Dost kimi?
- Təkcə dost kimi yox.
- Bəs necə?
- Həm də qız kimi.
- Yalan deyirsən. Bütün oğlanlar belə deyir.
- Yalan demirəm.
- Sonra kimdən xoşun gəlir?
- Təkcə səndən. Lap elə gördüyüm gündən. Bəs sənin?
- Əvvəl bir sinif yuxarıda oxuyan biri vardı ondan xoşum gəlirdi. Səni görəndən sonra ona marağım azaldı. Sənin necə, əvvəllər xoşun gələn kimsə olub?
- Hə. Dördüncü sinifdə oxuyurdum. Özü də ilk dəfə gözlərinə vurulmuşdum.
- Sonra nə oldu?
- Bilmirəm. Əvvəl çox iztirab keçirdim. Sonra tədricən unutdum.
- Belə tez unudursan sevdiklərini?
- Yox. Saçlarına toxuna bilərəm? – X. birdən söhbətin səmtini dəyişdi.
- Hə.

Dodaqlar bir-birinə sıxıldı. Deyəsən, bu onların ilk öpüşü idi. Sonralar X. bütün ömrü boyu bu ilk öpüşü, su pərisinin təmasını, nəfəsinin hərarətini unutmayacaqdı. Yaşadığı şəhərdən fərqli olaraq, bu yerlərdə yeniyetmə qızla oğlanın dostluğuna, hətta görüşməsinə, elə öpüşməsinə də pis baxmırdılar. Amma oğlanın məmləkətində qızlara sevgi yasaq idi. Elə bil yalnız qızları sevmək olardı. Hansısa qızın sevgisindən xəbər tutsaydılar, söz-söhbətə səbəb olurdu. Amma buna baxmayaraq, hər yerdə olduğu kimi burada da bütün oğlanlar sevgi etirafı gözləyirdilər. Buna təsadüfən nail olanlar isə, özünü az qala qəhrəman hesab edirdi. Sanki bütün kişilər öz qadağalarının qurbanına çevrilmişdilər. Burada isə əksinə. Qız da, oğlan da sevgisini asanlıqla etiraf edə bilirdi. Nəinki etiraf edə bilirdi, onların görüşməsinə də ciddi maneə yox idi. X. artıq bütün bunları yaxşı bilirdi. Elə bildiyinə görə də özünü sərbəst hiss edirdi. 
   Gəzə-gəzə meşəyə yollandılar. Meşədə qızı arxadan qucaqlayıb əvvəlcə saçlarını öpməyə başladı. Sonra dodaqlarını boynuna toxundurdu. Qız azacıq müqavimət göstərib oğlandan aralandı və çevrilib qollarını onun boynuna doladı. Oğlan onun belini qucaqlayıb çəmənliyə yıxmağa cəhd göstərsə də, qız oturmaqla kifayətləndi. Beləcə, meşədə xeyli oturub öpüşdülər. Ayrılmaq istəmirdilər. Bunu hər ikisi hiss edirdi. Hava qaralanda Sveta getmək lazım olduğunu söylədi.
   Əl-ələ evə yollandılar. Uzanan və döngələrdə yoxa çıxan meşə cığırı qarşıda onları gözləyən dolanbac həyat yolundan xəbər verirdi sanki. Hər halda, X. belə düşünürdü.
- Bu səndə birinci dəfə idi? – Qız soruşdu.
Istədi bir qədər lovğalansın, amma yalana vərdiş etmədiyindən dedi:
- Hə. Bəs səndə? 
   Səsinin ahəngindən qısqandığı qızın nəzərindən qaçmadı. Bu, qızın xoşuna gəlsə də, amma o da bir qədər nazla düzünü söylədi:
- Elə məndə də.
- Yenə görüşəcəyik?
- Baxarıq.
Bu cavabı ilə qızın naz etdiyini yaxşı anlayırdı X.

   Beləcə, demək olar, hər gün eyni vaxtda görüşür, alaqaranlığa qədər gəzib əylənirdilər. Arabir dostlar onlara qoşulsalar da tez də ayrılırdılar. Mariya və Volodya da görüşməyə başlamışdılar. Bu da, əslində, onlara sərf edirdi və dostların xətrinə dəymədən tez-tez ikilikdə qalmaq imkanı qazanırdılar. Artıq onların sevgi məcarasından az qala bütün məktəbin xəbəri vardı: " Gözəlçə Su Pərisi Qarabala ilə görüşür”.
   Elə fərqli mədəniyyətlə ilk ən yaxın tanışlığı da Svetanın ailəsi ilə təmasında baş verdi. Bu tanışlıq onun dünyagörüşünün, müxtəlif millətlərdən olan insanlara münasibətinin formalaşmasında ona yardımçı oldu. 
   Svetanın anası çox yaraşıqlı mehriban bir qadın idi. X.-ya nəvazişlə yanaşar, daim onları nəyəsə qonaq edərdi; bişirdiyi piroqlar, mürəbbəli çay, hazırladığı buterbrodlar X.-nın xoşuna gəlirdi. Atası isə bir qədər sərt adam idi. Düzdür, hər dəfə oğlanı görəndə salamlaşsa da, qızı ilə dostluğundan bir o qədər də məmnun olmadığı hiss olunurdu. Tez-tez qonaqlar olardı bu evdə. Amma bu qonaqlar Volodyagildə olan qonaqlardan fərqlənərdi. Qədərincə içər, müxtəlif movzularda söhbətlər edərdilər. Bəzən X. da söhbətə qoşulardı. Bu alicənab əmi və xalalar Svetanın bu qarabəniz dostuna sayğıyla yanaşardılar. Xüsusilə, oğlanın atasının elm adamı olması, özü isə yeniyetmə olsa da, bir çox movzulardan baş çıxarması ona qarşı diqqəti bir az da artırırdı. Oğlan da çəkinmədən bəzən diskusiyalara qoşular, daha çox oxuduqlarına əsasən mühakimələr yürüdərdi. Bu mühakimələrin çoxu diletant səviyyədə olsa da, fikirlərinə hörmətlə yanaşar, üzə vurmazdılar. X. bunları sonralar başa düşsə də, hər halda, o müzakirələr həyatında müəyyən rol oynaya bildi. Bir tərəfdən atasının alim dostları ilə olan müzakirələri, bir tərəfdən də Svetanın yazıçı anasının yaxın çevrəsinin ədəbiyyat haqqında avanqard fikirləri onun elmi-yaradıcı taleyində mühüm rol oynadı. Sonralar daim yeniliyə can atan X.-nın elmi-yaradıcı mühitdə müxtəlif eksperimentləri yeni bir istiqamətin yaranmasına səbəb oldu.
       
   Amma bir gün hər şey dəyişdi. Sevgi dolu həyatına iztirab təşrif gətirdi. Özü də gözlənilmədən. Və bu iztirabın gətirdiyi sarsıntı ilə həyatının yeni mərhələsi başladı. Xəbəri ilk oaraq Volodya çatdırdı ona: "Qızlar kanalda batıb” – həyəcanla deyib kanala tərəf yüyürdü. X. da onun ardınca. Kanala çatanda iş-işdən keçmişdi. Mariyanı xəstəxanaya aparmışdılar. Sveta isə hələ də tapılmamışdı. Hərə bir söz danışırdı.
   Deyilənə görə, təzəcə hərbi xidmətdən qayıdan qonşu oğlan qızları motorlu qayıqla gəzintiyə dəvət edib və hadisə də elə gəzinti zamanı baş verib. Qayığı sürətlə sürdüyündən kanalın ortasında qayıq çevrilib. Kanal çox enli olduğundan sahilə qədər üzüb yetişmək o qədər də asan deyildi. Sveta üzməyi bacarırdı. Amma hər üzməyi bacaran bu işin öhdəsindən gələ bilməzdi. X. bunu yaxşı bilirdi. Elə bu da onun narahatlığını bir qədər də artırırdı.

   Şıdırığı yağış yağırdı. X. yaşadığı evin yanındakı ağaca söykənib dayanmışdı. Nə qədər dayandığının fərqində deyildi. Yağışın altında vaxt keçirməyi sevirdi. Buralarda tez-tez yağışlar yağırdı. O da yağışı sevirdi. Təkcə müşahidə etməyi yox, həm də yağışla təması. Ona toxunmağı, altında gəzməyi, dayanmağı, - düşünməyi. Qəribə hisslər oyadırdı yağış onda. Bəzən izaha gəlməyən. İndi isə əlacsızlıqdan dayanmışdı. Nə edəcəyini bilmirdi. Yağışsa döyürdü onu. Elə hey döyürdü. Birdən Sveta peyda oldu. O qədər gözəl idi ki... Əvvəlkindən də qat-qat gözəl. Amma qurşaqdan aşağısı balıq. Yağışda üzürdü. Üzə-üzə ona yaxınlaşdı. Üzündə təbəssüm. " Neçə saatdı dayanmısan burada, xəstələnərsən. Gəl gedək” – oğlanın əlindən tutdu. İndi o da su pərisinə qoşulub üzürdü. " İndisə get evə, get dincəl. Sonra görüşərik” – mənzilin kandarında ayrildi ondan. Ani peyda olduğu kimi, ani də gözdən itdi. 
- Mənim balam, - anası onu bağrına basdı, - tamam islanmısan. – Gəl paltarını dəyiş, hər şey yaxşı olacaq.
Artıq hamı hadisədən xəbardar idi. Anası ona təskinlik versə də kövrəldiyi aydın hiss olunurdu. Hönkürüb anasını qucaqladı: " Ana, Sveta kanalda batıb. Amma ölməyib, əsl su pərisinə çevrilib, - gözümlə gördüm”. Anası oğlunun qəribəliyinə bələd olduğundan, həm də təskinlik məqsədilə dedi:
- Elədir, oğlum, ölməyib.
- Sən də gördün? – X. ümidlə anasına baxıb soruşdu. – Məni kandara kimi ötürdü.
- Gördüm, oğlum, gördüm, - anası oğlunun ümidini qırmadı.  – İndi isə uzan, bir az dincəl.   
       
   Yuxuda eyni hadisənin təkrarını görürdü hər gün. Sveta iri bir su hövzəsində batır və bir müddətdən sonra su pərisi görkəmində qayıdır. Əvvəl X. onu tanımasa da, sonra onun Sveta olduğunu anlayıb sevinir və əl-ələ birlikdə üzürlər. Gah yağışda, gah da iri su hövzəsində. 
  Beləcə, hər gecə təxminən eyni yuxunu görürdü. Gündüzlər isə gözü hər yerdə onu axtarırdı. İlk təmasda olduğu qızı. Yuxuları bir müddət onun üçün təsəlliyə çevrilmişdi və onların nə vaxtsa gerçəşləcəyinə inanırdı. Ta atası xəstələnənəcən. Atasının xəstəliyi getdikcə şiddətləndiyindən Bakıya qayıtmağa hazırlaşırdılar. İkinci gözlənilməz zərbə atasının xəstəliyinin ciddi olduğunu anlaması oldu. Atasının xəstəliyinə sarsılsa da, bir tərəfdən buradan gedəcəklərinə sevinirdi. Əslində, o, çoxdan gedirdi buralardan. Su pərisini qərq etdiyi gündən gedirdi. Bu şəhərdən, bu şəhərdəki meşədən, bu şəhərdəki su kanalından, bu şəhərdəki məktəbdən, bu şəhərdəki dostlardan. Bu şəhərdəki hər kəsdən və hər şeydən gedirdi. İlk sevdiyi insanı itirdiyi gündən gedirdi.
   Gedənə qədər isə baş verən qəfil dəyişikliklərin gətirdiyi kədər həyatında yeni səhifə açmışdı. İlk şeirini yazmışdı X:
   
   İnsanlar bilməzdilər
   ölümün nə olduğunu
   birinci insan ölənə qədər.

   Onlarçün həyat vardı yalnız,
   sevgi dolu həyat.
 
   İnsanlar ölümü yox,
   həyatı tanıyırdılar,
   ayrılığı yox,
   vüsalı tanıyırdılar
   birinci insan ölənə qədər.


V

   Dayanıb dənizə baxırdı. Xəyalən ilk sevgisini yaşadığı, ilk sevgisini qərq etdiyi yeniyetməlik illərinə gedib qayıtmışdı. Min kilometrlərlə məsafə qət etmişdi xəyalən bir anın içində. Taleyində mühüm rol oynayan, ilk sevginin həzzini, ilk sarsıntının əzablarını yaşadığı illərə, bir də heç vaxt qayıtmadığı o böyük şəhərin o kiçik qəsəbəsinə, ömrünün orada qalan bir parçasına baş vurmuşdu xəyalən. İndi xəyal vasitəsiylə səyahət etdiyi, nə vaxtsa gerçək olmuş hadisələrə. 
   Təxminən on il əvvəl yaşadığı o gerçəklik ilə son günlər baş verən hadisələr arasında bir qanunauyğunluq axtarırdı. Gələcəyin, daha doğrusu, gələcək həyatının da keçmişi kimi hal-hazırda movcud olduğuna inanırdı. İnanırdı ki, gələcək hadisələr durmadan an-an yaxınlaşmaqdadır. Sahilə yaxınlaşan dalğalar kimi. Hər dalğanı bir hadisəyə, dənizi isə dalğaları sahilə ötürən azman zamana bənzədirdi. O qədər dərin fikrə dalmışdı yanında kiminsə dayandığından xəbəri yox idi.
- Bilirəm nə düşünürsən, - ecazkar səs onu fikirdən ayırdı.
Su Pərisinin gözlənilmədən yanında peyda olması çaşqınlığına səbəb olsa da, tez də özünü cəmləyə bildi:
- Nə vaxt gəldiyindən xəbərim olmayıb. Səni dənizdən gözləyirdim.
- Elə dənizdən gəlmişəm, - qız təbəssümlə dedi, - sən görmədin.
- Demək ani yox olduğun kimi ani də peyda olursan, - oğlan da təbəssümlə söhbətə davam etdi. – Deyəsən, belə şeylərə vərdiş etməliyəm.
- Hə, yaxşı olar, - qız söylədi, - bəlkə bir az gəzək, söhbət edək, vaxt azdır.
- Gəzək. Amma bilməzdim ki, su pərisi də vaxtdan qorxar.
- Niyə? Məkanı dəniz olanlar da zamandan qaça bilmir.

  O gün dəniz sahilində xeyli gəzdilər. Qız o qədər ecazkar idi; illər öncə yağışda üzən yarısı qız, yarısı balıq  gözəl kimi. Arada əlini əlinə aldı qızın; əlləri soyuq idi. Qız elə səksəndi, sanki birinci dəfə insan təmasını hiss edirdi. Üzünə baxıb əvvəlkindən də gözəl təbəssüm bəxş etdi ona. Elə qısıldı oğlana, sanki hər an hansısa qüvvə onları ayıra bilərdi. Əslində elə belə də idi. Onların görüşü hər an ayrlığa çevrilməyə məhkum idi. Bunu qız çox yaxşı bilirdi. Elə oğlan da. Amma bu kiçik vaxt ərzində bəlkə də illərin bəxş edə bilməyəcəyi səadəti yaşayırdılar. Bütün varlığı işığa bürünmüşdü X.-nın. Bu işığın ziyasını daha çox düşüncəsində hiss edirdi amma. Yalnız gözəl şeylər barədə düşünür, həyatın faniliyini vecinə də almırdı bu anlarda. Özündə hiss etdiyi sirr dolu sevgidən doğan tükənməz enerji ona gözəl gələcək vəd edirdi. Bu gələcəyin artıq həyatının mahiyyətinə çevrilmiş yaradıcı taleyində ona böyük uğurlar gətirəcəyini qeyri-iradi anlayırdı. Amma bunları şəxsi həyatı ilə bağlı söyləmək olmazdı. Seçdiyi tale bunu deyirdi. Elə indi yaşadığı bu əsrarəngiz anlar, inandığı gələcək bəsi idi. 
- Mən vədimə əməl etdim, - qız dilləndi, - sahilə çıxdım.
-   Səni gördüyümdən bu anı gözləyirdim, - X. deyib, qızın əlini oxşamağa başladı. Sonra dodaqlarına yaxınlaşdırdı. Qız bu təmasdan xoşhallanıb başını  oğlanın sinəsinə söykədi. X. nəvazişlə onun uzun sarışın saçını öpməyə başladı. O bir anlıq oğlanın qolları arasında donub qaldı. Bu vəziyyətdə üzü görünmürdü. Uzaqdan müşahidə edən olsaydı uzun saçdan savayı heç nə ayırd edə bilməzdi.
- Vaxtdır, - qız başını oğlanın sinəsindən ayırıb dedi.
Nəyin vaxtı olduğunu anlayan oğlan həsrətlə əsiri olduğu gözələ baxıb, başı ilə razılığını bildirdi.
- İndi isə gözlərini yum, - qız narahatlıq qarışıq şıltaqlıqla dedi, - suya girməliyəm.
Oğlan bir söz demədən əmrə tabe oldu. Yanağında öpüş hiss edən oğlan qeyri-iradi gözlərini açmaq istədikdə qız əlləri ilə onun gözlərini qapadı. Az sonra qızın səsini eşitdi:
- Hələlik, əzizim.
Oğlan gözlərini açanda qız artıq dənizə qarışıb uzaqlaşmaqda idi. Heç nə demədən onu gözdən itənə qədər seyr etdi. Yoxluğa çevrilməkdə olan qızın səsi dalğalara bürünüb ona sarı üzürdü:
- S a b a h  g ö r ü ş ə c ə y i k,  g ö z l ə y ə r s ə n.

Axşam eyvanda üzü dənizə oturub yazırdı: " Bədbəxtlik xoşbəxtliyin astar üzüdür, əslində. Bədbəxtlik – insanın xoşbəxt ola bilbmədiyi anlardır. İstəklərinin əsirinə çevrilən insan bu səbəbdən özünü daha çox bədbəxt hiss edir. Həyat – xoşbəxtliyə adda-budda rast gəlmək üçün qurulmuş yoldur. Xoşbəxtlik istəklərlə tərs mütənasiblik təşkil edir. Ehtimal nəzəriyyəsinin klassik düstürunun köməyi ilə bunu belə ifadə etmək olar: ...”.
   Artıq çoxdankı ideyası - fəlsəfi düşüncələrini riyazi qanunauyğunluqların köməyi ilə ifadə etmək istəyi bu gündən etibarən reallaşmağa başlayırdı. 

                                          
  

 VI

   Bu hadisəyə qədər dissertasiyasını uğurla müdafiə edib alimlik dərəcəsi almışdı. Alim dostları "Ehtimal nəzəriyyəsi” və onun müxtəlif sahələrə tətbiqi ilə bağlı elmi işlərinin gələcəkdə daha uğurlu nəticələrə imza atacağına böyük inam bəsləyirdi. Bu elmi yol, bir növ, atasından ona miras qalan bir yol idi. Atasını tanıyan alimlər də ona sayğı ilə yanaşır, köməklərini, tövsiyələrini əsirgəmirdilər. Amma əsas gösgtərici isə Allahın ona bəxş etdiyi istedad və əzmkarlıq idi. 
   Gənc olsa da, universitet elmi şurasının üzvü idi. Bu sahədə ölkədə mütəxəssis az olduğundan, təşkilati işlərdə də fəal idi. Dissertasiya işlərinə opponentlik edir, rəylər hazırlayırdı. İşlədiyi elmi-tədqiqat institutunda gənc alimlər üçün təşkil olunmuş seminarlara rəhbərlik edirdi. Bir sözlə, öz sahəsində perspektivli alim hesab olunurdu. Bütün bunlarla yanaşı ədəbi mühitdə şair kimi də tanınmağa başlamışdı. Tələbəlik illərindən şeirləri, esseləri dərc olunmağa başlayan X. özünə məxsus yeni təfəkkür tərzi ilə bacardıqca yorulmuş ifadələrdən, köhnə formalardan uzaqlaşmağa, yeni forma, məzmun sərgiləməyə can atırdı. Bu cəhdləri də, təbii ki, diqqətdən kənarda qalmırdı.     
   Elmi-tədqiqat işlərini davam etdirməklə yanaşı universitetdə dərs deyirdi. Bir gün kafedranın yerləşdiyi otağa yaxınlaşarkən qulağına tanış misralar dəydi. Çiynini kafedranın açıq qapısına söykəyib dayandı. Səfər müəllim onun şeirini oxuyurdu:
                                   Yenə də 
                                   əynimdə cinsi şalvar           
                                        saqqız çeynəyə-çeynəyə
                                        gəzirəm bu şəhərin küçələrində.

                                        Ehtimal nəzəriyyəsindən 
                                        dərs deyirəm universitetdə.
                                        
                                        Ehtimal eləyə-eləyə böyüyəcəm,
                                        böyüyə-böyüyə iyirmi il sonra da
                                        uşaq qalacam
                                        və 
                                          
                                        bir böyük uşaq 
                                        iyirmi il sonra da
                                        saatlarla dayanacaq 
                                        üzü yağışa.
   
   Birdən Səfər müəllim başını qaldırıb onun qapının ağzında dayandığını gördü. Digər kafedra yoldaşları isə onu görsələr də səslərini çıxartmırdılar.
- Bu da özü, gənc şair, – Səfər müəllim gülə-gülə dedi. – Ə, şeirin başına nə oyun açırsız siz.
X. gülümsəməklə kifayətləndi. Səfər müəllimə bələd idi. Bilirdi sözü üzə dik deyən bu adam iddiasız, səmimi adamdır. Belə danışsa da onu çox istəyir, hər yerdə onun istedadlı alim, həm də şair olduğunu söyləyir. Bir sözlə, az qala bu cavan oğlanın fanatına çevrilib. Hətta məclislərin birində onun şərəfinə ayaq üstə içməyi də təklif etmişdi. 
- Elə bir gülür də e... – Səfər müəllim ərklə davam etdi. – Ə, bir gün valideynlər gəlib universitetin qarşısında səni daş-qalaq eləyəcək, vallah.
- Neyləmişəm axı, - X. da gülən yoldaşlarına qoşulub söhbətin nədən getdiyini bilsə də soruşdu.
- Bəs bu nədi yazmısan, - Səfər müəllim oxumağa davam etdi:
                       
                        Sevgi pıçıldayım sənə,
                        yoxsa sevgidən keçib,
                        çönüb üzü divara
                        başlayım saymağa;
                        bir, iki, üç...              

  
      Beləcə, həm elmin, həm də şeirin şöhrətini yaşayırdı gənc yaşlarında. Televiziyaya, radioya dəvət olunur, bədii, elmi-publisistik verilişlərdə çıxış edirdi. Hətta onun barəsində televiziyada portret-veriliş də hazırlanıb efirə verilmişdi. Özü də bir neçə dəfə. 
 
                                              
  
      VII

   Birdən elmi işlərinin istiqamətini dəyişib fəlsəfi araşdırmalara başlaması  çoxları üçün gözlənilməz oldusa, bəziləri onun bu addımını adi qarşıladı. Çünki o, təbiətən, daha doğrusu, fitrətən düşüncə sistemində əsaslı dəyişikliyə səbəb ola biləcək bir nəzəriyyə yaratmaq üçün doğulmuş adam idi. Təfəkkür tərzi təkcə abstrakt elmlə məşğul olmaqla kifayyətlənə bilməzdi. Amma hansı sahədə çalışmasından asılı olmayaraq, riyazi təfəkkürü onun əsas silahı idi. İstər bədii yaradıcılığında, istərsə də fəlsəfi sistemini yaratmaq cəhdində. 
   Tələbə yoldaşı olan, sonra eyni elmi-tədqiqat institutunda bir şöbədə işlədiyi yaxın dostu elə belə də dedi: "Əvvəl-axır səndən bunu gözləyirdim”. Dostu bu sözləri dediyi vaxt  riyazi qanunauyğunluğa əsaslanan fəlsəfi əsərləri çap olunur, ədəbi sferalarda şeirləri, esseləri ilə öz üslubunu formalaşdıran modern şair kimi tanınırdı. Ziddiyyətli münasibətlərə baxmayaraq,  çağdaş ədəbiyyatda "düşüncə şeirləri” onu intellektual poeziyanın əsas təmsilçisi kimi tanıdırdı. Buna qədər isə, bir çox dolanbac yollardan keçməli, qəribə hadisələrin iştirakçısına çevrilməli idi. O hadisələrin ki, bunu özündən savayı kimsə bilməyəcəkdi. Çünki realizmin əsirinə çevrilmiş cəmiyyətdə kimsə onun reallıqla irrealığın kəsişməsində movcud olan fəzanın iştirakçısı, nəinki iştirakçısı, hətta qəhrəmanı olduğuna inanmazdı. O da xaraktercə ciddi adam olduğundan, bu məsələləri dilə gətirməklə özünü gülünc vəziyyətə salmağı qəbul edə bilməzdi. Bu fəzanın ona bəxş etdiklərini fəlsəfi və elmi-bədii şəkildə ifadə etməklə kifayətlənirdi. Əslində, ona lazım olanda elə bu idi. Yalnız ona məxsus bu aləmin bəxş etdikləri X.-nı xoşbəxt edirdi. 


VIII

   Su Pərisini gözləyirdi. İçi büsbütün sevgi ilə dolu idi. Bu sevgi gözəl qadınla təmasdan həzz almaqla yanaşı, bitib-tükənməyən yaratmaq ehtirası aşılayırdı ona. Hər görüşdən sonra yaranan fikirləri asanlıqla yazıya çevirib məntiqlə əsaslandıra bilirdi. 
   Nəyinsə astaca kürəyinə toxunduğunu hiss edəndə fikirləri pərən-pərən oldu.  
   - Bu da mən, - bu dəfə qız arxada dayanıb başını onun kürəyinə söykəmişdi.
   - Yenə gəldiyindən xəbərim olmadı, - oğlan sevincək başını arxaya əyib dedi. Elə bu vəziyyətdə də dayandı. Qızın təmasından bədəninə yayılan hərarəti ürkütmək istəmirdi.
   - Çünki həmişə olduğu kimi dərin xəyallara baş vurmuşdun. Nə fikirləşirdin belə?    
   - Səni. Fikirləşirdim birdən gəlməsən halım necə olar.
   - Necə olacaq, bir qədər darıxacaqsan, sonra hər şey ötüb keçəcək.
   - İnanmıram sən dediyin qədər asan olsun ayrılıq.
   - Niyə, az olub ki? Ayrılıqlara alışmısan – bilirəm.
   - Amma ayrılıqları heç sevmədim. Can atdığım ayrılıqları belə. Hər ayrılıqda ömrümün bir parçasının yaşadığını düşünürəm, - deyib astaca qıza sarı çevrilib onu qucaqladı. Gözəl bir rəsm əsəri alınardı bu mənzərədən; oğlan dəniz dalgalarına bənzər uzun qızılı saçı qucaclayaraq gözlərini yumub – yalnız qızın saça bürünmüş yaraşıqlı silueti görünür. Xeyli bu vəziyyətdə dayandılar.
   Qızı hər dəfə qucaqlayanda qəribə hisslər keçirirdi X. Elə bilirdi həm də çox sevdiyi dənizi ağuşuna alıb. Qız ecazkar gözəlliyi ilə həm də dənizə bənzəyirdi, dəniz qoxusu gəlirdi ondan. Bəzən də ondan dənizin məhrəm soyuqluğu süzülürdü oğlanın varlığına. Qəribəsi də o idi, bu dəniz-gözələ bütünlüklə sahib olmağa tələsmirdi. Təkcə ona görə yox ki, bu sirli gözəllik adiləşə bilərdi. Sadəcə, qızın bütün varlığı ilə bunu arzulamasını gözləyirdi. 
   Amma, deyəsən, qız onunla bir bədənə çevrilməyə tələsmirdi. Səbəbi isə tezliklə bilinəcəkdi.  
   İndi isə ayrılıq zamanı gəldi. Oğlan ayrılığa nikbinlik ahəngi qatmağa çalışdı: "Ayrılıqları sevmədim, heç sevmədim. Bütün sevgilərin sonu – ayrılıq, bütün sevgilərin sonu - göz yaşı”. Qız da eyni əhvalda davam etdi: "Ayrılıqları sevmədim, heç sevmədim. Göz yaşlarını sevdim ayrılıqlar gəldiyi zaman”. Qızın misraları tamamlaması onu azca təəccübləndirdi, doğrusu. Qızın təbəssüm dolu simasına, olduqca gözəl bu sima ilə bir harmoniya təşkil edən məsumluq dolu gözlərinə heyranlıqla baxıb, əvvəl gözlərindən, sonra üzündən və dodaqlarından öpdü.
Qız da eynən onun kimi hərəkət etdi. Oğlan heç nə demədən arxasını dənizə çevirdi. Bir an sonra dalğalar yenə ona sevgi məktubu gətirmişdi: " s ə n i  s e v i r ə m, ç o x  s e v i r ə m”.

   Ona çay gətirən anasının əlindən öpüb mehribancasına üzünə baxdı. Anasının getdikcə qürub etməkdə olan gözəlliyi nəzərindən qaçmadı; zaman hər şeyə qıyır, gözəlliyə də. Atasının vaxtsız vəfatından sonra bu gözəl qadın həyatını yalnız ona həsr etmişdi. Düzdür, belə məsələlərdə X. bir elə radikal movqe nümayiş etdirmirdi yeri gələndə. Kişi kimi qadının da hissləri var, o da öz taleyinin sahibidir – düşünürdü. Amma nə etmək olar. Öz həyatını kimə görəsə fəda etmək böyük dəyənat tələb edir. Belə olan təqdirdə bu fədakarlığın və dəyanətin qarşısında təkcə səcdə etmək qalırdı X.-ya. Anası əlini onun üzündə gəzdirib əyilib oğlunun başından öpdü və çəkilib getdi. Bilirdi ki, atrıq oğlunun tənha qalmaq məqamı yetişib.
   Sevgi nədir – sualına cavab axtarırdı X: " Bütün kainat artıq qeyd etdiyimiz kimi "Tələb - Düşüncə - İstək” modeli əsasında gerçəkləşib. Elə insan da. Bu modelin köməyi ilə sevginin asan və ağlabatan tərifini verə bilərik. Sevgi – kişi və qadının bir-birinə cinsi tələbinin düşüncə vasitəsiylə istəyə çevrilməsidir. Başqa canlılarda düşüncə iştirak etmədiyindən, bu tələb yalnız cinsi aktla nəticələnir. İnsana xas sevgi isə, estetik hadisədir həm də...”


IX

   Artıq bir neçə il idi Ofelya ilə dostluq edirdi. Daha doğrusu, sevgili kimi yaşayırdılar. Ana nənəsi ukraynalı olan bu gənc qadının bir qızı vardı. Əri avtomobil qəzasında həlak olmuşdu. Ədəbiyyat institutunda işləyən bu qadınla "Akademiya” bağında tez-tez rastlaşırdı. Sonra salamlaşmağa başladılar. Bir gün isə yaxından tanış oldular. Sonra isə tez-tez bir-birinin qonağı olurdular. Qadının anası da onu tanıyırdı. Amma X.-nın anası üzə vurmasa da, bu yaxınlıqdan bir o qədər məmnun deyildi. Alim oğluna normal ailə, övlad-uşaq arzulayırdı bütün analar kimi.
   Tanış olduqları ilk vaxtlarda müxtəlif kafelərdə görüşər, oturub söhbət edərdilər. Bir gün qadın zarafatla dedi:
- "Kafelər güncündə öldüm-dirildim” – hansı kafedi o elə?
- Oxumusan şeiri? – oğlan bir az təəccüblə soruşdu.
- Əlbəttə. Müasir ədəbiyyatla məşğul olasan, cavan şairlərin şeirlərini oxumayasan. Hələ tanışlığımıza qədər oxumuşdum. Çap olunan bədii yazıları mütəmadi təhlil edirik şöbədə. Həm də səni üzdən tanıyırdım axı.
- Yəqin xeyli tənqidlərə məruz qalırdı yazdıqlarım.
- Elə də yox. Ziddiyətli fikirlər olsa da, modern nümunələr kimi bəyənənlər də vardı şeirlərini. Klassik ənənələri müdafiə edənlər qəbul etmək istəmirdi. Təkcə səni yox, bu tərzdə yazılan bütün şeirləri.
- Bilirəm.       

Ofelyanın qızı da getdikcə isinişirdi ona. Birlikdə gəzməyə də çıxırdılar bəzən. Dörd yaşı vardı. Ağbəniz qəşəng qız idi. Uzun qızılı saçı kürəyinə dəyərdi. Anası belə istəyirdi, görünür. O qədər ünsiyyətcil adam olmayan X.-nın da qıza qanı qaynayırdı nədənsə. Həm də uşağın atasının olmaması səbəbindən, bacardıqca qayğısını qızdan əsirgəməməyə çalışırdı. O da hər görəndə X.-ya sarılar, mehriban münasibət gördüyündən doğma adam bilərdi onu. X. da onu "Su Pərisi” çağırırdı.
  Bir dəfə yayda qəsəbəyə qonaq gəlib bir neçə gün qalmışdılar. Qonşular uşaqlı qadınla dostluğunu birmənalı qarşılamamışdılar təbii. "Rus Əhməd uşaqlı qadınla evlənib deyəsən” – qonşu qadınlar bu barədə söhbət edərkən anası eşitmişdi. Bir qədər pərt olmuşdu. " Yox. Bir yerdə işləyirlər. Sadəcə, dostluq edirlər” – anası vəziyyətdən çıxmağa çalışmışdı. Yeniyetməlik illərində Rusiyada yaşadığına, həm də bir qədər sərbəst həyat tərzinə görə ona " Rus Əhməd” deyərdi qəsəbə sakinləri. Lap elə əvvəldən ərki çatanlar onu zarafatla üzü-üzünə belə çağırardılar. Yaxın qonşular, uşaqlıq dostları, qohumları çox vaxt ona elə belə də müraciət edərdi. O da inciməzdi. Ünsiyyəti bir elə sevməsə də, bu adamları çox istəyirdi nədənsə. Harada yaşamasından asılı olmayaraq, onlar üçün darıxdığını həmişə hiss edərdi. Vaxt tapan kimi də qəsəbəyə gələr, onlarla görüşərdi. Amma vaxtının çox hissəsini dəniz sahilində keçirərdi. Çimməyi elə də çox xoşlamırdı. O, dənizi çimərlik kimi deyil, elə dəniz kimi, doğma bir varlıq kimi sevirdi. Həm də dəniz sahilində daha yaxşı düşünə bilir, elmi-yaradıcı fikirlərinin, ideyalarının "əl-ayağını cilovlaya” bilirdi. Elə şəhərdə də vaxt tapan kimi dənizi ziyarətə gedərdi. Əsasən də tək gəzməyi xoşlayırdı sahildə.  Amma, təəssüf ki, dəniz çirkli olurdu buralarda. Söhbət dənizə axıdılan çirkabdan getmir təkcə. Həm də dənizin öz bətnində məskunlaşan nöyüt də onun bakirəliyinə xələl gətirirdi sanki. Sahilə qədər özünü yetirən mazut ləkələri dəniz gözəlliyinə və dəniz saflığına düşən ləkələr idi onun fikrincə. Şair təbiətli X.-nı dənizin iqtisadi səmərəsi düşündürmürdü, hər halda. O hər şeyi gözəl, estetik biçimdə görməyi arzulayırdı. Zahiri gözəllik qarşısında heyranlığını gizlədə bilmirdi. Ömrü boyu da gizlədə bilmədi və gözəlliyin əsiri olaraq qaldı.
       
   Qonaqlar gedəndən sonra anası narahtılığına son qoymaq və məsələni birdəfəlik aydınlaşdırmaq məqsədi ilə soruşdu:
- Oğul, fikrin ciddidir?
- Nəyi deyirsən, ana? – söhbətin nədən getdiyini az-çox anlasa da dəqiqləşdirmək məqsədi ilə soruşdu.
- Qızı deyirəm – Ofelyanı.
- Nə mənada?
- Evlilik mənasında.
- Hələ evlənmək fikrim yoxdu, ana. Buna hazır deyiləm. Həm də bəzi yuarımçıq işlərim var, onları tamamlamalıyam. Amma Ofelya ilə münasibətə gəlincə, ana, doğrusu, onunla mənə çox yaxşıdır. Çünki həm yaxşı qadın, həm də yaxşı dostdur. 
Bu cavabından sonra anası bir qədər rahatlanmışdı. Amma daha çox özünü elmə həsr edən oğluna görə isə, pərişanlığını gizlədə bilmirdi son vaxtlar. Elmə bu qədər bağlı olanların taleyindən xəbəri var idi. Vaxtı ilə ərinin çevrəsində olan dost-tanışlarının bir çoxunu tanıyırdı. Bəzilərinin yaşı əllini haqlasa da, ailəsi yox idi. Qəribə görkəmi, qəribə davranışı ilə bu adamlar onu təəccübləndirərdi bəzən. Baxmayar, əri də elə elm fədaisi idi. Amma ailəsini çox sevərdi. Onlara görə çox şeyi qurban verməyə hazır idi. Hər halda, ana heç kimi həyat tərzinə görə qınamazdı: "Hərənin bir taleyi var, onu da yaşayır. Hamı həyat haqqında eyni fikirdə deyil yəqin. Nə bilmək olar kim haqlıdır”. Bəzən insanlar haqqında belə də düşünərdi ana. 

X

   Həyat tərzinə görə nə dərəcədə haqlı olduğunu bilmirdi X. Bircə onu bilirdi ki, sevgisiz yaşaya bilmir. Həyatda daha çox sevməyi bacarırdı bəlkə də. Hətta səbəbsiz qəlbinə dəyən, həyatda ona mane olmaq istəyən adamlara qarşı da kin saxlaya bilmirdi. Amma ailə məsələsində tərəddüd edirdi. Fikirləşirdi ondan yaxşı ailə başçısı, yaxşı ata olmaz. Ona görə yox ki, bunu istəmirdi, sadəcə, bacarmayacağını düşündüyündən, belə bir addım atmaqdan ehtiyat edirdi. Belə olan halda necə üzərinə ailə məsuliyyəti götürüb kiminsə səadətinə mane olsun. Hesab edirdi ki, o, yalnız sevgidən güc alan yaradıcılıq üçün doğulub, buna görə də nəinki ailə məsuliyyətinin, ümumiyyətlə, həyatda başqa heç bir öhdəliyin altına girə bilməz.
   Doğma nəfəs hiss edib, xəyaldan ayrıldı. Qəribədir, artıq neçənci dəfə idi qızın sudan çıxıb yanında peyda olmasını hiss etmirdi. Düzdür, bu səhnəni görmək maraqlı olsa da, bir o qədər böyük əhəmiyyət də kəsb etmirdi onunçun. Əsas olan o idi sevdiyi gözəl yenə də yanındadır. Necə peyda oldu, dənizi nə vaxt, necə tərk etdi önəmli deyildi. 
   Sahildəki iri daşın üstündə bir-birinə qısılıb oturdular. Qızın həyəcanlı olduğunu hiss edirdi. Pərişanlığı da gözündən qaçmadı. Dalağı sancdı. 
        - Bəlkə bizə gedək? - oğlan da bir qədər həyacanla dilləndi.
        -  Yox, elə bura yaxşıdır, - qız təbəssümlə desə də kədərini gizlədə bilmədi.
        -  Sahildən uzaqlaşmaq çətin olar yəqin, - oğlan vəziyyəti anladığını biruzə vermək istədi.
        - Yox, müəyyən vaxtlarda çətin olmur, - qız dedi, - o məqam yetişəndə sənə qonaq olacağam. İndi isə belə yaxşıdır.
       - Olsun. Əsas odur sən yanımdasan.
Qız kədər dolu şəffaf gözləri ilə oğlana baxıb gülümsədi, başını təzədən oğlanın çiyninə söykədi. Oğlan məyusluğu aradan qaldırmaq üçün şən əhval-ruhiyyədə dedi:
      -Deməli, nə vaxtsa Su Pərisinin qonağım olacağına ümid edə bilərəm. Görən bu xoşbəxtlik mənə nə vaxt nəsib olacaq?
    -Bəlkə də tezliklə, - qız da eyni gümrahlıqla dilləndi. Amma xoşbəxtliyin ömrü qısa olur bəzən.
   -Bilirəm. Bəzən yox, xöşbəxtlik elə arabir ona rast gəlmək üçündür. Tez-tez rast gəlsək adiləşər, xoşbəxtlik olmaz ki.
   -Demək, buna da hazırsan, - qız sanki azca rahatlandı.
   - Özü də çoxdan. 
Qız qaxıb qollarını oğlanın boynuna doladı. İndi nisbətən şən görünürdü. Oğlanın gerçəkdən ayrılığa hazır olması azca sakitləşdirmişdi qızı. Amma ömürlük iztirabın nə olduğunu oğlan artıq bilirdi. Bilirdi ki, bir sevgi digərini əvəz etdiyi kimi, iztirablar da bir-birini əvəz edir. Bu iztirabları yaşamağı bacarmaq lazımdır. Nəinki yaşamağı, onlardan bəhrələnməyi də.

   Qızla görüşdən sonra yenə də eyvanda üzü sevgisinin və iztibalarının məskəni dənizə oturub, "Hərəkət” barədə məqaləsini yazırdı: " Hərəkət bir nöqtədən digər nöqtəyə keçid olaraq dəyişmə, çevrilmədir. Lakin bu dəyişmələr azalmalar, tükənmələrlə baş verir. Yəni hər bir hərəkətdən - hər bir dəyişmədən "ölüm” boylanır. Həyatda "sonsuz dövri mexanizm” movcud deyil və hər varlığı bir "yoxluq” müşayiət edir. Hərəkət – dəyişmələr olmasaydı monotonluq yaranar, hadisələr və varlıqlar donar, kainat böyük – sərhədləri görünməyən fotoya bənzəyərdi. O zaman bütün yaranmışlar yalnız bu böyük fotodan boylanardı...”

XI

   O böyük fotonun şahidi olmuşdu artıq. Çoxları üçün inanılmaz və qəribə hadisəni artıq bir neçə il əvvəl yaşamışdı. Deyəsən, şənbə günü idi. Yenə şair dostları ilə kafedə oturmuşdular. Bu dostlarla əlaqəni atasının tələbəsi olmuş, indi isə yaxın dostu Kərim yaradardı. Kərim ədəbi mühitdə artıq şair kimi tanınırdı. Bu məclislərdə adətən tanınmış şairlər, yazıçılar, tənqidçilər iştirak edərdi. Belə görüşlərdən biri idi yenə də. Söhbət həyatı, daha doğrusu, həyatın özünü bədii şəkildə qələmə almaq məharətindən gedirdi. Məclisdəkilərin əksəriyyətri hesab edirdi ki, bizdə daha çox qondarma, həyatdan uzaq mətnlər yaranır.
   -Belə mətnlər də daha çox tərcümə effekti verir, - Kərim dedi.
   Ədil etiraz etmək istədikdə Səmid ərklə ona təpindi:
   -Düz deyir də, məsələn, sən, heç vaxt olmadığın yerlərdən yazırsan. Parisi görmüsən, Paris həyatından yazırsan?!
   Ədil onlarla razılaşmadı.  
   -Dedikləriniz şərt deyil. Yazıçı istənilən hadisəni qələmə ala bilər. Kifayətdir ki, bədii həllini verə bilsin.
   Mübahisə çox uzandı. Nəhayət, qərara aldılar ki, hərə bir şeir oxusun. Növbə X.-ya çatdı. Hamıdan gənc olduğu üçün dostlar ona daha çox diqqət göstərərdi. Zahirən qaraqabaq görünsə də, xoşladığı adamlarla deyib-gülməyi, yüngülcə zarafatlaşmağı xoşlayardı. Qələm dostlarının hər birinin qəribə xüsusiyyətlərindən, onlarla bağlı müəyyən hadisələri yeri gələndə xüsusi yumor qataraq danışardı. Hər halda onun bu söhbətləri ayrı-ayrılıqda hər biri üçün maraqlı olardı və heç kim də ondan inciməzdi. İndi də yeyib-içməyə meyilli dostlarını vəsf  edən "Kafelər silsiləsindən” bir şeirini oxumağa başladı:
    
    Sonuncu qədəhi çəkdi başına,
    bir araqlıq ümid də öldü.
    Daha içə bilmədiyindən
    hara gedəcəyi barədə düşündü;
    tüstülü kafedən yağışlı küçəyə çıxdı.

     Sabaha islanmış ümidlər qaldı.

      Sabahın xeyirli olsun,
      köhnəlmiş ümidlər köməyin olsun,
      yolun hayanadı, mənə oxşayan?!

   Alqışladılar. Hamı söhbətin nədən getdiyini anlamışdı təbii, üstəlik yumoru da.
   -Adı, - Səmid ona belə müraciət edərdi həmişə, - özünü qoru, sən yaxşı şair olacaqsan, vallah. 
  -Qoy yaxşı alim olsun, - Tərlan dedi, - şairlikdən bir şey çıxmaz.   
  - Bu da həyatın özü, - Kərim gülə-gülə dedi. – "Sonuncu qədəh – bir araqlıq ümid”.
   - Nəinki həyatın özü, həyatın dibi, - Səmid əlavə etdi, - çalışmaq lazımdır, yaxşı şeir yazmaq çətindir, vallah, çətindir. Çoxuna asan gəlir şeir yazmaq.
   - Hətta yaxşı çəkməçi olmaq çətindir, nəinki yaxşı şeir yazmaq, - bayaqdan səbirlə qulaq asan tənqidçi, yaşca hamıdan böyük Nadir müəllim söhbətə müdaxilə etdi.

   Məclis həmişə olduğu kimi gec qurtardı. Dostlar görüşüb-öpüşüb ayrıldılar.
X. belə məclisləri sevirdi doğrusu. Elə bu adamları da. Vaxt tapan kimi də ən çox onlarla görüşə can atırdı. Bu adamlardan isə çox şey öyrənirdi. Həm yaradıcılığın sirlərini, həm də həyatı. 
   
   Elə qəribə hadisə də o gün baş verdi. Düzdür, X. üçün bu kimi hadisələrdə bir elə qəribəlik yox idi. Amma necə də olsa həmən gün qarşılaşdığı hadisə reallıqdan kənarlaşmalardan biri idi. Daha doğrusu, bu hadisə reallıqla irreallığın sərhədində baş verirdi. Çünki o, bu kimi hadisələrin iştirakçısı olduğu zaman real həyatdan tamamilə ayrılmırdı. 
   Evə çatıb yuyunduqdan sonra yatıb dincəlmək istəyirdi. Dostlarla görüşdən sonra əhvalı yaxşı idi. Hamamda güzgü qarşısında dayanıb saçını qurudurdu. Amma fikri dağınıq idi. Son vaxtlar ağlına gələn yeni ideya barədə düşünürdü. Bu, hərəkət barədə yeni düşüncələri idi. Düşünürdü, elə sürət əldə edilərsə ki, hərəkər, yəni yerdəyişmə zamana sığmasın o an insan digər ölşülərin movcud olduğu məkanlara səyahət edə bilər. İnsanın idrakının məhdudluğu ona üç ölçüdən kənarda movcud məkanlarla əlaqəyə imkan vermir. İdrakındakı bu məhdudluğu aradan qaldıra bilsə, zaman boyu səyahət də edə bilər. İstədiyi an keçmişə və gələcəyə baş vurar. Ona elə gəlirdi lap elə yaxında paralel aləmlər movcuddur ki, orada məkan ölçüləri fərqli olduğundan insan o məkanları müşahidə edə bilmir. 
   Birdən güzgüdə uzun bir yol peyda olub bir göz qırpımında onu ağuşuna aldı. Bir an sonra tamam fərqli Məkanın qonağı idi. O qədər ecazkar məkan idi gözəl rəsm əsərini xatırladırdı; hər şey hərəkətdən məhrum idi. İnsanlar cavan və yaraşıqlı idi. Sevgilər də azad. Amma, deyəsən, nə doğulan vardı, nə də ölən. Heç nə dəyişmirdi. Təkcə hərəkətdə olan X. idi. Hərəkətdə olduğundan bir narahatlıq hiss edirdi. Amma burada movcud iri rəngli fotonu xatırladan həyatı digərləri kimi o da yaşayırdı. Fərqli görünüşü başqaları üçün heç bir əhəmiyyət kəsb etmirdi. Hamı həyatı olduğu kimi yaşayırdı. Təkcə X. hərəkətdə idi. Amma hər yerdəyişmədən sonra da eyni vəziyyətdə olduğunu görürdü. Hər şey təkrarlanırdı. Buna təkrarlanma da demək olmazdı. Çünki o, yerdəyişmələrdə heç bir yeni vəziyyətlərdən keçmirdi. Hər vəziyyət özündən əvvəlkinin oxşarı idi. Doğrudan da, bu gözəl Məkan başdan-başa monotonluğa qərq olmuşdu.
 
   Gözəl bir sima ani peyda oldu. Belə mənzərələrə alışmıdı. Çünki burada olduğu müddətdə (vaxt onun üçün movcud idi) bütün ünsiyyətlər bir göz qırpımında baş verirdi, - sanki zamansız. 
   -Dəyişməzlik narahat edir sizi, - gözəl simanın fikirlərini anladı.
   -Hə, hər şey gözəl olsa da dəyişmir, - o da fikrindən keçirdi. Bilirdi ki, burada danışığa ehtiyac yoxdur. Ünsiyyət yalnız fikir vasitəsiylə gerçəkləşir.
   - Siz dəyişmələr üçün doğulmusunuz, istəklərin əsirisiniz, burada isə istəyə ehtiyac yoxdur.
   -Düzdür, çünki heç nə dəyişməyəcək.
   - Bütün yaranmışlar məkanı ilə birgə doğulur.
   - Biz həm də zamanla doğuluruq. Onun içində də yaşayıb ölürük. Siz isə fərqli -  zamansız məkanda yaranmısız. Özü də əbədi. Bizi isə əbədilik usandırır, onu çox arzulasaq da.
   -Ona görə də hərə öz məkanında yaşamağa məhkumdur.
 
   Bir an sonra yenə güzgünün qarşısında idi X. Sevinirdi. Nə qədər gözəl olsa da, o Məkandan tez də qurtulduğuna sevindi. Qayıdışı da ani oldu. Sanki heç zaman keçməmişdi. Amma o Məkanda xeyli hadisələrin iştirakçısı olmuşdu. "Axı orada zaman movcud deyildi” – düşündü.  


XII

   Neçə saat olardı dənizin kənarında idi. Su Pərisi görünmürdü. Artıq vaxt ötürdü. Hava da küləkli idi. Dalğalar sahilə çırpılır, yenidən geri çəkilirdi. Onunla sevgi dilində danışan dalğalar bu dəfə heç nə demir, yalnız öz melodiyasını ifa edirdi. Melodiya – yalnız xatirələri canlandıran, bir neçə gün ərzində baş verən gerçəyi xatirəyə çevirən. Əvvəlcədən ayrılığa mənkum sevginin melodiyası.  
   Evə qayıtdı. Darıxırdı. Son günlər yaşadığı həyatın bəxş etdiyi səadətdən qəfil ayrılmaq o qədər də asan deyildi. Bu ayrılığa əvvəlcədən hazır olsa da varlığını bürüyən kədərə heç cür qalib gələ bilmirdi. Eyvanda var-gəl edir, təsəlli üçün müxtəlif bəhanələr axtarsa da, məyusluğunu gizlədə bilmir, üzü dənizə dayanıb siqareti siqaretə calayırdı. Nisbətən sakitləşdiyini hiss edəndə fikrini cəmləyib yeni movzu üzərində işləmək qərarına gəldi: " İnsanlar çox vaxt darıxırlar. Nə ilə baş qatacağı, darıxdırıcı həyatın məyusluğu onları narahat edir. Kitab oxuyurlar, filmə baxırlar, gəzməyə gedirlər, yaradıcılıqla məşğul olurlar və sairə. Bəzən bu kimi məşğuliyyətlər də onları darıxmaqdan, məyusluqdan xilas edə bilmir. Sanki daim nəsə gözləyirlər. Gözləyirlər ki, hansısa bir hadisə baş verəcək. Ümid adlı hiss yaranır. Düşünürlər ümid etdikləri, istədikləri hansısa hadisə baş verərsə, sıxıntısı aradan qalxacaq, rahatlanacaq, xoşbəxt olacaq. Bu hadisədən az sonra yeni sıxıntı başlayır. Onu aradan qaldırmaq üçün yeni istək yaranır. Bu isə arzunun yaranmasına səbəb olur ki, arzular da bitib-tükənməyən, qapanmayan bir proses olaraq təzahür edir. Daim darıxmaq, sıxıntı, məyusluq ümid, arzu kimi hisslərin yaranmasına səbəb olur. Amma bütün hallarda insan daimi rahatlıq tapa bilmir. Nə üçün?
İnsan nəsə gözləyəndə həmişə darıxır, ona tez nail olmaq istəyir. Əslində, insan bütün fəaliyyətində sonu, nəticəni gözlədiyi kimi, "ömür adlı fəaliyyət”də də sonu – nəticəni gözləyir. O nəticəyə qədər məyusdur. T-nin (ilkin olan –substansiya) zərrəsi olan t (T-nin insanda olan hissəsi) sona can atır, örtüyü soyunmaq, azad olmaq, T-yə qayıtmaq istəyir. Necə ki, T özü də durmadan soyunmaqla məşğul olur, təzələnməyə can atır.
Beləliklə, darıxmaq – sona can atmaq, maddi bədəndən tamamilə azad olmaq istəyi sayəsində yaranan hissdir. Və insan bu hadisəyə qədər nə qədər uğura nail olsa da, darıxacaq”.  
   
   Fəlsəfi əsərinə daxil edəcək movzunu tamamladıqdan sonra yorulduğunu hiss etdi. Bir tərəfdən də bu gün yaşadığı iztirablar. Yorğun olsa da hiss edirdi ki, rahat yata bilməyəcək. Bir qədər dənizi seyr etdi. Çay gətirən anası xatırlatdı ki, yatıb dincəlsə yaxşı olar, artıq gecdir, sabah şəhərə qayıdacaq. Anası otağına çəkildikdən az sonra o da öz otağına keçib yatağa uzandı. Yaxşı hadisələr barədə fikirləşməyə çalışdı. Sınaqdan keçirmişdi. Belə vəziyyətdə yuxuya gedə bilirdi. 
   Əvvəlcə dəniz qoxusu dəydi burnuna. Sonra dənizin ona yaxınlaşdığını gördü. Dəniz gülümsəyirdi sanki. Hər ləpə bir təbəssümü xatırladırdı. Asta-asta yaxınlaşan dəniz tədricən onu ağuşuna almağa başladı. Bir soyuqluq hiss etdi. Lakin bu soyuqluq xoş hisslər yaradırdı onda. Dəniz tamamilə onu öz ağuşuna aldığı vaxt Su Pərisi peyda olub onu qucaqladı. Sonra əl-ələ üzməyə başladılar. Sanki uçurdular. Dəniz səmaya çevrilmişdi, onlar da səmada süzən cütlüyə. Soyuqluq tədricən hərarətə çevrilməyə başladı. Bütün bədənini çulğalayan hərarətin təsirindən yavaş-yavaş gözlərini açdı. Su Pərisi ona qısılmışdı. Daha möhkəm bir-birinə sarıldılar. Yenidən uçurdular...
   Yuxu ilə gerçəklik bir-birinə qarışmışdı. Bir də gözünü açanda səhərdən əsər-əlamət qalmamışdı. Yenidən gerçəkliyə qayıdığı zaman özünü yataqda tək gördü. Amma dənizin qoxusu otaqdan hələ də çəkilməmişdi. 
   Açıq pəncərədən düşüb dənizə tərəf yüyürdü. Su Pərisi onu gözləyirdi. Üzündə kədər dolu təbəssüm, əllərini uzatdı. Dənizə atılıb ozünü ona yetirdi. "İndi sən mənim qonağım ola bilərsən, yaxın gəl” – deyib qız onun əllərindən tutdu. Üzə-üzə bir qədər irəli – dənizin dərinliyinə doğru üz aldılar. Yenə də uçurdular sanki. Eynən yuxudakı kimi. Az sonra qız dedi:
- Hə, indi...
- Yox, - oğlan onun sözünü kəsdi, - heç vaxt.
- Mümkün deyil, - qız kədərlə davam etdi, - hərə öz məkanına çəkilməlidir əvvəl-axır. Yaşamağa və ölməyə məhkum məkanına.
- Onda mən dənizi seçirəm, - oğlan pərişan-pərişan dilləndi.
- Dənizi seçirsənsə, həm də balıq olmalısan.
- O zaman sən torpağı seç. Bunun bir yolu olmalıdır əvvəl-axır.
- Bu da mümkün deyil. Danışmışdıq axı. Ayrılığı əvvəldən qəbul etmişdik. Mənimçün də asan deyil. Axı biz cəmi bir dəfə sevirik. Bu sevgi həm də ayrılıq olur bizimçün. 
- Görünür, mən daha heç vaxt sevə bilməyəcəyəm. 
- Sən artıq başdan-başa sevgisən, inan mənə. Sevgi...

Bu da son. Artıq dənizdə tək qalan X. inandı ki, bu son görüş, əbədi ayrılıqdı. Demək, qız buna görə tələsmirmiş. Tələssəydi, tez də ayrılacaqdılar. Özü də əbədi. Çünki onlar bir dəfə sevirlər. Sevdiklərinə qovuşduğu an onların həm də ayrılıq anı olur. 

  
XIII

   Təzədən şəhər həyatına qayıtmışdı. Amma nəsə bir boşluq hiss edirdi həyatında. İlk vaxtlar məyusluğunu gizlədə bilmirdi. Yaxın ətrafı halındakı dəyişikliyi dərhal müşahidə edirdi. O da bunu fikirlərinin dağınıq olması ilə izah edirdi. Bu izahına inanmaq da olardı. Çünki daima axtarışda idi. Bunu dərc olunan son əsərlərindən də anlamaq mümkün idi. İstər elmi, istərsə də bədii yaradıcılığında. Əvvəlkindən də intensiv işləyirdi, əsərlərin məna dərinliyi də artmışdı. Eyni zamanda təfəkküründə baş verən dəyişiklik yaradıcıılığında yeni istiqamətə təkan verirdi.
   Münasibətlərindəki dəyişiklik Ofelyanın da nəzərindən qaçmadı. Sevgi münasibətlərində çılğın olan dostunun son günlər müşahidə etdiyi soyuqluğundan narahatlığını gizlətmədi. Hətta şəhərə qayıdan gün qadını axtarmamışdı. Hər halda, o, belə düşünürdü. Amma X. qayıdan gün bir dəfə onlara evə zəng etmişdi. Amma cavab verən olmamışdı. Doğrusu, sonra zəng etməyə həvəsi olmamışdı. Bütün günü evdə oturub, günün çoxunu, demək olar, xatirələrə xərcləmişdi.
  
   -Nəsə gözümə narahat dəyirsən, - Ofelya nədənsə birbaşa mətləbə keçmədi.
   -Yox, hər şey qaydasındadır, elə bir şey olmayıb, - X. dedi.
   - Yenə də - qadın gülümsəyərək soruşdu.
   - Vallah, hər şey qaydasındadır, sadəcə, bir qədər fikirliyəm. Elə bil beynim yeni fikirlərlə doludur. Lap dolu piyaləni xatırladır. Elə hey boşalmaq istəyir.
  - Bu yaxşıdır, hər halda, fikir tərəfdən korluq çəkmirsən bəzi adamlar kimi, - qadın yenə də qımışa-qımışa dedi.  – Amma baxaq o piyalədən süzülən nə olacaq.
   - Baxaq.
   - Bir söz də deyim incimə, yaxşı? – bu dəfə qadın bir qədər ciddi söylədi. – Özün bilirsən, səni çox istəyirəm. Sənin də məni istədiyini bilirəm. Buna baxmayaraq, istənilən vaxt həyatını dəyişə bilərsən. Çünki sənin kiminsə qarşısında bir öhdəliyin yoxdur.
     
Onun nə demək istədiyini yaxşı anlayırdı. İstədi qəsəbədə baş verən hadisəni açıb danışsın, amma özünü saxladı. Ona elə gəldi ki, bu sirr açılsa, o saflığa, o gözəlliyə xələl gələcək. Və bu hadisə də iştirakçısı olduğu digər qəribə hadisələr kimi sirr olaraq qalsa yaxşıdır. Bəlkə də o hadisələrin gücü elə sirlə örtülməsindədir, sirr örtüyü qaldırılsa, hadisələr gücünü itirəcək.

   Son günlər yenə tez-tez yuxular görürdü. Daha doğrusu, yaşayırdı yuxuları. Hər halda, belə düşünürdü. Yuxularının qəhrəmanı da Su Pərisi idi. Gah o qonaq gəlir, gah da X. suyun dərinliyində onunla qoşa üzürdü. Bu hadisələr son vaxtlar yaşadığı gerçək hadisələrdən heç nə ilə fərqlənmirdi. Bu yuxulardan sonra özündə bir yüngüllük hiss edir, əhvalı yaxşılaşırdı. Eynən Su Pərisi ilə qəsəbədə baş tutan görüşlərindən sonrakı gümrahlığı yaşayırdı yuxulardan sonra. Bu gümrahlıq bütün işlərində ona yardımçı olurdu. Bitib-tükənməyən enerji ilə yaradıcılığını davam etdirirdi. Yaratdığı mətnlərdəki qeyri-adiliyi, bənzərsizliyi və intellektual çalarları peşəkar mühitdə onun üslubunu qəbul etməyənlər də inkar etmirdi. Bu formatda yaranan əsərlər kütləvi zövqə uyğun gəlmədiyindən, bir elə populyarlıq qazanmırdı. Əslində X. heç kütləvi qəbul olunmanın arzusunda da deyildi.


XIV

   Su Pərisi ilə sevgi, sevinc, iztirab – tükənməz enerji dolu yeddi görüşü illər çoxdan xatirəyə çevirmişdi. Və illərin necə sürətlə keçib getdiyini yalnız dəyişikliklərin fərqində olarkən hiss edirdi X. Çox şey dəyişmişdi həyatda. Özü də nəzərə çarpacaq dərəcədə. 
   Elə Ofelya ilə tanışlığından nə az, nə  çox, düz iyirmi ildən artıq vaxt keçmişdi. İndi onları ehtirasdan çox bir-birinə olan hörmət bağlayırdı. Bu illər ərzində nə Ofelya onu tərk etmişdi, nə də o, Ofelyanı. "Zaman hər şeyə qıyır, gözəlliyə də – Ofelyaya baxıb ağlından keçirdi, - özünə baxan qadın olsa da, gör nə qədər dəyişib”.
  Ofelyanın qızı artıq böyüyüb, sözün əsl mənasında su pərisinə çevrilmişdi. Ucaboy, gözəl siması olan qızın sarışın saçları kürəyindən aşağıya uzanıb az qala bütün əndamına sarılmışdı. Doğma balası kimi sevirdi qızı. Ağıllı, savadlı bir qız idi Amalya. Qəribəliyi ilə də X.-ya bənzəyirdi, elə bir çox vərdişləri ilə də. Qız da onu çox sevirdi.  
   
  Yaxın günlərdə qızın davranışında baş verən dəyişikliklər nəzərindən qaçmadı. Qızın tez-tez xəyala dalması, bəzən məyusluğu onu narahat etməyə başlamışdı. Bunu, bir tərəfdən, anasının xəstəliyi ilə əlaqələndirsə də, başqa bir səbəbin olduğunu da anlamışdı. Tez-tez dəniz sahilinə gəzintiyə getməsi X.-da bəzi şübhələr yaratmışdı. Bu kimi halları qızın qəsəbəyə son səfərindən sonra müşahidə etməyə başlamışdı. Çünki əvvəllər qız dəniz sahilində gəzintiyə bir o qədər də maraq göstərmirdi. Dənizə marağı kimi qızın məyusluğu da artmışdı. 
   Bu yay üçlükdə qəsəbəyə getsələr də X. şəhərə tez qayıtmışdı. Yarımçıq işlərini tamamlamalı idi. İkisi – ana və qızı qəsəbədə iki ay qalıb dincəlmişdilər. Dəniz havasından sonra Ofelyanın səhhəti bir qədər yaxşılaşmışdı. Elə bil, onu son vaxtlar narahat edən ürək ağrıları azalmışdı. 
   X. isə son illər doğma qəsəbədə darıxırdı. Hara baxsa, anası ilə bağlı xatirələr ona qüssə gətirir, az qala uşaq kimi kövrəlirdi. Əvvəl anasının səsini eşidirdi, sonra özü peyda olurdu qarşısında. Gülümsəsə də, gözlərindən pərişanlıq yağırdı. Ad-sanı ölkə hüdudlarını aşan oğlu ilə fərəhlənən anasının məyusluğunu X. elə sağlığında yaxşı anlayırdı. İndi isə qəsəbədə hara baxırdı gülərüz anasının kədərli gözlərini görürdü. Hətta çox sevdiyi dəniz belə, onunla kədərli səslə danışırdı sanki. Bir vaxtlar bütün varlığı ilə bağlandığı dənizdən belə qaçırdı bəzən. Amma bu qaçış illərdi onu dənizə daha çox yaxınlaşdırırdı. Hər gediş yeni gəlişə yol açırdı. 
                    
- Qızım, nəsə son vaxtlar narahat dəyirsən gözümə, - X. bir gün nəzakətlə Amalyadan soruşdu.
- Yox, ciddi bir şey yoxdur, - qız gülümsəməyə çalışdı.
- Hər halda, biz dostuq, ürəyini aça bilərsən, sənə həmişə kömək etməyə hazıram, özün bilirsən.
- Bilirəm. Çox sağ olun, professor. Anama görə narahatam.
- Elə mən də, - X. Ofelyanın səhhəti ilə bağlı həkimlərin rəyini bilsə də, qıza heç nə deməmişdi.

Təəssüf, neçə il bağlandığı qadının ürəyi qurtarmışdı. Sözün əsl mənasında tükənmişdi Ofelyanın sevən ürəyi. Ofelya özü də vəziyyətini anlayırdı.  


 XV
  
   Amalya anasından sonra X.-ya daha çox bağlanmışdı. Elə o da qızı getdikcə daha çox sevirdi. Təkcə qızın son vaxtlar tez-tez müəmmalı şəkildə yox olması onu narahat edirdi. Bu ağıllı qızın hərəkətlərinə başqa don geyindirə bilməsə də, sevgiyə tutulduğunu anlayırdı. Axı o, sevgini yaxşı tanıyırdı. Bəlkə də kimsə sevgini onun qədər yaxşı tanıya bilməzdi. Hər halda, o, belə düşünürdü. 
   Gözləyirdi. Gözlədiyi kimi də oldu. Bir gün qızın etirafını eşitdi. Çaşqınlıq içində düşündü: ”Doğurdan da, təsadüfi heç nə yoxdu həyatda. Gör övladım olmasa da doğma övlad qədər sevdiyim bu gənc qızın taleyi necə də mənim taleyimə bənzəyir”. Məyus olsa da, qızın bu sevgidən qurtula bilməyəcəyinə əmin idi.        

   Çünki o, əsl sevginin nə olduğunu bilirdi. Əsl sevginin bir dəfə baş verdiyinə və əbədi movcudluğuna inanırdı. İnanırdı ki, əsl sevgi tükənməz enerji olaraq heç vaxt itmir, yalnız şəklini dəyişir. Elə bu əminliklə də həyatını başa vurmaqda idi. İllər bir-birini əvəz etdikcə sevgi dolu ürəyinin tükəndiyini daha çox hiss edirdi. "Ölüm mövcud deyil ki, ölüm şüurun məhsuludur, şüurdan kənarda ölüm adlı yoxolma mövcud deyil.  Movcud olan yalnız dəyişmələrdir” - gəldiyi son qənaətlərdən biri də bu idi. Və tükənən ürəyindən ətrafa yayılan zərrələrin hər birinin sevgiyə çevrilərək yeni həyat qazandığına əminliklə yalnız Məkanını dəyişməyə hazırlaşırdı X.    
  

XVI
 
 Amalyaya səhər həmişəkindən fərqli göründü bu gün. Elə dəniz də. Dəniz sahili aşıb qəsəbənin içinə doğru uzanırdı. Dənizin yaratdığı yeni sahil boyu tələsik addımlamağa başladı. Bir də dalğaların həzin-həzin çırpıldığı məzarın yanında dayandı. Sanki dəniz də bu məzarı ziyarətə gəlmişdi. 
       -Mən də bayaqdan səni axtarıram, Dəniz, - uzun sarışın saçları topuğuna   dəyən Amalya başını ucaboy oğlanın sinəsinə söykədi. Sonra başını qaldırıb kədərlə oğlanın üzünə baxdıqdan sonra baxışlarını məzara yönəltdi. Nəsə söyləmək istəyirdi ki, Dəniz onu qabaqladı:
     -O, mənim atamdır.                                              
                                      

                                   ... – 22.11.2013