Emil Hacıyev – Dağınıq Adam (hekayə)

Emil Hacıyev – Dağınıq Adam (hekayə)

Hər şey bir yanlışlıq kimi başladı... 
Kapitalizmin çiçəklənən-qul bazarının hələ də mövcud olduğu illər idi. Həmişə olduğu kimi, yerimdən durmağa ərinirdim. Birtəhər yataqdan qalxdım. Eynəyimi taxıb, soyuducudakı kitabları yerbəyer etməyə başladım. Ac olsam da, tüpürcəyimi udmaqdan başqa çarəm yox idi.
İşsiz olmağın bir şeyi yaxşıdır ki, işə gecikmirsən. Səhərlər o ki, var yatırdım. Ancaq bu, hara qədər davam edə bilərdi ki? Axır-əvvəl iş tapmalı idim.
Əslində, iş çoxdur, ən azından fəhləlik edə bilərəm. Mənimsə başqa istəklərim var idi. Amma istəklərlə qarın doymurdu. Bir neçə iş elanı qeyd etdiyim dəftərimi, dərdlərimlə birlikdə çantama yığıb, küçəyə çıxdım.

 

Yolboyu insanlara nəzər yetirirdim. Sanki hamı qəbz olmuşdu. İçlərindəki hissləri, yığılıb qalaqlanmış sözləri hayqıra bilmirdi. 
Mən də əvvəllər gecə-gündüz dua edirdim. Dua edirdim ki, insan kimi yaşayım. Yaşamırdım. Sonralar bu qərara gəldim ki, yəqin Allahın da qulaqlarını pambıq, gözlərini neft tutub. 
Beləcə yoluma davam etdim. Birdən qarşıma eynəkli, üzüqırxılı, saçı səliqəylə daranmış, ayaq üstə səndələyən bir kişi çıxdı. Məndən siqaretini yandırmaq üçün alışqan istədi. Ona kibritimi uzatdım. Pencəyinin cibindəki balaca içki şüşəsinə gözüm sataşdı. Bəzən düşünürdüm ki, insanlar işsizlikdən əyyaş olur. Onunla bir az söhbət etdikdən sonra məlum oldu ki, o, həftənin 5 günü fəhləlik, iki gününü isə əyyaşlıq edir. Bu şəhər də dahilər ya fəhlədi, ya da çayxanada daş qaldırır. Mənə də fəhləlik etməyi məsləhət gördü. Başqa əlacım yox idi. Göz açmağa macal tapmamış bir də gördüm, əlimdə araba qum daşıyıram. Əslində, xoşbəxt idim. Bu gün on bir manat qazanacaqdım.

 

Nəhayət ki, iş günü qurtardı. Mağazaya girib çörək və s. ərzaqlar, bir də balaca şüşədə "qızıl üzük” arağı aldım. Evə doğru addımlayırdım ki, birdən ev sahibi əlimdəki arağı görüb anqırmağa başladı:

-Ay oğraş, araq almağa pul tapırsan, amma kirayə pulunu vermirsən, hə?! Şələ-şüləni yığışdır bas bayıra. Sabahdan bu evdə səni görməyim!

Sabahdan harda qalacağımı da fikirləşməli idim. Əslində, məni evdən qovmaqda haqlı idi. Çoxdandı evin aylığını vermirdim. Gərək araqdan ona da təklif edərdim, bəlkə onda bir az yumşalardı. Aldığım içki və yeyintilərlə boğmalandıqdan sonra, yatağıma uzanıb, örtüyü gəmirməyə başladım. Gəmirə-gəmirə yuxuya getmişdim.


Kimsə məni dümsükləyirdi:
-Dur ayağa, dur ayağa, səhər yeməyinə gecikəssən!
Gözlərimi açanda xəfifcə gülümsədim. Sən demə gördüklərim yuxu imiş. Nə ev sahibi var, nə iş elanları, nə də ki...
Əynimi geyinib, yeməkxanaya düşdüm. Yeməyimi götürüb, masaya əyləşdim. Yanımda oturan dostum Cəlilə yuxumu danışmağa başladım.

 

-Cəlil, gecə yuxuda gördüm ki, yenə dəlixanaya düşmüşəm. Təsəvvür edirsən, bu gözəl həyat qalıb burada, mən isə yenidən dəlixanadayam! Pahoo! Nə yaxşı ki, bu hasar, bu darvaza bizi o dəlixanadan qoruyur. 
Cəlil təəcüblə mənim üzümə baxırdı.
Yeməyimi bitirdikdən sonra həyətə çıxdım. Darvazaya gedən yolla iki fəhlənin arabada nəsə apardığını gördüm. Arxadan yaxınlaşaraq asta səslə:

 

-Nə edirsiz? –soruşdum.
Diksinib dayandılar. Bir qədər üzümə baxdıqdan sonra:
-Təzə lövhədir, köhnədə hərflər artıq oxunmur. Dəyişməyə aparırıq, -dedilər. Mən isə qabağa keçib, təzə lövhəyə nəzər yetirdim. Lövhənin üzərində gözümə iri hərflərlə yazılmış yazı sataşdı: "1 NÖMRƏLİ RUHİ XƏSTƏXANA”.

 

 

 


Emil Hacıyev