Elmira Axundovayla Vaqif Mustafayevin səhvi

Elmira Axundovayla Vaqif Mustafayevin səhvi


Azərbaycanın Dövlət Mükafatı laureatı. Hər dəfə kimisə belə təqdim edəndə uzaq 1974 və 1976-cı illər yadıma düşür. Niyə iki tarix yazdım? Çünki atam şair Qabilin üç kitabdan ibarət "Nəsimi” poemasını o dövrdə iki dəfə bu mükafata təqdim etmişdilər. Birinci dəfədən ala bilməsə də, ikinci cəhdi uğurlu alınmışdı. Atam və ailəmiz üçün bu əlamətdar hadisəylə bağlı müxtəlif xatirələrim var.

Bu günlərdə atamın dostu, qələm yoldaşı və ən nəhayət qonşumuz Elmira Axundovanın "Heydər Əliyev. Şəxsiyyət və zaman” roman-tədqqiqat çoxcildliyinin Dövlət Mükafatına təqdim olunması xəbərini eşidəndə 1976-cı ildən yatıb qalan xatirələrdən biri yadıma düşdü.

Elmira Axundovanın bu əsəri müxtəlif idarə və təşkilatlarda geniş müzakirə olunur və bu çoxcildliyin mükafata layiq olduğu xüsusi vurğulanır. Mən də bu fikirdəyəm. Əminəm ki, sonda mükafat komissiyasının üzvləri də bu qənaətə gəlib, çoxlarının gözlədiyi və gözlədiyim qərarı çıxaracaqlar. Amma bu çoxcildliklə bağlı kiçik bir iradım var. Onu deməyə bilmərəm. Yəqin müəllif də mənimlə razılaşar.

1976-cı il

O dövr Azərbaycan SSR Dövlət Mükafatına müxtəlif bədii əsərlər, bədii film, müsiqi, heykəltaraşlıq, rəssamlıq nümunələri təqdim olunmuşdu. O cümlədən də atamın üç kitabdan ibarət "Nəsimi” poeması. Son etapda bütün əsərlər o vaxt Mərkəzi Komitənin 1-ci katibi Heydər Əliyevə təqdim olunur. O atamın üç kitabdan ibarət "Nəsimi” poemasını əlinə götürərək rusca bunları deyir: "Eto je ne poema, a tselaya biblioteka”. Nəticədə əsər mükafata layiq görülür. Sonralar isə 13 min misradan ibarət bu əsəri poema yox, mənzum roman adlandırılmağa başlayırlar. Deməli həm dövlət tərəfindən qiymətin alır, həm də adı məzmununa, möhtəşəmliyinə uyğunlaşdırılır. Belə bir fikir yarana bilər ki, "nə fərqi var, əsas məzmun, poetika, bədiilikdir ki, Qabil də bunu yaradıb, öhdəsindən gəlib. Ad texniki məsələdir”. Razı deyiləm.

VAQİF MUSTAFAYEV

Bu insana yaradıcı bir şəxs kimi böyük hörmətim var. Qismət olub cəmi iki ay yarım "Speys”in rəhbəri kimi də tanımışam. Yaradıcılığında bədii filmlər öz yerində, çəkdiyi sənədli filmlər toplusuna rəğbətim çox böyükdür. Hədsizdir desəm yanılmaram. Televiziya sədri kimi fəaliyyətini qeyd etmək istəməzdim. Çünki nə Azərbaycan, nə rus, nə də türk kanallarını izləyirəm. Yox, elə bilməyin ki, tənqidi fikirlərimi ortaya qoyacağam. Əsla. Lap belə fikirlərim olsaydı da yazmazdım. Çünki özüm AzTV-nin "şineli”ndən çıxmışam.Düzgün alınmaz.

Səbəb reklam və anonslardır. Bir verilişə düz-əməlli axıracan baxa bilmirsən. Mənim fikrimcə, lap qanunları, iqtisadi maraqları bir tərəfə qoyaq, bu cür iş üslubu ən birinci tamaşaçıya qarşı hörmətsizlikdir. Veriliş zamanı addımbaşı anonslar isə əlavə əsəb gərginliyi. Ona görə də üstünlüyü əsas kino və təbiət aləmini göstərən və kinonun, ya verilişin ortasına reklam soxmayan xarici kanallara verirəm.

Mayın 10-da əlimdə pult adəti üzrə kanalları sayırdım. "Space” kanalında sevdiyim sənədli filmlə rastlaşdım. Vaqif Mustafayevin Heydər Əliyev haqqında çəkdiyi sənədli filmlərlə. Birinə baxdım. Bitdi. Dərhal o biri başladı. O da bitdi. Digəri başladı. Hamısı da biri o birindən maraqlı. Sanki ilk dəfə idi ki, baxırdım. Səhv etmirəmsə on sənədli film. Sənətşünas deyiləm. Amma adı sənədli filmdir. Yəqin ki, bu adı bu filmlərə Vaqif Mustafayev özü verib. Bununla da böyük yanlışlığa yol verib. Vaqif müəllim sizin çəkdiyiniz bu inikal əsərlərin bircə adı var: KİNOEPOPEYA

Mahir Qabiloğlu
Modern.az