Ermənilərin “Daş yuxular”dan danışmasına Əkrəm Əylislidən reaksiya

Ermənilərin “Daş yuxular”dan danışmasına Əkrəm Əylislidən reaksiya

Yazıçı "bu mövzuların mənə dəxli yoxdur” dedi; Mehman Əliyev romanın Avropada sənəd kimi istifadə olunacağını real saymır

Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) qış sessiyasında yazıçı Əkrəm Əylislinin "Daş yuxular” romanı yada salınıb. AŞ PA-da Azərbaycan nümayəndə heyətinin üzvü Qənirə Paşayeva bildirib ki, bir ay sonra Xocalı soyqırımının 23-cü ildönümü qeyd ediləcək. Onun sözlərinə görə, həmin soyqırımında bir şəhər yer üzündən silinib, yüzlərlə dinc insan, uşaqlar, qadınlar amansızlıqla qətlə yetirilib.

"Nədənsə müsəlman dünyasının xristian dünyasına qarşı böyük cinayətlər işlətdiyi haqqında danışanlar bu böyük insanlıq cinayəti haqqında susurlar. Bu cinayəti törədənlər hələ də qurumumuzun üzvü olan Ermənistanda rahatlıqla gəzirlər və ədalət qarşısında cavab verməyiblər. Ailəsi soyqırıma məruz qalmış insanlar sizi bu soyqırımı pisləməyə və bu insanlıq əleyhinə cinayəti törədənlərin ədalət qarşısında cavab verib, layiq olduqları cəzanı almaları istiqamətində səylərinizi artırmağa çağırır”.

Erməni deputatlar isə Xocalı soyqırımı ilə bağlı məsələnin yenidən gündəmə gətirilməsi cəhdinə qarşı çıxıblar. Q.Paşayevanın fikirlərinə Ermənistan nümayəndə heyətinin üzvü Hnmayak Hovanesyan Əkrəm Əylislinin "Daş yuxular” romanı ilə cavab verməyə çalışıb: "Burada Xocalıda hansısa soyqırım olması haqqında danışılır. Ancaq 25 il öncə Bakıda, Sumqayıtda ermənilər öldürülürdü, şəhərlərin küçələri qan gölməçələrinə dönmüşdü. Hələ də Azərbaycan rəhbərliyi bu olaylarla bağlı suallara cavab verə bilmir. Yeri gəlmişkən, bu olaylar Azərbaycanın xalq yazıçısı Əkrəm Əylislinin ”Daş yuxular" romanında çox geniş təsvir olunur. Həqiqəti yazdığına görə o öz ölkəsində ciddi basqılarla üzləşib".

AŞ PA-da Ə.Əylislinin kitabının əks-arqument kimi irəli sürülməsi belə fikir yaradır ki, ermənilər bundan sonra bütün beynəlxalq tədbirlərdə analoji addımı atacaq. Onların bu kitabı əks-təbliğat maşınına çevirəcəyi gözlənilir. "Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev isə "Daş yuxuları” oxumuş tanınmışlardandır. Onun sözlərinə görə, ermənilər cəsarət edib özləri haqda belə danışa və yaza bilməzlər. 

M.Əliyevin fikrincə, bu kitab sənəd kimi istifadə oluna bilməz: "Mən Əkrəm Əylislinin o kitabını oxumuşam. Bilirsiniz ki, bu roman trilogiyadır və yalnız bir hissəsində o hadisələrdən bəhs olunub. Kitabda əks olunan hadisələr Əylisli kəndində baş verib. Bizim yazıçı da bunu yazıb. Onu kim inkar edir ki? Söhbət ondan gedir ki, ermənilər bizə qarşı hansı vəhşiliklər ediblər? Bir erməni o vaxt qayıdıb dedi ki, biz özümüz haqda belə yaza bilmərik. Yəni onların xalq olaraq etiraf etməyə cəsarəti çatmaz. Bu gün Əkrəmin kitabını əldə bayraq etmək doğru deyil. Yazıçı bir ziyalı olaraq çağırış edib ki, mən yazdım, buyurun siz də öz etdiyiniz cinayətləri etiraf edin. Amma ermənilər hələ buna hazır deyil və kitabdan təbliğat kimi istifadə edib, bu əsərin sənəd olaraq qəbul ediləcəyi real görünmür”.

M.Əliyev hesab edir ki, bu kitab bədii əsərdi və azərbaycanlıların başını ucaldır: "Qoy ermənilər də hansı cinayətlər ediblər, onu yazsınlar. Onların Qarabağda, Xocalıda etdiyi vəhşiliklərin misli-bərabəri olmayıb. Sadəcə, Əkrəm Əylisli yazıb ki, iki xalq böyük siyasətin qurbanıdır. 

Yəni bizi siyasi proseslərə salıblar və xalqlar zərər çəkib. Bu gün Türkiyə də Ermənistana təklif edir ki, gəlin erməni soyqırımı iddiasını birlikdə araşdıraq, sizin tarixçilərinizlə təhqiqat aparaq. Ancaq ermənilər bu təklifi qəbul etməkdən qaçırlar. Çünki ermənilər buna getmək istəmirlər. Onun davamını da Əkrəm kitabındakı çağırışda təklif edib. Mən deyirəm, sən də gəl cinayətini söylə".

Müsahibimiz bu məsələdə avropalıların fərqli düşündüyünü bildirir: "Əgər ermənilər AŞ PA-da həmin kitabı misal gətirib bunu təbliğat naminə edirsə, avropalılar heç vaxt qəbul etməyəcək. Yəni bu gün dünyada belə fikirlər artıq işləmir, boşa çıxır. Biz də eyni işi görsək bu təbliğat işləməyəcək. Amma auditoriyalar fərqlidir. Rus auditoriyası var, Avropa var. Bunları nəzərə almaq lazımdır”.  

Məsələyə yazıçının özü münasibət bildirib. Ə.Əylisli modern.az-a açıqlamasında siyasətlə yollarını çoxdan ayırdığını deyib: "Demək olar ki, bu sahə ilə maraqlanmıram. Siyasi arenada cərəyan edən hadisələrdən danışa bilən çox adam var. İstər xarici siyasətdə, istərsə də daxili siyasətdə baş verən hadisələrdən özümü uzaq tuturam. 

Avropa Şurası Parlament Assambleyasında kim nə danışır, ona necə reaksiya verilir, bu mövzuların mənə dəxli yoxdur. Siyasətlə məşğul olan insanlar var. Hər bir məsələyə onların münasibət bildirməsi daha yaxşı olar".

Musavat.com