Ən çox yayılan TED çıxışı:

Ən çox yayılan TED çıxışı: "Sükut qorxunun qalığıdır"

Klint Smitsin "Təhlükəli sükut" adlı Ted çıxışı
 
Amerikalı şair, müəllim Klint Smitsin "Təhlükəli sükut” sərlövhəli çıxışı "Ted.com” saytının ən çox tərcümə olunan və izlənən video-rolikidir. Harvard Universitetinin elmi işçisi olan gənc müəllim "təhsildə söz azadlığının pozulması və bərabərsizlik” mövzusunda araşdırma işi aparır. 2013-cü ildən Merilənd İnsan Hüquqları Konsulluğunda müəllim işləyir. Durmadan özünüinkişaf üçün ixtisası üzrə dünyanın ən yaxşı universitetlərində təhsil alan Smits, 2014-cü ildə "Amerika Milli Tənqidi Poeziya” mükafatına layiq görülüb. "The New Yorker”, "The Guardian”, "Boston review”, "American Poetry Review”, "Harvard Educational Review” dərgilərinin oxunaqlı müəlliflərindəndir. Şairin TED-in "Təbliğ edilməli ideyalar” layihəsi çərçivəsindəki çıxışını təqdim edirik:
 
Martin Lüter 1968-ci ildə başlatdığı "İnsan Hüquqlarını Müdafiə” hərəkatı haqqında fikirlərinə aydınlıq gətirdiyi çıxışda deyib: "Bu mübarizənin sonunda biz düşmənlərin dediklərini yox, dostların sükutunu xatırlayacağıq”.

Bir müəllim kimi bu cümlədəki fikri daxili süzgəcimdən keçirdim. Hamımız çevrəmizdə hər gün irqi ayrıseçkilik, fiziki şiddət, soyqırımı və müharibə formasında reallaşan səssizlik manifestlərinə şahid oluruq. Dərs dediyim auditoriyalarda tələbələrimdən sükutla qarşıladıqları hadisələrin sonralar həyatlarında nələrə səbəb olduğunu şeirin dili ilə kəşf etmələrini və canlandırmalarını istəyirəm. Haqqında susmağa üstünlük verdiyimiz o boşluqların harada olduğunu görmək, onları doldurmaq, yeni ad vermək və bu susduğumuz şeylərin heç də utancverici olmadığını şüurlu şəkildə dərk etmək üçün tələbələrimlə birgə işləyirəm. Auditoriyada hər bir tələbənin, hətta "intim” hesab etdiyi şeyləri belə özünü tam rahat hiss edərək danışması üçün lazımi şərait yaradırıq. Bu xeyli vaxt alır, amma nəticə çox effektiv olur. İlk gündən yazı taxtasına şərtlərimi yazır və bütün iştirakçıların bu şərtlərlə razı olduğuna inandıqdan sonra, illik kursa başlayıram – "tənqidi yanaşaraq oxu!”, "şüurlu şəkildə yaz!”, "açıq-aşkar danış və nəticəsi nə olursa olsun, öz həqiqətini de”.

Bu şərtləri tərtib edərkən, son bəndin üzərində uzun-uzadı düşündüyümü, nədənsə tərəddüd keçirdiyimi hiss etdim. Şüurlu şəkildə başa düşürdüm ki, əgər onlardan açıq danışmalarını istəyəcəyəmsə, onda mən də öz həqiqətimi deməli və bunun öhdəsindən gələ bilmədiyim yerlərdə onlara qarşı dürüst olmalıyam.
 

 
Onlara uşaqlığımda mənə tənbeh edilən bir şeyə necə əməl etdiyimi danışdım. Mən Nyu-Orleanda katolik bir ailədə doğulmuşam. Məni Tanrının təkliyinə və müqəddəsliyinə inandığımı ona sübut etmək üçün dəyərli bildiyim, həzz aldığım bir şeydən üz çevirməli, bunların isə Tanrı naminə olduğuma inandırmışdılar. Tanrını inandırmaq üçün qazlı sulardan, "McDonald`s”dan, fransız öpüşündən və ondan sonrakı mərhələdən könüllü şəkildə imtina etdim. Amma niyə bilmirəm, özümə bir il də danışmaq qadağası qoydum. Tanrıya fəda ediləcək ən dəyərli şey səsim idi. Səsimi Tanrıya qurban verəndə başa düşdüm ki, mən öz səsimdən çoxdan yararlanmıram, istifadə etmirəm. Həyatımın xeyli hissəsini insanlara eşitməli olduqlarını demək yerinə, eşitmək istədiklərini deyərək yaşamışam. Belə davranarkən içimdə bir səbəb vardı – mən heç kimin vicdanının ölçüsü deyiləm. Çünki hələ özüm olmağı belə bacarmırdım. Məhz bu səbəbdən çox vaxt susurdum. Özümü tanıya bilməmək cəhalətimi səssizliyimlə ört-basdır edirdim. Halbuki, doğru olanın özünü isbat etməsi üçün sözlər lazım deyil. Kristian homoseksual olduğu üçün döyüləndə, görməzdən gəlib, olanların mənə dəxli yoxmuş kimi əlimi cibimə qoyub, başımı yelləyib yanından səssizcə ötüb-keçdim. Həftələrlə şkafımdan istifadə etmədim. Kiliddəki qıfıl bir küncdən mənə baxan evsiz adam kimi dururdu. Qulağıma onun görülməyə, eşidilməyə layiq olduğunu pıçıldayırdı. Onun yanından ötərkən dilimə vurulan qıfıla bənzədirdim bu qıfılı. Xeyriyyə tədbirində təşkilatçı qadın ianə toplayarkən: "Bu yoxsul, axmaq uşaqlara dərs demək çətindir, yəqin ki. Səninlə fəxr edirəm” – deyəndə ona cavab verə bilmədim. Çünki uşaqlara alınacaq almadan çox, "Apple”-min ekranına toxunduğum günü xəyal edirdim. Dilimi dişləyib cavab vermədim, çünki o qadının puluna, uşaqların bizə göstərəcəyi etimaddan daha çox ehtiyacım vardı.
 


İnsanların danışarkən dedikləri şeylərə o qədər diqqət veririk ki, dilə gətirmədikləri, demək istəmədikləri şeyləri duymağa, hiss etməyə nadir hallarda nail oluruq. Səssizlik qorxunun qalığıdır. Qüsurlarınız sizə "desəm, dilimi gilyotinlə kəsər” düşüncəsi aşılayır. Sükut köksünüzdən oğurlanan, içinizdən çıxıb xilas olmayan havadır. Ciyərinizə qayıdanda da sizə rahatlıq verməz. Susmaq Ruanda soyqırımıdır. Səssizlik Katrina qasırğasıdır. Ətrafınızda kimsə qalmayanda eşitdiyiniz səsdir. Artıq düyün düşmüş kəndirdir. Sizi içinizdən yandırıb-kül edəndir. Zəncirdir. Günahların üzərinizdəki imtiyazıdır. Yara kimidir. Əgər bir şey uğrunda mübarizə aparmaq sizin qarşınıza çıxıbsa, susmağı seçmək haqqınız olmamalıdır.
 
Susmağın dürüst davranmaqla bağlı məni tərəddüdə salmasına imkan verməyəcəyəm. Kristiana "sən haqlısan, istədiyin kimi yaşamaqda sərbəstsən” deyəcəm. Evsiz adamların gözümdə hərarət axtaran baxışlarından qaçmayıb, adlarını, günlərinin necə keçdiyini, kömək edə biləcəyim ehtiyaclarını soruşacağam. Çünki bəzən insanlar pul, kömək gözləmirlər. Sadəcə insan olduqlarını hiss etmək, insan kimi rəftar görmək istəyirlər. O qadına deyəcəm ki, mənim şagirdlərim ədəbi axınlar haqqında sərbəst müzakirə apara bilirlər. Deyəcəm ki, onlar haqqında heç nə bilmir. Ona görə də bu il heç nədən imtina etməyəcəm, heç nəyi qurban verməyəcəm. Dilimin altında mikrofon varmış kimi, utancaqlığım, qorxaqlığım bir teatr səhnəsində izlənirmiş kimi yaşayacam. Hər günümü sükutu pozaraq keçirəcəyəm. Bunun üçün sadəcə səsimizə ehtiyacımız var. İnanın ki, səssizliyi pozmaq üçün kürsüyə ehtiyac yoxdur.

Təşəkkürlər.
 
İngilis dilindən tərcümə edən: Elcan SALMANQIZI
artkaspi.az