Etibar Salmanlı. Son bir gecə

Etibar Salmanlı. Son bir gecə

Etibar Salmanlı

Son bir gecə


- Artıq yarılamısan kitabı?
- Demək olar ki, 63 səhifə  oxumuşam.
- Yalandan oxuyursan, deyəsən, bu sürətlə kitab oxumaq olar? -
Yalandan oxumuram, dili çox axıcıdır, amma çox primitivdir.  

Dostum Elçindən əlində hansısa təzə kitabın olduğunu soruşanda: "7 məhbusun hekayəsi"ni oxuyuram, amma Rasim Qaracanın "On bir gecə"sini bitirmişəm, onu verə bilərəm" - cavabını verdi.
"Gətir görək "Qarabağ dekameronu" necə alınıb" - dedim.  

Başım 1937.az-ın texniki və administrativ işlərinə qarışdığından "ev-iş, iş-ev" prinsipi ilə yaşayıram. Tərbiyəli ev uşağına çevrilmişəm. Evdən işə işdən evə marşrutu ilə hərəkət etdiyimdən şəhərin mərkəzinə, kitab mağazalarına gedə bilmirəm. Yeni nəşrlərdən xəbərdar olsam da, heç birini əlimə alıb, mütaliə edə bilmirəm.  Elçin kitabı gətirdiyi gün oxumağa başladım. Oxuduğum zamanları üst-üstə yığsan, maksimum 2 saatım getdi kitabın oxunmasına.  Sosial şəbəkələrdə əsərin həddindən artıq təriflənib müəllifin göylərə qaldırılması, hətta "Azərbaycanın 3 ən yaxşı romanı hansıdır?" sorğusunda əsərin adının hallanması məndə böyük maraq yaratmışdı.  Elə ilk səhifədə əsərin Qarabağ müharibəsi Kamil Dadaşovun gündəlikləri əsasında yazıldığı qeyd edilir.  

Əsər mühasirəyə düşmüş, ərzaqları bitmiş, hərbi sursatları isə bitmək ərəfəsində olan əsgərlərin düşdüyü vəziyyətin və ruh hallarının təsviri ilə başlayır. Qısa girişdən sonra hekayətlər bizi salamlayır.  İlk hekayəti Çingiz nəql edir. "Sarışın, bəyaz tənli bir qadındı" başlığı ilə verilən hekayət sütül bir gənc ilə təcrübəli fahişənin "eşq oyunundan" bəhs edir. Çox bəsit, primitiv süjeti olan hekayənin dili çox axıcıdır. İkinci hekayət isə Samirin dilindən danışılır. "Gecəyarısı rəqqasəsi" hekayətində iki qohum Ukraynaya nar satmaq və ordakı "şüşə kimi" qızları görmək üçün gedirlər:  

"- Əmoğlu, orda bilirsən necə qızlar var... Bu tərəfdən baxanda o tərəfləri görünür.
- Necə görünür? – soruşurdum - Şüşə kimidirlər, yemək yeyəndə boğazlarından yemək görünür”.

Təcrübəsiz əmioğlu qatarda Lena adlı nərmə-nazik qızla tanış olur, ancaq özünü gonbul, dəlisov Lyuba ilə bir yataqda görür. Sonda isə "ilk sevgisi” ilə bir dəfəlik sağollaşır. Kamilin nəql etdiyi "Gənclikdə belə şeylər olur” hekayəti isə Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncədən paytaxta gəlmiş 3 gəncin 2 qızla təsadüfən görüşüb, ikisinin plyaja gedib sevişməsindən sonra qızlardan birinin "valideyn”inin Nizaminin yurduna gələrək, uşaqların xeyir işini görmək istəməsindən bəhs edir. Hekayənin sonunda işin qurama, pul tələsi olduğu işıq üzünə çıxır. Qəhrəmanımız da sevgilisini və ya qadınını bir daha görmür.  Rövşənin "Poxludərədə öpüşmək” hekayəti öz primitiv süjet xətti ilə digərlərindən fərqlənmir. Qəhrəman həyatı boyu heç bir qadınla olmadığını bildirsə də, sonrakı abzasda "qız-oğlan” münasibətlərində özünün həmyaşıdlarından daha üstün olduğunu düşünür. Anidən avtobusda "basabas”da bir qızla tanış olur, arxasınca gedir, inək çıxarma hadisəsini izləyib, geri qayıdıb qızla qaranlıq həyətdə öpüşür.

Sonda isə bir yumruq və iki kəlmə sözə görə sevgisindən imtina edir. (Qeyd: Müəllif bu mənasız hekayəni yazmaqdansa, elə bu hekayənin içində "inək çıxarma” əməliyyatı və ya erməni evindən tapılmış 300 şüşə çaxır haqqında yazsaydı daha maraqlı olardı. – E.S) "Yolu azmış iki nəfər” hekayəti kitabda olan 3-4  maraqlı mətnlərdən biridir. Fəxrinin danışdığı bu hekayətdən bəhs etməyəcəm, çünki oxucuların "On bir gecə”-yə olan marağının qarşısını alıb, müəllifin bazarına mane olmaq istəmirəm. Mənim "On bir gecə”də ən çox bəyəndiyim hekayət isə İlqarın "Nasos stansiyasında işləyən adam” hekayəti oldu. Rasim Qaraca 6-cı hekayə ilə sübut edir ki, kitabda 12 hekayə və 1 essenin 8-9-u "xolostoy” - boş güllədir. 6-cı hekayədə yaradılmış Nəbi, İlqar, Adilə, eləcə də İlqarın anası obrazları hekayəni oxuyan adama güclü təsir edir. Ancaq burda da bir "əmma” var. "Sofinin seçimi” ("Sophie”s Choice”) kinosuna baxıb sonra bu hekayəni oxumayın, ya da əksinə. Bu hekayəni oxuyub, adını qeyd etdiyim filmə baxmayın.

Çünki 90% eynidirlər. Sonda qəhrəman yenə də sevgisinə "əlvida” deməli olur. Sərdar isə sevgi hekayətini Svetlana adlı azərbaycanlı bir qızla yaşayır. Müəllif iddia edir ki, azərbaycanlı qızlara da Svetlana adı qoyula bilər. Sərdar qızın havadarı olur, evlilik planları qurur, sonda isə qızın məharətlə öpüşüb, minet götürə bilməyi, prezervativləri yaxşı tanımağı onu "Başqa bir sevgili” axtarışına çıxarır. Ramizin "Film kimi həyat” və Qaraşın "Sevginin nifrətə çevrilməsi” hekayətləri, elə Ramizin sözü olmasın hind filmi ssenarisi kimidir. Hər iki hekayətin qadın qəhrəmanları "faciəvi” şəkildə həyatla vidalaşır, kişilər isə həyatda yaşamaq üçün bir məna tapmayaraq cəbhəyə yollanırlar. Əlyazmanın sonuncu hekayəti isə Şahinin dilindən verilir. Əsər gənc əsgərlərin toplama və məşq məntəqələrində başlarına gələn maraqlı hadisələrlə başlayır. Şahinin Dərya adlı əsir alınmış rus jurnalist ilə (Qeyd: Yəqin ruslarda da Dərya adlı qızlar var – E.S) sevgi macərasına atılmağa çalışır. Elə bu məqamda da əlyazma "dramatik” şəkildə sona çatır.

Müəllif əlyazmanı belə bitirməklə əsərə dramatik don vermək istəyib, ancaq unudub ki, az qala bütün hekayətlər bu "dramatiklik”dən öz paylarını alıblar. On "sevgi” hekayətini bitirdikdən sonra qarşımıza daha iki hekayə və bir esse çıxır. Bu bonus triodan danışmaq istəmirəm,lakin qeyd etmək istəyirəm ki, bu trio əvvəlki onluqdan bədii və süjet cəhətdən qat-qat üstündür. Rasim Qaraca məhdud imkanlar çərçivəsində bu günə qədər etdiklərinə, yazdığı şeirlərə  görə qarşısında baş əyiləsi bir insandır. Ancaq bu əsər qeyd edildiyi kimi super, ideal, hansısa "tərəzi”yə qoyulası bir əsər deyil. Bir çox azərbaycanlı müəllifin kitablarından qat-qat güclü əsərdir.

Amma ən güclüsü deyil. Son bir tənqidimi yazıb, yazımı bitirmək istəyirəm. Müəllifin unutduğu əsas nüanslardan biri odur ki, bütün hekayətlər bir nəfərin dilindən, bir üslubda yazılıb. Sanki, 10 məhlə uşağı səngərdə yığışıb söhbət edirlər. Adamda elə təəssürat yaranır ki, fərqli-fərqli insanlar yox, sadəcə, bir nəfər on hekayəti nəql edir. İnanıram ki, Rasim Qaraca bundan daha gözəl əsərlər yazıb bizi, oxucularını sevindirəcək.

Ona qədər isə mənim üçün Rasim Qaracanın  bu əsəri "On bir gecə” yox, Rasim Qaraca üçün "Son bir gecə” olacaq.   

1937.az