"Ermitajda Azərbaycana aid salonun olmaması məni narahat etdi" - MÜSAHİBƏ

Bugünkü müsahibimiz rəssam Çingiz Mehbaliyevdir. O, gənc olmasına baxmayaraq istedadlı rəssam kimi tanınır. Xatırladaq ki, keçən il Çingizin Macarıstanda fərdi rəsm sərgisi keçirilmiş, onun rəsmləri isə Macarıstan Poçt İdarəsi tərəfindən həmin ölkənin poçt markaları üzərində çap olunmuşdur. Hazırda isə rəssam Mehbaliyev Sankt-Peterburq şəhərində yerləşən İlya Repin adına Rusiya İncəsənət Akademiyasında təhsil alır. Biz də onunla bu və digər mövzular barədə söhbətləşdik.

 

- Sankt-Peterburq İncəsənət Akademiyası barədə ilkin təəssüratlarınız neçədir?

- İ.Repin adına İncəsənət Akademiyası dünyanın ən aparıcı incəsənət Akademiyalarından biridir. 250 illik tarixi olan bu Akademiyada təhsil almaq arzusu ilə dünyanın dörd bir tərəfindən rəssamlar məhz buraya can atırlar. Bu akademiya özünün klassik akademizm ənənələrinə sadiqliyi baxımından liderdir və Avropdakı əksər ali məktəblərindən irəlidədir. Bu ali məktəbin tələbələri dünyanın hər tərəfində rəğbətlə qarşılanır. Təkcə onu demək kifayətdir ki, Sankt-Peterburqdakı Dövlət Rus Muzeyində qorunub saxlanılan rəsmlərin 80 faizi məhz bu ali məktəbin məzunlarının əl işləridir.

 

- Çingiz bəy, Akademiyanın ümumilikdə əlamətdar xüsusiyyətlərini sadaladınız. Bəs bu ali təhsil olacağını bu qədər məşhurlaşdıran təhsil sistemi barədə nə deyə bilərsiniz. Tədris prosesinin hansı müsbət xüsusiyyətləri var?

- Tədris prosesinin əsas üstünlüyü əyanilik və ciddi intizamdır. Akademiyanın maddi texniki təchizatı da arzuedilən səviyyədədir. Təsəvvür edin ki, bu İncəsənət Akademiyasının özünün ayrıca kiçik atçılıq ferması var (təbəssüm etdi). Tələbələr canlı ata və at belində oturmuş modelə baxaraq rəsm çəkə bilərlər. Təbii ki, belə olan halda istənilən sərkərdənin at belində çox inandırıcı və canlı portretini çəkmək olar. Burada rəssamlar üçün insan bədən cizgilərinin tədris edildiyi xüsusi olaraq anatomiya auditoriyası var. Bundan əlavə Akademiyanın özünün ayrıca tarixi rəsmlərdən ibarət muzeyi var. Akademiyadakı digər maraqlı yer isə şüşəli emalatxanadır. Bu emalatxanada Akademiyanın bağında yerləşir, onun divarları və tavanı isə tamamilə şüşədəndir. Buna baxmayaraq Akademiyanın bir sıra mənfi xüsusiyyətləri var və hələ də qalmaqdadır.

 

- Məsələn hansı xüsusiyyətləri deyə bilərsiniz?

- Ilk olaraq onu deyim ki, burada bakalavr təhsili 6 ildir. Bu isə çox uzun müddətdir. Ola bilsin ki, Akademiya təsis olunanda insanların həyatı daha aramla gedirdi və bu normal müddət idi. Amma XXI əsrdə 6 il rəssamlıq təhsili üçün çoxdur. Bu müddət həm insanın ömrünü alır, həm də şəxsi yaradıcılığın inkişafına və şəxsiyyətin müstəqilləşməsinə mane olur. Digər mənfi xüsusiyyət isə burada "İncəsənət menecmenti” kimi müasir fənnin tədris edilməməsidir. Akademiya yaranan dövrlərdə belə bir anlayış yox idi, çünki, o vaxt rəsmlərin əsas sifarişçiləri hakimiyyət dairələri idi. Indi isə dövr dəyişib. Artıq hər bir insan evinin və ya ofisinin divarında rəsm görmək istəyir. Eyni zamanda isə minlərlə rəssam var və hər il on minlərlə rəsm çəkilir. Belə olan halda "rəsmi necə satmalı və necə daha baha qiymətə satmalı” sualı rəssamı düşündürən əsas suala çevrilir. Mən burada çoxlu istedadlı rəssamlarla tanış oldum və hiss etdim ki, burada onları dünya səviyyəsinə çıxaracaq incəsənət meneceri üzrə təhsil almış mütəxəssislərə ehtiyac var. Azərbaycanda olduğu kimi burada da bir sıra rəssamlar peşəkar İncəsənət meneceri ilə işləmək baxımından korluq çəkirlər.

 

- İştirak etdiyiniz kursda nə tədris olunur?

- Bizim qrupa pedaqoji fəaliyyətinə və yazdıqları dərs vəsaitlərinə görə Akademiya tərəfindən qızıl medalla təltif edilmiş professor Vladimir Moqilevçev rəhbərlik edir. Akademiyanın anatomik risunok üzrə müəllimi Mixail Yurieviç tərəfindən həftəiçi hər gün 2 saat karandaşla portret və insan bədəni rəsm çəkmək (risunok) tədris olunur. Yarım saatlıq fasilədən sonra isə 3 saat ərzində həmin Akademiyanın rəngkarlıq üzrə müəllimi Katerina Doroxova tərəfindən yağlı boya ilə rəsm çəkməyin sirrləri bizə öyrədilir. Bundan sonra isə dərs proqramına uyğun olaraq müxtəlif mühazirələr keçirilə bilər. Müəllimlərimizin hamısı Rusiya Rəssamlar İttifaqının üzvləridirlər və öz sahələrində kifayət qədər tanınan yüksək peşəkarlığa malik mütəxəssislərdir. Maraqlı cəhət burasıdır ki, bizim qrup bir vaxtlar məşhur rəssam İlya Repinin fəaliyyət göstərdiyi tarixi emalatxanada işləyir.

- Bəs, Sankt-Peterburq şəhərində tələbə həyatı necə keçir?

Tələbələrin istirahəti isə havadan asılı olur. (gülür) Hava yaxşı olanda açıq səma altında rəsm çəkməkdən zövq alırlar. Bu da öz növbəsində qeyri-rəsmi tədris prosesi deməkdir. "Bəyaz gecələr” isə yorulub əldən düşənən qədər rəsm çəkmək üçün əla fürsətdir. Tələbə həyatının digər əhəmiyyətli nüansı tələbə biletinin real qüvvəyə malik olmasıdır. Cibində Rusiya İncəsənət Akademiyasının tələbə biletini gəzdirən insan üçün Ermitaj və Dövlət Rus Muzeyi kimi muzeylərin qapısı tay-ba-tay açıqdır, tələbələr buraya tamamilə pulsuz daxil olmaq hüququna malikdirlər. Bununla bərabər tələbələr digər teatrlarda, kinoteatrlarda və muzeylərlərdə, o cümlədən mağazalarda endirimlər əldə edə bilirlər. Şəhərətrafı yerlərə gəzməyə getmək, idmanla məşqul olmaq və digər tələbə əyləncələri də öz yerində.

- Rusiyada rssamlıq sahəsində və ümumiyyətlə Sankt-Peterburq şəhərində azərbaycanlıların tutduğu mövqe barədə nə deyə bilərsiniz?

- Burada rəssamlıq sahəsində azərbaycanlıların mövqeyi kifayət qədər yaxşıdır. Ən azı onu qeyd etmək olar ki, Akademiyada demək olar ki, hər kəs Tahir Salahovu yaxşı tanıyır. Mənim də azərbaycanlı olduğunu biləndə müsbət qarşılandığımı hiss etmişəm. Bilirsiniz, məncə bu məsələ hər kəsin özünü necə təqdim etməyindən asılıdır. Xarici ölkələrə səfərlərim zamanı həmişə 3 əsas prinsipə riayət edirəm: - onların dilində (həm də düşüncə tərzində) danışıram, qayda və qanunlarına ciddi əməl edirəm, dinlərinə hörmət edirəm, gülərüz sima da öz yerində. Məncə bu üç prinsip dünyanın hər yerində keçərlidir, elə də Rusiyada. Bu Akademiyada hazırda təhsil alan həmvətənlərimizə misal olaraq isə Elşad Əhmədovu göstərə bilərəm. Düşünürəm ki, o, öz istedad və bacarığı ilə Azərbaycan rəssamlığında layiqli yer tuta biləcək.

- Ermitaj muzeyindən heç də xoş olmayan təəssüratlarla ayrılmağınız barədə "facebook"dakı profilinizdə geniş bir yazı yazmışdınız. Bu narazılığın səbəbi nə idi?

- Narazılığın səbəbi Ermitajda Qafqaz mədəniyyəti bölməsində Azərbaycana aid eksponatların Ermitaj muzeyi tərəfindən numayiş etdirilməməsi idi. Müqayisə üçün deyə bilərəm ki, gürcü və erməni eksponatları hazırda bu muzey tərəfindən nümayiş etdirilir. Məlum səbəblərdən bizim bir çox maddi mədəniyyət nümunələrimiz Rusiyaya aparılıb, buna baxmayaraq, Ermitajın daimi nümayiş olunan ekspozisiyasında Azərbaycana aid ayrıca salon yoxdur. Muzeydə nümayiş etdirilən VII-VIII əsrləri özündə ehtiva edən və Böyük İpək Yolunun keçdiyi yerləri göstərən "xəritə”də isə Azərbaycan ümumiyyətlə göstərilməyib. Bu da azmış kimi muzey bələdçisindən Azərbaycan eksponatları barədə soruşanda o, "Azərbaycan XX əsrin əvvəllərində yaranıb və bizim daimi ekspozisiyada Azərbaycana aid heç nə yoxdur” - dedi. Təbii ki, mən bir azərbaycanlı olaraq bu məsələni qulaqardına vura bilməzdim. Mən həmin muzey işçisinə onun öz məntiqindən və tarixindən çıxış edərək sübut etdim ki, o, yanlış fikirdədir. Və o sonda mənimlə razılaşdı. Bu mənim vətandaş mövqeyim idi. Amma yenə də düşünürəm ki, bu cür mənfi halların aradan qaldırılması üçün təxirə salınmadan lazımlı və ciddi addımlar atılmalıdır.

 

- Maraqlı müsahibəyə görə təşəkkür edirik və uğurlar arzulayırıq.

- Mən də sizə göstərdiyiniz diqqətə görə təşəkkür edirəm.



KULT.AZ