Elvin Paşa. Məni görsən qucaqla... (ŞEİRLƏR)

Elvin Paşa. Məni görsən qucaqla... (ŞEİRLƏR)

Üzü şimala, təəssüf!   

Yaxamdan tutub qışqırır,
nəfəsifimi kəsir,  ad, küçə, ölkə...
bir də "məsafə"ni əvəz edən
bir ömürlük bəlkə...

Ən doğma yerlər yadlaşır,
ən doğma baxışlar yad olur.
Avtobusdan qışqıran oğlanın
dilindəki ünvan da 
quruca ad olur.

Qırışlar əlifba sırası ilə düzülər 
alnından dodağına,
Xalın da bir maneədi
gözündəki ümidlərin qabağına.

Həmin küçələr, dalanlar da 
sökülüb gözün aydın
çıxıb getməzdin, 
yiyə çıxardın xatirənin 
hər daşına, yanlarında olaydın...

Daha eyni mənanı verir
bitişik də, ayrı da.
Nə cür yazılır yazılsın,
hətta ərəb dilində də
kədərlidi "Əlvida"

Ayrılıq kəlməsinə düçar olan adamlar
gözəl bilir necə çətinləşir,
udula bilən ən rahat loxmalar
"Sevgi"nin dilində danışmasan tez unudulur
Başqa dildə danışırmış,
özgə dili anlayırmış doğmalar.


Özünü inkarlar toru

Yaşamaq istəyən insanın gözündəki intiharı düşün.
Bir də intihar etmək istəyənin 
addımındakı ümidi...
Birində yaşamaq elə sənə baxmaqdı,
birində xoşbəxtlik min əsir geridi.
Nə hicridi nə miladi...

Gəlmək...
Gəlməmək...
"Mə" lərin ayırdığı 
özünü inkarlar torudu dünya.
Yaşamaq və ölmək arasında
qısaca sürünməkdi
borudu dünya...

...Gəl hər şeyi 
xəyalların Qrinviçindən başlayaq.

Yəqin arzuların ümidlərlə 
tərs mütənasib olan yerində
istəklər azalacaq, 
yollar qıfıllanacaq,
ümidlərin şkalası yüksəldikcə
arzuların sıfırlanacaq.

Mən sözünü "O" hərfinə dəyişək.
-Mən yoxam...
Bütün içimi əhatə etmiş "O" var.
O var deyə bilirəmsə
bir də mən varam deməyə 
hələ də ümid var...

***

...Saçlarına qurban olum,
saçlarını ağartma.
...Əllərinə qurban olum,
duaları unutma

...Gözlərinə qurban olum,
ha tərəfə baxırsan?
Dillərinə qurban olum...
Bilirsən ki gələrəm
hansı yoldan çağırsan.

...Ürəyinə qurban olum,
dərmanını içirsən?
...Baxışına qurban olum,
nəyin dərdin çəkirsən?

...Gülüşünə qurban olum,
necə gözəl gülüşdü.
...Ayağına qurban olum,
həyatımı dəyişdi.

...Kipriyinə qurban olum,
yanağında arzu var.
...niyə belə titrəyir
dodağında arzular.

Həyatına qurban olum...
Çox oynama ocaqla.
...Qollarına qurban olum,
məni görsən qucaqla

Allahına qurban olum,
aramızı qatırlar...
...Hərdən sən də qurban ol,
hərdən məni xatırla.