Emil Rasimoğlu. Unudun gözlərinizi... (ŞEİR)

Emil Rasimoğlu. Unudun gözlərinizi... (ŞEİR)

Vətənə söykənən saat
və 
qıpqırmızı əqrəbləri...

...Əvvəl 
içində süd dişi itkin düşdü,
sonra bir evin otaqları,
sonra da özü.

...ağaclar böyüdükcə məzarlara tərəf,
uzaqlarda
bir qız qarımağı sevdi,
bir güzgü özünə tamaşa etməyi,
bir Allahsa unudulmağı...
... Hələ
kağızların məktub kimi ölməyini demirəm,
hələ
sobadakı buludların azadlığından danışmıram...

...bir tərəfdə
heykəllər qapıları döydükcə
bayraqlar quşların qanadını tanıdı,
balıqlar dilənçilərin ovcunu,
analarsa öz bədənini.
Bilirsənmi,
adam öz bədənini tanıdığı gündən başlayar qış fəsli...

...və bir gün 
Vətənə söykənən saatın 
qıpqırmızı əqrəbləri 
bağışladı səngərlərin günahını...

...və 
saatın içindən
nə süd dişi tapıldı,
nə də evin otaqları.
Bircə 
özü tapıldı həmin adamın,
amma,
amma 
ayaqlarına qədər...
Dedi;
Unudun gözlərinizi, bir azdan səhər açılaq,
bir azdan darıxacaq göy üzünə atılmış siqaret kötükləri...