Fərhad Xəlilov Rusiyada qızıl medala layiq görüldü

Fərhad Xəlilov Rusiyada qızıl medala layiq görüldü

Moskvanın Mərkəzi Rəssamlar Evində Xalq Rəssamı, Azərbaycan Rəssamlar İttifaqının sədri Fərhad Xəlilovun fərdi sərgisinin açılışı ilə əlaqədar təntənəli mərasim keçirilib.

Əvvəllər əsərləri Türkiyə, Fransa, Almaniya, İtaliya, Suriya, Bolqarıstan və digər ölkələrdə nümayiş etdirilmiş Xalq Rəssamı Fərhad Xəlilovun budəfəki sərgisində 20-dən çox əl işi nümayiş olunub. Eyni zamanda, rəssamın özünün şəxsi əsərlərindən ibarət kitabın və fırça ustasının həyat yoldaşı, Azərbaycan Yazıçılar Birliyinin üzvü Tamilla Axundovanın ”Kaplya” (“Damla”) şeirlər kitabının təqdimatı keçirilib.

Mərasimdə çıxış edən Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu rəssamı Rusiyada yaşayan bütün azərbaycanlılar adından təbrik edərək Mərkəzi Rəssamlar Evində Azərbaycanın görkəmli rəssamı Fərhad Xəlilovun sərgisinin təşkil edilməsini çox sevindirici və qürur doğuran hadisə kimi qiymətləndirib. Natiq bu sərginin Fərhad Xəlilovun Moskvada və ümumiyyətlə, dünyanın iri paytaxt şəhərlərində ilk sərgisi olmadığını diqqətə çatdırıb.

Tamilla Axundovanın yeni kitabının təqdimatını isə ikiqat mədəni hadisə adlandıran səfir, iki yaradıcı insana bundan sonra da birgə uğurlu həyat yolu arzulayıb.

Rusiya Rəssamlar Evinin nümayəndəsi Nikolay Broslovskiy Fərhad Xəlilovun əl işlərinə yüksək qiymət verib. O, bu sərginin ziyarətçilərin böyük marağına səbəb olacağına əminliyini vurğulamışdır. Qeyd olunmuşdur ki Mərkəzi Rəssamlar Evi, Rusiyanın Rəssamıq Akademiyasının rəhbərliyi və akademikləri Fərhad Xəlilovu yekdilliklə bu akademiyanın həqiqi üzvü seçməklə yanaşı, onu qızıl medala layiq görüblər.

Digər çıxış edənlər də Fərhad Xəlilovun yaradıcılığından söz açmışlar. Vurğulanmışdır ki bu cür əvəzsiz sənət əsərləri fırça ustasının öz sənətinə böyük sevgisindən qaynaqlanır.

Sərgidə əsasən abstrakt rəsmlərdə təbiət, ona olan sevgidən, müxtəlif rəng çalarlarından ibarət bulud və qaranlıqlar əks olunur. Xalq Rəssamının fikrincə, hər bir sərgidə nümayiş olunan əsərlər rəssamın həyatını əks etdirir. Budəfəki təqdimat da istisna deyildir.

Təqdimatı keçirilən kitabın müəllifi, Fərhad Xəlilovun həyat yoldaşı Tamilla Axundova isə nəşrdə verilən şeirlərdən danışaraq bildirmişdir ki, ixtisasca həkim-psixiatr olmasına baxmayaraq, kitabda sevgidən də, fəlsəfədən də söhbət açılır.
Sərginin açılış mərasimində tanınmış mədəniyyət, incəsənət və elm xadimləri, Moskvada yaşayan həmvətənlərimiz iştirak ediblər.

Azərbaycanın Xalq Rəssamının fərdi sərgisi aprelin 6-dək davam edəcək.

AzərTAc