"Ənənəvi olmamaq orijinallıq deyilsə, bəs nədir?!" - Gənc şairdən cavab

Bir neçə gün əvvəl "Yarpaq.Az"-da gənc şair Tural Turanın ""2010-cular” nəsli-işıqlı imzalar” adlı məqaləsi yayımlanıb.

Yazıda müəllifin haqqında bəhs etdiyi imzalardan biri, gənc şair Fuad Cəfərli barəsində səslənən fikirlərə münasibət bildirib:

"Təəssüf ki, Tural Turan "2010-cular nəsli" ifadəsini ədəbiyyatımıza bədii tənqid baxımından çox zəif gətirdi. Düzdür, "2010-cular nəsli" ifadəsini ədəbiyyata gətirməsini alqışladığımı bildirmişəm. İndi də bu fikirdəyəm. Lakin istisnalar xaric, bu tənqidi yazının sadəcə adı və bizi bir ədəbi nəsil olaraq yada salması uğurludur. Təqdirəlayiq addımdır.

Hər filoloq şair (yazıçı) olmadığı kimi tənqidçi də ola bilməz. Düşünürəm ki, bu fikrimi Tural əfəndi də təsdiq edər. Yazıda cümlə özündən əvvəlki fikri inkar edir: "... Şerilərinin qəribə ahəngi və ruhu var. Orijinal misralara tez-tez rast gəlməsək də həyata və obyektə müasir baxış bucaqlarından baxa bilir". 

Şeirin ahəngi və ruhu qəribədirsə, deməli, ənənəvi deyil. Ənənəvi olmamaq orijinallıq deyilsə, bəs nədir?! Şairlərin yolu yalnız sözü (şeiri) bilməkdən deyil, həm də sözə, bədii portretə, tabloya fərqli nəzərlərlə yanaşmaqdan keçir. Həmin yanaşmada isə şair şeirə öz tərifini verməlidir. Mən bunu mütləq zərurət sayıram. Mənə görə şeir ən ali təhkiyədir. Yəni, söhbətdir. Əgər mənim Tural Turanın qeyd elədiyi kimi, ən ali təhkiyəmdəki qəribəlik, özünəməxsusluq monotonluq hesab ediləcəksə izninizlə, mən monoton olum.

Sonda Tural Turana təşəkkür edərək üzümü sizə tuturam, əziz tənqidçilərimiz; Tural Turan çörəkçi deyil, şairdir. Məsələyə də filoloq kimi yanaşıb. Rica edirəm, qoymayın "xəmir" təndirdə küt getsin. Günahdır axı!.."