Fərid Muradzadə. Köhnə pəncərə kimi ... (ŞEİRLƏR)

Fərid Muradzadə. Köhnə pəncərə kimi ... (ŞEİRLƏR)

Sözlərimə yağış yağır gözlərimdən, 
Gilə-gilə, qətrə-qətrə. 
Ruhumdan parçalanıram, ayrılıram,
Başqa ruha qovuşuram, 
Öz-özümə yad oluram
sonra yenə birləşirəm 
Qram-qram, zərrə-zərrə...
Qəlbimdə məhəbbətimin heykəlini ucaldıram 
misqal-misqal...
Ürəyimdə oddan sonra
köz qızarır, qıpqırmızı 
manqal-manqal!

Dilim məndən biixtiyar nəğmə deyir
Gah sevincli,  gah hüzünlü. 
Bir kimsənin görmədiyi göz yaşları 
Qəlbə axır, gizli-gizli...
Əllərimdə iz yeri var,-əllərinin,
Gözlərimdə göz yeri var,- gözlərinin. 
Bizi əvvəl görüşdürdü, 
Sonradan ayırdı yollar,- gözləmirdim...

Bir zamanlar həmsöhbətdik göy üzündə, ulduz-ulduz.
Yenə də söhbətləşirik, amma indi 
Xəyallarda, yalqız-yalqız,
halsız-halsız.
Sənsizliyin sükutuna boylanıram pəncərədən,
Otaq isti olsa belə üşüyürəm 
Bu mücərrəd mənzərədən...
Qayıdıram iş masama 
Ağ kağızı qaraldıram 
Qarışqa tək hərflərlə. 
Həmsöhbətəm qələmlərlə, 
Həmsöhbətəm dəftərlərlə 
Ürəyimin sözlərini köçürürəm vərəqlərə, 
Gözlərimin həsrətini ötürürəm vərəqlərə, 
Sözlərimə yağış yağır gözlərimdən,
Gözlərimdə ümid ölür, vusal yanır, sözlərimdən...

***

Mən indi çox dəyişmişəm,
Daha sən görən deyiləm. 
Külək vurub yelləndirən
Şüşələri toz bağlamış, sınıq-sökük
köhnə pəncərə kimiyəm.

Mən indi çox dəyişmişəm,
Sən görən çılğın deyiləm,
Xəyalları bulud yaran, dəli-dolu
O fikri dalğın deyiləm. 

Mən indi çox dəyişmişəm,
Sıxır məni bu yer üzü,
Sıxır məni, yerli-yersiz umu-küsü
Hər gün, hər gün bu zillətə dözürəm mən,
Öz qəlbimdə, ürəyimdə hisslərimə əsirəm mən!

Mən indi çox dəyişmişəm,
Barmaqlıqlar arasında məhbus kimi,
Ötənlərin həsrətini çəkirəm mən, 
Kimsə bilmir nədir dərdim.
Çəkə-çəkə bu dərdləri 
Misqal-misqal ölürəm mən, bitirəm mən...

Mən indi çox dəyişmişəm,
Məzarı da unudulmuş
Ölü ruham...
Gecələri oyanıram, qalxıb bütün dərdlərimi 
Uçuq-sökük baş daşıma danışıram...

Mən indi çox dəyişmişəm,
Gecələri haqqa doğru əl uzadan, tövbəkaram.
Gəl görüşək, halallaşaq , vidalaşaq 
Ömrün elə çağındayam
İki yol ayrıcındayam...

28.04.2020
04:00