Elməddin Nicat. Bu qərib alqışlar (ŞEİRLƏR)

Elməddin Nicat. Bu qərib alqışlar (ŞEİRLƏR)

SƏNƏ OLAN EŞQİM...

Səni öz adınla tanımadılar, 
Səni öz ruhundan ayrı sevdilər.
Sənə olan eşqim boyumu aşır, 
Çatmaz topuğuma qeyri sevgilər.

Biz harda itirdik dəyərli vaxtı 
Dünyada bir biri gecikib gördük.
Tutub yaxasından söyüm bu baxtı
Nə gündü yaşadıq, ömürdü sürdük?!.

Bizi aldatdılar xoş gün adıyla, 
Günümüz göyərdi, bir gün görmədik.
Dərd bizi ovutdu öz inadıyla
Olduq içimizdən sürgün, görmədik.

Bizi nəfəs kəsdi, qarğış əritdi, 
Bizi pis gözlərin nəzəri tutdu.
Könül qapımızı qoydu kilidli
Kimsə daş altında açar unutdu...

Barı, ürəyinin baş tərəfində
Adımı yazmağa ad yeri saxla.
Durmuşam gözümün yaş təfində,
Səni gözləyirəm gəl məni haqla...

*** 

Əllərimin içində
Ovcum acıxır sənsiz.
Gözüm yol kirələyir
Ürək tıncıxır sənsiz.

Bu fidan, şitil ömür, 
Şütüyüb itir ömür. 
Beləcə bitir ömür
Di gəl, can çıxır sənsiz. 

Gülüşün var bir əlçim 
Ay gözü göy göyərçin.
Dərd yeyir için için
Canım sınıxır sənsiz.

***

Dur sarıl boynuma
İçim atlanıb gedir
Bir qərib qaranlığa...
Adamlar soyuq soyuq 
Baxır üzümdə donmuş gülüşə...
Bu gün yenə gecikdim
İllərlə tələsdiyim sənli görüşə.
Köynəyim qırış
Saçlarım pırpız, 
Utanıb gələ bilmədim
Darıxdığım qız.
Məni yoldan ötürməz 
Adamların tənəli baxışları.
Bu gün yenə gözlərimlə
Qarşıladım bu qərib alqışları...
Yenə vaxtı unutdum
Bilmədim qatar neçədə keçir.
Məni ulduza tapşır
Di get yat gecə gecədən keçir...

PAYIZ QIZ

Bu payız sənə oxşayır, 
Saçların kimi yarpaqları sarı
Gözlərin kimi buludları göy...
Sıxır bulud gözlərini 
Ovcuna yarpaq tək düşür payızın...
Gərək adını dəyişib, 
Payız qoyam bu qızın!...

ŞƏKİLLƏR SAĞ QALIR...

Sən məni yaşayan xatirələrdə, 
Sən məni sağ qalan şəkillərdə sev...
Boylan ürəyimin pəncərəsindən,
Ömrü küçə-küçə çək illərdən...sev !

Saxla qar içində şəkillərimi,
Adını "darıxmaq" sərgisi elə.
Adımı dilinin ucunda unut,
Qəfil unudulanlar cərgəsi ilə...

Hardasan, gecikdin, ömür tələsir, 
Axşamdan sabaha ümid bir udum.
Səni doya -doya içimə çəkdim, 
Səni şəkillərlə necə unudum?!!!

PIÇILTI 

Bu günkü darıxmağın 
Adını sən pıçılda. 
Darıxan ürəyimin 
Qadını, sən pıçılda.

Di əyil qulağıma
Səsinin içi düşsün.
Dön könül qonağıma
Qəm bizə elçi düşsün.

Pıçıltından açılsın, 
Nərgizin eyni, üzü.
Oxuyan bülbülə bax
Car edir sevgimizi.

Boynunu bükmə belə
Durma bənövşə kimi.
Dərd dəyər ciliklənər, 
Ürəyim şüşə kimi. 

Sevgi dolu ümidlər, 
Tumurcuqda, puçurda.
Ürəyinlə sev məni,
Gözlərinlə pıçılda. 

***

Bu gecə pəcərəmdən
Özünü asdı külək.
Gözüm göylərdə qaldı
Bağrımda yandı ürək.

Bu gecə hamı yatdı
Sən də hamıdan qabaq. 
Elə süründü gecə
Çətin açıldı sabah.

Ev dolu adam ola
Səni tənhalıq çəkə.
Mənim tək darıxasan
Məni duyasan bəlkə.

İlahi bu gecədən
Ömrümə bir də yazma.
Sənə asi deyiləm
Əlimdən gəlir yazmaq.