Fazil Hənifəyev -

Fazil Hənifəyev - "Diriliş" (hekayə)

Bu gün yeni ildir. Dünya iki min səkkiz yüz qırx iki yaşını qeyd edir. Hər şey keçən ilkinə bənzəyir. Tarix qarşı-qarşıya qoyulmuş iki güzgü kimi öz-özünü təkrarlayır. Bəs tarixçün dəyişməz qalan nədir? İnsan? Canlılıq? Ya tarixi qeydə alan tarixçilər? Yoxsa gücün girdiyi bütün sınaqlardan qalib ayrılması? Deyəsən, bu heç birimizin vecinə deyil və ya olmamalıdır.
Bu gün sizə kiçik bir hekayə danışmayacam. Bu gün sizə bir ulusun, xalqın, kütlənin tarixindən danışacam. Sözügedən tarixin mühakiməsini isə yenə də kütlənin ixtiyarına buraxacayıq. Bir kütlənin qiymətləndirilməsini başqa bir kütlə öz boynuna götürəcək. Deyəsən, tarixçün dəyişməz qalan da məhz budur.
İki min səkkiz yüz on səkkiz inqilabı Rejacezbiniyada başlamasa da ən sərt halını burda yaşadı. Ən çox insan ölümünün harda baş verdiyini deməyə, məncə, lüzum yoxdur. Rejacezbiniyadaki üsyanın rəhbəri Valesin də dediyi kimi : " Ölkənin haqq tərəfdarı olan heyvanları belə üsyana qoşulmuşdu”. Bu cümlədə həqiqət var idi. Doğrudan da,  belə olmuşdu. Amma hər şey başqa cür hal almağa başladı. Sözsüz ki, inqilab qələbənin şərbətini doyunca içdi. Ancaq içdiyi şərbəti mədəsindəki qanla bir yerdə həzm etdi. İnqilab sayəsində hakimiyyətə gələn Rebist partiyası keçmiş hakimiyyətdən fərqli olaraq xalqı öz tərəfində saxlamaqçün ciddi tədbirlərə əl atdı. Təzə-təzə hər şey əla idi. Rejacezbiniya xalqı inqilabdan da, nəticəsindən də razı idilər. İnqilabın başqa ölkələrdə doğurduğu vəziyyətdən danışmayacağıq. Rejacezbiniyada ilk üç il hər şey qaydasında idi. Daha sonra çox maraqlı hadisələr bir-birini qovalamağa başladı.Hadisələri geniş danışıb baş ağrıtmaq fikrim yoxdur. Dövlət ilk öncə xaricdən iqtisadi bağlılığı qopartmaq, təhsil, səhiyyə və başqa sahələri inkişaf etdirmək adıyla sərhədlərinin giriş və çıxışını bağladı. Bu sözsüz ki, məntiqsiz həmlə idi və Xalq da bunun fərqindəydi.
Bəzi ölkələrdə inqilab uğursuz olmuşdu. Həmin ölkələr azad Rejacezbiniyanı dövlət kimi tanımırdı. Rejacezbiniya da öz növbəsində xalqa bu ölkələrin müxtəlif yollarla hakimiyyətə zərbə vurmağa calışdığını bəyan etdi. Hətta iddialarını həqiqətmişcəsinə xalqa satmağa başladı.
Aradan ikicə il keçdi. Hakimiyyət dünya tarixində bir ilkə qol qoydu. Sən demə, başqa dövlətlər Rejacezbiniyanın pak səmalarına proqramlaşdırılmış quşlar göndərirmiş, hətta havaya xalqı üsyana sövq edən, qulağın eşitmədiyi, təhtəlşüura təsir edən səs dalğaları buraxırmış. Bu isə barışılmaz hal idi. Dərhal tədbir görüldü. Bütün ölkə hündür, ölkənin sərhədlərinə qədər uzanan, bir metr qalınlığında, yarım kürə şəklində şüşəylə örtüldü. Şüşə parça-parça  yerləşdirilərək tamamlandı. Bilirəm, çox absurt səslənir.Ancaq həqiqətdir. Bu hadisədən sonra  Rejacezbiniyadan bəhs edənlər onu " akvarium ölkə” adlandırmağa başladılar. Ölkəyə oksigen xüsusi binalarda filtir olunduqdan sonra verilməyə başlandı. Artıq xalqa heç bir kənar müdaxilə oluna bilməzdi. Bu hadisələr ilk zamanlar şübhə doğursa da, onları qorxutsa da, sonralar hər kəs halından məmnun idi.
Hürr dinməzcə yatağında uzanıb son illərdə ölkəsində baş verənlər haqqında düşünürdü. Bəli, o da inqilab dönəmində aktiv iştirakçılardan olmuşdu. Amma indi də hər şeylə razı deyildi. Suallar, beynində həll edib dəqiq hökm çıxara bilmədiyi məsələlər onu narahat edirdi. Təkcə xalq üçün yox özü üçün də narahat idi. Bu düşüncələr burulğanında boğuldu- həzin yuxuya getdi.Səhər başqa bir gün idi. Hər şeyin yaxşı olmaq ehtimalının olduğu bir gün. Gündəlikərini yerinə yetirib bir az mürgülədi. Bir saatdan sonra oyanıb dodaqaltı təzə əzbərlədiyi şeiri təkrarlaya-təkrarlaya siqaret çəkdi.
-Bu gün də dünənlərə çevriləcək, 
     Bu gün də itib-batacaq sabahların kölgəsində,
     Geriyə sadəcə mən qalacam.
     İki çiynimdə də yetmiş beş illik insan ömrüylə,
    Birində yaşamın ağırlığı, birində intiharın soyuq xışıltısı.
     Eh, burda günəş də canını qaranlığın ağuşunda tapşırır,
     Mən necə sağ qalım?
Telefonu götürüb dostu Əsgərə zəng elədi. Görüş vaxtı və yeri təyin olundu.Hürr paltarlarını geyinib çölə çıxdı. Öskürək, öskürək, xışıltılı nəfəs alma. Hardan çıxmışdı bunlar? Axı o çox sağlamdır.
Əsgər gəldi. Salamlaşıb kafeyə gedirlər. Bir az təzə dəmlənən çaydan həzz alırlar, bir az söhbətləridən. Əsgərlə Hürr eyni məhlədə böyümüşdülər. Əsgərin bacısı Züleyxanınsa, Hürrdən həmişə xoşu gəlmişdi. Xoşu gəlmək nədir, sevirdi onu. O isə, axmaq kimi bunun fərqində belə deyildi. Hətta Əsgərin görüşlərinə Züleyxanı da gətirməsinə hər zaman müxalif çıxırdı. Dostlar mehribanca sağollaşıb evlərinə getdilər.
Beləcə bir gün də arxada qaldı. Bu səhər də canını gecəyə tapşırdı. Belə deyək ki, Hürrün  bizdən  xoşu gəlsin. Hürr savadlı adam idi. Hər şeyi bilmək onun ən zəruri tələbatlarından idi. Hətta nəyisə bilməməyə qarşı kompleksi var idi. Öskürək tutmaları, başındaki ağrılar ona Rejacezbiniyanın filtir olunmuş havası haqqında şübhəyə düşməyə əsas verirdi. Üstəlik bu proses ona çatmırdı. Necə yəni havanı filtir eləmək? Bu axı mümkünsüz bir şeyə oxşayırdı. Bu aralar bütün diqqəti bu məsələlərə köklənmişdi.Səhər-axşam araşdırmalar edir, etibarlı saydığı, dövlətin hələ müdaxilə edə bilmədiyi mənbələrdən yeni məlumatlar öyrənirdi. Nəsə qəribə bir şeylər baş verirdi. Son zamanlar hamıya nəsə olmuşdu, hətta heyvanlara da. Ölkədə demək olar ki, cinayət baş vermirdi. Aqressiya deyilən şey yoxa çıxır, yerini xoşbəxtliyə təhvil vermişdi. Axı qəribə olan nə idi? İdeal cəmiyyət yaranırdı? Suallar, şübhələr artdıqca Hürr daha da həvəslə işləyirdi. İllər onunçün yeni kəşflərlə, təcrübələrlə keçib gedirdi. Lakin bir gün onun əlinə çox maraqlı bir məqalə keçdi. Təxminən iki yüz qabaq yazılmışdı. Nə yazıldığı vaxt, nə də sonralar heç bir marağa səbəb olmamışdı. Heç kim yazılanlara ciddi yanaşmamışdı. Hər kəs, elm dünyası belə məqaləni boş çərənləmə, əsassız iddialar toplusu hesab etmişdi. Bir kimyaçı gözlə görünməyən, qoxusuz, sürətlə yayılan, xüsusi qaz kəşf elədiyini, bu qazın tənəffüs edən canlılar üzərində inanılmaz genetik manipulyasiyaya qadir olduğunu iddia edirdi. Dediyinə görə qaza uzun müddət məruz qalan canlılarda sürətli mutasiyalar gedirdi. Məhz insanın üzərindəysə, çox qəribə təsirləri var idi. Belə ki, qaza məruz qalan insanlarda aqressiya azalır, acgözlülük, azadlıq tələbatı, analitik düşünmə qabiliyyəti, etiraz etmə və sairə kimi duyğu, vərdiş və instiklər korşalmağa başlayır. Bununla yanaşı kişilərdə testesteron səviyyəsi qalxır, insanların imuniteti zəifləyir, hətta tədricən iradələri yoxa çıxmağa başlayırdı. Qaz tənəffüs edən bütün canlılara təsir edə bilirdi. Hətta kiçik bitkilərə də. Təbii ki, hər canlıda fərqli təsirləri olurdu.Amma bu təsirlərin hamısı qaza məruz qalan canlıların genetik xüsusiyyətlərini dəyişirdi. Qaz adi havaya qarışdırılan zaman aktiv olurdu.
Elə bil Hürrün başına qaynar sular töküldü. Bu qədərini gözləmirdi. Son zamanlar ölkədə baş verənlər və bu məqalə... Yox, yox bu qeyri-mümkündür. Bu sadəcə bir kimyaçının uydurmasıdır. Uydurma olmağına elədir, ancaq sabah açılan kimi Hürrün ilk görəcəyi iş məqalənin müəllifinin dediyi üsullarla Rejecezbiniyaya- akvarium ölkəyə verilən havanı yoxlamaq olacaq. O, indi yatmalıdır. Sabah hər şey məlum olacaq. Həqiqətən, bu xalq sözügedən qazla tənəffüs edirdi? Əgər belə idi isə... Bir tərəfi bu ehtimalla barışmasa da, başqa tərəfi həqiqətin məhz məqalədəki kimi olmasını istəyirdi.
Səhər test üçün gərəkli bütün ləvazimatları aldı. Test başa çatdı. Nəticə pozitiv idi. İndi neyləməli idi? Kimin yanına gedəydi? Kimə danışaydı bu dəhşətli faktı? Axı bu həqiqəti necə sübut edəydi? Bəlkə məqalədəki test üsulu da, müəllifin iddiası kimi uydurmaydı? Yox! Kimi aldadırdı? Hər şey ortada idi. Bütün proseslərə diqqətlə nəzər yetirmişdi.Hər şey məntiqli idi. Vaxt itirmək olmaz. Bir az sakitləşməkçün küçəyə çıxdı. İlk ağlına gələn şey bildiklərini Əsgərə danışmaq idi. Qapını döyüb Əsgərin otağına girdi. Əsgər hər zamankı kimi əlifbadan hərfləri öyrənməyə çalışırdı. Otuza yaxın yaşı olsa da, qaynağını bilmədiyi bir səbəbdən hərflər yadında qalmırdı ki, qalmırdı. Hürrün gəldiyini görüb ayağa qalxdı. Hərflərin yazılı olduğu vərəqi sürüşdürüb masanın altına saldı. Beş dəqiqə sonra kafedəydilər. Hürr hər şeyi ona danışdı. Əsgər işin elmi tərəfini başa düşməsə də, heyrətdən gözləri bərəldi. Düz bir saat, Hürrün danışdığı müddət ərzində ağzı açıq dinlədi. Ancaq inandı. O, Hürrə də, onun inandığı həqiqətlərə də inanırdı. Sonra Əsgər dodaqlarını cəsarətsizcə aralayıb danışmağa başladı:
-Bir dəqiqə dayan! Başımı çox qarışdırdın. Danışdıqların hansısa nağıldan bir parça kimidir. Ciddisən yəni? Bilirsən ki, sənin sözlərinə hər zaman inanmışam. Amma bu danışdıqların başqa dünyadan qopub gələn söhbətlərə oxşayır. Sənə bir şey deyim? Keçən dəfə bacım da sənin danışdıqlarına bənzər bir şeylər deyirdi. Əlbəttə, ciddi hesab etmədim sözlərini. Onunkilər sadəcə əsassız şübhələrə oxşayırdı. Mənə danışdıqlarını ona da danışmalısan.
Hürr razılaşdı. Zəng edib Züleyxanı çağırdılar. Əsgər dedi ki, Hürrün ona vacib sözü var. Züleyxa da çox vaxt itirmədən gəldi. O, çox ağıllı qız idi. Təhsili olmasa da hər zaman, hər şeyi sorğulayır, həyat haqqında sadə, fəlsəfi suallara öz istedadı daxilində cavab axtarırdı. Yox, Züleyxa ağıllı biriydi. İstədiyini almağı bacarırdı. Özdə nəyin bahasına olursa, olsun. Hürrsə onun yeganə zəif nöqtəsi idi. Dediyimiz kimi o da kafeyə gəldi. Əlbəttə ən gözəl paltarını geyindikdən sonra. Salamlaşıb stullardan birini altına çəkib oturdu. Hürrün dediklərinə müdaxilə etmədən onu dinlədi. Əsgər də öz növbəsində Züleyxanı süzürdü.  Dostunun danışdıqlarının bacısında nə mimikalar doğurduğunu görmək ona ləzzət verirdi. Züleyxa Hürrü dinlədi. Ürəklə,şövqlə, həvəslə. Bir neçə dəqiqəlik heyrətdən sonra müzakirəyə başladılar. Züleyxa da məhz belə bir qazın varlığından şübhələndiyini bildirdi. İçində özüylə fəxr etdi. Evə dağılışdılar.
Axşam hər üçü üçün çətin keçdi. Bu həqiqəti öyrəndikdən sonra nə olacaqdı, hər şeyin axırı nəylə bitəcəkdi? Bu bir bilinməz idi.
Bu səhər başqa səhərlərdən deyildi. Hürr bu vəziyyətlə barışmayacaqdı. Xalqının taleyi ona qalmışdı? Yəni bu qədər insanın azadlığı bircə nəfərdən asılıydı? O, seçilmiş biri idi? Deyəsən, bu sualların cavablarını axtarmaq vaxt itkisi idi. Nəsə etmək lazımdır. Hürrün qərarı qəti idi. Ya o şüşəni sındırmalıydı, ya da oksigenin "filtir olunduğu” binanı məhv edəcəkdi. Başqa seçim qalmadı. Təbii ki, zavod adlandırılan binaya təkbaşına hücum etmək ağılsızlıq idi. Akvariumun divarlarına yaxınlaşmaq da asan işə oxşamırdı.Amma şüşə divarlara nəzarət edən heç kim yox idi.Dövlət niyə belə elementar səhv buraxmışdı? Hə, əlbəttə qazın təsirindən heç kəs akvariuma zərər yetirmək haqqında düşünə bilməzdi. Bəs Hürr özü? Necə oldu ki, qaz ona təsir etmədi? Deyəsən, o həqiqətən seçilmiş idi. Ya da genetik xüsusiyyətləri sayəsində bu təsirdən qurtulmuşdu. Ya da... Hər nəsə!
Axşam Əsgərgilə getdi.Xeyli söhbətləşdilər. Hürr bu vəziyyətdən çıxış yolu tapmalı olduqlarını dedi. Əsgər də hər şeyə hazır olduğunu bildirdi. Züleyxa isə elə bu cür bir fürsət axtarırdı ki, Hürrçün nəsə etmiş olsun. İndi də bu şansı əlindən buraxa bilməzdi axı. Hürr planını danışdı. Razılaşdılar. Günü bu gündən işə girişəcəkdilər. Hərə özünə bir ləqəb seçdi. Nə də olsa proses başladıqdan sonra telefonda və ya ictimai yerlərdə bir-birinin adını çəkmələri təhlükəli idi. Əsgər özünə "Zal” ləqəbini, Züleyxa isə " Tomris” adını ləqəb kimi götürdü.Biz də onlara təhlükəsizlikləri naminə Zal və Tomris deyəcik. Hürrü nə qədər məcbur etsələr də o, özünə ləqəb götürmək istəmədiyini bildirdi. Bu hərəkatın başçısı o idi, intəhası razılaşdılar. Ən birincisi rahat işləyə bilməkçün yer tapmalı idilər. Elə bu vaxt Hürrün rəhmətlik atasının dəmirçi sexi köməklərinə çatdı. Əsl ata - dünya da olmasa da öz dəstəyini oğlundan əsirgəməyən bir ata.
İlk həftələri planlarını analiz etməklə, lazımi şeyləri tapmaqla keçdi. Planın icrasına üç gün qalmış Hürr komandasını bir yerə yığdı. Şübhələrini, təhlükələri, tərəddütlərini danışdı. Zal, gözündə inam,məğrurluq və qələbənin aclığıyla, Tomris isə arzularının gerçəkləşmə ehtimalından doğan sevinclə, eşqlə ( ələxsus eşqlə) Hürrü dinlədilər. Tomris xalqı azadlıqla qovuşdurduqdan sonra Hürrün də onu sevəcəyinə əmin idi. Zal da öz növbəsində hər şeyin yaxşı olacağına inanırdı.Gözəl günlər onlar və xalq üçün sıraya girmişdi. Hürrün tərəddütləri var idi. Bu tərəddütlərini də belə ifadə edirdi:
- Hər şey planlaşdırdığımız kimi alınsa belə, hər şeyin düzələcəyindən əmin deyiləm.Qazın xasəsi bizə müəyyən qədər məlumdur. İlk bir saat içində məruz qalanlara ciddi təsir göstərir. Havadaki oksigen miqdarı artdıqdaysa qazın təsiri təxmini on beş dəqiqə ərzində yoxa çıxır. Sizə yalan deməyəcəm. Qazın xüsusiyyələrini tam da dəqiq bilmirəm. Nə olacaq bilmirəm. Geriyə qayıda bilmərik. Əmin olduğumuz şeylərdən danışım. Akvariumun şüşələri təxmini bir metr qalınlığındadır. İçində başqa maddələr olsa da, ciddi bir partlayışa qarşı dözümlü deyil. Akvarium tək parça halında deyil, iyirmi metr uzunluğu, on beş metr eni olan ayr-ayrı şüşə bloklarla örtülüb.Yəni bir bloku məhv etmək kifayətdir. Bunu onsuz da bilirik.Məncə, daha çox uzatmağın adı yoxdur.Böyük günə az qalıb, dostlar. Xalqın azad olmasına, itirdiyi iradəsinin özünə qayıtmağına az qalıb. Onu da deyim ki, şüşə partlayandan sonra nə olacağını bilmirəm. Yəni dövlətin akvariumda açılan boşluqdan xəbəri olacaq, ya yox? Bəlkə də xalq iradəsinə qovuşandan sonra da yeni inqilab etməyəcək. Deyəsən, çox tələsirəm. Fikirləşmədən iş görürük. Amma inanıram ki, gerisinə xalq özü qərar verəcək. Öz talehlərini öz ümidlərinə buraxmaq ən yaxşısıdır. Nəysə, gedək yaxşı-yaxşı dincələk.Sabah sərhəd bölgəsinə yaxın kirayələdiyimiz evə doğru yola düşməliyik. Gecəniz xeyirə.
Beləcə hər kəs yenə də öz evinə getdi. Səhər şərtləşdikləri kimi şəhərdən ayrılıb sərhəd bölgəsinə yaxın evdə görüşdülər. Onlar evə ayrı-ayrı nəqliyyat vasitələriylə gəlmişdilər. Ləvazimatları aralarında bölmüşdülər. Məsələn, kükürdü və akvariuma dırmanmaqçün gərəkli olan matorlu nərdivanı Zal gətirmişdi. Bu çox maraqlı alət idi. Dordkünc bir müstəvinin dörd kənarında da kiçik matorlar var idi.Bu matorlar vasitəsiylə müstəvi uçurdu. Üzərindəki insanla birlikdə lazım olan hündürlüyə qalxıb, sabitlənirdi. İpi, xüsusi geyimləri və başqa xırda şeyləri Tomrisə tapşırmışdılar. Bombanın pultunu və qalan ləvazimatları da Hürr gətirmişdi. Evə çatar-çatmaz işə girişdilər. Böyük partlayışa az qalmışdı. Az qalmışdı deyirəm, çünki özləri də hiss etmədən o gün yetişdi. Bütün əşyaları maşına qoyub yola düşdülər. Çatdılar. Tomris ətrafa göz gəzdirdi. Zal tələsmədən belindəki dörd kiloqramlıq bombayla akvariumun yuxarı hissələrinə doğru qalxmağa başladı. Hürr də ona göstərişlər verirdi. Əlbəttə ki, qulağındaki qulaqlıqla. Qorxurdular, həyəcanlıydılar? Bir az. Amma əmin idilər ki, hər şeyin ən pis variantını fikirləşib bu işə girişmişdilər.
Bütün hazırlıqlar tamamlandı. Bombanı quraşdırıb uzaqlaşdılar. Hürr razılaşmasa da, hər kəs bombanı idarə edən pultun onda olmasını, bombanı onun partlatmasını istədi. Nə də olsa bu hərəkatın başlanğıcı o idi. Amma bu işə bir yerdə girişmişdilər və bu şərəfə birliktə nail olmalı idilər. Dostlarıysa daha tərs çıxdı. Hürr dərin nəfəs aldı. Gözlərini bombanın yapışdırıldığı akvariuma zilləyib düyməyə basdı.Möhtəşəm bir gurultu. Azadlıq.Noldu? Heç nə? Çiliklənən şüşə yağış kimi ölkəsinə yağdı.Təxminən on beş- iyirmi dəqiqə hərəkətsiz qaldılar.Hər üçü gözlərini akvariumda yaranan boşluqdan çəkə bilmirdi. Sonra bir səs gəldi. Nə baş vermişdi? Hürrün dostları yerə yıxılmışdı. Boğulurdular. Bir neçə dəqiqədən sonra onlardan qalan tək şey ölü bədənləri idi. Gözünün qabağında ölmüşdülər. Bomba onlara təsir etmişdi? Yox. Hürr çaşıb qalmışdı dostlarını maşına qoyub kirayələdikləri evin olduğu kəndə doğru yola düşdü. Küçə ölü adamlarla, yarımçıq qalan işlərlə dolu idi.Hətta havadaki quşlar belə ölmüşdü.Hürr maşını sürətlə sürüb əsas yola çıxdı. Burda da vəziyyət eyniydi. Qəzaya düşmüş maşınlar, maşının içindəki ölü bədənlər və yol kənarındaki yarpağı tökülmüş ağacların bu qiyamət mənzərəsinə qatdığı ölü rəngsizliyi.
Axı Hürr nəyi səhv eləmişdi? Heç nəyi. Sadəcə tarix yenə öz sözünü demişdi. Bir daha sübut olunmuşdu ki, azadlıq yalnız ona layiq olanlara xoş üzünü göstərir. Köləlik şərbətiylə mədəsini dolduran xalq azadlığa tab gətirə bilməmişdi. İradəsi və ağlı əlindən alınan xalq öz iradəsinin gücünə məğlub olmuşdu. Bu ki öz-özünə məşlub olmanın ən gözəl nümunəsi idi.Bundan sonra nə olacaqdı? Köləliyi canına hopduran torpaq canlılığı bərpa edə biləcəkdimi? Tarix xalqa bir şans daha verəcəkdimi? Bilmirəm.