Əsəd Cahangir:

Əsəd Cahangir: "Ədəbi mühitdə qeyri-sabit, əlverişsiz hava şəraiti hökm sürəcək..."

"Təsadüfən, özüm istəmədən Yazıçılar Birliyinə gəlib çıxmışam”

- Azərbaycan ədəbi tənqidinin bu günündən razısınızmı?

- Adətən tənqidçilərə bu sual veriləndə öz peşələri olduğu üçün birmənalı şəkildə müsbət cavab verirlər. Amma mənə elə gəlir ki, əsl tənqidçi özünə bu və ya digər şəkildə dəxli olan suala da obyektiv cavab verməlidir. Nəinki razı deyiləm, hətta mənə elə gəlir ki, bu gün Azərbaycanda ədəbi tənqid yox səviyyəsindədir. Bunu xüsusilə o zaman hiss etdim ki, son illər özüm yazdığım, özü də kifayət qədər böyük həcmli iki poemaya hər hansı tənqidçi ciddi münasibət bildirmədi. Sanki bu poemalar yazılmamışdı. Bundan sonra mən şairləri və yazıçıları daha yaxşı başa düşməyə başladım və bu qərara gəldim ki, doğrudan da Azərbaycanda ədəbi tənqid yoxdur.

- 2009-cu ilin yekunlarına görə, "İlin tənqidçisi” nominasiyasının qalibi olmusunuz, bu barədə nə deyərdiniz?

- Bu, mənim üçün böyük bir şərəfdir, həyatımda çox sevindirici hadisədir. Xüsusilə ona görə ki, həmin il yaradıcılıq uğurlarım nə qədər böyük olsa da, buna uyğun olaraq üzərimə edilən hücum və təzyiqlər də bir o qədər kəskin idi. Təbii ki, tənqidçi öz fəaliyyətini gücləndirdikcə ona edilən hücum və təzyiqlər də artmalıdır – bu, məntiqi idi. Amma heç ağlıma da gəlməzdi ki, bütün bu təzyiqlərə baxmayaraq, elə şəxslər də tapıla bilər ki, cəmiyyətdə mövqe tutan bəzi insanların mövqeyi ilə hesablaşmayaraq, öz şəxsi mövqeyini ortaya qoya və insana qiymət verə bilər. Lakin mən bunu gördüm və elə məsələnin bu cəhətinə görə bu mükafat mənim üçün əzizdir. Mənim həyatımda çox mükafatlar olub. Son 10 ildə təxminən 10-a yaxın mükafatım və təltifim olub. Hətta onların arasında beynəlxalq mükafat da var. Ancaq Ələmdar Cabbarlı başda olmaqla, "Bizim söz” qəzetinin kollektivinin mənim əməyimə verdiyi bu qiymət, aldığım digər mükafat və ödüllər arasında müstəsna mövqeyə malikdir.

"Müxtəlif yollarla AYB-yə soxulmuş 4 istedadsız adamın mənimlə münasibətləri pisdir"

- Azərbaycan Yazıçılar Birliyi ilə hazırkı münasibətlərin nə yerdədir?

- Yazıçılar Birliyinin 1500 nəfər üzvü var, onun 1496 nəfəri ilə mənim münasibətlərim çox yaxşıdır. Yalnız 4 nəfər istedadsız, müxtəlif yollarla AYB-yə soxulmuş adamın mənimlə münasibətləri pisdir. Mən isə onlara tamamilə normal münasibət bəsləyirəm, nə olduqlarından aşağı, nə də yuxarı. Sadəcə, onlar özləri-özlərindən şübhəli olduqlarından, obyektiv münasibəti qəbul edə bilmirlər.

- Söhbət kimlərdən gedir?

- İstəməzdim bu məsələni böyük ictimai müzakirəyə çıxarım, ona görə də ad çəkməyəcəyəm. Onsuz da ədəbi mühitdə gedən prosesləri izləyənlər kimlərdən söhbət getdiyini yaxşı bilirlər. Kiminsə beyninə düşür ki, mən şair, tərcüməçi olacam, kiminsə beyninə düşür ki, mən tənqidçi olacam, kimsə elə düşünür ki, mən dramaturq və ya nasir olacam. Kimsə elə fikirləşir ki, nə bilim, mən kulturist... lənət şeytana, kulturoloq olacam. Bilirsiniz, nəyisə arzu etmək başqa şeydir, gerçəklik və imkan isə başqa. Onların bu arzuları həyata keçməmiş və heç vaxt da keçməyəcək iddia olaraq qalır. Çünki arzu o vaxt həyata keçir ki, imkan ona bərabər olsun. Bərabər olmadıqda isə elə arzu olaraq qalır və bəzən də çox eybəcər iddialara çevrilir. AYB-nin həmin o 4 nəfər üzvünün arzuları da – tənqidçi, tərcüməçi, yazıçı-dramaturq, kulturoloq-kulturist olmaq arzuları da hələ ki eybəcər iddia şəklindədir. Mən inanmıram ki, bu arzular nə vaxtsa gerçəkliyə çevrilsin.

- Ədəbi mühitin sabahkı "hava proqnozu” necədir?

- Heç yaxşı görmürəm... Ədəbiyyatımızda soyuq şimal küləklərinin əsəcəyini, həddindən artıq isti, yağmursuz günlər keçəcəyini, quraqlıq olacağını hiss edirəm. Hidrometroloji terminlərlə desək, qeyri-sabit, əlverişsiz hava şəraiti hökm sürəcəyini gözləyirəm. Gəlin açıq danışaq, artıq yaşlı nəsil, 30-cu, 40-cı, 50-ci illərdə ədəbiyyata gələnlər öz sözlərini deyiblər, pis də deməyiblər. Onların bəzisi artıq dünyasını dəyişib, bəziləri isə öz xatirələrini yazırlar. Bizim yaşıdlarımız, 90-cı illərdə ədəbiyyata gələnlər isə, öz sözlərini deyə bilmədilər, bir neçəsi istisna olmaqla. Artıq onların gəlişindən 20 il keçib, bu müddətdə onlar öz sözlərini deməli idilər. Lakin onlar hələ də 50 yaşında cavan rolunu oynamaq istəyirlər. Cavanlıq isə artıq keçib gedib...

- Bəs lap gənc, son illər ədəbiyyata gələn nəsillər haqqında nə düşünürsünüz?

- Onların da arasında bir-iki nəfər var. Bu yaxınlarda mən Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə keçirilən bir müsabiqədə münsiflər heyətinin üzvü idim. Müsabiqəyə 60-dan artıq müəllifin əsəri təqdim olunmuşdu. Bunların içində mənim diqqətimi cəmi bir imza cəlb etdi – gənc istedadlı şair Elvin Bakiroğlu. Əlbəttə, bir ədəbi nəslin içində bir-iki nəfərin seçilməsi çox az göstəricidir. Bilirsiniz, bir neçə ildir ki, Gənc Ədiblər Məktəbi sərasər fəaliyyət göstərir. Onlara qəzetlərdə, AYB-nin mətbu orqanlarında geniş yer verilir, ayda bir dəfə M.F.Axundov adına kitabxanada toplaşırlar, şair və yazıçılarla görüşlər keçirirlər. Onlar çox gənc yaşlarından, bəziləri hətta 15 yaşından AYB-yə üzv qəbul ediliblər. Onların böyük bir qismi Prezident təqaüdü alır, hansı ki bizim nəsil Prezident təqaüdü almaq üçün 10-15 il qələm çalmalı olmuşdu. Yəni bütün bu diqqətin, qayğının, geniş imkanların miqyasına baxmayaraq, hələ ki, onların içərisində ədəbiyyatın hər hansı bir sahəsində diqqəti çəkən, parlaq istedaddan xəbər verən bir nümunə görmürəm. Əlbəttə, bundan dolayı onları həvəsdən salmaq da istəmirəm, çünki hələ çox gəncdirlər, ancaq onları düşünməyə dəvət edirəm. Demək istəyirəm ki, onlara yaradılan bütün bu imkanlar güzəştli imkanlardır, hər hansı gənci sınaqdan keçirmək üçün verilən müddətdir. Əgər onlar bu müddət ərzində özlərini doğrulda bilməsələr, o güzəştlərlə, imtiyazlarla çox da irəli gedə bilməyəcəklər. İlk növbədə, oturub ciddi düşünməli, savadlarını artırmalıdırlar. Yoxsa mətbuatda, qəzet səhifələrində tez görünməyə, şöhrət qazanmağa çalışmaq, internet saytlarında bir-biri haqqında tərifli, yaxud təhqiramiz rəylər deməklə, ədəbiyyat yaratmaq olmaz.

"Təsadüfən, özüm istəmədən Yazıçılar Birliyinə gəlib çıxmışam"

- Həyatda və yaradıcılıqda ciddi hesab etdiyiniz səhvlər olubmu?

- Bir az çətin sualdır. Əlbəttə, hamı kimi həyatda mənim də səhvlərim olub. Lakin yaradıcılıqda mənim səhvlərim olubmu – bax, bunu bilmirəm. Məncə, olmayıb. Çünki yaradıcılıq sözün əsl mənasında yaradıcılıqdırsa, sənin alın yazındırsa, artıq səndən asılı deyil. Məsələn, haradan ağlıma gələrdi ki, 40-41 yaşlarımda bir-birinin ardınca iki poema yazam? Mən təsadüfən, özüm istəmədən Yazıçılar Birliyinə gəlib çıxmışam, burada işləməyə dəvət olunmuşam. Yatsam, yuxuma da girməzdi ki, AYB-də işləyə yaxud poema yaza bilərəm. Düzdür, gənclik illərində şeirlər yazmışdım, sonralar hesab edirdim ki, mən onlardan birdəfəlik uzaqlaşmışam. Özümü daha çox Bakı Dövlət Universitetinin filologiya fakültəsində müəllim kimi görürdüm və ciddi cəhdlə özümü ona hazırlayırdım. Lakin tale məni gözləmədiyim bir istiqamətə apardı. İndi bu mənim səhvimdi, yoxsa taleyimin, bilmirəm.

- Bu gün bayağı mətnlərə mahnı bəstələmək dəb halını alıb...

-  Mənə elə gəlir, bunun əsas səbəblərindən biri odur ki, hətta ən istedadlı bəstəkarlarımızın və müğənnilərimizin də bəzilərinin ədəbi-bədii zövqü, ədəbi-bədii savadı yoxdur. Onlar öz dostlarının, qohumlarının, tanışlarının qaraladığı şeiri, yaxud təsadüfən əllərinə keçən hansısa istedadsızın 20-ci, 21-ci kitabından bayağı bir mətni seçirlər. Çünki onlar poeziya oxumurlar, ədəbiyyatdan xəbərləri yoxdur. Onlar bilmirlər ki, Ramiz Rövşən var, Vaqif Səmədoğlu, Vaqif Bayatlı Odər var, bunların şeirlərinə musiqi bəstələmək olar. İnanın, bu şairlərin varlıqlarından heç xəbərləri yoxdur. Varsa da, bu şairləri dərk edəcək səviyyədə intellekt sahibləri deyillər. Əlbəttə, bu dediklərim bütün bəstəkarlara aid deyil, ancaq şou dünyasının böyük bir qisminə aiddir. O şəxslərə ki, hazırda sənət meydanını onlar qapsayıblar. Təbii ki, onların zövqləri bayağı olduğu kimi, seçdikləri mətn də, bəstələdikləri musiqi də bayağı olmalıdır.

- Bədii zövqün belə kütləvi şəkildə korlanmasının qarşısını necə almaq olar?

- Düşünürəm ki, bu prosesin qarşısını almaq üçün hansısa bədii qurumun nəzdində bir bədii şura yaradılmalıdır, qoy buna lap senzura da desinlər. O şuranın tərkibinə istedadlı şair və yazıçılar daxil edilməlidir. Yalnız bu şuranın mahnı mətnlərinə verdiyi razılıq əsasında o mahnılar efirə buraxılmalıdır. Heç insafdandırmı, belə bayağı mahnılar görkəmli şairimiz Fikrət Qocanın sözlərinə bəstələnmiş, Polad Bülbüloğlunun ifa etdiyi "Gəl, ey səhər!” yaxud Tofiq Quliyevin Rəsul Rzanın sözlərinə bəstələdiyi "Üzüyümün qaşı firuzədəndir” mahnısı kimi mahnılarla eyni çəkidə təqdim olunsun? Şəfiqə Axundovanın bəstələdiyi "Nədən oldu” mahnısı dünyada məşhurdur, hətta İbrahim Tatlısəs də o mahnını oxuyub. Nəyə görə? Çünki bu mahnıda hər şey yerindədir və gözəldir. Bunlar hamısı milli musiqimizin qızıl fonduna daxil edilməyə layiq mahnılardır.

"Bu, reaksiya yox, əsl müharibə idi..."

- İndiyədək ən çox reaksiya verən yazınız hansı olub?

- Daha çox reaksiya verən yazım keçən yay "525-ci qəzet"də dərc olunan "13-cü gecə, yaxud hər nə istəsəniz” başlıqlı silsilə məqalələrim oldu. Mənim hələ bu cür reaksiya verən yazım olmamışdı. Bu, reaksiya yox, əsl müharibə idi, eyni zamanda gurultulu alqışlar idi. Telefonum susmaq bilmirdi, artıq narahat olmağa başlayırdım. Bilirsiniz, həddindən artıq reaksiya, yaxşı mənada olsa belə, müəllifi narahat edir. Həmin yazılara görə xeyli problemlər yarandı. Hətta iş o yerə çatdı ki, mənim xəbərim olmadan, hüquqlarımı müdafiə komitəsi də yarandı...

- Bəs ən çox xoşunuza gələn yazınız hansıdır?

- Öz xoşuma gələn yazılarım barmaqla sayıla biləcək qədər azdır. Bura 1996-cı ildə yazdığım "Söz” essesi, 1999-cu ildə yazdığım "Səs” essesi, 2000-ci ildən sonra yazdığım "Kim yatmış, kim oyaq” silsilə məqalələrim və nəhayət, 2006-cı ildə yazdığım "Dəmirbaşlar” essesi daxildir. Əlbəttə, mənim üçün bütün yazılarım əzizdir. Bu dörd yazı isə özümün xoşuma gələn yazılardır. "Söz” essesini isə, doğurduğu reaksiyanın azlığına baxmayaraq, hələ ki, ən ciddi sözüm sayıram.

- Son aylar niyə az-az görünürsünüz?

- Söhbət, yalnız son bir neçə aydan gedə bilər. Ondan əvvəl ardıcıl olaraq xeyli yazılarım dərc olunub. Son bir neçə ayda isə işimin çoxluğundan yazı yazmağa vaxt olmur. Hazırda mən Azərbaycan Dillər Universitetində müxtəlif fakültələrdə dərs deyirəm. Dərslərim əsasən, antik ədəbiyyat, 21-ci əsr ədəbiyyatı, dünya ədəbiyyatının ümumi kursuna aid olur. Bilirsiniz, tədris çətin və məsuliyyətli bir işdir. Karl Marks deyirdi ki, müəllim özü də bir tələbədir, öyrənməyin ən yaxşı yolu öyrətməkdir. Tələbə bir şeyi bilməyəndə müəllimdən soruşur, bəs müəllim bilməyəndə kimdən soruşmalıdır? O zaman müəllim məcbur olur ki, tədris etdiyi fənni maksimum öyrənsin. Müəllim ən azı, tədris proqramının tələb etdiyi standartlar çərçivəsində öyrənməlidir ki, tələbənin tələblərinə də cavab verə bilsin. Tələbələrimdən də çox razıyam. Bizim çox müasir, elmə meylli, xarici dillər bilən gəncliyimiz var. Böyük maraqla dünya ədəbiyyatını öyrənirlər, onlarda böyük sevgi var ədəbiyyata. Ümumiyyətlə gəncliklə işləmək adamı cavan saxlayır, onların zövqünü, davranışını görərək sən də onlardan nə isə götürürsən. Gənc nəsil internetlə daha yaxşı işləyə bilirlər, bu baxımdan müəllimə kömək edirlər, bəzi materialları toplayıb gətirirlər.
Qarşıdan isə yay gəlir. Yəqin ki, bu fasilədən istifadə edərək yeni yazılarla, siz demişkən, görünəcəyəm.

- AYB-nin yaxın gələcəkdə keçirilməsi nəzərdə tutulan qurultayından nə gözləyirsiniz?

- Qurultayın nəticələrini ancaq səsvermə həll edə bilər. Lakin açığını deyim ki, mən ötən qurultaydan daha çox şey gözləyirdim. Gözlədiklərim həyata keçmədiyindən, artıq qurultaylardan heç nə gözləmirəm.

Əvəz Qurbanlı
Milli.Az