Əliağa Vahidin 120 yaşı tamam olur

Əliağa Vahidin 120 yaşı tamam olur

Bu gün görkəmli şair, qəzəlxan Əliağa Vahidin doğum günüdür. 

1895-ci ildə Bakıda dünyaya gələn şairin 120 yaşı tamam olur. Ə.Vahid gənc yaşlarında Bakıdakı "Məcməüş-şüəra" ədəbi məclisində iştirak etmiş, Azər (İmaməliyev), Müniri və b. şairlərin təsiri ilə lirik şeirlər yazmışdır. 

Satirik şeirlərində ictimai nöqsanları, mövhumatı, zülm və haqsızlığı ifşa edib. "Tamahın nəticəsi" adlı ilk kitabı nəşr olunub. Əliağa Vahidin "Əsgər və fəhlə yoldaşlarıma", "Məktəb nə deməkdir", "Ucal, mələyim" və s. yazmış, "Kommunist" qəzeti, "Molla Nəsrəddin" jurnalı ilə əməkdaşlıq edib. 

"Kupletlər" (1924), "Mollaxana" (1938) kitablarındakı şeirlərində yeniliyə mane olanlar kəskin satira atəşinə tutulur. Böyük Vətən Müharibəsi illərində yazdığı əsərlərdə ("Döyüş qəzəlləri", 1943; "Qəzəllər", 1944 kitabları) Vahid Vətənə məhəbbət, düşmənə nifrət, qələbəyə inam hissləri təbliğ edirdi. 

Füzuli ənənələrinin davamçısı olan Vahid müasir Azərbaycan ədəbiyyatında qəzəl janrının görkəmli nümayəndəsidir. 

Qəzəlləri poetik dilinin sadəliyi, xəlqiliyi və ahəngdarlığı ilə seçilir, xanəndələrin repertuarında mühüm yer tutur. Nizami, Xaqani, Füzuli, Nəvai və başqalarının qəzəllərini Azərbaycan dilinə tərcümə edib. 

1965-ci il, oktyabrın 1-də dünyasını dəyişən şair Fəxri Xiyabanda dəfn edilib.

Edebiyyat.biz