Ən Müasir Azərbaycan ədəbiyyatı və Rəqsanə

Ən Müasir Azərbaycan ədəbiyyatı və Rəqsanə

İki gün sonra kitab təqdimatımdır. Qogenin ikinci qadını kitabının imza günü olacaq. Azərbaycanda elə yazarlar var ki, ən azı 5-6 kitabının imza mərasimində iştirak etmişəm. İndi həmin müəlliflər susur. Müasir Azərbaycan ədəbi mühitində oxucu davası gedir. Bir yazar digərini reklam etməkdən çəkinir. Paxıllıq duyğusu xeyirxahlığının qarşısını kəsir. Mən heç zaman kiməsə yalvarmamışam. Bundan sonra da qürurumu təhqir etmək, özümə, məqsədlərimə xəyanət etmək fikrim yoxdur. Yazarların kitabının fotosunu facebookda profil rəsmi edərək dəstək olmuşam. Bir yazarın eyni adlı kitabından 3-4 nüsxə alıb dostlarıma hədiyyə etmiş, müəlliflərə stimul vermək istəmişəm. Amma həmin yazarlar indi mənə əhəmiyyət vermirlər. Bilirəm ki, təqdimatıma da gəlməyəcəklər. Mənim dərdim onların imza günümə gəlib kitabımı almamaları deyil. Heç olmasa bir quruca təbrik mesajı yazmaq, imza günüylə bağlı sosial şəbəkələrdə paylaşımlar edərək dəstək ola bilərdilər. Təəssüf ki, ümidlərim doğrulmadı. Bu həqiqətlər mənə sübut etdi ki, tənhalığa çəkilmək, yalnız özün üçün yaşamaq, özün üçün yazmaq lazımdır. Kitab təqdimatlarını toy ssenarilərinə çevirmək doğru deyil. Azərbaycan ədəbiyyatında səviyyəli, ciddi ədəbi tənqidçi yoxdur. Azərbaycan ədəbi tənqidçiləri hər hansısa bir yazarı tənqid edəndə onun qohumluq əlaqələrinə baxırlar. Varlı qohumu varsa tənqid tərifə çevrilir və Azərbaycan ədəbiyyatı beləcə xoşbəxt olur. Mən heç harda işləmirəm, yüksək gəlirim yoxdur, kitabımın çapına lazım olan pulu da çətinliklə tapmışam. Ağladığımı düşünməyin, heç kimdən yardım ummuram. Kiminsə köməyinə ehtiyacım yoxdur. Sadəcə bu haqda düşünün. Real vəziyyət belədir ki, Azərbaycan ədəbiyyatı ciddi tənqidin və ciddi tənqidçinin olmamasından əziyyət çəkir. Bulvar romanlarının daha çox oxunmasında günahkar ədəbi tənqidçilərdir. Azərbaycan yazarları arasında səmimiyət azdır. Paxıllıq, kin küdurət, saxtakarlıq insanı bezdirir. İnsanlar öz egolarına məğlub olurlar. Əgər sayt rəhbəri olsaydım və yazıçılara qonorar versəydim, qapı-qapı düşüb imza günümə oxucu yığardılar. Azərbaycan yazarı bu qədər alçalıb, bu qədər dəyərsizləşib. Öz həmkarlarımdan xahiş və həm də tələb edirəm. Təqdimatlarınıza gəlməsi üçün insanlara yalvarmayın, gəlməyən cəhənnəmə gəlməsin. Bizim işimiz yazmaqdır, istər oxusun, istər oxumasın. Alçalmayın, bəsdir, özünüzü gülünc vəziyyətə qoydunuz. Müasir Azərbaycan yazarının vəziyyəti çox acınacaqlıdır. Dövlət pulları boş yerə xərclədiyi üçün Azərbaycanda debil insanlar yetişir. Ölkəmizdə debil yazarlar da yetişir. Onlar gecə-gündüz varlı yazar-şair axtarışına çıxırlar. Tapan kimi həmin insan haqqında, şərti olaraq Camal Feyzulla adlandıraq şanlı yazılar yazır və asanlıqla iş tapırlar. Bu kəslərin yaratdığı ədəbiyyat kimə lazımdır. Ədəbiyyat azad təfəkkür məhsuludur. Satılmış adamın fikri müstəqil ola bilməz.

Azərbaycan gəncliyinə satılmamağı arzu edirəm. İşdə müdirinə etiraz etməyə cəsarəti çatmayan adamlar gənc qələm adamlarından cəmiyyəti xilas etmələrini istəyirlər. Nə qədər axmaq fikirdir. Ziyalılarını kartof satmağa məcbur edən xalq həm də cidd elmi texniki tərəqqi tələb edir. Yazdıqca bütün faciəvi, kədərli faktlar yadıma düşür və daha çox əsəbiləşirəm. Təqdimat öncəsi bir daha dərk etdim ki, Azərbaycan xalqını gənc alimlər, yazarlar, aktyorlar bir tərəfə qalsın, Konfutsini, Buddanı, İsa Məsihi gətirsən, onlar da xilas edə bilməyəcək. Xilasa olan inamımı itirməkdəyəm və bunun ağrısını yaşayıram . Köşənin adının sonuna Rəqsanənin ismini yazdım ki, oxuyasız . . .