Elnur Astanbəyli. Gözəl günlərə bir ümidim var (ŞEİRLƏR)

Elnur Astanbəyli. Gözəl günlərə bir ümidim var (ŞEİRLƏR)

Mənim gözəl günlərə bir ümidim var... 

hələ hər şeyin sonu deyil, ey dost, 
ağacın yaşılı, göyün mavisi 
sünbülün sarısı qalırsa hələ;
çoban tütəyində, aşıq sazında 
yorğun havaları çalırsa hələ -
mənim gözəl günlərə bir ümidim var... 

çiçəklər açırsa quşlar ötürsə 
və buludlar, ey dost, 
buludlar yağırsa hələ; 
uzaqda bir ana 
arxamızca çayları, dənizləri
gözünə yığırsa hələ -
mənim gözəl günlərə bir ümidim var... 

ulduzlar göz qırpırsa hələ bizə 
və 
göylər 
yastı-yastı təpələrə qar dənələyirsə; 
axşam biz evə dönənə qızımız 
toppuş barmaqları ilə nar dənələyirsə 
mənim gözəl günlərə bir ümidim var... 

hələ hər şeyin sonu deyil, ey dost, 
günəş doğursa hər səhər 
qara dağların ardından; 
dünən də bir məktub aldıqsa 
köhnə sevgilinin adından 
mənim gözəl günlərə bir ümidim var...
                                   dekabr, 2017


Sancı

bu torpaq həmin torpaqdı
min il əvvəl olduğu kimi 
yenə... yenə nə əkirsən bitirir -
ağac əkirsən bitirir 
çiçək əkirsən bitirir 
buğda əkirsən bitirir 
bircə -
ona basdırdığın 
qardaşından başqa, 
bacından başqa... 

bu radio həmin radiodu -
həmin dalğa, həmin səs!
lap biz uşaqkən olduğu kimi 
yenə...  yenə qaranəfəs 
hər şeydən xəbər gətirir 
bircə - 
ölümün əlacından başqa...

bu yaz da həminki yazdı 
göy üzünün günəşi həmin 
yer üzünün gülüşü həmin
hər bahar olduğu kimi 
yenə... yenə bütün ağaclar 
yarpaqlayıb çiçəkləyib 
bircə -
babamın əl ağacından başqa...
                                  aprel, 2018


Qartopu


Nə yaxşı... 
                        nə yaxşı üz-üz gəldik! 
Nə yaxşı görüşdük on beş il sonra...
On beş il! 
                      – elə bil on beş gün idi.
Yadıma düşəndə içim sızlayır -
Ah, zalım, o çağlar nə gözəliydi, 
Nə xoş saat idi, nə xoş gün idi...

Ah, zalım, o çağlar nə gözəliydi, 
Necə şiriniydi, necə dadlıydı, 
Sevgi ünvanlıydı, sevgi adlıydı! - 
Bağrım başı göynər – 
                                düşdükcə yada... 
Bilməzdik kim yazıb, kim bəstələyib,
Dilmizin əzbəri bir mahnı vardı:
"Dünyanın xoşbəxti bizik dünyada!”... 

Nə yaxşı... 
                         nə yaxşı üz-üzə gəldik! 
Nə yaxşı görüşdük on beş il sonra...
Bir az mən qızardım, bir az sən, gülüm. 
Bu ayrılıq bitməz – 
                                       elə bilirdik,
Varmış sevginin də suqovuşanı –
Dəli Kür - məniydim, 
                             Araz - sən, gülüm... 

Varmış sevginin də suqovuşanı! 
Necə gözləyərmiş, 
                           - indi anladım - 
Bulaqlar çaylara, çaylar dənizə,
Dəniz okeana qovuşan dəmi...
Özün də bilirsən, ancaq heç biri,
Heç biri qovuşmaq istəməyibdi
Mən sənə qovuşmaq istəyən kimi... 

Nə yaxşı... 
                     nə yaxşı üz-üzə gəldik! 
Nə yaxşı görüşdük on beş il sonra... 
Sevincim - 
                        səhranın su sevincidi...
...Susduq dilimizi pişik yeyən tək,
Dindin handan hana: 
                            "O vaxt atdığın 
Qartopunun yeri hələ incidir...”
                                   oktyabr, 2012


Oktyabra  III məktub... 

("Oktyabra məktublar" silsiləsindən) 

Oktyabr!
Ağaclarından 
sarı-sarı yarpaqlar düşür yadıma
xatirələrim xəzəlləşir...
Dönüb bir də vuruluram yadımdakı o qadına
o qadının nə gözünə, nə qaşına vuruluram
o qadının göz yaşına vuruluram... 
"Kaş öləndə o ağlasın məni" deyirəm
sonra yenə vuruluram 
bu dəfə ən zəif yerimdən - 
qadın boşluğumdan...
üzüstə keçmişə dəyirəm 

Oktyabr!
Ağaclarından 
sarı-sarı yarpaqlar düşür yadıma
xatirələrim xəzəlləşir...
Dönüb bir də yıxılıram 
həyətimizdəki qara tutun başından 
dönüb bir də nənəm çatır dadıma
dönüb bir də nənəm öpür üz-gözümdən 
dönüb bir də nənəm çırpır üst-başımın tozunu
dönüb bir də nənəm deyir:
"ağlama, ağrın ürəyimə, ağlama,
ağlama, böyüməzsən yoxsa, 
böyüməsən, necə alım sənə 
kəndin ən gözəl-göyçək qızını?!"

Oktyabr!
Ağaclarından 
sarı-sarı yarpaqlar düşür yadıma
xatirələrim xəzəlləşir...
dönüb bir də məktub yazıram 
Heç Yer şəhərində 
Heç Kimin adına
yazıb oralardakı havanı soruşuram
güllərin açıb-açmadığını
suların axıb-axmadığını 
otların bitib-bitmədiyini
Tanrıların yenə bizi atıb-atmadığını 
və 
bir də 
dünən yola saldığımız 
durnaların çatıb-çatmadığını... 
Cavab gəlir:
"Xəttin oxunmur. 
Yarpaqları bir-birinə qarışdırmısan..."
Dedim axı, xatirələrim xəzəlləşir. 
Qocalıram, Oktyabr, qocalıram! 
                                     2 oktyabr, 2018