Fərid Muradzadə. O vaxtlar idi... (Esse)

Fərid Muradzadə. O vaxtlar idi... (Esse)

İnsan nə qədər qaçsa da, qurtulmağa çalışsa da da özündən qaça bilməz. İnsan var olduqca, yaşadıqca öz içindəki ,”mən” i ilə əkizdir və bu mücərrəd mən insanı ömrü boyu kölgə kimi izləyir, daha doğrusu, insanın kölgəsinə çevrilir. Kölgə dedikdə məşhur filmdən yadıma bir sitat düşdü. ,”Kölgələr və cütlər eynidir” Yəni insanın kölgəsi onun cütü-ikinci tayı, əkizi, cütü- mücərrəd əkizliyi isə elə onun kölgəsidir. Torpaqdan xəlq olunub sonunda da torpaga qovuşan insan təkamül prosesində milyon illər ərzində cismani, fiziki və zehni dəyişikliklərə uğrasa da onun mahiyyət etibarı ilə insan olduğu dəyişilməz olaraq qalır.

O vaxtlar idi... dəli ruhun dar bir qəfəsə salındığı vaxtlar. O zamandan indiyə qədər ruh üsyankar, cisim isə aciz və adi bir qəfəsdir. Hələ qədim Qondvana və Lavraziyanın birləşmədiyi, Yer üzündəki ilk insanların nitq mədəniyyətinin olmadığı zamanlar idi. İnsanın ramapitik və neandertal səviyyədən bir az daha inkişaf edib  tam olaraq homo saphiens ola bilmədiyi, sadəcə canlı olaraq içində şüurlu düşüncə və heyvani instiktin kəskin mübarizə apardığı zamanlar idi. Təbii sığınacaqlarda məskən salan qədim insanlar hələ o vaxtlar mədəniyyət barədə düşünmürdü,  daha doğrusu, bu insanların mədəniyyət anlamı haqqında heç bir düşüncəsi ola bilməzdi. Mağara mədəniyyəyindəki  insan sürüsü üçün gödəniyyət ehtiyacı vardı. O zamanlar ibtidai insanların həyatla ölüm-qalım mübarizəsi gedirdi, və bu yaşam mübarizəsi, insanın ən dəhşətli yaşamaq fəlsəfəsi o dövrlərdən bizlərə yadigar qalıb. Bu mahiyyəti dəyişilməz şablon  müasir günümüzdə də fərqli formalarda özünü göstərir.

İbtidai insanın çiy ət yeməsindən, bişmişə öyrənməsi, zamanla məişət əşyaları düzəltməsi, yəni bacarıqlı insana çevrilməsi, yığıcılıq dövründən toxa əkinçiliyinə, inkişaf etdikcə,  mədəniləşdikcə əmək alətləri ilə bahəm daha təkmilləşdirilmiş ibtidai öldürücü silahlara yiyələndiyi zamanlar idi...

Tədricən insanlar ibtidai icmadan, tayfa münasibətlərinə, qəbilə münasibətlətinə, qonşuluq münasibətlərinə aşkar şəkildə sinfi təbəqələşmənin vüsət aldığı zamanlara baş vurmuşdular. O zamanlar ki , artıq homo saphiens-şüurlu, əmək vərdişlərinə, nitqə, sərbəst təfəkkürə malik yaradıcı insanlar formalaşmışdı. İnsanın axirət dünyasına ilkin inandığı zamanlar idi. O dünyaya inam qədim insanlardan üzü bu yana milyon illərlə insanın ruhundakı, qəlbindəki, beyin yarımkürəsinin hansınınsa bir hücrəsindəki müəmmalı sorğunun cavabı idi. 
Adəm və Həvva nağıllarının yarandığı vaxtlar... Hakimiyyət əlində olanların aşağı zümrədən olan, dəli-dolu, rəndələnməmiş, cürətkar, döyüşkən,  bir kəlmə ilə canlarından vaz keçməyə hazır olanları əldə saxlamaq üçün dini inanca və ruhani atalara  ehtiyac duyulduğu zamanlar, maddi ehtiyac içində olanları şükrana öyrətmək zamanları idi. Özləri yer üzünün bəlli nemətlərinə, sərvətlərinə,  cah-calalaına sahib olduqları halda talamaq üçün müti qullara , sözdə demosa, müti dindarlara zəruri ehtiyac vardı. Və bu zaman da elə hər zamankı kimi din fəlsəfəsi öz işini gördü. Getdikcə inkişaf edən cəmiyyəti Göy Tanrıdan, Yer Tanrıdan,  Yunan Allahlarından, Xeyir və Şər Allahından, bütlərdən qurtarıb yeni , insan təfəkkürünün idrak edə bilməyəcəyi bir Tanrıya, Allaha inanc gətirməyin və təsəvvüründə cismani olaraq canlandıra bilmədiyinə sidq-ürəkdən, ölümünə bir bağlılığı olan Allaha inandırmaq lazım idi. Bunun üçün isə Yer üzünə nə az, nə də çox düz 124.000 peyğəmbər lazım olubmuş...

O zamanlar idi...

Elə bu dünyanın özü qədər qədim, tarix kitabələlrinin daş səhifələrində, qan yaddaşnda, elm,  savad mühitində dünyanın özünə bir nümunə olan, qoca Şərqin tərəqqi və tənəzzül etdiyi zamanlar...

Nitq mədəniyyətinin-dilin, ilkin sinifli cəmiyyətin, vahid dövlətin, dinin, elmin, bugünkü texnika əsrində belə müasir insanı heyrətə gətirən tarixi memarlıq, ehramlar inşaatının  meydana gəldiyi, qədim və qoca Şərqin zəngin mədəniyyəti, zəngin təbii sərvətləri ilə fəlakətlərə düçar olduğu, bəlalar içində çapaladığı zamanlar!

Vaxtilə sözün əsl mənasında intibah və mədəniyyət beşiyi olan Şərq sonradan cəhalət içində səfalət guşəsinə , yüzillərlə müharibəllər meydanına çevrilmişdi.

Kordova Xilafətindən müsəlman əmirliklərinin sıxışdırılıb çıxarıldığı, Amerikanın, Hindistanın, Yaponiyanın, Afrikanın  yağmalandığı, yerli Amerika xalqlarının tarixdən silindiyi, üç qitəyə hökmranlıq edən Osmanlının  daxildən zəiflədildiyi, 235 illik Səfəvi xanədanının müharibələrdən və saray çəkişmələrindən süquta uğradığı, Çində Tiryək müharibələrinin başlandığı  zamanlar idi.
San Qrili-Müqəddəs Qanı qorumaq, Solomonın əfsanəvi xəzinəsini mühafizə etmək üçün , ”Sion Prioratı” və ”Tamplierlər Ordenini” üzvlərinin müqəddəs iş uğrunda  canlarından keçdiyi, xristian dünyasının əbədi olaraq ikiyə parçalandığı, Şərqə Səlib yürüşlərinə başlanıldığı tarix idi. Qərbdə kilsənin cahillərə "Cənnət Qəbzi” verib vəd olunan torpaqlara göndərdiyi, bu yürüşlərin nəticəsində mədəniyyətə, daha mükəmməl və müfəssəl elmi biliklərə nail olduqları, Şərqdə isə fövqəltəbii, fövqəlbəşər güclərdən imdad dilənilən zamanlar idi. Qərbin elmsiz Şərqin isə elmi olduğu halda tədricən cəhalətə sürükləndiyi, sərvətə, maddiyyata daha çox həvəsləndiyi, o dünyaya kortəbii əsassız inandığı zamanlar idi. 

Elmi bilikləri, yeni kəşfləri xüsusən də gələcək müharibələrin gedişatında ibtidai silahlardan imtinada kəskin dönüş nöqtəsi olan, və gələcək fəlakətlərin başlanğıcı hesab olunan barıtın kəşf olunduğu, oz sərvəti, pərakəndəliyi, kəşfi ilə sonradan talançı Avropanın müstəmləkəsinə çevrilən, insani dəyərlərin sıfıra endirildiyi, avropalıların kəşf etdikləri ölkələri müstəmləkəyə çevirib sərvət topladığı, bütün kəşf etdikləri silah, sursat, tibbi yeniliklər üçün poliqon olaraq zəbt etdikləri torpaqlarda insanları fəlakətə yuvarladıqları, maddi və mənəvi cəhətdən istismar etdiyi zamanlar idi. Coğrafi kəşflər adı altında təşkil olunan qarətçi ekspedisiyaların Hindistanı kəşf və istila etməyə başladığı, qızıl pula həsrət Avropa xəzinəsinin ləl-cəvahirat, külli miqdarda qızılla dolduğu, gələcək qüdrətli Ost-Hind şirkətinin təməl daşının atıldığı zamanlar idi. Zamanla şərqlilərin cahilliyə meyl etdikcə elmsizləşdiyindən, mütiliyə öyrəşdiyindən məharətlə istifadə etdilər. Və günlərin birində Avropanın Şərqdən mənimsədiyi  mədəniyyət və elmi biliklərin sayəsində qəflət yuxusundan oyanması baş verdi. Məhz o gündən etibarən Qərb dünyası silkələnərək üstündəki, zehnindəki, qəlbindəki bütünlükdə ruhundakı ətalətdən qurtulmağa başladı. İntibah mədəniyyəti ilə Avropa çiçəklənməyə qədəm qoydu. O vaxtlar idi... dünyanın və insanların yaxın V əsr bundan qabaqkı düşüncəsində, elmində, idrakında,  hissində və bir sözlə insan olaraq özündə dəyişdiyi vaxtlar. Artıq hər şeyi qeybə bağlamaqla olacaqların önündə müti şəkildə  özünü qurban verməyin zamanı deyildi. Nağıllardakı kimi qeybdən nəsə ummaqdan keçmişdi insan oğlu. Öz-özünə inamı artmış, gördüklərindən, oxuduqlarından, əldə etdiklərindən məntiqi nəticələr çıxarmışdı insan övladı. Lakin bu bütün insanlara aid deyildi. Hətta bu fərdi şəkildə deyil cəmiyyət və materik şəklində də fərqli idi. XVI əsrin avropalısı ilə şərqlisi arasında elə Qərb və Şərq mədəniyyəti, elmi, ixtirası,  ziyası qədər kəskin fərq- Şərq irassionalizmi və Qərb rassionalizmi vardı!  Elmin gücünə, texniki tərəqqi dövrünə qədəm qoyan qərbli və hələ də ənənəvi inanclarından əl çəkməyən, hər şeyi bəsit gözlə görən adi şərqli...

Milyon illərdir ki, müxtəlif deformasiyaya uğrayan, zamanın keşməkeşində dəfələrlə aşınmalara məruz qalan insan ruhu əslində elə bugünkü bizlərik. O bizlər ki, yuxarıda sadaladıqlarımın hamısı bizdə təcəlla tapıb. 

O vaxtlar idi... XVI əsrdə tarixdə ilk burjua inqilabının (Niderland Burjua İnqilabı) baş verdiyi vaxtlar. Bəşəriyyət tarixində yeni bir səhifənin açıldığı, Avropada bir növ metomorfoz dəyişkənliyin təməlinin qoyulduğu, Avropanın təriqət davalarına xitam verib elmi nailiyyətlərə imza atdığı, şərqin isə süstlük, təriqətçilik, cahillik və səfalət içində can çəkişdiyi zamanlar idi... Müharibə bəşəriyyətin üz qarası olduğu kimi eyni zamanda da elmi-texniki tərəqqinin inkişaf etdiyi və mədəniyyətin intişar etdiyi məfhumdur. Bəzən müharibə meydanda  məğlub olsalar da yüksək mədəniyyətə, elmə, elmi dilə malik xalqlar öz mədəniyyətləri, dili ilə qalib dövləti fəth etmiş olurlar. Bunun ən bariz nümunəsi Napoleon zamanında fransızların döyüşdə məğlub olmaları, lakin dili, ədəbiyyatı, mədəniyyəti, elmi ilə Rusiyanı zəbt etməsidir. Bəzən də İngilis, Fransız, Alman, Italyan və s dövlətlərin Hindistan (bu gün yüksk texnologiyalara və nüvəyə malikdir), Çin, Afrika ölkələri, Sinqapur, Yaponiya və s. kimi ölkələrə müharibə, səfalət, müstəmləkəçiliklə bərabər gətirdikləri elm də inkar olunmazdır. 

O vaxtlar idi..  Avropanın elm ziyasına bürünməsinin təməli qoyulduğu halda müsəlman şərqində iki qüdrətli Türk –müsəlman dövləti arasında İslama uymayan, əbədi ayrılmış  təriqət pərdəsinə bürünmüş Səvəfi-Osmanlı müharibəsi gedirdi. Avropadan alınan topların mərmiləri Səfəvilərin başına yagdırılırdı, eyni zamanda da Səfəvi padşahları Avropa İttifaqına güvənərək Osmanlılarla cəngə giridilər. Nəticə isə bütün dəhşəti və fəlakəti ilə göz önündədir. Yüzilliklər ərzində bu müharibələr ənənəvi təriqətçiliyi sevən cəmiyyətimiz üçün ağır nəticələrlə yanaşı elmsizlik, cahillik də aşılamış oldu. 

Tədricən cəhalətdən qurtulan Avropa elmi yüksəliş mərhələsinə qədəm qoymağa başlamışdı. Kilsədən canını qurtarmağa başlayan yüksək elmi biliklərə xüsusən də fizika və kimya kimi  elmlərə yiyələnən savadlı bir cəmiyyət formalaşırdı. Ənənəvi ”Tamplierlər Ordeni”, "Sion Prioratı” və hətta Vatikanın şəxsi pleraturası olan "Opus Dei” kimi qatı dindarlığı təbliğ edən dəhşətli ritualları və zorakılığı ilə tanınan gizli xristian cəmiyyətlərinin də müasir elmə istinad etdiyi zamanlar idi. "Sion Prioratı” təşkilatın  böyük ustadları siayhısında öz yerini tutmuş S. Bottiçelli, da Vinçi, İ.Nyuton, V.Hüqo kimi elm adamlarının bu kimi təşkilatlarda və gizli cəmiyyətlərdə aparıcı şəxslər olması elmin hər yerə ayaq açması anlamına gəlir. Qərbin arxasında məkrli planlar olan belə işlərə meyllənib dünyaya zəka və texnika ilə ağalıq etdiyi zamanlarda bizdə hələ də ötən günlərin xəyalları ilə yaşamaq və Cənnət sevdası heç bir deformasiyaya uğramadan şablon şəkildə gündən-günə vüsət alırdı. Cahilcəsinə hər şeyi axirətə bağlamaq və utopik düşüncə bizləri içində barındığımız keçmiş dünyanın köhnə fəlsəfəsindən ayrılmağa qoymurdu.  Avropa elmi bir növ metastaz dəyişikliklərə uğrayaraq daha da təkmilləşərək inkişaf edirdi.  

O vaxtlar idi...XX əsrin əvvəllərində Şərqdə ilk Demokratik Cümhuriyyətin qurulduğu vaxtlar, Şərqdə ilk operanın yazıldığı vaxtlar və Şərqin ilk Demokratik dövlətinin qanda boğularaq süquta uğradıldığı vaxtlar, repressiyanın tüğyan etdiyi , ateizmin bərqərar olduğu , dinin unutdurulduğu və Allahın mömin bəndələrini zalımdan hifz etmədiyi VAXTLAR...Şərqli yaponların zahirən ənənəvi yaponluqlarını hifz etdikləri daxilən isə Avropa elmini mənimsəyərək böyük elmi nailiyyətlərə imza atdıqları, Sinqapurun mükəmməl təhsil mərkəzinə çevrildiyi, Hindistanın, Pakistanın, Əfqanıstanın azadlığına qovuşduğu lakin mahiyyət etibarı ilə cəhalətdən qurtulmadıqları, yəhudilərin pul müqabilində fələstinlilərdən torpaq aldıqdan sonra az müddət ərzində mükəmməl bir dövlət qurub Fələstin ərazilərini ələ keçirdikləri, XX əsrdə yeni, uzunmüddətli İsrail-Fələstin müharibəsinin başlandığı,  Ata Buşun "Yeni Dünya Düzəni” adı altında gətirdiyi müsəlman ölkələrinin səfalət planlarının addım-addım həyata keçirildiyi vaxtlar idi. Zəngin neft yataqlarına malik Küveyt üstündə başlanan bitrinci İraq-Amerika müharibəsinin başlandığı tarix müsəlman ölkələrinin yeni rəzalət tarixinin  ilk səhifəsinin fəlakətlərlə dolu ilk abzası idi. Zəngin karbohidrat yataqlarına malik olan Əfqanıstan  dünyanın ən kasıb ölkəsi olduğu kimi eyni zamanda da narkotika ticarətində və terror  hadisələrində həmçinin də dini təfirqəyə görə ilk yerdə qərar tutan bir ölkədir və bu ölkənin mövcud vəziyyəti bilavasitə müasir politologiyanin yaxud da politologiya institutlarının riyakar planlarının hələlik bizlərə bəlli olan tərəfidir. XXI əsr olsa da hələ də Suriyada, İraqda, Yəməndə və digər Ərəb ölkələrində köhnə təriqət davalarının yenidən vüsət aldığı zamanlardır. Ərəbləşməyə doğru sevə-sevə hərəkət edən Türkiyədə dini, siyasi və türkçü(ülküçü) təfəkkürün bir-biri ilə mübarizə apardığı zamandır. O zamanlar idi... Insanın vicdandan  inama, inamdan imana,  namaza sarıldığı zamanlar... İnsanın bu illər ərzində öz qəlbimin divarlarındakı, içindəki inama, etiqada sarıla-sarıla sarmaşığa dönüb və bu sarmaş-dolaş müddətində nə qədər itirdiklərini sonradan dərk etdiyi zamanlar . Sarmaşığı boşuna yazmadı insan. Çünki sarmaşıq sevgisindən dolayı gülə dolanar, ona sarılar və nəhayətdə gülü də məhv edər, özü də məhv olar. Din təkcə alnını yerə qoyub fərz olanı müti şəkildə icraa etmək, ibadət təkcə əyilib qalxmaq demək deyil. İslam fəlsəfəsini, irfaniliyi dərk etmək tamamən fərqlidir. Dərk etmədən dini sevgi də sarmaşıq sevgisi kimidir. İçindəki sevgi közü qalandıqca qalanar, tonqala dönər və bir gün səni də içindəkini də yaxar... necə ki yüzillər əvvəlkiləri dərk etmədən yandırıb.