"Ərəb səhrasında ölüm" - Abbasqulu ağa Bakıxanov haqqında kitab

Rusiya paytaxtında tanınmış azərbaycanlı yazıçı və publisist Əbdül Hüseynovun XIX əsrin görkəmli maarifçisi Abbasqulu ağa Bakıxanovun həyat və yaradıcılığından bəhs edən "Ərəb səhrasında ölüm" adlı kitabının təqdimat mərasimi keçirilib.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Nekrasov adına kitabxanada keçirilən mərasim Ümumrusiya Azərbaycan Konqresi və "Şəhriyar" ədəbi-mədəni Cəmiyyəti tərəfindən təşkil olunub.
Abbasqulu ağa Bakıxanovun 220 illik yubileyinə həsr olunmuş kitabın təqdimat mərasimini giriş sözü ilə açan ÜAK-ın məsləhətçisi Manaf Ağayev görkəmli maarifçinin Azərbaycan tarix elmi və ictimai həyatında oynadığı böyük roldan danışıb. 
ÜAK Rəyasət Heyətinin üzvü, "Azərbaycan Konqresi" qəzetinin baş redaktoru Rüstəm Arifcanov isə çıxışında Əbdül Hüseynovun ədəbiyyat sahəsində xidmətlərindən söz açıb. O, yazıçının öz ədəbi işlərinə böyük məsuliyyətlə yanaşdığını qeyd edib. 
Tədbirdə çıxış edən jurnalist, filologiya elmləri namizədi Anar Həsənov yazıçının Rusiya-Azərbaycan dostluğunda oynadığı rol barədə söz açıb. 
Kitab barədə ədəbi-tənqidi fikri isə filologiya elmləri doktoru Abuzər Bağlrov səsləndirib. O, "Ərəb səhrasında ölüm" kitabında Azərbaycan adlarının yazılışı ilə bağlı qeyri-dəqiqliyin olduğunu qeyd edib.   
Ümumrusiya Azərbaycan Konqresinin Hüquq Müdafiə Mərkəzinin rəhbəri Vladislav Şvetsov Əbdül Hüseynovun kitabının qəhrəmanının təkcə böyük maarifçi olmadığını, həm də öz əsrinin dahi insanı oldğunu söyləyib. 
Tədbirdə çıxış edən şair Əliş Qasımov və Sultan Mərzili Əbdül Hüseynova Azərbaycan mədəniyyəti və tarixinin Rusiyada təbliğinə görə təşəkkürünü bildiriblər. 
Mərasimin sonunda Azərbaycanın əməkdar artisti tarzən Qorxmaz Axundov və vokalistlərin beynəlxaq müsabiqəsinin laureatı Yevgeniya Sorokina tərəfindən musiqi nömrələri səslənidirilib.