Fərhad Mete: Gücüm bircə kəlməyə çatdı…

Fərhad Mete: Gücüm bircə kəlməyə çatdı…

(Ölümündən bir müddət əvvəl götürülmüş müsahibə)

Müsahibimiz gənc şair Fərhad Metedir. Şeirləri bir çox mətbu orqanlarda çap olunub və oxucu diqqəti də qazanıb. Özü demişkən, Sumqayıt ədəbi məktəbinin yetirməsidir. Amma poeziyasının sərhədləri yaşadığı məkandan çox- çox geniş, düşüncə dünyası isə... Onun dünyası ilə özünüz bu müsahibədə tanış olun.

- Fərhad, ümumiyyətlə, səni az yazan və görünməyi o qədər də sevməyən ədəbi gəncliyin nümayəndəsi sayırlar.
- İldə bir neçə şeir yazıram.

- Bəs nə vaxtdan yazırsan?
- Hamı kimi, mən də elə uşaqlıq illərindən yazıram. Ailədə şeir yazdığımı bilib Sumqayıtdakı Poeziya Klubuna aparmışdılar məni. Oxuduğum məktəbdə Nüsrət Kəsəmənli ilə görüş olacaqdı. Direktor Minayə xanım məni çağırdı ki, bu görüşə aid şeir yaza bilərsənmi, müsbət cavab verdim. Görüşdə də auditoriya qarşısında N.Kəsəmənliyə həsr etdiyim şeiri oxudum. Gözləmirdim ki, bəyəniləcək. N.Kəsəmənli isə məni düz tədbirin sonuna qədər yanında əyləşdirdi. Görüşdən sonra ziyafət oldu və şair məni də özü ilə həmin ziyafətə apardı. Ona yazdığım şeiri isə səliqə ilə qatlayıb pencəyinin cibinə qoymuşdu. Mənim də arzum ondan avtoqraf almaq idi. Amma kitabını tapa bilməmişdim deyə əvəzində imzalaması üçün M.Müşfiqin kitabını götürmüşdüm. Elə bu kitabı da imzaladı.

- Maraqlıdır, avtoqrafda şair nə yazmışdı?
- "Yazdığın şeirlər Müşfiqin şeirləri kimi gözəl olsun, amma taleyin onun taleyinə bənzəməsin”. Həmin kitabı indi də saxlayıram. Tədbirin səhərisi günü isə məktəbdə xüsusi münasibətlə qarşılaşdım. Məşhurlaşmışdım və bu məni sıxırdı. Elə indi də məşhurlaşmaqdan qorxuram.

- Tənqidçi V.Yusifli bu yaxınlarda sənin bir şeirini ruh baxımından elə N.Kəsəmənlinin şeiri ilə müqayisə etmişdi. Bu nədir, mistika?
- Həmin məqalədə tənqidçi mənim "sadəcə gedişin deyil yoxluğun” misramı Nüsrətin məşhur "getmək istəyirsən bəhanəsiz get” misrası ilə müqayisə etmişdi. Mən burada bəhrələnmə görmürəm.

- Əslində bəhrələnmədən söz açılmırdı, ruhi yaxınlıq poeziyada birləşdirici xətdir. Məsələn, əksər vaxt gənc şairlər sevəndə yazırlar.
- Məndə tərsinə oldu. Sevdim və uzun müddət şeir yazmadım. Sonralar bir çox illəri xaricdə keçirdiyimdən burdakı ədəbi mühitlə əlaqəm olmadı. Amma gücüm çatdığı qədər mütaliə ilə məşğul olmuşam. Bir neçə il əvvəl isə BSU Yaradıcılıq fakültəsinə daxil oldum, bu isə yenidən şeirin aurasına qayıtmağıma təkan verdi.

- Şeiri niyə yazırsan?
- Dostlarıma şeir oxumaq üçün. Nəyi isə paylaşmaq ehtiyacımız olduğuna görə. Poeziya mənim üçün insanlarla ünsiyyətin ən yaxşı formasıdır.

- Ədəbiyyata qara enerji gətirmək olar?
- Biz reallıqları dəyişə bilmərik, reallıq isə eybəcərliklərlə zəngindir. İnsanlar isə onsuz da bu eybəcərlikdə əzab çəkir. Mən çalışıram ki, şeirlərimlə bir az ümid verim, bir az da qaradan başqa rəng olduğunu anladım.

- Şeirlərində süjet axını diqqəti cəlb edir. Sanki uzun illər çox şeyləri müşahidə edibsən və bunların içində yaşayıbsan.
- Əlbəttə, 6 il müxtəlif ölkələrdə yaşamışam, həyatın çox üzünü görmüşəm. Amma bu o demək deyil ki, yazdıqlarımın hamısı öz başıma gəlib. Məsələn, Markesin "Patriarxın payızı” əsərinin dilimizdə tərcüməsini oxuyanda buradakı "tutiya” kəlməsi məndə assosiasiya yaratdı. Tutiya-pirdən gətirilən konfetə, nabata və s. deyilir. Mənim uşaqlıq illərimdə onun izi və deməli, süjeti var. Digər tərəfdən, elə hadisələr və yaşam var ki, sanki bizim hamımız üçün yaşanan həyat süjetidir.

- Şeir yazılır, yoxsa qurulur?
- Mən hər ikisindən istifadə edirəm. Süjetli şeir xüsusilə qurulur, üzərində işləyirsən və sairə.

- Nə oxuyursan?
- Dünya ədəbiyyatının incilərini və bir də fəlsəfi əsərləri. Hind filosofu Oşonun əsərləri masamın üzərində hər gün məni gözləyir. Bu əsərləri ədəbi nümunələrdən daha üstün sayıram. Düşünməyi öyrədir bu əsərlər. Bizim ədəbiyyatda isə hesab edirəm ki, durğunluqdur. Yalançı piarlarla "mən əsər yazmışam” demək heç nəyi həll etmir. Yetərincə güclü əsər olarsa, onu hər kəs axtaracaq. Bizdə hələ ki ortada piar var, əsərsə, mətnsə yoxdur.

- Səni həm də film həvəskarı kimi tanıyırıq...
- Masaüstü əsərlər kimi masaüstü filmlər də var. Məsələn, "Opera kabusu” filmini uzun illərdir ki, izləyirəm. Ümumiyyətlə, ağır sayılan filmləri xoşlayıram. Tarkovskinin filmlərinə baxdıqca hər zaman yeni bir şey kəşf edirəm. Kino elə bil ki, yaşadığım ikinci həyatdır. Bu baxımdan filmdə aktyor işindən əvvəl həmən həyatı yaradanların- rejissorun yaradıcılığına xüsusi diqqət yetirirəm.

- Sumqayıt ədəbi mühiti ilə daha çox təmasda olubsan. Bu mühitə nə xarakterikdir?
- Ədəbi dözümlülük. Kiminsə yaradıcılığı xoşuna gəlməyə bilər, müsbəti də, mənfini də deyə bilərsən və bu, normal hal olaraq qəbul edilə bilər. Ədəbi nəsillər arası ziddiyyət burada yoxdur. Çünki meyar elə ədəbiyyatın özüdür.

- Fərhad, ən azı bir kitablıq şeirlərinlə tanışıq. Amma kitabını nəşr etdirmirsən.
- Bilirsiz, Oşo deyir ki, heç nə planlaşdırma ki, sonra məyusluğa uğramayasan. Bu baxımdan yaradıcılıq da, kitabımın çapı da planlaşdırılmış formada deyil. Sadəcə olaraq, dostum İlham Çərkəzoğlu iki müəllifə bir kitab nəşr etdirməyi təklif edib. Ortaya çıxsa, kitabı sizə də göndərərəm.

- Söhbəti bəlkə son şeirlərinin biri ilə bitirək.
- Süjetli şeir olduğundan bir parçasını deyirəm:

Görüşdük, gizləndik
İki pilləkən yuxarı qalxdıq
Öpüşdük, getdik.
Bağırdım, çığırdım, pıçıldadım
Dönmədin
Dua etdim qaranlıqlarda
Gücüm bircə kəlməyə çatdı...

Söhbətləşdi: Sabutay

Tarix 01.07.2009

Xatırlatma:

Bu gün saat 18.00-da "Etüd” kitab və rəsm salonunda, faciəvi şəkildə dünyasını dəyişmiş gənc şair Fərhad Metenin "Bu şəhərə uzaqdan baxarsan” kitabının təqdimat mərasimi keçiriləcək.
Ünvan: Əhməd Cavad 5 (Səadət sarayının yanında)